Modern.az

Gedənin qalan YERİ

Gedənin qalan YERİ

16 Dekabr 2020, 21:07

(RAMİZ KƏRƏMLİ VAXTIN YAZILMAYAN YAZISI)


Arzular uçan quşların qanadlarında, bədöy atların külək qovan yalmanlarında, insanın içini gəmirən dərdlərində boy göstərə bilmirsə, sən o quşlara qoşula bilmədiyinə heyifsilənəcəksən, əlin heç yana çatmayanda. Daha gözləmə, o quşun dönməyini, o atın küləklənməyini, könlünün dərdləri yenməyini...


Elə bil olacaqlar üç il əvvəldən agah imiş. Yazını necə başlayacağımı, bu ağrını hansı yöndən çözəcəyimi fikirləşirdim ki, Mark xatırlatdı , bu şeirlə başla, bu günün şeiridir, nə olsun üç il əvvəl yazmışsan...


BİZİM GƏLDİYİMİZ

Ramiz Kərəmə

Ağzı süd qoxulu düşdük yollara,

Önümüzə düşən səhər deyilmiş.

Başa sığal çəkib, uğur diləyən

Əl başqa əl imiş, sağ əl deyilmiş.

 

Dönməyə qoymadı elin qınağı;

Şəhərli olmağı neylərdik axı?!

Mirvari yetirməz balıqqulağı,--

Hər gözə görünən gövhər deyilmiş.

 

Yol gəlir sonuncu nəğməmiz Quda,

Çilik-çilik olur şəklimiz suda...

Nə gözəl uyuyur Abbas quyuda,

Sanasan içdiyi zəhər deyilmiş.

 

Geysək də ayağa dəmirdən çarıq,

Adlaya bilmədik ucaydı barı...

Olardıq zamanın Koroğluları,--

Mindiyimiz yabı kəhər deyilmiş.

 

Osman, yol üstündə yükdü əyilən,

Daha nə xeyri var, söylən, gileylən.

Adına qosqoca şəhər deyilən

Arzulardan baxan şəhər deyilmiş.

14 dekabr 2017.


Mən Ramizlə nə vaxt tanış olmuşdum. 1977--ci il sentyabrın ilk günü idi. Kənddən dönüb gözəl şair Musa Ələkbərli ilə görüşməyə getmişdim. Söhbət əsnasında dedi ki,mənim əmioğlum da Sizin fakültəyə qəbul olub, qalmağa yeri yoxdur. Onu yataqxanaya düzəltmək olarmı?  Ona görə belə deyirdi ki, birinci kursa qəbul olanların yataqxanada qalmasında çətinliklər vardı. Əvvəl Ramizi tapdım, yataqxanaya göndəriş aldıq, Dərnəgüldəki 4 N-li yataqxananın komendatının yanına gedib, Ramizin mənimlə qalmasını xahiş etdik. Və bir il bir otaqda qaldıq. Bir fakültədə oxuyurduq, bir kurs fərqlə, ikimiz də şeir havasına uçurduq, ikimiz də dağ havasından qopub gəlmişdik. Hələ qanadları kövrək kəpənəklər idik, ya toz olacaqdıq, ya zər səpə- səpə yaşayacaqdıq.


Mən 1980- ci ildə, Ramiz 1981- də institutu bitirdik. Buna qədər müxtəlif mətbu orqanlarda şeirlərimiz dərc edilmiş, rəğbətlə qarşılanmışdı. Mən İmişlidə işləyirdim, şoran torpaqlar, uçsuz—bucaqsız pambıq tarlaları, ikinci plana keçmiş təhsil... Hamı pambıqla nəfəs alırdı. Eşitdim ki, Ramiz Saatlıya təyinat alıb,Novruzlu kəndində işləyir. Elə orada da evləndi. Bir zarafat şeiri yazdım eşidəndə:


Novruzluda Ramiz adlı bir şair,

Kənd yolunu ürəyinə dolayır...

Eşq ömrünü Novruzlaşıb yaşayır,

Pambıq yığan Qəndabını arayır...


Və beləcə, şeirlərimizi jurnal, qəzetlərdən oxuya—oxuya yaşayırdıq. Bir almanaxda –“Yaşıl budaqlar”da (1987) bir yerdə çap olunmuşduq.


Deyəsən, 2006-cı il idi. “Azərbaycan” junalında işləyən şair dostum Qəşəm Nəcəfzadə zəng eləmişdi. Salam-kalamdan sonra:


--Ramiz Kərəmi tanıyısanmı? --dedi.

--Tanıyıram, qədimi dostluğumuz var, nəydi ki?

--Məndən telefon nömrəni istədi, verimmi?

-- Gec olar, Ramizin nömrəsini mənə ver.


Elə o gün Ramizə zəng elədim. Vaxt təyin eləyib şəhərdə görüşdük. İllərin uzaqlığığnı yaxın elədik. Bir- birimizə kitablarımızı verdik, evlərimizdə olduq. Biz ayrılanda 19 yaşlı yeniyetmə idi, indi həmin təmizliyi saxlayan ağır təbiətli “illər yorğununu” görürdüm. Şeirlərimizi “Azərbaycan”, “Ulduz” yurnallarına birlikdə aparırdıq. Hamı xətrini çox istəyirdi.


Bir dəfə zəng elədi ki, qağa, sənin bir şeirinə şeir yazmışam, inciməsən kitabımda verərəm.- Niyə inciyirəm, fəxr eləyərəm, - dedim.


Mənim şeirim 2011-ci ildə çıxan “Sənə sarı yol gəlirəm” kitabımdan idi: adı “Yeriyər”...


Hərənin öz addımları,

Hərə bir cürə yeriyər.

Bu şəhərin adamları

İzə, ləpirə yeriyər.

 

Yuxulayan, eh, nə qədər,

Yuxularsan öynə gedər...

Eləsi var göynən gedər,

Eləsi yerə yeriyər.

 

Yeriyərlər arxayınca,

Bir sürünün arxacınca.

Onun, bunun arxasınca

Düşər təsirə yeriyər.

 

Sıyrılar ev-eşiyindən,

Keçər iynə deşiyindən.

Qədəm açar beşiyindən

Bir dar qəbirə yeriyər.


Ramizin şeiri “Hərlənir” idi.  2015-ci ildə çıxan “Mən sözdən asıldım”kitabında çıxmışdı:


HƏRƏ BİR CÜRƏ HƏRLƏNİR

                           
Hərənin öz addımları,
Hərə bir cürə yeriyir.
(Osman Fərmanoğlu)

Hərə bir cürə yeriyir,

Hərə bir cürə hərlənir.

Hər adam öz qismətinin

Çəkdiyi yerə hərlənir.

 

Adam gördüm təpəri yox,

Süngülərin sipəri yox.

Aşıqlıqdan xəbəri yox,

Əlində cürə hərlənir.

 

Kimsə bəxti qaçaq düşüb,

Dalınca yalquzaq düşüb.

Kəsə yoldan uzaq düşüb,

Dağ keçir, dərə hərlənir.

 

Kimi kəpək—yel ağzında,

Kimi torpaq—bel ağzında.

Hamı qalıb sel ağzında,

Tapammır bərə hərlənir.

 

Tez-tez zəngləşirdik. Sonuncu dəfə kiçik oğlu Ormanın toyunda görüşdük.  Əməliyyat olunmuşdu, yaxşı danışa bilmirdi. 2018-ci ildə çıxan “Şər vaxtının duası” kitabımı verdim, yuyarıq,--dedi.


Sonra bu bəlalı pandemiya ortaya düşdü, “ay bu gün, ay sabah” görüşəriklə bir ildən artıq vaxt keçdi...


Və dünən—15 dekabr 2020—ci ildə ölüm xəbərini aldım.


Bir əziz dostu da itirdim. Gedənin yerində nə qalır? Evi qalır, ailəsi qalır.Uşaqları qalır, bir də yaşamadığı illər qalır. Şeirləri qalır. Ramiz son vaxtlar silsilə “Şəhid şeirləri” yazmışdı, yarımçıq ömürlərinə yana –yana. Amma bir arzulu şeiri də vardı:


Bir səhər durasan yuxun çin ola,

Adam baxıb görə yenə uşaqdı.

El-oba yığışıb köçüb yaylağa,

Atan da, anan da yanında sağdı.

 

Bacın su gətirir, nənən süd çalır,

Gedib qardaşların odun dalınca.

Arxaca yığırsan qoyun-quzunu,

Yurda axşam düşüb, qaş qaralınca.

 

Bir bulaq başında gözün yol çəkə,

Sinəndə bir sevgi tumurcuqlaya.

Bir qəfil çən gələ dərələr boyu,

Qara tellərində su muncuqlaya.

 

Çadırlar oxuya çadır nəğməsi,

Ağ yağış döydükcə alacıqları.

Uzanıb taxt üstə xəyallanasan,

Açasan, çözəsən “dolaşıqları”.

 

Açasan, çözəsən dolaşıqları,

Biləsən o qədim nəğmə nə sirmiş.

Biləsən gecələr ay işığını,

Ağaclar bu qədər niyə sevirmiş.

 

 

Bir səhər təzədən köç geri dönə,

Yenə qəribsəyə, kövrələ dağlar.

Bu da bir istəkdi danışdım bir az,

Hələ axşamdandı, səhərə çox var.-


Köç geri dönmədi, Ramiz Kərəm, sən gedən köçə qoşulub getdin…


”Mən sözdən asıldım” kitabında yazmışdın: “Mən yolçu olmadım. Yolçu həmişə yolda olar. Mən yolda hərdənbir göründüm… Hərdən elə yaşantılar olur ki,onları sözlə ifadə etməyincə əl çəkmir səndən…”.


Sən gedən köçdə yolçu oldun. Deyə bilmədiklərin qaldı səndən sonra… sirli, mübhəm…


16 dekabr 2020.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı