Modern.az

Türkiyə ilə media məkanında strateji əməkdaşlıq - Gələcək nə vəd edir?  

Türkiyə ilə media məkanında strateji əməkdaşlıq - Gələcək nə vəd edir?  

15 Dekabr 2020, 16:00

Bir müddət öncə Azərbaycan və Türkiyə arasında “Media Məkanında Strateji Əməkdaşlıq Anlaşma Memorandumu” imzalandı.

Belə mühüm bir ortaq sənədin imzalanmasının əhəmiyyəti nədir?

Türkiyə ilə media məkanında strateji əməkdaşlıq nə vəd edir?

Bu sənəd gələcəkdə digər türk dövlətlərinin də qatılımı ilə real iş görən "Ortaq Türk Dünyası Media Platforması" formalaşdıra bilərmi?

 

Suallarımızı ölkənin tanınmış media nümayəndələri cavablandırır.

 

Media üzrə ekspert Ellada Mustafayeva: “44 günlük zəfər tariximiz müddətində mübarizənin yalnız ön cəbhədə yox, informasiya müstəvisində də getdiyinə şahid olduq.

İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı göstərir ki, informasiya müharibəsi üçün daim səfərbər olmaq lazımdır. Bu mübarizədə də gücümüzə güc qatmaq, birlikdə daha da güclü olmaq şərtdir.

Türkiyə mediası bizdən daha geniş auditoriyanı əhatə edir. Bu fakt özünü müharibə dövründə daha aydın göstərdi. Bu baxımdan dost, müttəfiq, ən əsası qardaş ölkə Türkiyə ilə media sahəsində də əməkdaşlıq informasiya müharibəsi dövründə zərurətdən irəli gəlir.

Bir müddət əvvəl Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ankaraya səfəri zamanı bu zərurət nəzərə alınaraq, sözügedən sahədə mövcud olan boşluqların aradan qaldırması üçün hər iki ölkə arasında olduqca böyük əhəmiyyət kəsb edən media məkanında strateji əməkdaşlıq məsələləri müzakirə olunmuşdu. İndi imzalanan sənədlər həmin müzakirələrin uğurlu nəticəsidir.



Bir məsələni də qeyd etmək istərdim,  yəqin heç kimə sirr deyil ki, hazırda internetin və sosial medianın imkanları olduqca genişdir. İnformasiya müharibəsinin əsas faktorlarından biri də məhz bu kanallardır. Əminəm ki, qeyd olunan anlaşma memorandumu ənənəvi media ilə yanaşı, yeni media kanalları üçün də bir dəstək rolu oynayacaq. 

Müharibə müddətində və müharibədən sonrakı dövrdə tviter üzərindən aparılan həştəq kampaniyalarımızda da əsas dəstəkçimiz, haqq səsimizin dünyaya çatdırılmasında əsas yardımçımız da əsasən Türkiyədən olan internet istifadəçiləri, bloqqerlər və media nümayəndələri idi. Bu baxımdan imzalanan sənədin bu proseslərə də böyük töhfə olacağını düşünürəm.

Azərbaycan və Türkiyə dostluğu, qardaşlığı nəinki türk dünyası ölkələrinə, eyni zamanda bütün dünyaya çox gözəl bir nümunədir. Eyni zamanda “Media Məkanında Strateji Əməkdaşlıq anlaşma memorandumu” dünyada, regionda sülhün bərqərar olması baxımından da gözəl mesajdır. Bu memorandum gələcəkdə ortaq türk dünyası media platformasının yaradılması üçün də uğurlu bünövrə rolunu oynaya bilər".

 


“Türküstan” Media Qrupunun rəhbəri Aqil Camal:
 

“Türk ölkələri, o cümlədən, Azərbaycan və Türkiyə mediası arasında əməkdaşlıq, işbirliyi uzun illərdir ki, gündəlikdədir. Zaman-zaman bu məsələ ilə bağlı təşəbbüslər, təşkilati cəhdlər olub. Bir neçə dəfə hər iki ölkənin də media təmsilçilərinin də iştirak etdiyi forumlar keçirilib. Amma, ötən dövrə nəzər salanda görürük ki, dayanıqlı, intensiv şəkildə fəaliyyət göstərən nə bir qurum, nə də, əməkdaşlıq yoxdur. Halbuki, medianın əsas işi olan xəbərçilik özü intensivlik, operativlik tələb edir. Bu baxımdan, iki qardaş ölkə arasında media sahəsində yeni əməkdaşlıq imkanlarının müzakirəsi artıq buna olan ehtiyacdan irəli gəlir. Bir müddət əvvəl Prezidentin köməkçisi Hikmət Hacıyevin Ankaraya səfəri zamanı Azərbaycan və Türkiyə arasında media məkanında strateji əməkdaşlıq məsələləri müzakirə olunmuşdu. İndi imzalanan sənədlər həmin müzakirələrin nəticəsidir. Artıq, bu sahədə praktik işlər də var. Prezident yanında KİV-in İnkişafına Dəstək Fondu bu il jurnalistlər üçün keçirdiyi təlimlərə Türkiyənin tanınmış media mütəxəssislərini cəlb etmişdi. Həmçinin, Qlobal Qəzetçilər Konseyinin xətti ilə bir sır təşəbbüslər gerçəkləşdirilib. Onlardan sonuncusu, ötən həftə xarici jurnalistlərin ölkəmizə, işğaldan azad olunmuş bölgələrə səfəri oldu. Hesab edirəm ki, informasiya savaşının hədsiz aktuallaşdığı hazırkı dövrdə qarşılıqlı media fəaliyyəti olduqca vacibdir. Həyatın bütün sahələrində olduğu kimi, media sahəsində də dərin işbirliyi və interqasiyaya getmək günümüzün tələbidir. Bu baxımdan, imzalanmış Memorandum olduqca zəruridir. Bu formata digər türk dövlətlərinin qoşulmasına gəlincə, məncə, bu işdə Türk Şurası koordinasiya işini həyata keçirə bilər. Bu müstəvidə sıraların genişlənməsi hər bir dövlətin maraqlarına cavab verəcək”.

 


GLOBAL JOURNALİSM COUNCİL-un xarici ölkələr üzrə rəhbəri Elşad Eyvazlı:

“Azərbaycan və Türkiyə arasında “Media Məkanında Strateji Əməkdaşlıq anlaşma memorandumu” hazırda Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir. Bunu birmənalı şəkildə bilmək lazımdı. Çünki Azərbaycan Prezidenti son vaxtlar dəfələrlə vurğulayıb, hətta Zəfər paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qeyd etdi ki, Qarabağda savaş bitsə də, digər sahələrdə yeni başlayıb. Memorandumun bu istiqamətdə böyük faydası var. Verilən öhdəliklərin yerinə yetirilməsi üçün hər birimiz əlimizdən gələni etməliyik. Bunu demək istəyirəm ki, artıq zamanın özü də bu məsələnin işlək hala gətirilməsi mexanizminin düzəlməsi üçün diqtələr edir. Çünki bütün sahələrdə olduğu kimi, media sahəsində də əməkdaşlıq zəruridir. Bu zərurilik bizim informasiya müharibəsindəki qələbəmizi təmin etmək üçün əsas məqamlardan biridir.

Azərbaycanın Türkiyə ilə media sahəsindəki əməkdaşlığının vədinə gəldikdə deyə bilərəm ki, istəsək də, istəməsək də bir gerçəklik var ki, bizim dünya mediasına çıxışımız daha çox Türkiyə mətbuatı ilə əməkdaşlıqla bağlıdır. Çünki basqı altında olan medianı dünya qəbul etmirdi. Bu tendensiya hələ də qalmaqdadır. Biz Orta Asiyanı, Belarusu misal göstərə bilərik. Burada media azad deyil. Amma Türkiyə ilə əməkdaşlıq bu məsələdə bizə irəliyə getməyə imkan yarada bilər. Eyni zamanda Avropa, Amerikaya çıxışımıza imkan verə bilər. Türkiyə mediası ilə strateji əməkdaşlıq Azərbaycan mediasının həm inkişafına, həm dünyaya çıxışı, həm də jurnalistlərimizin tanınmasında böyük rol oynayacaqdır.

Texnika, tanınma baxımından Türkiyə medasının üzvləri bizdən xeyli irəlidədir. Biz bunu etiraf etməliyik ki, nə qədər texnikalarımız, güclü media qurumlarımız olsa da, Türkiyə mediası müqayisəolunmazdır. Savaş dövrü onu göstərdi ki, Türkiyə mediası Azərbaycana qucağını açıb, Azərbaycan mediası da bundan qardaşcasına istifadə edib, inkişaf etməlidir.

Azərbaycan və Türkiyə bütün sahələrdə türk dünyasına örnək olub. Söhbət iqtisadi, mədəni, siyasi, səhiyyə, təhsil münasibətlərdən gedir. Artıq azərbaycanla Türkiyə eyni ölkə anlamına gələ bilir ki, hər şeyi bir-biri ilə bölüşürlər. Təbii ki, media sahəsində güclərin, təcrübələrin bölüşülməsi də buna aiddir. Bu münasibət digər türk dilli ölkələrə yaxşı örnək kimi şamil oluna bilər. Türk dünyasının ortaq media platformasının olması çox vacib məsələdir. Bununla bağlı bizim təşkilatımız ciddi projeləri var. Bunlardan biri “Media Türk” televiziya kanalıdır ki, yaxın zamanda fəaliyyət göstərəcək. Artıq Türkiyə və Orta Asiyada postlar yaradılır. Hesab edirik ki, bu kanal nümunə ola biləcəkdir. Nəzərədə tutulub ki, dil olaraq Azərbaycan dili seçilsin. Çünki, Azərbaycan dili Orta Asiyada və Türkiyədə də anlaşılan dildir. Amma  iş təkcə bununla bitən deyil. “Media Türk” kanalına bütün media nümayəndələrimiz bu məsələdə dəstək olmalıdırlar. Hər halda, “Azərbaycan və Türkiyə arasında “Media Məkanında Strateji Əməkdaşlıq anlaşma memorandumu” imzalanandan sonra irəliyə doğru xeyli məsələlər var. Bir məsələ onunla bağlıdır ki, savaş dövründə Türkiyə mediası kiçiyindən böyüyünədək Azərbaycanın yanında olub, bizim qədər çalışdılar. Ermənistanın Azərbaycana qarşı terrorçuluğunu, siravi insanları hədəfə alması Türkiyə mediası vasitəçiliyi ilə dünyaya çatdırıldı.

Qeyd edildiyi kimi, savaş dövrü bitsə də, digər istiqamətlərdəki müharibələrimiz davam edir. Mütləq bir yerdə çalışmalıyıq. Bu məsələdə Global Journalism Council olaraq Azərbaycan, Türkiyə, Orta Asiya mediasını birliyə çağırırıq. Biz yalnız çağırışla kifayətlənməyib, artıq görüşlər keçiririk ki, bu məsələlər istədiyimiz müstəviyə çıxarılsın.

Bir məsələni də qeyd etmək istəyirəm ki, bizim təkcə jurnalistika ilə bağlı deyil, jurnalistika fakültəsinin tələbələriylə bağlı da ciddi projelərimiz var. Azərbaycanda artıq buna başlayıb. “Azərbaycan Media könüllüləri 145” platforması çərçivəsində gələcəyin jurnalistlərinə müxtəlif seminarların keçirilməsi, sertifikatların verilməsi və gələcəkdə xaricdə təhsil almalarına şəraitin yaradılması üçün müəyyən addımlar atılır. Bu, təkcə Azərbaycanda deyil, Türkiyədə, Orta Asiyada da təşkil olunacaq. Türk mediasının dünya mediası sıralarında olması üçün əlimizdən gələni edəcəyik. Bunu etməyimiz üçün Türkiyə mediasının dəstəyi bizə çox vacibdir. Bu, əməkdaşlığımızın artırılması üçün mühüm məsələdir”.

 

Fidan İlqarqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?