Modern.az

Ermənistan nə meyitlərinə, nə də əsirlərinə sahib çıxır

Ermənistan nə meyitlərinə, nə də əsirlərinə sahib çıxır

Qarabağ

21 Dekabr 2020, 16:55

Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 27-dən başlayıb, noyabrın 10-da qələbə ilə başa çatdırdığı genişmiqyaslı əks-hücum əməliyyatları nəticəsində Ermənistan ordusu ciddi itkilərə məruz qalıb. Müharibə zamanı məğlub olduqlarını görən Ermənistan hərbçiləri davamlı olaraq geri çəkilib, öz mövqelərini tərk edirdilər. Hətta onlar xidmət etməkdən belə yayınırdılar. Geri çəkilərkən onlar texnikalarını, silah-sursatlarını, yaralı hərbiçilərini və onların cəsədlərini belə qoyub qaçırdılar.

Atəşkəs elan edilib, müharibə bitdikdən sonra da Ermənistanın Azərbaycan tərəfində qalan kifayət qədər çoxlu meyiti aşkara çıxdı. Nədənsə onlar meyitlərinin qaytarılması üçün xüsusi canfəşanlıq göstərmirlər. Sanki bu, onlar üçün maraqlı deyil, cəsədlər sahib çıxmaq istəmirlər. Bu, bir daha onu göstərir ki, Ermənistanın döyüşə göndərdiyi əsgərlərin əksəriyyətini muzdlular təşkil edir.


Sabiq deputat, hüquqşünas Çingiz Qənizadənin Modern.az-a bildirdiyinə görə, hazırda meyitlərin tapılması və təhvil verilməsi prosesi gedir:


“Ola bilər meyitlərin içərisində muzdlular var. Ermənistan hakimiyyəti ölkədəki ictimai-siyasi proseslərin pik həddindədir. Paşinyana istefa tələb olunur. Çoxlu sayda əsgər meyitinin bir gün ərzində ölkəyə gətirilməsi təbii ki, hakimiyyətə sərf  etmir. Ona görə də onlar hissə-hissə meyitləri götürürlər”.


Ç.Qənizadə qeyd edib ki, muzdluların Dağlıq Qarabağdakı döyüşlərdə Ermənistan tərəfdən iştirakını təsdiq edən kifayət qədər faktlar var.

Həm meyitlərin üzərində olan sənədlərdə, həm də ordumuz tərəfindən Qubadlı və Zəngilanın işğaldan azad edilməsi zamanı ələ keçirilən arxiv materiallarında Suriyadan, Fransadan, Rusiyadan döyüşmək üçün gətirilən ermənilər olduğu aşkarlanıb.

Deputatın fikrincə, ermənilər təkcə meyitlərinin deyil, əsirlərinin də dəyişdirilməsində maraqlı deyillər:

“Xatırlayırsınızsa, 2 nəfər yaşlı mülki vətəndaşın geri qaytarılmasına problem yaratdılar. Biri burada öldü, digəri isə məcburi şəkildə təhvil verildi. Mən müsahibələrimin birində də demişdim ki, ermənilər nə ölülərinə, nə də dirilərinə sahib çıxırlar. Meyitlərin Rusiya sülhməramlılarının iştirakı ilə tapılıb, geri qaytarılması prosesi gedir. Lakin erməni meyitlərinin sayı lap çoxdur. Nəzərə alsaq ki, erməni əsgərlər artıq bir neçə aydır ölüblər, buna görə də tanınmaz hala düşüblər. Bu səbəbdən də müəyyən çətinliklər var. Ola bilər, sülhməramlılar erməni tərəfdə döyüşən əcnəbi vətəndaşları aşkar etməkdən narahatdırlar. Meyitlərin müəyyən olunması və qaytarılması prosesi hazırda davam edir”.

Nəzrin Vahid

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar