Modern.az

“Şuşada “Qarabağ şikəstəsi” oxumaq ən böyük arzusu idi” - Qəndab Quliyevanın oğlu ilə MÜSAHİBƏ

“Şuşada “Qarabağ şikəstəsi” oxumaq ən böyük arzusu idi” - Qəndab Quliyevanın oğlu ilə MÜSAHİBƏ

Mədəni̇yyət

20 Dekabr 2020, 11:11

Mərhum xanəndə, Azərbaycanın xalq artisti Qəndab Quliyevanın bu günlərdə ruhu şaddır. Onun doğulub boya-başa çatdığı Füzuli rayonu 27 il sonra işğaldan azad edilib.


Qəndab Quliyeva Azərbaycan muğamını dünya ölkələrində inkişaf etdirən sənətkarlardan biridir. Xanəndənin repertuarına muğam dəstgahlar və təsniflər daxil idi. Onun ifasında “Çahargah” muğamının səsyazısı isə Fransada “Muğam antologiyası” CD diskinə daxil edilmişdi. Qəndam xanım vətənini, xalqını böyük məhəbbətlə sevirdi. Qəlbində daim vətən nisgili var idi. Öz doğma yurd-yuvasında yaşamaq ən böyük arzusu idi.


Sənətkar 2017-ci ilin 26 iyununda vəfat edib.

Qəndab Quliyeva sağ olsaydı, nisgilini çəkdiyi ata-baba yurdunun işğaldan azad olunmasını eşitsəydi, hansı hisləri keçirərdi?


Mərhum xanəndənin oğlu Hafiz Həmidov Modern.az-a Qəndab Quliyevanın Füzuli ilə bağlı xatirələrindən danışıb. Onunla söhbəti təqdim edirik:


- Füzulinin işğaldan azad olunma xəbərini eşidəndə hansı hisləri keçirdiniz?

- Hamı kimi mən də eyni hisləri keçirdim. Çox sevindim.


- Sonuncu dəfə Füzulidə nə zaman olmusunuz?

- Bu yaxınlarda 4-5 dəfə Füzuliyə getmişəm. Evimizdən-eşiyimizdən əsər-əlamət qalmayıb. Mən Füzulidə böyüyüb boya-başa çatmışam. Bakıda yaşamağımıza baxmayaraq, Füzulidə böyük bir ev tikdirmişdik. Təəssüf ki, orada yaşaya bilmədik. 


- Ananız Qəndab xanım sonuncu dəfə Füzulidə nə zaman olmuşdu?

- Füzuli 1993-cü ildə işğal olunub. Anam elə o zaman rayondan çıxıb. İşğal günü biz orada əsgərlərlə birlikdə idik. Bakıda yaşayırdıq, ama ora tez-tez gedib-gəlirdik.


- Ananızın torpaq həsrəti ilə bağlı xatirələrindən nə xatırlayırsınız?


- O insanın ürəyi daim vətən sevgisi ilə alışıb-yanırdı. Rəhmətə getməyinin səbəbinin 99 faizi elə vətən həsrəti idi. Son günlərinə qədər vətən-vətən deyirdi. Rayonun işğalda olmağına baxmayaraq, mütəmadi olaraq Füzulinin işğalda olmayan kəndlərinə gedib-gəlirdi. Onun ən böyük arzusu Fazulidə yaşamaq idi. Bir də Şuşada “Qarabağ şikəstəsi” oxumaq əsas arzularından biri idi.
Qismət olsa, Füzulidəki evimizi yenə həminki kimi tikdirəcəyəm.


- Qəndab Quliyevanın xatirəsinin əbədiləşdirilməsini istəyərdinizmi?


- Bəli, onun xatirəsinin əbədiləşdirilməsi üçün abidəsinin və ya musiqi məktəbinə onun adının verilməsini çox istəyərdim. 


- Orada yaşayan tanışlarınız varmı?

- Bəli qohumlarım Füzulinin işğalda olmayan kəndində yaşayır. Xalamgilin evi kəndin qurtaracağında axırıncı evdir. Bizim ev çayın kənarında idi. Orada meşələr, tut bağları var idi. Dağın o tərəfində ermənilər yaşayırdı. Oradakı evlər tam dağılmayıb. 


- Torpaqlarımızın işğaldan azad olunma xəbərini sizə kim xəbər verdi?

- Sentyabrın 27-dən sonuncu günə qədər mən hər dəqiqə ora ilə əlaqə saxlayırdım. Hər gün 4-5 dəfə zəng edirdim. Kəndlərin azad olunduğu barədə rəsmi xəbər açıqlanmazdan öncə mən təxmin edirdim ki, artıq hansı kənd bizimkilərdədir. Füzuli çox çətinliklə işğaldan azad olundu. Ermənilər  hətta evlərdəki betonları söküb aparıb özləri üçün səngər tikmişdilər. Buna görə çox çətinliklə azad olundu.


Nəzrin Vahid

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır