Modern.az

Bərdədə məşhur hökmdara heykəl qoyulur

Bərdədə məşhur hökmdara heykəl qoyulur

27 İyul 2012, 17:25

Zahid Oruc : “ Nüşabə artıq doğma Bərdəsinə gətirildi”

“Bərdə hökmdarı Nüşabə nəhayət ki, doğma Bərdə torpağına gətirildi. Çünki uzun müddətdən bəri idi ki, bu məsələ sadə insanların, o cümlədən, Bərdə ziyalılarının içərisində mühüm bir mövzuya çevrilmişdi”.
Bərdə rayonundan millət vəkili olan Zahid Oruc belə deyib. Millət vəkilinin sözlərinə görə, Bərdənin, ümumən Azərbaycanın tarixində çox böyük rolu olan, hökmdar kimi fəaliyyəti bu dövrə qədər ən müxtəlif yazılı mənbələrdən gələn, Azərbaycanın böyük qələm adamlarının əsərlərində ifadə olunan Nüşabənin heykəli çoxdan hazırlanmasına baxmayaraq, bununla əlaqəli tədbirlər görülməmiş və məsələ bu günə qədər həllini tapmamışdı.
Bunu nəzərə alan millət vəkili Bərdə rayon rəhbərliyinin bu məsələ ilə bağlı verdiyi təklif əsasında  daxili işlər naziri Ramil Usubova müraciət etdiyini bildirib. Z.Oruc qeyd edib ki, ötən dövr ərzində də daxili işlər nazirinin bu bölgənin- Bərdənin quruculuğunda çox böyük yeri, rolu olub:
“Birinci növbədə bu amili nəzərə aldım, digər tərəfdən, cənab Prezidentin tapşırığı ilə regiondakı mühüm obyektlərin tikilməsi və onların başqa xarakterdə insanların istifadəsinə verilməsi də məhz Ramil müəllimin adı ilə bağlıdır. Qarabağ cəbhəsinin bir istehkam kimi möhkəmləndirilməsi də heç şübhəsiz ki, onun bu regionda fəaliyyəti ilə xeyli dərəcədə əlaqəlidir. Məhz bu amildən, ideyadan çıxış edərək Ramil müəllimə müraciə etdim və müraciətim ən operativ qaydada nəzərə alındı, bu məsələ ilə bağlı müvafiq addımlar atıldı və nəhayət, ayın 25-də Nüşabənin heykəli artıq Bərdəyə gətirildi. Buna da hər birimiz çox sevinirik. Öz-özlüyündə bir heykəl Azərbaycan tarixində yeri olan tarixi şəxsiyyətlərə münasibəti ifadə edir. Digər tərəfdən də, o, bir qadın hökmdarın adı ilə bağlıdır. Yəni, Azərbaycan tarixində və ya gerçəkliyində qadın amilinin rolu bununla daha da qabarmış olur”.

Millət vəkili eyni zamanda hesab edir ki, bu məsələnin həllini tapmasında Bərdə rayon rəhbərliyinin də çox böyük rolu var, icra başçısı Vidadi İsayev bununla əlaqəli çox mühüm tapşırıqlara imza atıb: “ Onu da qeyd edim ki, böyük Nizami Gəncəvinin əsərləri əsasında Bərdədə ciddi kompozisiyalar hazırlanacaq və məhz bu fonda da çox gözəl, çox monumental bir sənət əsəri olan heykəl - Nüşabənin heykəli orada qoyulacaq. Buna da hər birimiz çox şadıq, öz-özlüyündə bu, sadə bir hadisə kimi görünsə də, insanların içərisində on illərdir yaşayan arzu artıq reallığa çevrilib, Bakıda sanki bir emalatxana sexində “ qapalı rejim ” yaşayan Nüşabənin də ruhu artıq sevinir ki, o, nəhayət öz azadlığına qovuşub və bu, ötən dövr ərzində sanki hamımızın günahkar olduğumuz mənzərədən bizləri də çıxarıb. Buna görə də mən bir daha Bərdə insanlarını təbrik edirəm, lakin ilk növbədə nazir Ramil Usubova dərin təşəkkürlərimi bildirir, var olsun, deyir, Bərdə camaatı adından ona xüsusi razılıqlarımızı ifadə edirəm. Eyni zamanda düşünürəm ki, Ramil müəllimin qarşıdakı dövrdə də Bərdənin quruculuğuna, abadlığına yönəlik işlərdə hər zaman olduğu kimi, ən yüksək səviyyədə iştirakı davam edəcək”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir