Modern.az

Azad olunmuş rayonların iqtisadi və sosial konsepsiyası HAZIRLANDI

Azad olunmuş rayonların iqtisadi və sosial konsepsiyası HAZIRLANDI

21 Dekabr 2020, 11:23

İşğaldan azad olunan rayonlarımızın iqtisadi və sosial inkişafı üzrə konsepsiyanın hazırlanması başa çatmaqdadır.

Bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, sənədin yaxın zamanlarda ictimaiyyətə təqdim olunması gözlənilir:

 

“Konsepsiyada həmin ərazilərin inkişafı üçün təşviqedici tədbirlərin nəzərdə tutulacağı gözlənilir. Bütövlükdə, işğaldan azad olunan rayonlarımızın inkişafı üçün həm o ərazilərimizdə məskunlaşacaq sakinlərimiz, həm də sahibkarlar üçün xüsusi güzəştlərin nəzərdə tutulmasına ehtiyac var.

Sahibkarlar üçün vergi güzəştlərinin tətbiqi və eləcə aşağıfaizli kreditlərə çıxış imkanlarının genişləndirilməsi məqsədəuyğundur. Müddətli vergi təşviqi daha çox özəl və xarici sərmayənin cəlbinə imkan yarada bilər. Rayonlarda fəaliyyət göstərən sahibkarlar üçün maliyyə resurslarına əlçatanlığın əsas çətinliklərdən biri olduğunu nəzərə alsaq, yeni girov mexanizmilə aşağıfaizli kredit təklifinin artırılmasına ehtiyac var. Nəzərə almaq lazımdır, sərt girov şərtləri səbəbindən kommersiya banklarının kreditlərinin 80 faizi Bakı şəhərinin payına düşür. Bankların hər 100 manat kreditinin cəmi 20 manatı rayonlara yönəlir. İqtisadiyyat Nazirliyinin elektron kredit portalı ilə alınan məhsulun özünün girov olması vasitəsi ilə kredit təklifi mexanizminin tətbiqini nəzərə alsaq, oxşar modelin istifadəsi arzuolunandır”.

 

Deputat eyni zamanda, deyib ki, yeni yaradılacaq iş yerlərində yerli sakinlər üçün kvotaların müəyyənləşdirilməsi, özünüməşğulluq proqramının genişləndirilməsi kimi tədbilər nəzərə alınmalıdır:

 

“Bu, məskunlaşmadan sonra o bölgələrdə yaşayacaq vətəndaşlarımız üçün yeni imkanlar yarada bilər. Bütövlükdə, Azərbaycan yeni quruculuq mərhələsinə qədəm qoyur. Bu mərhələdə yalnız büdcə deyil, eyni zamanda özəl mənbələr hesabına işğaldan azad olunan torpaqlarımızın böyük iqtisadi potensialının reallaşacağı gözlənilir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir