Modern.az

İranda həbs olunan şairin anası Bakıya qayıdıb

İranda həbs olunan şairin anası Bakıya qayıdıb

30 İyul 2012, 12:56

İranda həbsdə saxlanılan gənc şair Fərid Hüseynin anası Tahirə Hüseynova şənbə günü Tehranda oğlu ilə baş tutan görüşlə bağlı Modern.az-a danışıb. Övladını görmək üçün İrana gedən Tahirə  Hüseynova Fəridin vəziyyətinin heç də yaxşı olmadığını bildirib. Onun sözlərinə görə, F.Hüseynov səhhətində heç bir problemin olmadığını desə də, durumu bir o qədər də ürəkaçan deyilmiş.

“Fəridlə görüşdük. Oğlum özünü yaxşı hiss elədiyini deyirdi. Səhhətində şükür Allaha heç bir problem yoxdur. Amma Fəridlə görüşəndən sonra hələ də özümə gələ bilmirəm. Ürəyim partlıyır ki, oğlumu biz özümüzlə gətirə bilmədik. Fərid də Azərbaycan üçün darıxdığını, azadlığa çıxmaq istəyidiyini dedi. İnanın, artıq bir neçə gündür Fəridi görəndən sonra özümü çox narahat hiss edirəm, səhhətim pisləşib. Ana kimi övladımı yad bir eldə tək qoyub gəlmək, çarəsiz qalmaq mənə əzab verir”, - deyə T.Hüseynova vurğulayıb.

Gənc şairin anası Fəridin avqustun 7-də keçiriləcək məhkəmə zamanı azad olunma ehtimalının olmadığını deyib.

“Bilirsiz mən artıq heç nəyə inanmıram. İnanmıram ki, məhkəmədə onları azad eləsinlər. Yenə də Allaha dua edirəm ki, övladımın azadlığa çıxması üçün bizə kömək olsun. Başqa heç nə deyə bilmərəm”.

Qeyd edək ki, mayın 2-də İranda saxlanılan azərbaycanlı şairlər iyulun 28-də Təbrizdə baş konsulluğun nümayəndəsinin iştirakı ilə ailə üzvləri ilə görüşüblər.

 

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir