Modern.az

“Ermənistan rəhbərliyi təkcə bizi deyil, həm də beynəlxalq vasitəçiləri aldadırdı”

“Ermənistan rəhbərliyi təkcə bizi deyil, həm də beynəlxalq vasitəçiləri aldadırdı”

Ölkə

18 Dekabr 2020, 15:58

“Azərbaycan ilə Ermənistan arasında müharibə dünya kütləvi informasiya vasitələrində kifayət qədər geniş işıqlandırılıb, lakin təəssüf ki, heç də həmişə obyektiv işıqlandırılmayıb. Münaqişənin təbiəti, onun yaranma tarixi və problemin mahiyyəti məsələsinə gəldikdə təəssüf ki, biz çox vaxt təhrif edilmiş, mötəbər olmayan və ya qərəzli informasiya ilə üzləşirdik. Buna baxmayaraq, biz Azərbaycana münasibətdə illər boyu yaranmış müəyyən neqativ fonu aramsız səylərimiz sayəsində aradan qaldırmağa və həqiqəti dünya birliyinə çatdırmağa nail olduq”.


Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı bildirib.


Baş verən hadisələr haqqında həmkarlarını məlumatlandıran Azərbaycan Prezidenti deyib:

“Müharibənin nəticələri məlumdur. Azərbaycan uzun illər ərzində ölkəmizin xeyli ərazisini, beynəlxalq miqyasda tanınmış ərazilərini işğal altında saxlayan işğalçı ölkə üzərində qələbə qazandı. Bizim məlumatımıza görə, müharibə nəticəsində Ermənistan silahlı qüvvələrinin potensialının 80 faizindən çoxu məhv edilib. Azərbaycan üçün bu, Vətən müharibəsi, azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq, istilaçılıq müharibəsi idi”.

Prezident xatırladıb ki, 1990-cı illərin əvvəlində Ermənistan Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin təqribən 20 faizini, o cümlədən Dağlıq Qarabağ və Azərbaycanın digər yeddi rayonunu işğal etdi, həm Dağlıq Qarabağda, həm də Dağlıq Qarabağ hüdudlarından kənarda, həmçinin Ermənistanda azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə aparıldı. Nəticədə Azərbaycanın o vaxtkı 8 milyon əhalisindən 1 milyonu köçkün vəziyyətinə düşmüşdü. Azərbaycanın işğal edilmiş əraziləri tamamilə dağıdılmış, orada azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə aparılmışdı.


İlham Əliyev deyib ki, bu gün xarici diplomatlar və jurnalistlər Ağdama, Füzuliyə, Cəbrayıla və vaxtilə işğal edilmiş digər ərazilərə səfər edərkən orada nələr edildiyini və Azərbaycan torpaqlarında necə vandalizm törədildiyini öz gözləri ilə görürlər.


“Şəhərlər, kəndlər, xalqımızın tarixi, dini abidələri dağıdılıb. Biz bu işğala özümüz silah gücünə, oğullarımızın rəşadəti və igidliyi sayəsində son qoyduq və əslində, BMT Təhlükəsizlik Şurasının 27 il bundan əvvəl qəbul edilmiş, erməni işğalçı qüvvələrinin işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən qətnamələrini həyata keçirdik. ATƏT-in Minsk qrupunun yaradıldığı 1992-ci ildən keçən 28 il ərzində Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edirdi. Status-kvonun saxlanılmasına yönəlmiş bütün cəhdlər Ermənistan rəhbərliyinin danışıqlar trekində imitasiya xarakterli hərəkətləri ilə maskalanırdı. Əslində təkcə bizi deyil, həm də beynəlxalq vasitəçiləri aldadırdılar”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan Prezidenti deyib: “Üzə çıxmış yeni informasiya, xüsusən işğal edilmiş ərazilərdə aparılmış mühəndis-istehkam işləri nəzərə alınmaqla məlum olur ki, Ermənistan işğal etdiyi ərazilərin bircə qarışını belə qaytarmağa hazırlaşmırdı. Beləliklə, bütün bu 28 il ərzində Ermənistan rəhbərliyi onun ali vəzifəli şəxslərinin timsalında beynəlxalq birliyi çaşdırırdı”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!