Modern.az

Beş mədəniyyət xadimi vəzifədən çıxarılıb

Beş mədəniyyət xadimi vəzifədən çıxarılıb

27 İyul 2012, 16:29

Muğam Teatrının direktoru, tanınmış rejissor Arif Qazıyev vəzifəsindən azad olunub. Bu barədə Modern.az saytına məlumatı Arif Qazıyevin özü verib. A.Qazıyev saytımıza deyib ki, onun tutduğu postdan getməsinin səbəbi 65 yaşının tamam olması ilə bağlıdır.

“Mənim işdən çıxarılma xəbərim doğru deyil. Bəli, mən vəzifədən getmişəm, amma işdən çıxmamışam. Yaşımla əlaqədar vəzifə aparmaq iqtidarında deyiləm”-deyə o, vurğulayıb.

A.Qazıyev daha sonra əlavə edib ki, o, yenə də öz yaradıcılığıyla məşğuldur:

“Sentyabrdan artıq prezident təqaüdü alacam. Muğam Teatrını özüm yaratdığım üçün mən buranı heç vaxt tərk edib gedə bilmərəm. Təbii ki, bura yeni direktor təyin olunacaq və mən yenə də bədii rəhbər olaraq qalacam”.

Arif Qazıyev onu qeyd edib ki, yaş senzi ilə əlaqədar onunla yanaşı, bir çox tanınmış  mədəniyyət və incəsənət xadimləri də vəzifələrindən azad olunublar. O, bu sırada Rauf Babayev (“Qaya” qrupunun bədii rəhbəri), Fərəh Şəkinskaya (Dövlət Uşaq Filarmoniyasının rəhbəri), Rauf Abdullayevin (Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri) adını çəkib.
Təqaüdə göndərilənlər sırasında Gənc Tamaşaçılar Teatrının baş rejissoru Cənnət Səlimova da var..

“Biz işdən çıxarılmamışıq, sadəcə təqaüd yaşımız gəlib çatıb”.

Adları çəkilən mədəniyyət xadimlərinin vəzifədən azad olmaları ilə bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev müvafiq əmrlər imzalayıb.

Qeyd edək ki, Arif Qazıyev 1938-ci ildə dünyaya gəlib. 1956-cı ildə Teatr institutuna daxil olub, 1957-ci ildə isə müsabiqədə qalib gələrək Azərbaycan televiziyasının birinci diktoru olub. 1958-ci ilin sonunda televiziya nəzdində miniatür teatrının aktyoru kimi fəaliyyətə başlayıb. 1967-ci ildə muğam haqqında özünün ilk filmi olan - «Şur» filmini çəkib. Bu film «Prometey 68» mükafatını alıb və dünyanın 70 ölkəsində ilin ən yaxşı musiqi filmi kimi tanınıb.

1998-ci ildən indiyədək Muğam teatrının rəhbəri vəzifəsini tuturdu. Arif Lətif oğlu Qazıyev 2008-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.

Pərvin Arzuqızı 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?