Modern.az

Bakıda SSRİ-nin mirasının satıldığı yer - REPORTAJ+FOTO

Bakıda SSRİ-nin mirasının satıldığı yer - REPORTAJ+FOTO

30 İyul 2012, 12:23

Satıcı: “Nə pioner var, nə də komsomol, amma yadigarları qalır”


Tarixi əşyaların satıldığı dükan hər zaman insanların marağın cəlb edir. Həmin dükanlarda satılan əşyalar bir neçə ili və hətta bir neçə dövrü əhatə edə bilir. Hər bir ölkəyə səfərə gedən turistlər ölkənin tarixi yerləri ilə bərabər, nadir əşyaların satıldığı dükanlara da baş çəkirlər. Bakıdakı belə yerlərdən birinə baş çəkdik. Ancaq bu yer digərlərindən daha çox fərqlənir. Belə ki, qapıdan içəri girən kimi dükanın məxsusi qoxusu insanı tutur. Bu yer insana daha çox sovet rejimini, kommunizmi xatırladır. Burada satışa çıxarılan əşyalara əsasən SSRİ dövrünü əhatə edir.

Dükanın sahibi və satıcı olan Saleh dayı heç nə danışmaq istəmirdi. Çox xahiş etsək də onun danışan adam olmadığını anladıq. Amma bir neçə məlumatı öyrənə bildik.

1869-cu ilin yadigarı olan samovar satışda


Saleh dayı əntiq əşyalara marağın onda uşaq vaxtından olduğunu deyir. 70 yuxarı yaşı olan pensiyaçı dükan sahibi bu işin həvəskarıdır. Deyir ki, burada heç bir maddi marağı yoxdur. “Əgər belə olmasaydı, saat 16:00-dan işə başlamazdım”.

Danışmağı sevməsə də, uşaq evində böyüdüyün dedi. Daha çox getdiyi ABŞ-da daha tarixi əşyaların satıldığı yerlərə baş çəkir. Onun sözlərinə görə, ABŞ-da belə yerlər daha səliqəli və maraqlıdır.

Özü ilə kiçik tanışlıqdan sonra Saleh dayının arxiv dükanından söhbət edirik. O, buranın ən yaşlı əşyası kimi samovarı göstərdi. Amma samovarın kim tərəfindən gətirildiyini bilmədi. Ümumiyyətlə, onu bildirdi ki, bura kimlərin əşya gətirməsi ilə maraqlanmır. Əşyalarını satışa çıxaran şəxslər onlar üçün qiymət müəyyənləşdirir. Saleh dayı isə hər satılan əşyadan 20% gəlir götürür. Ümumilikdə burada satılan mallar 19-20-ci əsrləri əhatə edir. Amma Saleh dayı insanların tarixə biganə qalmasından narazılıq etdi. O, arxiv dükanın yanında açılan ona yaxın restoranlardan şikayət etdi: “Hamısında araq töküb satırlar. Biz axı müsəlman ölkəsiyik, belə olmaz. Mən həyatımın gözəl günlərini SSRİ-də yaşamışam. Həmin dövrün bir çox yadigarları yığışdırılıb. İndi nə pioner var, nə də komsomol. Burda satılanlar isə o vaxtların yadigarlarıdır”.

Hərbi formalar, pioner qalstuku…


Kiçik arxivi xatırladan dükanda İkinci dünya müharibəsindən əvvəli əhatə edən kiçik dəmir tablo 700 manata satılırdı. Üzərində Böyük Britaniyanın bayrağı olan maket gəmi isə 300 manata satılırdı. Demək olar ki, bu üç tarixi əşya oranın ən bahalıları sırasında idi. Saleh dayı hər bir əşyanın bir insanın yadigarı olduğunu deyir. Burada satışa çıxarılan əşyaları ruslar bərabər azərbaycanlılar da gətirir.

Saleh dayı satışda razı olduğunu deyir. Onun sözlərinə görə,  hər ay 300 manata yaxın alver olursa bu normaldır. Satışda olan hərbi formalar daha maraq cəlb edir. Bu formalar İkinci Dünya müharibəsindən yadigar qalıb. Müharibədən çıxmış formalar burada satılır. Onların üzərində isə Sovet dövründə oxuyanların ən yaxşı yadında saxladıqları pioner qalstuku satışda idi. Bu qalstuk 1989-cu ilin yadigarı idi. Ümumiyyətlə dükanda olan keçmiş telefon aparatları, qeyri-adi qablar, plakatlar, suvenirlər, medallar, kitablar, paltarlar və s. əşyalar əsl maraq çəkirdi. Burada qiymətlər 10-700 AZN arasında dəyişir.

Dükan sahibi çox danışmadığı üçün onu yormaq istəmədik. Sağollaşıb ayrılarkən iki xarici turist dükana daxil oldu. Onların böyük britaniyalı olduğu açıq-aydın seçilirdi. Buradakı əşyalarla xeyli maraqlanırdılar. Bu məqamdan hiss olundu ki, buranı daha çox xarici qonaqlar ziyarət edir.











Anar Kəlbiyev
Foto: Elçin Ağayev

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir