Modern.az

Salatın Əsgərovanın oğlu anasının vurulduğu yerə gedəcək

Salatın Əsgərovanın oğlu anasının vurulduğu yerə gedəcək

Media

16 Dekabr 2020, 16:17

Bu gün Milli Qəhrəmanı, mərhum jurnalist Salatın Əsgərovanın doğum günüdür.

Salatın Əsgərova 1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində anadan olub. 1979-cu ildə Bakı şəhəri M.Müşviq adına 18 saylı orta məktəbi bitirib, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. Sonralar jurnalist kimi fəaliyyət göstərib.

Salatın Əsgərova 1991-ci il yanvarın 9-u Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrin hədəfinə tuş gəlib. İçərisində olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulub. Atəş nəticəsində “Molodyoj Azərbaycana” qəzetinin əməkdaşı Salatın Əsgərova qətlə yetirilib.

Bəzi internet resurslarında yayılan məlumatlara görə, Salatın Əsgərovanın yaxınlığında həlak olduğu Şuşa rayonuna daxil olan kəndin adı sonradan Salatınkənd adlandırılıb.


Modern.az
saytı Salatın Əsgərovanın oğlu, jurnalist Ceyhun Əsgərovla danışıb.

Ceyhun Əsgərov qeyd edib ki, Şuşa rayonunun kəndinə Salatınkənd adı verilməsi səhv məlumatdır:


“Anamın həlak olduğu yerin yaxınlığındakı kəndə onun adının verilməsi məsələsi 90-cı illərin əvvəllərindən deyilir. Guya, kəndə Salatınkənd adı verilib.

Məsələni mən bu yaxınlarda araşdırdım. Laçından Şuşaya gedən yolun 6-cı kilometrliyində yerləşən bir kənd var. Salatın Əsgərova həmin o kəndin aşırım yolunun kənarında qətlə yetirilib. Bu məsələ ilə bağlı mən Ekologiya Nazirliyinin nəzdindəki Xəritəçəkmə komissiyası ilə əlaqə saxladım. Azərbaycan xəritəsində Salatınkənd adlı kəndin olub-olmadığını soruşdum. Aşkara çıxdı ki, sözdə deyilsə də, əməldə icra olunmayıb. Yəni Azərbaycan Respublikasının coğrafi xəritəsində Salatınkənd adlı yaşayış məntəqəsi yoxdur”.


Jurnalist qeyd edib ki, anasının amansızca qətlə yetirildiyi ərazini görmək istəyir:

“Ola bilsin anamın adı xalqın yadına ayda bir dəfə düşür. Amma onun nəvəsinin, oğlunun yadına hər saat, hər dəqiqə düşür.

Salatın xanımın həlak olduğu həmin ərazini görmək mənim arzumdur. Mülki şəxslərin həmin əraziyə getməyinə icazə verilən kimi mütləq şəkildə oranı ziyarət edəcəm. Ən azından həmin yolun kəsiyindən mütləq keçəçəm”.


Fidan İlqarqızı

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar