Modern.az

Laçın dəhlizində yaralanan əsgər: “Şəhid olsaydım, valideynlərim dözə bilməzdilər” - MÜSAHİBƏ

Laçın dəhlizində yaralanan əsgər: “Şəhid olsaydım, valideynlərim dözə bilməzdilər” - MÜSAHİBƏ

Qarabağ

24 Dekabr 2020, 10:13

Vətəni sevmək onun hər qarışını sevməkdir. Vətən sevgisi elə bir hissdir ki, insan onun bir zərrəsinə belə ziyan gəlməsini istəmir. Vətəni qorumaq elə vətənə, anaya, yurd-yuvaya olan sevgidən irəli gəlir.

Torpaqlarımız 30 ildir ki, düşmən tapdağında idi. Müzəffər ordumuz sentyabrın 27-dən noyabrın 10-dək Qarabağda apardığı uğurlu əks-hücum əməliyyatları sayəsində böyük Zəfər qazandı.

Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə 2802 nəfər əsgərimiz qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə, 1245 nəfər əsgərimiz isə qazilik şərəfinə yüksəlib. Vətənə, bizim əmin-amanlığımızına görə canından keçən şəhidlərimizi və qazilərimizi heç vaxt unutmamalıyıq.

Modern.az saytı “Cəsur döyüşçülər” rubrikasına start verir.

Rubrikamızda qəhrəmanlıqlarından danışacağımız ilk qazimiz Əbülfət Qurbanovdur. Onunla söhbəti təqdim edirik:


- Əbülfət, özün haqqında qısa məlumat verməyini istərdik.

- Qurbanov Əbülfət Tanrıverdi oğlu 2000-ci il 15 sentyabr Bakı şəhərində anadan olmuşam. Suraxanı rayonun Qaraçuxur qəsəbəsində yaşayıram.


- Döyüşlərə necə qatılmısan?

- Mən hərbi xidmətdə idim. 18 ayın əsgəriydim. Bir neçə gündən sonra tərxis olunacaqdım. Müharibə başladı...


- Əsgərlikdə olmasaydın, könüllü olaraq döyüşlərdə iştirak etmək istəyərdin?

- Mütləq! Hərbi xidmətdə olmasaydım belə, döyüşlərdə iştirak etmək üçün könüllü olaraq yazılardım. Çünki torpaqlarımızın düşmən tapdağından azad olunmasını görmək mənim ən böyük arzum idi.


- Döyüşlərdən danışaq, hansı ərazilərimizdə döyüşmüsən?

- Füzuli, Cəbrayıl, Qubadlı, Laçın uğrunda gedən döyüşlərdə iştirak etmişəm. O cür döyüşlərdən qazi olmaq  möcüzəvi bir şeydir. Özümə şükür edirəm. Sentyabrın 13-ü müharibə hələ tam başlamazdan öncə bizi Füzuli istiqamətinə apardılar. Müharibə başladı və biz döyüşlərə atıldıq. Orda bir neçə gün döyüşəndən sonra biz Cəbrayıl istiqamətinə yol aldıq.
Cəbrayıl ərazisinə çatan kimi bizim olduğumuz avtobusun üzərinə “cəhənnəm” deyilən silah atıldı. Avtobusun düz üstündən keçdi. O an şəhid olduğumuzu hiss etdik. Allah qorudu, yoxsa həmin gün şəhidlik zirvəsinə yüksələcəkdik. Gecə saat  3-ə işliyirdi. Cəbrayılda düşmənin üzərinə hücum etdik. Bölük komandirimiz həmin döyüşdə şəhid oldu. Kəndi alıb çıxanda ermənilər maşının partlatmışdılar. Cəbrayıldan Qubadlıya gedərkən qaranlıqdan işıqlığa çıxdığımız an minamyotlardan atırdılar. Biz bir cərgə ilə gedirdik. Qarşımıza bir it çıxdı. Həmin it gəlib yanımızdan keçdi. Sonradan bildik ki, ermənilər həmin itin başına kamera yerləşdiriblər ki, bizi izləsinlər, onlara görüntü versin, onlar da bizi aydın şəkildə vura bilsinlər.
Cəbrayıldan Qubadlıya piyada dağlarla, 2 saat dayanmadan yol getdik. Gecə Qubadlıya çatdıq. Orada gecələdik. Çox vaxt dağların arasında yer qazıb orada yatırdıq.

Laçına çatmışdıq. Laçın çox gözəl yerdi. Laçında bir neçə gün dağda qaldıq. Laçın dəhlizindən su doldurub gətirirdik. Daha sonra qaldığımız yerin vurulacağını bildiyimizə görə aşağı – tankçı əsgərlərin yanına düşdük. Orada özümüzə yer hazırladıq. Böyük moruq sahəsi var idi. Yoldaşlarımdan biri orada kiçik bir koma tapdı. Hamımız ora yerləşdik. Həmin yerdə bizdən öncə ermənilər gizlənibmiş. Onlara məxsus çox şey tapmışdıq.


- Necə oldu yaralandın? Hansı döyüşdə?

- Noyabrın 2-si Laçında yaralanmışam. Həmin gün mən posta idim. Ermənilərə yaxın idik. Birdən yanıma minamyot mərmisi düşdü. Məni digər tərəfə tulladı. Huşumu itirməmişdim. Sadəcə ayaqlarımın əyildiyini hiss etdim. Sol ayağım ombadan, sağ ayağım isə dizdən aşağı sınmışdı.


- İlk olaraq köməyinə kimlər gəldi?

- Səslədim döyüş yoldaşlarımdan biri köməyimə gəldi. Məni oradan çıxarıb, güvənli bir yerə saldı. İlk tibb yardımı göstərdilər. Ağrıkəsicilər vurub, tibbi yardım maşınına apardılar. Məni tibbi yardım maşınına aparmaq üçün yoldaşlarım 15 dəqiqə piyada yol gediblər. Həmin an da minamyotlardan atırdılar. Tibbi yardım maşınına da atdılar. Maşının şüşələri sındı. Öncə Füzuli ərazisindəki xəstəxanaya apardılar. Oradan rentgen etdilər. Daha sonra Ağcabədiyə göndərdilər 2-3 gün orada qaldım. Daha sonra Bakıya gətirdilər.


- Yaralandığın an hansı hissləri keçirdin?

- Bəli, hamısını xatırlayıram. Özümdə idim. Öncə elə bildim ki, yuxudayam. Sonradan bunun yuxu yox, gerçək olduğunu gördüm. Ayaqlarımı itirdiyimi hiss etdim. Daha sonra gördüm ki, qırılmayıb, əyilib. Həmin an ağrıdan öləcəyimi hiss etdim.

Amma yaralananda belə döyüşdə iştirak etməyimdən peşman olmadım. Sadəcə, sonuna qədər döyüşmək, əsgər yoldaşlarımın yanında olmaq istərdim.


- Yaraların çox incidir?

- Daha çox sinir ağrılarım var. Əsəblərim çox pozulub. O cür döyüşlərdən qazi olaraq qayıtmaq möcüzəvi bir şeydir. Elə vəziyyətdə olan əsgərlərimiz var ki, görəndə dəhşətə gəlirəm. Allah bütün qazi dostlarımıza kömək olsun, əsgərlərimizi qorusun. Şəhidlərimizin ruhu şad olsun. Mən indi yaxşıyam, amma elə hərbçilərimiz var hələ də xəstəxanadadırlar. Onlara görə üzülürəm.


- 44 günlük müharibə Əbülfətin həyatında nəyi dəyişdi?

- Əvvəlki Əbülfətlə müharibədən sonrakı Əbülfət arasında çox fərq var. Çox dəyişmişəm. Daha çox psixoloji cəhətdəndir. Müharibədə çox hadisənin şahidi oldum. Həm müsbət, həm də mənfi cəhətdən...


- Unuda bilmədiyin anları xatırlayaq. Nə zamansa qorxmusan?

- Heç vaxt müharibə görməməyimə baxmayaraq, qorxmamışam

Ermənilərlə olan atışmalar, döyüşlərdə yaşadığımız anları heç vaxt unuda bilmərəm. Yaşadıqlarım tez-tez yuxuma girir. İndi də çox zaman gözümü yuman kimi özümü müharibədə hiss edirəm. İki həftə öncə də, yuxumda minamyot mərmisinin üzərimə düşdüyünü gördüm. Birtəhər ayılıb, özümə gəlməyə çalışdım.


- Yəqin ki, döyüş yoldaşlarından şəhid olan var...

- Bəli, var. Qızğın döyüş zamanı bölük komandirimiz şəhid oldu. Çoxlu yaralananlar var idi..


- Ölüb-dirim savaşında idin. Hər şey ola bilərdi. O an ağlına ilk kimlər gəlirdi?

- Mütəmadi olmasa da, bəzən ailəmlə əlaqə saxlaya bilirdim. Yaralanmazdan öncə bir neçə həftə olardı ki, ailəmlə əlaqə saxlaya bilmirdim. Məndən çox narahat olduqlarını bilirdim. Ağlımdan çıxmırdılar. Hər döyüşə gedəndə gözümün qarşısında canlanırdılar. Yaralandığım zaman həmin an ağrılardan heç nə düşünə bilmirdim. Daha sonra özümə gələndə gözümün qarşısından getmirdilər. Mən şəhid olsaydım onlar bəlkə də buna dözə bilməzdilər.


- Qələbə xəbərini eşidəndə hansı hissləri keçirdin?

- Qələbə xəbərini eşidəndə çox sevindim. Çünki uğrunda döyüşdüyümüz torpaqlar düşməndən azad edildi. Ermənilər məğlubiyyətə uğradılar. O torpaq uğrunda canından keçən şəhidlərimizin və ya yaralılarımızın qanı yerdə qalmadı.


- Əsgərlərə nə demək istəyərdin?

- Onlara arzu edirəm ki, sağ-salamat evlərinə ailələrinin, sevdiklərinin yanına qayıtsınlar. Onlar hamısı bizim qardaşlarımız, yoldaşlarımızdılar. Onların sayəsində bu qələbəni qazandıq. Allah köməkləri olsun...

 


Nəzrin Vahid

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı