Modern.az

Azərbaycanlı tələbənin Türkiyə universitetlərində təhsil almasına zəmanət kartı - “Akademi”

Azərbaycanlı tələbənin Türkiyə universitetlərində təhsil almasına zəmanət kartı - “Akademi”

Aktual

31 İyul 2012, 11:42

“Xaricdə oxuyan tələbə öz ölkəsinin elçisi olur”

Türkiyə universitetlərinin Azərbaycandakı təmsilçisi, “Akademi” təhsil qurumlarının layihə rəhbəri və xaricdə təhsil üzrə ekspert Razi Vəliyevin Modern.az saytına müsahibəsi.

– Əvvəlcə “Akademi” təhsil mərkəzinin fəaliyyəti haqqında danışaq.

– “Akademik” təhsil mərkəzi 8 ildir fəaliyyət göstərir. 4-5 ildir ki, artıq rəsmi olaraq təşkilatı qurumlarını tamamlayan bir şirkətdir. Əsasən  Türkiyədə təhsil üzrə ixtisaslaşıb. Keçən ildən etibarən bir neçə şirkətlə birgə biz “Akademi” qrup olaraq fəaliyyət göstəririk. Əvvəllər “Uğur” akademi” olaraq fəaliyyət göstərirdik. Sonradan “Akademi” qrup olaraq  həm Avropanın, həm də digər ölkələr üzərinə çalışmalara başladıq. “Akademi” qrup ilk dəfə Azərbaycanda Türkiyə universitetlərinin geniş miqyaslı sərgisini keçirən bir qurumdur. Avqustun 9-11-də Türkiyə universitetlərinin ilk dəfə olaraq sənəd qəbulu günləri keçiriləcək. Bu, türk təşkilatlarına ev sahibliyi edən bir qurumdur.

– Sizin qurum vasitəsilə universitetlərə qəbul prosesi necə aparılır?

– Ən başlıcası tələbənin müraciətidir. Tələbə bizə müraciət edəndən sonra biz onun göstəricilərinə baxırıq. Verdiyi imtahanları, attestat  nə vəziyyətdədir, hansı beynəlxalq, yaxud da yerli imtahanlardan keçib, TQDK üzrə buraxılış imtahanlarının nəticəsi nə yerdədir. Bunların hamısına baxdıqdan sonra tələbəni göndərə, yönləndirə biləcəyimiz  universitetlərə  təyin edirik. Bu universitetlər  tələbənin  istəyinə, ödəmə gücünə görə dövlət,  vəqf universitetləri ola bilər.

Türkiyədə özəl universitet anlayışı yoxdur. “Özəl universitet” anlayışı Türkiyədə vəqf, yəni fond universiteti adı ilə səslənir. Fond universitetlərinin hamısı nonprofit universitetləridir, yəni onların heç bir qazanc məqsədi yoxdur. Bu, Osmanlı mədəniyyətindən gələn bir mədəniyyətdir ki, Türkiyədə davam edir. Hər bir fond (vəqf) universitetinin arxasında güclü iş adamları olur. Üstəlik, hər bir vəqf universitetin arxasında bir dövlət universiteti zamin dayanır. Əgər fond dağılırsa, xoşagəlməz hadisə baş verərsə, həmin universitetin tələbələri  qaldığı yerdən zamin dövlət universitetində təhsilini davam etdirir, yəni  universitet bağlansa, tələbə heç zaman kənarda  qalmır. Heç bir şəkildə tələbənin itirdiyi olmur.

Biz tələbəni qəbul edəndə, baxırıq ki, onun təhsil haqını ödəmə gücü nə qədərdir, hansı universitetləri seçib. Ondan sonra sənədləşmə prosesi  tamamlanır və universitetə  qəbul sənədləri göndərilir. Qəbul arayışı gəldikdən sonra tələbələr Türkiyənin təhsil müşavirliyinə müraciət edib,  orada təsdiqlətdikdən sonra səfirlikdən vizalarını alıb, onlara “yolunuz açıq olsun” deyirik.

– Türkiyə universitetlərində azərbaycanlı tələbələrə hansı güzəştlər olunur?

– Türkiyənin vəqf universitetlərində 25%,  50% bəzilərində isə 100%-ə qədər güzəştlər olur. Dövlət universitetlərində isə normalda xarici tələbələrdən 3 qat ödəniş alınır, amma  azərbaycanlı tələbələr üçün bir çox universitetlərdə türk vətəndaşı kimi normal ödəniş alınır. Keçən illərdə 200-250 manat təhsil haqqı ödəyən tələbələrimiz var idi. Dövlət universitetlərində təhsil haqqı 600-800 manat, maksimum 1000 manata kimi olur. Tibbi təhsil 2000 manata kimidir. O, hər zaman hər yerdə   bahalı və yüksək olub.

– Gənclər Türkiyədə hansı universitetlərə və hansı ixtisaslara  üstünlük verirlər?

– Daha çox iqtisadiyyat, menecement, mühəndislik ixtisaslarına üstünlük verilir. Tələb olunan, ancaq az seçilən ixtisas tibb ixtisasıdır.  Bu ixtisasa çox tələbə tələb olunur, amma gedən tələbələrin sayı az olur.  Universitet seçiminə gəldikdə isə tələbələr əsasən böyük şəhərlərdəki universitetləri seçirlər. 2010-cu ilə qədər mərkəzləşdirilmiş Yabançı Öyrənci Sınavı (YÖS) imtahanı var idi. YÖS imtahanın nəticələrinə görə, tələbələr istədiyi universitetləri seçə bilirdilər. Artıq 2010-cu ildən sonra Türkiyənin  yüksək təhsil qurumu YÖS imtahanını ləğv etdi və bunu tamamilə  universitetlərin öhdəsinə buraxdı. Universitetlərdə istər attestatla, istərsə də  buraxılış imtahanın, TQDK imtahanın nəticələrinə, Olimpiada   medalına görə, yəni tələbənin hər hansı bir akademik göstəricisinə görə  tələbə qəbul oluna bilir.  Bunun nəticəsində də Türkiyənin ətraf bölgələrindəki, yəni Ankara, İstanbul, böyük şəhərlərin ətrafındakı digər  şəhərlərdə xarici tələbələr təhsil almağa başladı. Tələbələrin daha çox oxuduğu universitetlər təbii ki, 90-cı illərdən  bəri  böyük şəhərlərdə  cəmləşib. Ankarada, İstanbulda, İzmirdə tələbə say ı daha çoxdur. Son  illərdə Ballıkəsir universiteti, Antaliyada Akdeniz, Trabzonda Qara dəniz universiteti, 19 Mayıs universitetlərinə də  tələbə axını artıb.

Tələbələrin Türkiyədə təhsili üçün nə kimi köməkliklər olunur?

– 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsil almaları üçün prezidentin fərmanı var. O sərəncam əsasında 5 min tələbə xaricdə təhsil ala bilər. Sərəncamda Türkiyə  universitetləri xüsusi vurğulanır.  Bundan başqa, Dövlət Neft  Şirkətinin Sabançı, Bilkənd, İstanbul,  Ankara universitetlərinə daxil olan  tələbələri maliyyələşdirmə imkanı var. Bundan əlavə, bizim göndərə biləcəyimiz, bəlli bir baldan yuxarı toplayan tələbələrimizə ödənişsiz təhsil təklif edə bilirik.  630 baldan yuxarı bal toplayanlara dünyanın ilk yüz universitetləri arasında olan ODTU universitetində pulsuz təhsil imkanı verə bilirik. 600-dən yuxarı bal  toplayan tələbələrə bəlli şərtlər içərisində vəqf universitetlərində pulsuz təhsil imkanları verə bilirik. Burada tibb sahəsi istisna olunur, çünki tibb sahəsi üzrə daha yüksək ballı tələbələr gedir. Tibb istisna olmaqla,  650 baldan yuxarı toplayanları  pulsuz olaraq universitetlərə göndərə bilirik.  Bununla bərabər, ballar yüksəldikcə, tələbələrə yataqxanalarda pulsuz qalma imkanı veririk.

– Bu yaxınlarda TQDK tərəfindən xəbərdarlıq gəldi ki, valideynlər övladlarını xarici universitetlərə göndərərkən ehtiyatlı olsunlar. Bu barədə siz nə deyə bilərsiniz?

– Təbii  ki, valideynlərin ehtiyatlı olması mütləq lazımdır. Bəzi reklamlar var ki, hətta attestatla deyil, şəhadətnamə ilə qəbul edən universitetlər var. Bu yanlış bir məlumatdır. On birinci sinfi bitirən hər kəs  universitetlərdə təhsil ala bilir. Yerli universitetlərdə tələbələr arasında  seçim edən bir TQDK var. Tələbə  qəbul komissiyasının imtahanlarından keçəndə yerli universitetlərə qəbul ola bilirlər. Xarici universitetlərdə isə qəbul şərtlərini universitetlər təyin edir. Universitetlərində  qəbul şərtini bizim təyin etmə imkanımız ola bilməz. Keçən il həm  Türkiyə səfirliyi, həm də Təhsil Müşavirliyi ilə birlikdə çalışmalarımız nəticəsində, TQDK imtahanları ilə çoxlu  sayda universitetə tələbə qəbul etdirdik. Bu gün Türkiyənin bir çox universitetləri TQDK imtahanının nəticəsinə görə tələbə qəbul edir. 

Valideyn bilməlidir ki, abituriyent müəyyən bir ardıcıllıqla, yoxsa həqiqətən şəhadətnamə ilə təhsil almağa gedir. Bəzən deyirlər ki, bu universitet attestatla tələbə qəbul edirsə, bunun nə presteji ola bilər?! Bu,  tamamilə yanlış bir fikirdir. Azərbaycanın böyük universitetləri də xarici tələbələri attestatla qəbul edir. Çünki xarici tələbə məsələsi ən başlıca lobbiçilik məsələsidir. Xarici tələbələri universitetlər dəvət edir, xarici tələbələr gəlib təhsil alır, ölkəni tanıyır, ölkə haqqında məlumatlı olur və öz ölkəsinə getdikdə, o  ölkənin könüllü elçisi olur. İkinci məsələ iqtisadidir. Yəni tələbə ölkəyə gələn investisiyadır. Azərbaycan  təxminən hər il xaricə gedən tələbəyə 300 milyon dollara yaxın vəsait xərcləyir. Son hesablamalara görə, Türkiyədə 4500 tələbə oxuyur. Hər tələbənin illik 15-20 min xərci çıxır. Elə nüfuzlu universitetlər var ki, onlar attestatla tələbə qəbul edirlər. Məsələn, Bilkənd, Süleyman Dəmirel universitetləri.  

Keçən il Türkiyədə oxumaq üçün 10 tələbə təhsil haqlarından azad olundu. Bəs bu il belə tələbələrin sayı nə qədər olacaq?

– Bu il ən azı yenə 10 tələbəmiz olacaq ki, topladıqları ballara görə   universitetlərə göndəriləcək. ODTU, Baxçeşehir, İstanbul Bilgi, İstanbul Kultur, Okan, Sabançı, Bilkend universitetlərinə 100% ödənişsiz  göndərmə imkanları var.

- Bu yaxınlarda səfərdən qayıtdınız və bir sıra universitetlərdə oldunuz. Bu barədə nə deyə bilərsiniz?

ODTU universitetinin qonağı olaraq getdik. Orada gördüyümüz  azərbaycanlı tələbələr 3-4-cü kurslardan etibarən şirkətlərdə həm təcrübə baxımından, həm də iş üçün təkliflər  alırlar.

– Xaricdə təhsil almaq istəyənlərə nə kimi məsləhətləriniz var?

– Təhsil  Nazirliyinin  məlumatlarına görə, xaricdə 10 mindən artıq tələbə oxuyur. Bunların 4500-dən artığı  Türkiyədə təhsil alır.  Azərbaycanlı tələbələrin oxuduğu tələbələr arasında daha çox Türkiyə yer tutur. İxtisas seçimində tələbələr diqqətli olsunlar. Gələcəkdə sevərək işləyəcəyi ixtisasları seçməkləri daha məntiqli olar. 4 illik universitet oxuyub, bakalavr təhsili almaq şərt deyil. 2 illik elə peşə ixtisaslar var ki, 4 illiklərdən daha çox gələcək vəd edir. Xaricdə təhsil almağın üstünlüyü sadəcə, diplom almaq deyil, xarici mədəniyyəti,  xarici dili mənimsəmək, Azərbaycanı təmsil etməkdir. İxtisasları seçərkən abituriyent baxsın ki, gücü hansı ixtisasa çatır və hansı ixtisasın gələcəyi var. Bunlara diqqət etmək lazımdır. Bu il Türkiyədə oxuyacaq tələbələrin sayının daha da artacağı gözlənilir. Digər ölkələrin universitetləri, Amerika, Böyük  Britaniya, Avropa ölkələrinin universitetləri ilə də işimizi qururuq. Burada əsasən Toefl İELTS imtahanlarının nəticələri nəzərə alınır.

Nihadə Eyyubova

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir