Modern.az

“Biz yeni dövrə qədəm qoymuşuq” - Tahir Mirkişili

“Biz yeni dövrə qədəm qoymuşuq” - Tahir Mirkişili

İqtisadiyyat

24 Dekabr 2020, 11:26

“Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən “Büdcə sistemi haqqında” Qanununun 12-ci maddəsinə müvafiq olaraq “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsi və Büdcə Zərfinə daxil olan digər qanun layihələri Milli Məclisin müzakirəsinə təqdim olunmuşdur. Eyni zamanda “Büdcə sistemi haqqında” Qanununun 15-ci maddəsinə müvafiq olaraq zərfə daxil olan layihələrə dair Hesablama Palatasının hazırladığı rəy deputatlara təqdim olunmuşdur”.

 

Modern.az xəbər verir ki, bunu parlamenin iclasında çıxışı zamanı İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri tahir Mirkişili bildirib.

T.Mirkişili daha sonra deyib:

"İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında hökumət üzvlərinin və müvafiq dövlət orqanlarının nümayəndlərinin iştirakı ilə qanun layihələri geniş müzakirə olunmuşdur. Milli Məclis sədrinin göstərişi ilə ilk dəfə olaraq bu müzakirədə bütün deputatarın iştirakının təmin olunması məqsədilə iclas həm də onlayn translasiya olunmuşdur. Belə bir imkan Büdcə Zərfinə daxil olan layihələrin daha ətraflı izahının hər kəs üçün əlçat olmasına mühüm şərait yaratmışdır.


2020-ci il Azərbaycan Respublikasının dövlətçilik və müstəqillik tarixinə möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsi, işğalçı Ermənistan üzərində qazanılan parlaq hərbi-siyasi Qələbə ili kimi həkk olundu. Ali Baş Komandanımızın iradəsi, ordumuzun rəşadəti və şəhidlərimizin qanı bahasına qazanılan bu möhtəşəm və tarixi qələbə Azərbaycanın gücünü bütün dünyaya göstərdi, xalqımızı uzun illər davam edən mənəvi iztirabdan xilas etdi, hər bir azərbaycanlıya tarixin heç bir dönəmində yaşaya bilmədiyi hissləri yaşatdı. Bu qələbə uzun illərdir ardıcıl olaraq, boyük işgüzarlıq, peşəkarlıq və ən əsası vətənə və xalqa olan sevgi ilə Azərbaycanın bütün resurslarının bir dəmir yumruq kimi birləşməsi hesabına mümkün olmuşdur. Bu dəmir yumruq hələ uzun illər düşməni ölkəmizə təhlükə yarada bilməyəcək hala salmışdır. Bütün dünya üçün 2020-ci il itirilmiş il sayılsa, azərbaycanlılar üçün bundan sonra 2020-ci il qazanılmış il sayılacaqdır.

 

Biz öz ərazi bütövlüyümüzü bərpa etməklə yeni dövrə qədəm qoymuşuq. Bu yeni mərhələdə qarşımızda həm də işğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, lazımi infrastrukturun yaradılması, öz doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi kimi mühüm çağırışlar yaranmışdır. Biz ilk dəfə olaraq vətən müharibəsində qalib gəlmiş bir dövlətin büdcəsini qəbul etməkdəyik.


2020-ci ilin əvvəlindən başlayaraq dünyada yeni növ koronavirus (COVID-19) pandemiyasının sürətlə yayılması iqtisadi fəallığın zəifləməsinə və qlobal məcmu tələbin daralmasına səbəb olmuşdur. Dünya neft bazarında qiymətlərin kəskin ucuzlaşması iqtisadi böhranın əhatəliyini və kəskinliyini daha da artırmışdır. 2020-ci ilə Azərbaycan 3 cəbhədə - pandemiya ilə, qlobal böhran və işğalçı Ermənistan ilə mübarizə aparmış və bunun üçün kifayət qədər resurslarını səfərbər etmişdir.

Pandemiyanın Azərbaycan iqtisadiyyatına mümkün mənfi təsirlərinin azaldılması, əhalinin sosial rifahının qorunması və iqtisadi inkişafın davamlılığının təmin edilməsi üçün dövlət tərəfindən həyata keçirilən tədbirlərlə ölkə iqtisadiyyatının tənəzzül fazasına daxil olmasının qarşısının alınması mümkün olmasa da, onun daha kəskin enişinin qarşısı alınmışdır. 2020-ci ilin dövlət büdcəsinin dürüstləşməsi zamanı büdcə mexanizmlərinin təkmilləşməsi və xərclərin artırılması, əhəmiyyətli miqyasda iqtisadi və sosial dəstək paketlərinin hazırlanması və icra olunması, iqtisadiyyatın lazımı resurslara malik olması və bütün bu tədbirlərin dövlət başçısının daim diqqətində olması iqtisadiyyatı kəskin şoklardan qorumuşdur.


Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamına əsasən Dövlət büdcəsi, dövlət fondları və digər mənbələrdən maliyyə resursları səfərbər edilərək ümumi dəstək paketi 3,5 milyard manat məbləğində nəzərdə tutulmuş və ümumilikdə 3,0 milyon nəfərə yaxın vətəndaşı əhatə etməsinə hesablanmışdır. Ardıcıl olaraq həyata keçirilən iqtisadi və sosial dəstək proqramları onların əhatə dairəsini xeyli artırmışdır.


Bu ili 11 ayının sosial-iqtisadi göstəricilərinə görə ölkəmizdə ÜDM 4.3%, qeyri-neft sektoru ÜDM isə 2.9% azalmışdır. BU göstərilər İqtisadiyyat Nazirliyi tərəfindən cari iln avqust ayında bizə təqdim olunmuş proqnozlarla demək olar ki üst üstə düşmüşdür. Amma bu azalmalara baxmayaraq qeyri-neft sənayesində 11.4%, kənd təsərrüfatında 2%, İT və rabitə sektorunda 1.6% artımın qeydə alınması, Büdcə gəlirlərinin, vergi daxilolmalarının proqnozdan artıq icra olunması iqtisadiyyatın dayanıqlılığından xəbər verir. Bu bir faktdır kı, 2020-ci iilin bütün çətinliklərinə baxmayaraq Azərbaycanda makroiqtisadi sabitlik müşahidə edilmiş, inflyasiya 2.8%, manatın məzənnəsi sabit olmuşdur. Bütün bu dayanıqlıq Azərbaycan Prezidenti tərəfindən aparılan iqtisadi islahatların və onların hədəfli icra edilməsinin nəticəsində mümkün olmuşdur. Yeri gəlmişkən, keçən həfətə Dünya Bankı Doing Business 2020-ci hesabatı üzrə apardığı araşdırmaların nəticəsini elan etmiş, Azərbaycan 191 ölkə üzrə 6 pillə irəliləyərək 28-ci yere layiq görülmüş və dünyanın ən çox islahat aparan 10 ölkəsindən biri elan olunmuşdur.


Beləliklə, 2020-ci ilin iqtisadi dayanıqlıq 2021-ci il ölkə iqtisadiyyatının artım mərhələsinə qədəm qoymasına imkan yaratmışdır. Təqdim olunmuş iqtisadi proqnozlara görə 2021-ci ildə ölkəmizdə ÜDM-in 3.4% artacağı, qeyri-neft sektorunun ÜDM-də payının 70.5%-ə çatacağı, inflyasiyanın 3.0% olacağı, manatın məzənnəsinin sabit olacağı proqnozlaşdırılır. Özəl sektorun iqtisadi artımda və büdcə gəlirlərində iştirak payının artırılması üçün növbəti ildə də mühüm stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi planlaşdırılır.


2021-ci il üzrə cari əməliyyatlar balansında ÜDM-in 0,2 faizi səviyyəsində və ya təqribən 104,8 milyon ABŞ dolları həcmində profisit proqnozlaşdırılır. Növbəti illərdə cari əməliyyatlar balansının profisitinin getdikcə artması gözlənilir.


Belə bir makro iqtisadi şərait üçün təqdim edilmiş 2021-ci il üçün Dövət büdcəsinin gəlirlərinin 2020-ci iln dürüstləşdirilmiş büdcə gəlirlərinə nisbətən 1.303 milyon manat artıq proqnozlaşdırılması və beləliklə də ümumi həcminin 25 427 mln manat olması məqbul hesab edilmişdir. Gəlirlərin artan hissənin qeyri-neft gəlirləri hesabına təmin olunması və bu zaman yeni alətlərdən istifadə olunması vacib məqamlardan biridir. Dövlət Neft Fondundan transferin sabit qalması və növbəti 3 il ərzində onun azaldılması ilə bağlı planlar fikrimizcə vacibdir. Büdcə gəlirlərində qeyri-neft sektorundan daxil olmaların 3.8% artaraq 45.8%-ə çatması büdcənin dayanıqlığını artıran amillədəndir. Son 10 ildə bu göstərici 26.2%-dən 45.8%-ə qədər artması mühüm nailiyyətlərdəndir. Vergi xidməti ilə daxilolmaların payında qeyri-neft sektorunu payının 78%-ə çatması pronozlaşdırılır. Qeyd edim bu göstərici də son 10 ildə 50%-dən 78%-ə qədər artmışdır.


Hesab edirik ki, dövlət büdcəsində neftinin bir barelinin qiymətinin 40 dollar götürülməsi aparılan təhlillərə uyğundur. Beynəlxalq təşkilatlar tərəfindən verilən proqnozlarda 2021-ci ildə neftin 1 barelinin orta illik qiymətinin 41-43 dollar arasında dəyişəcəyi bildirilir. Eyni zamanda aparılan vaksinasiya nəticəsində 2021-ci ilin 2-ci rübündən etibarən iqtisadi aktivliyin bərpa olunacağı ilə bağlı proqnozlar neftin qiymətinin daha 15% artacağına səbəb olacağı bildirilir. Bu təhlillər nəticəsində neftin bir barelinin qiymətinin dövlət büdcəsində 40 dollar götürülməsi doğru hesab edilir.     


Dövət büdcəsinin xərcləri də 2020-ci iln dürüstləşdirilmiş büdcə xərclərinə nisbətən 1.050 mln manat artıq proqnozlaşdırılmış və xərclərin ümümi həcmi 28 543 mln manat olmuşdur. Xərclərdə tarixi element olan İşğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası üçün 2.2 mlrd manat vəsaitin nəzərdə tutulması 2021-ci ildə öz doğma yurdlarına dönməyi səbirlizliklə gözləyən insanlar üçün vacib həyat şəraitinin yaradılmasına maliyyə təminatı yaradacaqdır. Ümumiyyətlə, növbəti illərdə də investisiya xərclərində bu istiqamətdə xərclərin planlaşdırılması və işğaldan azad olunmuş ərazilərdə dövlət-özəl sektor əməkdaşlığı və investisiyaların cəlb olunması ilə bağlı yeni alətlərin tətbiq olunması uzun illər ərzində qəlbimizdə yara olan bu problemin sürətlə yox olmasına imkan yaradacaqdır.


Azərbaycan Prezidentinin sosial siyasətinin və vətəndaşların sosial qayğı ilə əhatə olunması tədbirlərinin həyata keçirilməsi üçün büdcədə sosial xərclərin artırılması fikrimizcə bu siyasətin icrasına real imkan yaradacaqdır. Belə ki, büdcə xərclərinin artıq 38.9%-nə çatan sosial xərclər bütövlükdə ölkədə sosial qayğıya və dəstəyə ehtiyacı olan insanlar üçün sosial rahatlığın yaradılmasına mühüm töhvə verəcəkdir. Ölkəmizin müdafiə qabliyyəyinin artırılması və təhlükəsizliyinin təmin edilməsi üçün də xərclərin çağırışalara uyğun olaraq artırılması təqdirəlayiq haldır.


Büdcə layihəsində 2021-ci il üçün büdcə vergi siyasətinin əsas istiqamətləri və ortamüddətli dövr üçün fiskal hədəflərin göstərilməsi planlaşma baxımından vacib elementlərdəndir.


Dövlət büdcəsinin gəlir və xərcləri üçün risk hesab oluna biləcək amillərin sadalanmasını alternativ ssenarilərin təhlil olunması baxımından vacib sayirıq. Xüsüsən də, pandemiyanın davam etmə müddətinin, neftin qiymətinin və hasilat həcmlərinin azalmasının, məzənnə riskinin və dövlət borcu ilə bağlı risklərin müzakirə üçün təqdim olunması şəffavlıq və alternatilik baxımından mühüm kefiyyət göstəricisi sayılmalıdır.


Eyni zamanda, Dövlət Neft Fondunun büdcəsinin növbəti bir neçə il ərzində kəsirlə proqnozlaşdırılması fikrimizcə Fondun Azərbaycan iqtisadiyyatında gələcəkdə oynayacağı müsbət rolun daha da təkmilləşdirilməsinə ehtiyac yaradacaqdır.


Növbəti ildən ölkədə ehtiyac meyarının həddinin orta hesabla 6,3 faiz artımı və ya 160 manatdan 170 manata çatdırılması nəzərdə tutulur.


2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196,0 manat (190), o cümlədən əmək qabiliyyətli əhali üçün 207,0 manat (201), pensiyaçılar üçün 162,0 manat (157), uşaqlar üçün 175,0 manat (170) məbləğində proqnozlaşdırılır. Artımlar sosial sahədə dəstək həcminin daha da artırılmasına səbəb olacaqdır.


2021-ci ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 3116,0 milyon manat məbləğində nəzərdə tutulur. Kəsirin həcmi 2020-ci il müqayisədə 252.2 mln manat azdır. Dövlət Büdcəsi kəsirini maliyyələşməsində dövlət əmlakının özəlləşməsindən daxil olmaların artan həcmindən, daxili bazarda yerləşdiriləcək dövlət istiqrazları hesabına cəlb ediləcək vəsaitdən istifadə edilməsinin planlaşdırılması tərəmizdən də müsbət qəbul edilmişdir. Qiymətli kağızlar bazarının inkişaf etdirilməsi baxımından da bu alət faydalı sayılır.


Büdcə qaydasının 2022-ci il yanvarın 1-nə kimi dayandırılmasına baxmayaraq yeni qaydaların hazırlanması ilə bağl planların layihədə yer alması tərəfimizdən təqdir olunur. Çünki hesab edirik ki, qayda əsaslı planlaşmanın həyata keçirilməsi bir çox iqtisadi riskləri aradan qaldıracaqdır.


Layihədə mühüm yenilik kimi nəticəəsaslı büdcə tərtibi mexanizminə keçid prosesinin davam etdirilməsinin nəticəsi kimi 2021-2024-cü illər üçün büdcə xərclərinin funksional təsnifatının “Təhsil”, “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi” pilot bölmələrinin sektor strateji planları və həmin planlara uyğun olaraq Xərclər Çərçivəsi hazırlanmasını xüsusi vurğulamaq istərdim. Ümumiyyətlə, biz də düşünürük ki, nəticə əsaslı büdcəyə tam keçmək hesabatlılığı, effektivliyi və nəzarət mexanizmləri xeyi artıracaqdır.


İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Büdcə zərfinə daxil olan qanun layihələri ilə bağlı aparılan müzakirələri əhatəli və məhsuldar hesab edir. Hesab edirik ki, müzakirə etdiyimiz dövlət büdcəsi layihəsi 2021-ci il üçün ölkəmiz qarşısında yaranacaq çağırışlara layiqli cavab vermək və bütün istiqamətlərdə dövlət siyasətinin həyata keçirmək üçün mühüm maliyyə bazası yaradacaqdır. Bunları nəzərə alaraq Büdcə zərfinə daxil olan layihələri Milli Məclisin plenar iclasında 1-ci oxunuşda müzakirə üçün məqbul hesab etmişik. Deputat həmkarlarıma da bu layihələrin dəstəkləmələrini xahiş edirəm".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır