Modern.az

“Estafet” rubrikası - Cəmil Həsənlinin Eldar Namazova sualları var

“Estafet” rubrikası - Cəmil Həsənlinin Eldar Namazova sualları var

Ölkə

30 İyul 2012, 11:28

Tarixçi: “Qarabağı azad edə bilməsək, şəhidlərin şahidlərdən intiqam tarixini yazmalı olacağıq”

Modern.az-da oxuculara təqdim olunan “Estafet” rubrikası artıq ikinci həftədir ki, oxuculara fərqli müəllifləri və onların sual-cavablarını təqdim edir.

Xatırladaq ki, qaydalara görə, rubrikamızın qonağı ona ünvanlanan sualı cavablandırandan sonra özü də istənilən bir şəxsə sual vermək imkanı qazanır. Müsahib arzu etdiyi şəxsdən Modern.az vasitəsi ilə öz suallarına cavab alacaq.

Bir sözlə, hər dəfə sualları cavablandıran şəxs öz növbəsində estafeti növbəti qonağa ötürür. 

Rubrikanın son qonağı olan şair Ramiz Rövşən estafeti tarix elmləri doktoru, professor Cəmil Həsənliyə ötürüb öz suallarını təqdim etdi.

Ramiz Rövşənin Cəmil Həsənliyə ünvanladığı suallar bunlardır:

– Belə bir fikir var ki, tarix kitabları, orda haqqında yazılan tarixi hadisələrdən, şəxsiyyətlərdən daha çox o kitabları yazan müəlliflərin özləri haqqında dəqiq təsəvvür yaradır. Bu da məlumdur ki, keçmişi redaktə etmək mümkün deyil. Bəs sovet dövründən indiyə qədər işi-peşəsi keçmişimizi redaktə eləməkdən, dərzi kimi kəsib-doğrayıb, bəzəyib-düzəyib, bu günün konyukturasına uyğunlaşdırmaqdan ibarət olan bir çox tarixçilərimizin yazdıqları qalın-qalın kitablar öz müəllifləri haqqında, səncə, hansı təsəvvürü yaradır?

– Sənin, xüsusən son illər, saysız-hesabsız arxiv materiallarına əsaslanıb XX əsr tariximizi dərindən təhlil edərək yazdığın bir-birindən qiymətli əsərlər hər bir Azərbaycan ziyalısının stolüstü kitabı olmağa layiqdir. Bəs Qarabağ müharibəsi ilə bağlı, bütün bu hadisələri dərindən təhlil edən, mümkün qədər emosionallıqdan uzaq, yalnız faktlara, sənədlərə, şahid ifadələrinə əsaslanan bir kitab yazmaq fikrin varmı?

Tarixçi Cəmil Həsənli şair Ramiz Rövşənin suallarını belə cavablandırdı:

– Böyük Atatürk deyirdi ki, tarix yazmaq tarixi yaratmaq qədər mühümdür, tarix yazan tarixi yaradana sadiq qalmazsa, dəyişməyən həqiqət insanlığı şaşırdacaq bir mahiyyət alır. Tarix yalançı qəhrəmanları yaşatmır, onun çıxış nöqtəsi gerçəklərin təqdimatından ibarətdir. Əlbəttə, yazılan tarix kitabları təkcə keçmiş tarixi deyil, onun müəllifinin kimliyini də ortaya qoyur. Bir çox hallarda asılı xalqların tarixi olmur, onların ədəbiyyatı olur və həmin ədəbiyyat tarixi yaddaşı saxlamaq funksiyasını öz üzərinə alır. Məsələn, Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları” əsəri təkcə ədəbi nümunə deyil, həm də faciəli bir tarixin acı səhifələridir. Sovet dövrünə gəldikdə isə bu dövrün tarixi əsərlərinə iki mövqedən yanaşıla bilər. Bunun biri sovet dövrünün tarixidir, digəri isə sovet dövründə yaranan tarixi ədəbiyyatdır. Sovet ideologiyası şəxsiyyətləri tarixdən qovmaqla şəxsiyyətsiz bir tarix yaratdı. Ona görə həmin tarixi yazmaq, onu yaratmaq qədər mənasız idi. Lakin sovet dövründə yazılan tarixi ədəbiyyata gəldikdə burada vəziyyət bir az başqadır. Məsələn, mən nümunə kimi Ziya Bünyadovun sovet dövründə yazdığı “Azərbaycan Atabəylər dövləti” kitabını xatırlatmaq istəyirəm. İyirmi ildir sovet sistemi dağılıb, lakin ümidli deyiləm ki, bundan sonra 20-30 il ərzində həmin dövrlə bağlı Z. Bünyadovun yazdığından güclü əsər yazılacaq.    

– Əzizim Ramiz, məğlubiyyətin tarixi onun içində olanlar tərəfindən yazılmır. Bu gün biz Qarabağ müharibəsində məğlub tərəfik. Qoy bu məğlubiyyət müvəqqəti olsun, amma məğlubiyyətdir. 20 ildir ölkəmizin 20 faizi işğal altındadır. Bunun məğlubiyyətdən başqa ayrı adı yoxdur. Qələbənin atası çox olduğu kimi, onu yozanların sayı da çox olur. Hazırda Qarabağ tariximiz şahid ifadələrindən daha çox, şəhid intiqamı üzərində köklənib. Əgər biz bir millət olaraq Qarabağı azad edə bilməsək, şəhidlərin şahidlərdən intiqam tarixini yazmalı olacağıq. Hələ ki əlimiz Qarabağın keçmişinə çatır. Bu gününü tapa bilməyən xalqlar keçmişlərinə aludə olurlar. Günümüzün Qarabağ salnaməsi yaradılanda, onun tarixi də yazılacaq. Həmin tarixi yazacaq xoşbəxt tarixçi bizmi olacağıq, ya gələcək nəsillər? Bu sualın cavabı millətimizin dirilik ruhunun zamanla ayaqlaşmaq məqamından keçir.

Cəmil Həsənli də öz növbəsində estafeti Eldar Namazova ötürdü və ona öz suallarını ünvanladı:

– Uzun müddət siyasətin içində olmusunuz, güman edirdinizmi ki, bir vaxtlar müstəqilliyindən qürur duyduğunuz bir dövlət belə korrupsiya bataqlığına yuvarlanacaq?

– Bir çox ziyalı “xadimlərimiz” vətəndaş mövqeyi ilə siyasət arasındakı məsafəni müəyyən edə bilmirlər. Hazırda Rüstəm İbrahimbəyova qarşı olanlar onu siyasətə qoşulmaqda günahlandırırlar. Necə bilirsiniz, ölkəsinin taleyinə biganə qalmayıb vətəndaş mövqeyini ifadə etmək siyasətdir, yoxsa hakimiyyətin yüksək vəzifəli şəxslərinin iştirakı ilə toplantı keçirib alternativ qurumlar yaratmaq? Bəlkə, öz müsahibələrində hakimiyyət rəsmilərindən tez-tez “qanadlı” ifadələr səsləndirməklə rəhbərliyə yarınmağın və bu yollarla hakimiyyətdən nə isə qoparmağın siyasətə heç bir dəxli yoxdur?  

Tezliklə Eldar Namazovun suallara cavabını saytımızda oxuya bilərsiniz.

Könül Səid

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı