Modern.az

Başkeçiddə Borçalı türklərinin Elat Mədəniyəti günü - REPORTAJ

Başkeçiddə Borçalı türklərinin Elat Mədəniyəti günü - REPORTAJ

30 İyul 2012, 16:20

“Heç kəs bizi buraya həsrət qoya bilməz” 

Budur artıq 50-ə yaxın iştirakçı ilə Gürcüstanın Dmanisi (Başkeçid) rayonunun Armudlu yaylağındayıq. Burada sayca IV “Borçalı türklərinin Elat Mədəniyyəti Günü” (yaylaq festivalı) tədbiri təntənəli şəkildə qeyd olunacaq.

Qeyd etmək istəyirəm ki, Elat – hüdudları bəlli olan konkret coğrafi bölgə daxilində mövsümü yaylaq-qışlaq yerdəyişməsindən ibarət təsərrüfat məişətinə malik olan insanların sosial birliyidir. Belə mədəni – təsərrüfat tipinə malik insan qruplarının – sosial birliklərinin yaratdığı mədəniyyət tipi isə elat mədəniyyətdir. Elat – özündə olduqca zəngin mənəvi-etnik və mədəni-sosial dəyərləri ehtiva edən bu mədəniyyət tipi Gürcüstan Respublikasının şərqində hazırda Kvemo- Kartli adlanan Borçalı-Qarayazı tarixi bölgəsində əsasən kompakt yaşayan, həmçinin qonşu bölgələrdə yaşayan Azərbaycan türklərinin məişət və təsərrüfat həyatının bu gün də tərkib hissəsi olaraq qalmaqdadır.

Biz yaylağa çatdıqda artıq hər şey hazır idi. Deyə bilərəm ki, bu yaylaq orada olan hər kəsdə xüsusi bir  qürur hissi oyadırdı. Belə ki, burada - Dmanisidə ən hündür yaşayış-oylaq yeridir. Bundan başqa, Armudlu yaylası dəniz səviyyəsindən çox hündürdə yerləşir. Bunu yaylağın qarşı tərəfində yerləşən dağın ətəyində qarın hələ də əriməməsi də təsdiqləyirdi…

Borçalı əhli, eləcə də orada yaşayan gürcülər əsl bayram ab-havasındaydı. Uşaqdan tutmuş böyüyə qədər hər kəsin əlində Azərbaycan və Gürcüstanın bayraqları, tədbirin başlanmasını gözləyirdilər.


Artıq tədbirə start verildi, şair Dərviş Osman Əhmədoğlu Elat günləri mərasimini açıq elan edir. O, qonaqları, açıq meydana toplaşan bütün insanları salamlayır, sonra tədbirin təşkilatçısı, “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədliyə söz verir. Z. Məmmədli əhalinin bu Elat bayramını təbrik edir.

Sədr bildirir ki, biz Gürcüstan və Azərbaycan arasında olan problemləri siyasi müstəviyə daşıyanlardan fərqli olaraq, biz onu mədəniyyətlərimizlə həll edəcəyik.

Biz bundan sonra da Gürcüstan dövlətinin apardığı siyasəti, demokratik islahatlara dəstək verəcəyik. Hazırda Gürcüstanın ali məktəblərində 800 Borçalı türkü təhsil alır. Onlar gürcü dilini bilirlər, onların mədəniyyətini bilirlər.

Yaşasın türk milləti! Yaşasın gürcü milləti! Yaşasın mənim milli dövlətim, Gürcüstanım! Yaşasın mənim milli dövlətim Azərbaycanım, Türkiyəm!

Zəlimxan Məmmədlidən sonra tədbirdə Gürcüstan Parlamentinin üzvü Azər Süleymanov  Borçalı elini təbrik edir.

“Mənim üçün bu sevincli bir gündür. Məncə, bu cür tədbirləri tez-tez keçirtmək lazımdır. Bu tədbirləri qısqananlar da var, amma canavardan qorxan heç vaxt bir yerə getməz. Mən burada on min, on beş min adam gözləyirdim, amma təəssüflər olsun ki, bu belə deyil. Gələn il bu vaxt bütün Borçalını burada gözləyirəm.

Mən hər kəsi təbrik edirəm. Və hamımızın çəkici bir yerə vurmağımızı istəyirəm. Bu gün mən burada çoxlu gənc görürəm. Siz təhsilinizi Azərbaycan, Türkiyə, Rusiyada yox elə Gürcüstanda alın. Gürcü dilini bilin. Gürcüstanı gürcülərdən daha çox sevin. Çünki, bura bizim vətənimizdir. Biz buraya 100 il əvvəl gəlməmişik. Bizim ata-babalarımız da burada doğulub. Heç kəs bizi buraya həsrət qoya bilməz”.  

Daha sonra isə tədbirdə Dmanisi rayonunun icra hakimiyyətinin nümayəndəsi, Türkiyənin Gürcüstandakı səfirliyinin nümayəndələri, Türkiyənin sabiq millət vəkili Orxan Kaya və başqaları Borçalı elini salamladı və Elat günü münasibətilə təbrik edirlər.

Armudlu yaylağındakı abu-hava mənə “Kitabi Dədə Qorqud” dastanındakı Oğuz elinin şənliklərini xatırlatdı. Bir tərəfdə güləş, cıdır, çəkilən kababların tüstüsü, buğlamalar və s.

Hətta səsləndirilən musiqi sədaları altında insanlar rəqs edir, öz sevinclərini bölüşürlər.

Yaylaq həm də əməlli-başlı bazar idi. Bir yanda 25 lariyə (gürcü pulu) xalis bal satan kim, qarpız yemiş, çaxır, kabab, qarpız, yemiş, sular satan kim. İnsanlar yayın ən isti gününü ən sərin yerdə istirahət edərək keçirirlər.

Tədbirdən sonra isə iki il bundan öncə Armudlu yaylağında keçirilən tədbirlər vaxtı Armudlu gölündə boğulan Mikayıl Orucovun xatirəsinə qoyulan abidəni ziyarət etdik. Qeyd edim ki, M. Orucov ikinci “Borçalı Türklərinin Elat Mədəniyyət günü” tədbirində faciəli şəkildə göldə boğularaq həlak olub.


Bu cür gözəl bir tədbirdən sonra Marnueliyə getdik. Çünki, səhər tezdən Bakıya qayıtmalıydıq. Amma orada ərzağın ucuz olması səbəbindən geri qayıtmaq üçün heç kimi tapmaq olmadı. Səbəbi isə iştirakçıların Marnuelinin bazarına yollanmasıydı. Hamının çantasında bal, limonad, çaxır var. Beləliklə, elə gəldiyimiz avtobusla da geri dönürük. Hər şey, bütün təşkilatı işlər yaxşı olsa da, Gürcüstan sərhədində saatlarla qalmağımız bir çoxlarının kefini pozdu. Amma bütün problemlər həll olundu və budur sərhədi keçib geri qayıtdıq. Ən əsası da Seymur Elsevərin parodiyalarının köməyilə insanlar yenidən şən əhval-ruhiyyəyə yüksəldilər. Hər şey çox əla idi.

Sonda isə bəzi iştirakçılar var ki, onların adlarını çəkməyi özümə borc bilirəm. Qarabağ veteranı Tutu ləqəbli Ruxsarə Cumayeva, “Şuşa” Birlik Cəmiyyətinin sədr müavini Ümidvar Məmmədli, professor Telman Əliyev və digərləri.  Onlar üçün bu nə qədər çətin olsa da, yenə də gəldilər və çox gözəl iştirak etdilər.

Sevinc İltifatqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir