Modern.az

Qəhrəman şəhər - Stalinqradla müqayisə olunan, Prezidentin təriflədiyi TƏRTƏR

Qəhrəman şəhər - Stalinqradla müqayisə olunan, Prezidentin təriflədiyi TƏRTƏR

Ölkə

21 Dekabr 2020, 09:26

44 günlük müharibə dövründə məşhur bir video var idi, xatırlayırsınızsa... Yaşlı bir kişi deyirdi ki, biz güllədən, ölümdən qorxmuruq, illərdir burada atəş səslərinin altında yaşayırıq, torpağımızı tərk etmərik... Ardınca da yaxınlıqda bomba partlayışı eşidilirdi. Həmin yaşlı kişinin isə heç tükü də tərpənmirdi...

Bu yazımızda həmin qəhrəmanın və onun kimi minlərlə cəsur insanın yaşadığı şəhərdən - Tərtərdən bəhs edirik.

Müharibə ölkəmizin bütün bölgələrinə öz təsirini göstərdi. Lakin bu dövrdə şücaət və cəsarət nümunəsi göstərən, fərqlənən şəhərlərimiz də oldu. Məhz Tərtər kimi…

44 günlük müharibə dövründə bütün Tərtər əhalisi qəhrəmanlıq nümayiş etdirdi. İnsanların bu mərdliyinin, qəhrəmanlığının, cəsarətinin kökləri dünən söykənmir. Tərtərlilər uzun illərdir düşmən atəşi altında yaşayır... Aralarında ölüm-itim olsa da, evlərinə, əmlaklarına hədsiz ziyan dəysə də, doğma-yurd-yuvalarını tərk etmək haqda düşünməyiblər.


Tərtər erməni təcavüzündən kifayət qədər əziyyət çəkib. Tərtər 1988-ci ildən düşmənə sinə gərir.


Ermənilər Birinci Qarabağ müharibəsi dövründə cəbhənin Goranboy və Tərtər istiqamətinə perspektivli ərazi kimi yanaşıblar. Onlar istər 1992-ci ildə, istərsə də 1994-cü ildə əsas diqqəti cəbhənin bu istiqamətinə yönəldiblər. O dövrdə Tərtər istiqamətində döyüşlərdə iştirak etmiş zabitlərin sözlərinə görə, 1994-cü ilin yanvar ayında ermənilərin hərbi qüvvə və texnikasının demək olar 45–50 faizi və 10 min nəfərə yaxın şəxsi heyəti məhz cəbhənin bu istiqamətində cəmləşdirilmişdi. Birinci Qarabağ müharibəsi dövründə Tərtər rayonundan 307 nəfər şəhid olub, 2 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb: Elman Hüseynov və Vəzir Orucov. 


2010-cu ilin iyunun 19-da Tərtərin Çaylı kəndi istiqamətində Azərbaycan ordusunun əsgəri Mübariz İbrahimov çoxlu sayda erməni əsgərini öldürərək, şəhid olub. Mubariz İbrahimov bu igidliyinə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. İndiki dövrdə belə Ermənistanda Mübariz İbrahimov haqqında danişmağa qadağa qoyulub. Bundan sonra erməni ordusunun əsgərləri bir neçə dəfə Tərtər istiqamətindən cəbhə xəttini yararaq Azərbaycan ərazisinə daxil olmağa çalışsalar da, onların bu cəhdlərinin qarşısı qətiyyətlə alınıb və düşmən ordusu itki verərək geri çəkilib.



İllərdir ki, Ermənistanla sərhəddə yerləşmənin cəzasını çəkən Tərtər mərmi səsləri ilə yaşamağı çoxdan öyrənib. Atəşkəs pozulduğu zaman, həmişə ən böyük ziyan Tərtərə dəyib.


İkinci Qarabağ müharibəsində Tərtər dəfələrlə raket atəşinə tutuldu, şəhər bombalandı, mülki insanlar şəhid oldu, yaralandı, evlər dağıldı, fərdi təsərrüfatlara ciddi ziyan dəydi. Amma Tərtər düşmənə boyun əymədi...

Şəhər əhalisi xüsusilə Suqovuşanın azad olunmasından sonra ermənilərdə yaranan nifrətin hədəfinə çevrildi. Tərtər və ətraf ərazilərə 44 gün ərzində 16277 top mərmisi və 21 raket atıldı.
Dövlət qurumlarının binaları, onlarla ev istifadəyə yararsız hala düşdü. Lakin bütün təxribatlara, hədə-qorxuya baxmayaraq, Tərtərin mərd əhalisi əsl qəhrəmanlıq nümunəsi göstərdi, heç vaxt düşmən qarşısında əyilmədi.


Bölgənin deputatı Sahib Alıyev Modern.az-a açıqlamasında Tərtərə “ Qəhrəman şəhər” statusu verilməsi haqqında düşüncələrini bölüşüb. Həmçinin, Tərtərin tarix boyu keçdiyi yoldan və Azərbaycan üçün önəmindən də danışıb. O bildirib ki, tərtərlilər əmindirlər ki, cənab Prezidentin qayğısı nəticəsində dağıdılmış evlər, infrastruktur qısa zamanda tam bərpa ediləcək:


“Öncə onu deyim ki,  “Qəhrəman şəhər” adına bildiyim qədər keçmiş SSRİ-dən başqa heç yerdə rast gəlinmir, halbuki, dünyada əhalisi SSRİ-də “qəhrəman” adı verilən şəhərlərdən heç də az qəhrəmanlıq göstərməmiş, bəlkə də onlarla şəhər var ki, onlardan da biri bizim Tərtərdir. “Qəhrəman şəhər” adı 1965-ci il mayın 8-də SSRİ Ali Sovetinin əsasnaməsilə faşizm üzərində qələbənin 20 illiyi ilə bağlı təsis edilmişdi.


Hazırda Rusiyada “Döyüş şöhrəti şəhəri” kimi bir adın verilməsi ilə bağlı qanun var. Səhv etmirəmsə, Ukraynada da belə bir qanunvericilik aktı mövcuddur. Tərtər bu iki adın hər birinə layiqdir, ancaq belə bir ad təsis olunarkən bir çox mələlələr var ki, onlar ətraflı ölçülüb-biçilməlidir. Milli Məclisdə bununla bağlı təkliflər səslənəndə də bildirildi ki, bütün bu məsələlər dövlət başçısının diqqətindədir. Bu isə o deməkdir ki, belə bir addım atılacağı təqdirdə Prezident fərmanı nəticəsində reallaşacaq.


Cənab Prezident çıxışlarında, o cümlədən vətən savaşı zamanı  xarici mediaya verdiyi müsahibələrdə də tərtərlilərin qəhrəmanlığını xüsusi vurgulamışdı və biz onun dilindən “Qəhrəman tərtərlilər” ifadəsini az eşitməmişik.  Yəni elə bu özü, Tərtərin qəhrəman şəhər olduğunun təsdiqidir.


Bilirsiniz ki, Tərtər hay faşiziminin vəhşiliyi nəticəsində üzləşdiyi dağıntılar baxımından həm də Stalinqradla müqayisə olunur. Vətən savaşı dönəmində Tərtərə 16277 mərmi, 21 raketin atıldı.
Nəticədə 2 mindən çox mənzilə zərər dəydi. 160 fərdi ev, 76 mənzil tamamilə dağılıb. 17 mülki şəxs şəhid oldu, 63 nəfər yaralandı. Ancaq bütün bunlara rəğmən o camaatın döyüş və qələbə əzmi heç vaxt sarsılmadı. Yəqin ki, türkiyəli jurnalistlərin reportajlarına baxırdınız, onlar da vurğulayırdılar ki, insanların evləri dağılır, doğmalarını itirilər, ancaq buna baxmayaraq hər kəs “təki vətən sağ olsun, ordumuz zəfər çalsın, işğal altındakı torpaqlarımız qayıtsın!” deyir.

Zəfər artıq çalınıb, düşmənin burnu əzilib, qarşıda bizi böyük quruculuq işləri gözləyir, o sıradan da böyük dağıntılarla üzləşən Tərtəri...  Artıq cənab Prezidentin bununla bağlı bəzi sərəncamları var və tərtərlilər əmindirlər ki, 2016-cı ildə aprel döyüşlərindən sonra olduğu kimi, bu dəfə də dağılmış evlər, infrastruktur tam bərpa ediləcək, yeniləri tikiləcək”.

Fidan ƏLİ

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir