Modern.az

“Qədir Qarabağa Məkkə kimi baxırdı” - Xanəndənin xanımı ilə MÜSAHİBƏ

“Qədir Qarabağa Məkkə kimi baxırdı” - Xanəndənin xanımı ilə MÜSAHİBƏ

15 Dekabr 2020, 13:25

Mərhum sənətkar, Azərbaycanın xalq artisti, “Qarabağ xanənəlik məktəbi”nin məşhur siması Qədir Rüstəmovun bu günlərdə ruhu şaddır. Onun doğulub boya-başa çatdığı Ağdam rayonu 27 ildən sonra işğaldan azad edilib.


Məlahətli səsi və özünəməxsus tərzi ilə xalqın rəğbətini qazanmış, yüksək testituralı səsə malik Qədir Rüstəmov ifalarını xüsusi bir yanğı ilə oxuyurdu. Onun qəlbi daim Ağdam, Qarabağ yanğısı ilə alışıb-yanırdı. Ağdamın azad olunmasını səbrsizliklə gözləyir və buna inanırdı. Qədir Rüstəmovun ifasında bir sıra - “Rast”, “Çahargah” lentə alınaraq radionun fonunda saxlanılır. Onun ifasında “Sona bülbüllər” mahnısı xüsusilə sevilir.


Qədir Rüstəmov sağ olsaydı, uzun illər həsrətini çəkdiyi ata-baba yurdunun, Qarabağın işğaldan azad olunmasına görə hansı hissləri keçirərdi?


Mərhum xanəndənin həyat yoldaşı Fatma xanım Modern.az-a Qədir Rüstəmovun Ağdamla bağlı xatirələrindən danışıb. Onunla söhbəti təqdim edirik:


- Fatma xanım,
Ağdamın işğaldan azad olunması xəbərini eşidəndə hansı hissləri keçirdiniz?

- Ağdamın işğaldan azad olunduğu günlə Qədir müəllimin anadan olduğu gün üst-üstə düşdü. Bizim üçün ikitərəfli sürpriz oldu. Elə bil ki, o günü Allah onun ruhuna hədiyyə etdi. Bu xoş xəbər təqvimdə bizim üçün önəmli olan 20 noyabra təsadüf etdi. Biz ailəlikcə çox sevindik. Neçə illərdir ki, o günü görmək bizim arzumuz idi. Şükürlər olsun ki, Ağdamımız, Qarabağımız işğaldan azad oldu. Ağdam bizim müqəddəs yerimiz və məkanımızdır. Bizim və Qədir müəllimin anadan olub, boya-başa çatdığı torpaqdır. Atasının, anasının xatirələri həmin torpaqdadır. O daim torpaq həsrəti ilə yaşayırdı. Çox istəyirdi ki, o yerlərə, evinə geri qayıtsın. Neçə illər gözlədi.
Beynəlxalq Muğam Mərkəzinin özülü qoyulanda Qədir müəllim Ağdamdakı evinin açarlarını Prezident, cənab İlham Əliyevin icazəsi ilə ora atdı. Ona qədər ümidlə yaşayırdı. Ondan sora deyirdi ki, ümidimi itirmişəm. Kaş yaşayardı, Qarabağın, Ağdamın işğaldan azad olunmasını görərdi. Qədir müəllim oraya qibləgah, Məkkə kimi baxırdı. O torpağını, vətənini belə sevirdi. Torpaq həsrəti ilə də dünyasını dəyişdi.


- Ağdamın işğaldan azad olunması xəbərini necə öyrəndiniz?

- Müharibə başlayandan ailəlikcə televiziya ilə yatıb-qalxırdıq. Televiziyada xəbərləri dinləyir, saytlarda xəbərləri izləyirik. Mən Ağdamın işğaldan azad olunma xəbərini televiziyada Prezidentin çıxışında eşitdim. İnanın ki, həmin gün bizim evdə toy-bayram idi. Bizim evdəki körpə balalarımız sevinclərindən necə qışqırırdılar. Ağdam bizim müqəddəs yerimiz, ana torpağımızdır. Oranın işğaldan azad edilməsi bizə dünyaları bağışlamış qədərdi. Ağdamın işğaldan azad olunma xəbərini eşitdiyimiz gün bizim bütün ailəmiz, qohum-əqrabamız 2-ci Fəxri xiyabana Qədir müəllimi ziyarətə getdik. Uşaqlar da, mən də Qədir müəllimə “ruhun şad olsun, Ağdam alınıb” xəbərini verdik.
Söz vermişəm ki, yollar açılan kimi Ağdam torpağından gətirib Qədir müəllimin qəbrinin üstünə əkdiyimiz güllərin dibinə tökəcəm. Azərbaycanın hər yeri doğmadır. Lakin Ağdam bizim üçün xüsusi ilə əzizdir.
Xəstəxanadaykən son günlərində o həmişə deyərdi: “Kaş quş olub uçardım Ağdama, oraya evimizin bir əşyasını tapardım. Bu, mənə dünyaları vermiş olardı”. Qədir müəllim 14 dekabr tarixində rəhmətə gedib. 15 dekabr dəfn olunub. 15 dekabr mənim doğum günümdür. O ölümünü sanki mənə hədiyyə etdi...


- Qədir müəllim Ağdamda sonuncu dəfə nə zaman olub?

- Biz 1993-cü ilin iyulunda səhər-səhər Ağdamdan çıxdıq. Bizə ermənilərin şəhərin girişində olduğunu dedilər. Hamının da ailəsi, uşağı var idi. Onlara görə qorxurdular. Biz ayın 23-ü günü səhər saat 11-in yarısında Ağdamdan çıxdıq. Ağdamın çıxışında maşının benzini qutardı. Bir yaxşı insan bizə yardım edib, benzin gətirdi və biz Ağdamdan belə çıxdıq...

Ağdama arabir raket atırdılar. Biz də çıxıb Bərdəyə gedirdik. Ara sakitləşəndə yenidən Ağdama qayıdırdıq. Qədir müəllim üçün əziz olan heç bir əşyanı çıxara bilmədik. Bizim evin divarında Səttar Bəhlulzadə tərəfindən Qədir müəllimin çəkilən gözəl bir şəkli asılmışdı. Təəssüf ki, e elə oradaca qaldı. Ona görə çox heyifslənirəm.

Qədir müəllim hərbi hissələrdə komandirlərlə birlikdə olurdu, elə oradaca yatırdı. Onlar ona hərbi geyim, durbin, silah vermişdilər.

Zəngilan işğal olunanda nə qədər insanlarımız çadırda qalırdı. O deyirdi ki, mən bunu özümə sığışdıra bilmirəm ki, onlar çadırlarda gecələsinlər, mən evdə rahat yatım. Bir hadisə olmuşdu: Zəngilanda Araz çayını keçərkən qadın buldozerin koğuşunda oturur belində bir, yanında da iki uşaq. Kürəyindəki uşaq çaya düşür. Hadisəni heç vaxt unuda bilmirəm. Qədir müəllim həmişə bu hadisəni danışanda gözləri yaşarırdı. Bir də Xocalıdakı o hadisəni unuda bilmirdi: donmuş bir uşağı xəstəxanaya sağaltmağa gətirmişdir. Həkimlər deyiblər ki, o uşaq artıq ölüb. Uşağı kəfənliyib, üstünə su tökəndə uşaq ayılıb. O uşağı axtarırdı ki, görən necə oldu. Onun günü hərbi hissələrdə keçirdi. Durbinlə Ağdama baxırdı ki, görən Ağdamın hansı hissəsini yandırıblar...
Cəbhədə xidmət etmiş əsgərlərin toylarında oxuyurdu. Digər əsgərlərə də ümid verirdi ki, sizin toylarınızda mən oxuyacam.
 

- O, Ağdamın işğaldan azad olunma xəbərini eşitsəydi, hansı hissləri keçirərdi?

- Qədir müəllim televiziyada ancaq xəbərləri izləyir, Qarabağla bağlı informasiyaları dinləyirdi. Mən inanıram ki, müharibə başladığını bilsəydi, Ağdam hələ alınmasaydı da, o hərbi paltarını geyinib, cəbhə bölgəsinə gedəcəkdi. Qarabağ azad olunana qədər də oradan gəlməyəcəkdi. O Qarabağla yaşayırdı.


- Ağdama qayıdarkən ilk hara getmək istəyərsiniz?

- Biz bunu səbrsizliklə gözləyirik. Neçə dəfə Ağdama getmək istəmişəm. Polis postlarının qurulduğunu, təhlükəsizliyimiz üçün minalardan təmizləndikdən sonra icazə veriləcəyini söylədilər. İnanırsınız, ürəyimiz elə istəyir ki, oralara gedib torpağımızı görək. Mən onu bilirəm ki, ora gedərkən ilk qəbiristanlığa Qədir müəllimin kiçik qardaşının qəbrini ziyarət etməyə gedəcəyəm. Bu Qədir müəllimin arzusu idi. Həmin qəbiristanlıqda Qədir müəllimin atasının, əmilərinin məzarı da var. Onların hamısını ziyarət edib, dua oxuyacağıq. Daha sonra Ağdam məscidinə gedəcəyik. O məscid bizim üçün qibləgahdır. Mənim atam həmin məsciddə 40 il Quran oxuyub. Daha sonra bizim Milli Qəhrəmanımız Allahverdi Bağırovun qəbrini ziyarət edəcəyik. O, Qədir müəllimin ən yaxın dostu idi.


- Evinizin yerini tapmısınız?

- Bəli, oğlanlarım hər gün sputnikdən izləyirlər. Ev yoxdur, lakin yeri qalıb. Bizim evin ünvanı İsmət Qayıbov küçəsi-51 idi. Qədir müəllim orada böyük ev tikdirmişdi. Oğlanlarım deyir ki, yenidən həmin evi tikdirək.


- Ağdamda Qədir Rüstəmovun xatirəsini necə, əbədiləşdirmək istəyərdiniz?


-
Çox istəyərdim. Bunu mənə söz veriblər. Bizim rayonun İcra Hakimiyyəti söz verib ki, Ağdam bərpa olunsun, Qədir müəllimin adına Musiqi məktəbi olacaq. Mənim də belə bir fikrim var ki, Qədir müəllimin ev-muzeyini yaradım. Qədir müəllimin əşyalarını – “Şöhrət” ordenini, saatını, üzüyünü, qavalını, qəlyanını Azərbaycan Milli Tarix muzeyinə qoymuşam. Qavalı ona Xan Şuşinski 1967-ci ildə bağışlayıb. Onları muzeyə qoymuşam ki, itib-batmasın. İnşallah, Ağdamda ev-muzeyi yaradanda onları da ora aparacam.



Nəzrin Vahid

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir