Modern.az

Bizim əsgər: “Emil ən böyük rolunu öz Vətəni qarşısında oynadı” - MÜSAHİBƏ

Bizim əsgər: “Emil ən böyük rolunu öz Vətəni qarşısında oynadı” - MÜSAHİBƏ

Qarabağ

16 Dekabr 2020, 08:57

Modern.az saytında şanlı Azərbaycan əsgərlərinə həsr olunan “Bizim əsgər” rubrikası davam etməkdədir. Qonağımız aktyor Kənan Yusifovdur. O bizə yaxın dostu aktyor həmkarı, 44 günlükk müharibənin iştirakçısı Emil Musayev haqqında danışacaq.

 

- Bizə dostun, aktyor həmkarın və Vətən müharibəsindəki könüllü əsgər Emil Musayev barəsində qısa olaraq məlumat verməyini  istərdik.


- Emil Musayev ssenarist aktyor və çox istedadlı bir insandır. Dostluğumuzun kökü hələ Universitet illərinə gedib çıxır. O vaxtdan Universitetlərarası şən və hazırcavablar klubu yarışlarında birlikdə iştirak etmişdik. Zarafatcıl, ürəyitəmiz, bir az da mənim kimi tənbəl bir oğlandır.


- Necə oldu ki, Emil cəbhəyə yollandı?


- Emilin cəbhəyə getməsi birdən oldu. Müharibənin başladığı ilk günlərdə səhər yuxudan ayıldım və sosial şəbəkədə dostlarımızın Emili yola saldığı videokadrları gördüm. Sonradan özü ilə əlaqə saxladım.


- Qızğın döyüşlər zamanı o özünü necə hiss edirdi?


- Çox rahat danışırdı. Gümrah olduğunu deyirdi. Qələbəyə doğru irəllilədiklərini söyləyirdi. Zarafatından və çayından da qalmırdı.


- Emilin aktyor olaraq son oynadığı rol hansı idi?


- Son demirəm, çünkü əminəm ki, özü bu sualı oxuyub bir saat güləcək. O çox istedadlı bir aktyordur. Mən əminəm ki bir-birindən gözəl filmlərdə müxtəlif rollar oynayacaq, yaddaqalan obrazlar yaradacaq. Emil ən böyük rolunu  öz Vətəni qarşısında oynadı. Məhz bu onun bir aktyor kimi vətən qarşısında ən böyük missiyası idi. İnşallah, rolları axarıncı olacaq və bu suala Emil özü 80-90 yaşlarında cavab verəcək.


- Emil İkinci Qarabağ müharibəsi dövründə hansı döyüş bölgəmizdə xidmət etdi?


- Mənim ata-baba yurdum olan və qaçqın düşdüyüm Füzulidə xidmətdə  oldu. Mən çox sevinirəm ki, Emil kimi cəsarətli, vətənpərvər və igid oğullarımızın sayəsində tarixi torpağımız işğaldan azad olundu. Mənim atam da məhz bu torpaqlar uğrunda vaxtilə şəhid olmuşdu. Onların azadlıq mübarizəsini bu gün Emil öz döyüş yoldaşları ilə tamamladı. Mənim məcburi köçkün düşdüyüm kənd məhz ordumuzun cəsarəti ilə işğaladan azad olundu. İndi mən fəxrlə deyirəm ki, mən daha köçkün deyiləm.


- Kənan, atanın Birinci Qarabağ müharibəsində şəhid olduğunu söylədin. Mümkünsə onun haqqında da məlumat verərdin...


- Atam Elxan Yusifov 1992-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə Yuxarı Veysəlli kəndindı şəhid olub. Onun təşəbbüsü ilə Füzulidə  könüllülərdən ibarət batalyon yaradılmış və atam da onun komandiri olmuşdu. Rütbəsi baş leytenant idi. Bir neçə kəndimizin erməni işğalından azad olunmasında iştirak edib. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. Hazırda məzarı bizim and yerimiz olan Şəhidlər Xiyabanındadır.



- Səni tanıyanların çoxu atanın şəhid olduğunu Füzuli azad olunanda öyrəndi. Nə üçün bu barədə heç vaxt danışmırdınız?

- Atamla fəxr edirəm. Sadəcə, heç vaxt bunu gündəmə gətirmək istəmirdim. Mənim Qarabağ itkim, Vətən həsrətim çox böyük idi. Bunu hiss etdirməsəm də, içimdə bu ağrılarla yaşayırdım. Mən həm torpağımı, həm də atamı itirmişdim. Atam üçün darıxdığım zaman təkcə Şəhidlər Xiyabanına gedər və onun soyuq məzarını, yatdığı torpağı saatlarca qucaqlayardım.Hər dəfə deyərdim ki, ata, az qalıb qisas gününə. Biz torpaqlarımıza qayıdanda sən də rahatlıq tapacaqsan, mən də. Füzulinin və doğma kəndimizin işğaldan azad olunduğunu eşidəndə sanki atamı yenidən qazanmış oldum. Məzarı üstünə gedib ruhu və qeyrəti qarşısında baş əydim və nəhayət illərdir içimi didən bu xəbəri öz səhifəmdə paylaşıdım. Təbii ki, bu məni tanıyanların çoxları üçün sürpriz oldu.


- Bəs sən özün indi harada çalışırsan?

- Mən də ixtisasca aktyoram. 1987-ci ildə Füzuli rayonunda anadan olmuşam. Bir neçə film və seriallarda həm aktyor, həm də ssenarist kimi çalışmışam. Bir neçə il Xəzər TV-nin əməkdaşı olmuşam. Hazırda Videozavr kanalının baş redaktoru, ssenaristi və aktyoruyam. Emil də həmçinin Videozavr kanalının üzvüdür. Bu kanal sosial şəbəkələr üzərindən fəaliyyət göstərir.


- Füzulini necə xatırlayırsan?

- Yadıma yuxu kimi gəlir. Çünki oranı tərk edəndə cəmi 3 yaşım vardı. Yaxın qohularım mənə doğma kəndimiz və oradakı evimiz haqqında çox məlumat veriblər.  Füzuli mənim yaddaşımda həmçinin atamın igidliyi və ölümü ilə qalıb.


- İndi dostun Emildən xəbərin varmı? Hazırda haradadır?

- Emil hazırda Bakıdakı hospitallardan birində müalicə alır. Çox sevinirəm ki, o qələbə bayrağımızın Füzuliyə sancılmasında iştirak etdi. Sağlamlığı ilə bağlı problem yaranmışdı və hospitala göndərildi.


- Onunla görüşə bilmisənmi və özünü necə hiss edir?

- Çox çətinliklə 5 dəqiqədən də az bir müddətdə onu görə bildim. Yaxşı olmağa çalışır və ümid edirəm ki, tezliklə öz sağlamlığına qovuşacaq və biz onunla yeni çəkilişlərimizi müqəddəs Qarabağ torpağımızda edəcəyik. Onu qucaqlayanda sanki 28 ildir həsrətini çəkdiyim Füzulinin qoxusunu içimə çəkdim. Çünkü o, artıq mənim işğalda olan torpaqlarımı geri qazanan və şəhid atamın qisasını alanlardan biridir. Dostum Emil özü ilə Bakıya Füzulinin Qələbə dolu havasını gətirib. Məhz onun kimi qeyrətli oğullarımız sayəsində biz işğaldan azad olmuş torpaqlarımıza ayaq basacağıq.


- Kənan, bir şəhid oğlu kimi bu gün Vətənimizin keşiyində duran əsgərlərimiz üçün “Əsgər salamı”nı eşidək.


- Şuşada, Tovuzda, Tərtərdə, Hadrutda və digər bölgələrdə xidmət edən bütün əsgərlərimizi salamlayıram. Hər birini ayrı ayrılıqda öpüb bağrıma basıram. Demək istəyirəm ki, bütün Azərbaycan xalqı onların arxasındadır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!