“Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin ən qısa zamanda Ağdamda fəaliyyətə başlaması üçün əməkdaşlığımız Azərbaycan və Rusiya Federasiyasının koordinasiyasında davam etməkdədir”.
Modern.az-ın xəbərinə görə, bu fikirlər Türkiyə Müdafiə Nazirliyinin həftəlik yayımlanan açıqlamasında bildirilib.
Qeyd olunub ki, Ermənistanın işğalından azad edilən Azərbaycan ərazilərinin təhlükəsizliyinin təmini üçün Türkiyə Silahlı Qüvvələrinin dəstəyi davam edir:
“Azərbaycan Ordusuna dəstək məqsədilə 135 personaldan ibarət 2 Xüsusi Mina Təmizləmə qrupu mina axtarışı və zərərsizləşdirilməsində iştirak edir. Digər partlayıcıların kəşfiyyatı və məhv edilməsi üçün hər birində 4 nəfər olmaqla 12 komanda (tim) və 64 personal isə təlim-tədrisə dəstək verməkdədir”.
“Türkiyə olaraq, “İki dövlət, bir millət” anlayışı ilə bu günə qədər kədərini kədərimiz, sevincini sevincimiz bildiyimiz can qardaşlarımızın yanında olmağa davam edəcəyik” -deyə açıqlamada bildirilib.
Qeyd edək ki, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında qəbul edilən atəşkəs razılaşmasından sonra, noyabrın 11-də Türkiyə və Rusiya müdafiə nazirlərinin imzaladıqları memorandum çərçivəsində Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə hər iki ölkənin Birgə Mərkəz yaratması qərarı verilib.