Modern.az

Zabelin: “Ermənilərlə azərbaycanlıların Xankəndidəki birgə yaşayış forması müzakirə ediləcək” - MÜSAHİBƏ

Zabelin: “Ermənilərlə azərbaycanlıların Xankəndidəki birgə yaşayış forması müzakirə ediləcək” - MÜSAHİBƏ

17 Dekabr 2020, 14:11

Milli Məclisin deputatı, Azərbaycandakı Rus icmasının sədri Mixail Zabelin Modern.az-ın suallarını cavablandırıb.


- Mixail müəllim, noyabrın 10-da imzalanmış üçtərəfli sənədə əsasən, Qarabağ bölgəsinə Rusiya sülhməramlıları yerləşdirilib. Amma rusiyalı sülhməramlıların davranışları onlara birmənalı münasibətə imkan vermir. Məhz bu səbəbdən bəzi ekspertlər deyirlər ki, Dağlıq Qarabağda müharibə davam etdirilməliydi. Bu barədə siz hansı fikirdəsiniz?

- Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti  Vladimir Putinin imzaladığı üçtərəfli razılaşma hərbi əməliyyatlara son verdi. Dediyiniz kimi, bəziləri döyüşlərin davam etdirilməsini istəyirdi. Qeyd etməliyəm ki, xüsusilə də politoloqlar. Politoloqlar səngərdə oturmayıblar. Nəzərə almaq lazımdır ki, bu əməliyyatlar soyuqların, qarın başladığı məqamda dayandırıldı. Bu şəraitdə hərbi əməliyyatların davam etdirilməsi çox böyük itkilərə yol aça bilərdi. Hərbi texnika o çətin yolları aşa bilməzdi. Çünki yollar palçıqlı və dar idi. Belə məqamda itkilərimiz çox ola bilərdi. Hansı ki, bu soyuq havada əsgərlərimizin əllərində tutduğu silahlar da, qurğular da onların əllərinin don vurmasına gətirib çıxara  bilərdi. Ona görə də 44 gün ərzində qazandığımız qələbəni alqışlayıram. Çünki biz daha çox ərazilər azad etdik.
Hərbi əməliyyatların dayandırılması çoxsaylı insan həyatını ölümdən qurtardı. Qarşıya qoyulan bütün hədəflər yerinə yetirildi. Düşmən bəzi əraziləri özü azad etməli oldu. Bu baxımdan qazanılan qələbə bundan əvvəl təklif edilən sülh razılaşmalarından bizə daha çox ərazi qazandırdı. Buna ancaq sevinmək olar.


- Bəzi fikirlər səslənir ki, bölgəyə rusiyalı sülhməramlıların yerləşdirilməsinin müsbət tərəfi yoxdur. O baxımdan ki, onların üstünlüyü Ermənistana verəcəyi söylənilir. Sizcə, bu məsələdə doğru olan nədir?


- Müzəffər ordumuzun uğurları göz önündədir. Şuşanı və digər əraziləri azad etdilər. Hərbi əməliyyatların bu məqamda dayandırılması məqsədəuyğun idi. Prezidentimiz İlham Əliyev nahaqdan “nəyi nə vaxt və necə etməyi yaxşı bilirəm” demirdi. Ona görə də bu qələbə Azərbaycan üçün tam qələbədir.
Təsadüfi deyil ki, Ermənistanda kütləvi etirazlar başlayıb. Məğlub tərəf kimi qeyri-stabillik yaşanır. O ki qaldı sülhməramlıların yerləşdirilməsinə, rusiyalı  hərbi kontingentin bölgəyə gəlməsi həm əsgərlərimizin həyatını xilas etməyə imkan verir, həm də torpaqlarımızdan qovulmuş insanlarımızın rahat şəkildə qayıtmasına və yaşamasına şərait yaradır. İmkan verə bilməzdik ki, Skandinaviyadan, İsveçdən sülhməramlılar gəlsin. Çünki Rusiya sülhməramlılarının bölgədə yerləşməsi bizə daha uyğundur. Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin və Rusiya Federasiyasının rəsmi mövqeyi Qarabağın Azərbaycan ərazisi olmasından ibarətdir. Ona görə də rusiyalı sülhməramlıların Qarabağda yerləşməsi məqsədəuyğundur.


- Səslənən iddialarda bəzi məqamlar var ki, bu da Xankəndi məsələsi ilə bağlıdır. Xankəndidə azərbaycanlıların məskunlaşması necə həyata keçiriləcək?

- Gələcəkdə Xankəndi və digər məsələlər də müzakirə oluna bilər. Ermənilərin və azərbaycanlıların oradakı birgə yaşayışının hansısa formada həyata keçirilməsi də müzakirə ediləcək. Eyni zamanda, Qarabağa status verilməsi məsələsi gündəmdən çıxıb. Prezident İlham Əliyev də deyib ki, status məsələsi tarixə qovuşub və bunu Rusiya tərəfi də çox yaxşı anlayır. Bundan sonra birgəyaşayışın formaları müzakirə ediləcək.


- Son günlər bölgəyə Rusiyanın ağır texnika yeritməsi barədə informasiyalar yayılır. Qarabağa Rusiyanın ağır texnika yeritməsinin səbəbi nə ola bilər? Bu barədə hər hansı məlumatınız varmı?

- Sülhməramlıların bölgəyə ağır yexnika yerləşdirməsi məsələsi ilə bağlı demək  istəyirəm ki, KİV-də çıxan hər məlumata inanmaq olmur. Bunları dəqiqləşdirmək lazımdır. İstənilən halda sülhməramlıların bölgəyə gətirdiyi texnika sülhməramlıların Türkiyə və Rusiyanın birgə monitorinq mərkəzi tərəfindən izləniləcək. Həmçinin, Azərbaycan rəhbərliyi də bu barədə məlumatlıdır. Ona görə də Azərbaycanın icazəsi olmadan Qarabağa hər hansı ağır texnikanın yerləşdirilməsi mümkün deyil. Digər tərəfdən, qardaş Türkiyə hər zaman Azərbaycanın yanındadır və Türkiyənin bölgədəki kontingenti də üçtərəfli razılaşmanın icrasına nəzarət edəcək və Azərbaycana qarşı hər hansı təxribatın qarşısını almağa dəstək olacaq. Düşünürəm ki, rusiyalı sülhməramlıların bölgəyə yerləşdirilməsi müəyyən müddət üçün önəmlidir. Vəziyyətin stabilləşməsinə xidmət edəcək. Ona görə də Prezidentin bu sahədə gördüyü işlər, üçtərəfli razılaşmadakı addımlar doğru qərarlardır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub