Modern.az

Deputatdan dərman qıtlığı ilə bağlı dövlət qurumlarına ÇAĞIRIŞ: “İnsanlar çətin vəziyyətdədir!”

Deputatdan dərman qıtlığı ilə bağlı dövlət qurumlarına ÇAĞIRIŞ: “İnsanlar çətin vəziyyətdədir!”

23 Dekabr 2020, 14:06

Koronavirus pandemiyasının tüğyan etdiyi Azərbaycanda dərman qıtlığı yaranıb. COVID-19-un müalicəsi üçün təyin olunan “Arbidol”, “Favipiravir”, “Ritonavir”, “Kleksan”, hətta ürək, qan-damar xəstəliklərində təyin edilən “Riboxin” yoxa çıxıb. Yoxa çıxan dərman vasitələri isə toplu şəkildə, həm də od qiymətinə “qara bazar”da peyda olub. Qiymətin “od”u isə xəstəni qızdırmanın hərarətindən daha çox yandırır. O dərəcədə ki, pulun yoxdursa, sonuna hazır olmalısan düşüncəsinə qapılırsan. Panika, ümidsizlik isə COVID-19-a yoluxmuş xəstə üçün virusdan daha təhlükəlidir.

 

Ölkədə müşahidə edilən dərman qıtlığı ilə bağlı Modern.az-a danışan Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, ekstrimal şəraitdə defisitin aradan qaldırılması üçün sahibkarlara şərait yaratmaq, onların fəaliyyətini stimullaşdırmaq lazımdır:


“Defisitin baş verməsi yalnız monopolistlərə lazımdır. Bu, nə vətəndaşın, nə də dövlətin xeyrinədir. Dərman bazarında yaranan qıtlıqla bağlı Azərbaycanda dərman siyasətini idarə edən qurumlar birbaşa bütün dərman şirkətlərinə müraciət etməlidirlər. Hansısa bürokratik əngəllər mövcuddursa, onun aradan qaldırılması üçün şirkətlərə yardımçı olmalıdırlar. İnandırım sizi,  mövcud strukturlar belə müraciət etsə ki, bütün bürokratik əngəllər aradan qaldırılır və bu adda dərmanların ölkəyə gətirilməsini təmin edin, 15 günün içərisində bütün dərman bazarı dolar, qiymətlər də ucuzlaşar. Sadəcə bunun üçün dövlət qurumları tərəfindən təşəbbüs göstərilməlidir. Mən onları bu təşəbbüsə çağırıram. İnsanlar çətin vəziyyətdədirlər”.

 

Komitə sədri deyib ki, bütün xəstəliklər üçün təyin edilən dərmanların çatışmazlığı məhz pandemiya ilə bağlıdr:


“Çünki COVID-19-la mübarizədə spesifik dərmanlarla yanaşı, digər dərmanlar-qandurulducular, ürək, qan-damar sisteminin fəaliyyətini gücləndirən, immunitet artıran dərman pereparatları və s.-dən istifadə edilir.

Bu problemin həlli çox asandır. Sahibkarlarla birlikdə videokonfrans təşkil edilsin və bütün bürokratik əngəllər aradan götürülməklə, onlara müxtəlif adda çatışmayan dərman pereparatlarının ölkəyə gətirilməsi tapşırılsın. Hamısı bunu edəcək, yetər ki, lazımsız, bürokratik sənədlərin tələbi aradan qaldırılsın”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir