Modern.az

Səbaildən olan 250 yeniyetmə Qubaya yola salınıb

Səbaildən olan 250 yeniyetmə Qubaya yola salınıb

30 İyul 2012, 13:28

Səbail rayon İcra Hakimiyyətinin təşəbbüsü, Quba rayon İcra Hakimiyyəti, DİN Daxili Qoşunlar Komandanlığı və “Çağ” Öyrətim Şirkətinin birgə layihəsi əsasında ənənəvi təşkil olunan rayonun Qababağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı və imkansız ailələrin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər, həmçinin «SOS-Azərbaycan» uşaq kəndində tərbiyə alan, həmçinin bir sıra ictimai birlikləri təmsil edən,  ümumilikdə 250 nəfər yeniyetmə üçün yay istirahəti təşkil olunub.
Quba şəhərinin ən mənzərəli yerində yerləşən Bakı Türk Liseyinin Quba filialının bazasında yaradılmış hərbi-vətənpərvərlik təmayüllü, artıq 7-cı dəfə keçirilən «Şahinlər» yay istirahət düşərgəsinə yola salınma mərasimi keçirilib.

Tədbir Daxili Qoşunların hərbi orkestri tərəfindən Azərbaycanın Dövlət Himninin  ifası ilə başlanıb. Səbail rayon rəhbərliyi, DİN Daxili Qoşunlar Komandanlığının, düşərgəyə yollanan yeniyetmələrin, onların valideynlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə «Sahil bağı»nda təşkil olunan yolasalma mərasimində Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov çıxış edib.

O, yeniyetmələrə olan diqqət və qayğıdan, bu layihənin həyata keçməsi istiqamətində görülən işlərdən danışıb, uşaqlara şən və yaddaqalan istirahət arzulayıb. Qeyd olunmuşdur ki, düşərgənin fəaliyyəti Səbail RİH və layihədə iştirak edən təşkilatçıların diqqət mərkəzində olacaq, burada istirahət üçün hər cür şərait yaradılacaq.  

Qeyd etmək lazımdır ki, Bakıdan gedən uşaqlara Qubadakı düşərgədə rayonun Zərdabi adına Xüsusi İnternat məktəbin şagirdləri də qoşulacaq. Düşərgənin hərbi-vətənpərvərlik təmayüllü olması nəzərə alınaraq Səbail RİH tərəfindən bir sıra təşkilati işlər həyata keçirilib. Uşaqlar üçün xüsusi geyim və forma, lazımi idman ləvazimatları alınıb, Daxili Qoşunların Quba şəhərindəki «N» saylı hərbi hissəsi tərəfindən düşərgənin həyətində hərbi-səhra çadırları,  səhra yeməkxanası qurulub, Daxili Qoşunlar, DQ-ın yaranması, vəzifələri və döyüş yolu, buradakı xidmət, döyüş texnikası və təminatı barədə, həmçinin Milli Qəhrəman Mübariz İbrahimov və «Şahinlər» düşərgəsinin əvvəlki illərinə  həsr olunmuş stendlər quraşdırılıb.

Düşərgədə yeniyetmələr gündə 4 dəfə yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunacaq, istirahət dövründə onlar üçün bir neçə dəfə  təbiət qoynunda nahar təşkil olunacaq.

Bu il də düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri məşğul olacaqlar. Onlarla yanaşı Daxili Qoşunların zabitləri, çavuş  və  əsgərlərindən ibarət qrup düşərgəyə  təhkim olunub, burada aparılacaq hərbi-hazırlıq, təlim-tərbiyə işlərində onlar yaxından iştirak edəcəklər.
İstirahət günlərində şagirdlərin Qubanın görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə gəzintiləri təşkil olunacaq, onlar həm də Daxili Qoşunların Qubadakı hərbi hissəsi ilə yaxından tanış olacaqlar.


Modern.az
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi