Modern.az

2020 media üçün nə ilə yadda qaldı...

2020 media üçün nə ilə yadda qaldı...

Media

25 Dekabr 2020, 15:15

İlin sonuna saylı günlər qalıb. Yola saldığımız il təbii olaraq, hər kəsin yaddaşında fərqli təəssüratlarla qalır. Maraqlıdır, bəs 2020-ci il ölkə mediası üçün nələrlə müşayiət olundu? Media nümayəndələri 2020-ci ili necə xatırlayacaq?

Modern.az tanınmış imza sahiblərilə danışıb.


Teletənqidçi, filologiya elmlər doktoru Qulu Məhərrəmli:

“Bu il çox çətin il oldu. Amma, burda müsbət cəhət odur ki, media idarəçiliyində müəyyən dəyişiklik oldu. Medianın siyasətini aparan insanlar vəzifədən kənarlaşdırıldı. Bununla da medianın qapısının ağzına vurulmuş qıfıl açıldı. Mediamızın böyük uğurları yoxdur, amma bununla yanaşı, mətbuata baxış tədricən dəyişib. Bunlar müsbət meyillərdir. Biz daha çox mediada dəyişiklikləri gələn ildən gözləyirik.

Bu il televiziyalar həm pandemiya ilə bağlı, həm də müharibə dövrü hadisələrini xalqa çatdırmaqla özünə xeyli auditoriya cəlb etdi. Yazılı mətbuatımızda da mövzu, məzmin dəyişikliyi özünü büruzə verir. Arzu edirik ki, gələn il də bu tendensiya davam etsin”.


“Yeni Müsavat”qəzetinin baş redaktoru Rauf Arifoğlu:


“2020-ci il ən çox hadisələr baş verən illərdən oldu. Bu il həm Azərbaycan Respublikası Parlamentinin seçki ili, həm dünyanı cənginə almış COVİD-19 pandemiyası, ən əsası illərdir həsrətini çəkdiyimiz torpaqlarımızı geri aldığımız il oldu. Vətən müharibəsində Azərbaycanın igid oğulları canını qurban verdi. Bunların hamısı bir ömrə sığacaq hadisələrdir, amma biz bunları bir ilə sığdırdıq.

Media sahəsindən danışsaq, bu il media üçün də ağır il oldu. Biz 2016-cı ilin Aprel döyüşlərinə qədər Azərbaycan mediası olaraq daim məğlubiyyət xəbərlərini xalqa çatdırmışıq. Biz kədər reportyorları olmuşuq. Amma 2016-cı ildən başlayaraq qələbə xəbərləri vermişik. Hər dəfə daha irəli getdiyimizi, qalib olacağımızı xalqa çatdırmışıq. Ən əsası, sentyabrın 27-dən bu günə qədər 30 il düşmən tapdağında qalmış əzəli Azərbaycan torpaqlarını geri aldığımız barədə xəbərləri çatdırmışıq. Döyüş bölgəsindən videomateriallar, reportajlar hazırlamışıq. Bu, Azərbaycan mediası üçün ilk idi. Ən əsası, media sahəsinin işçiləri Ali Baş Komandanla birgə Vətən müharibəsi zamanı və ondan sonra informasiya müharibəsi apardı. Cəbhədə Qələbə qazandığımız kimi, bu savaşımızda da qalib olduq. Bu baxımdan 2020-ci il pozitiv, yadda qalan oldu. Həm media sahəsi, həm də Azərbaycan xalqı üçün unudulmayacaq”.


“Türküstan” Media qrupunun rəhbəri Aqil Camal:


“Azərbaycan xalqının bir hissəsi olaraq media mənsubları üçün 2020-ci il torpaqlarımızın işğaldan azad edilməsi, qazandığımız Zəfərlə əlamətdar oldu. Bu tarixi hadisə media işçiləri üçün iki cəhətdən önəmli idi. Birincisi, vətəndaş olaraq bu prosesin izləyicisi, iştirakçısı olduq. Bir çox həmkarlarımız könüllü olaraq Vətən müharibəsinə qatıldı. Qazandığımız qələbələrə xalqımızla birlikdə sevindik. İtirdiyimiz şəhidlərimiz üçün hamılıqla üzüldük. Torpaqlarımızın işğaldan azad edilməsi ilə bir çox həmkarımız, o cümlədən mən, doğma torpaqlarımıza yenidən qovuşduq.

Digər tərəfdən, media Vətən müharibəsi prosesində informasiya savaşının əsas aparıcısı kimi aktiv oldu. Milyonlarla insan başqa vaxt olmadığı qədər medianı izlədi.

Bu baxımdan, 2020-ci idə qazandığımız Zəfər həm peşə, həm də şəxsi həyatımızda heç zaman unudulmayacaq əvəzsiz bir il olaraq qalacaq.

2020-ci il ölkə və dünya mediası üçün koronavirus pandemiyası ilə yadda qaldı. Pandemiyanın yaratdığı fəsadlar mediadan da yan keçmədi. Media qurumları reklam və digər məsələlərdə zərər gördülər. Qəzetlərin satışında ciddi problemlər yarandı. Pandemiya bir neçə dəyərli həmkarımızı bizdən aldı. Həmçinin, pandemiya dünyada, o cümlədən, ölkəmizdə insanların medianı daha çox izləməsinə səbəb oldu.  

Azərbaycan mediası 2020-ci ildə qeyd etdiyim məsələlərlə yanaşı, öz professionallığını, müasir informasiya texnologiyalarından daha geniş tətbiqi artırdı. İlin media ilə bağlı yaddaqalan hadisələrindən biri də Prezident yanında KİVDF-də rəhbər dəyişikliyi və qurumun fəaliyyətində baş verən keyfiyyət dəyişikliyi, yeni metod və yanaşmalar oldu”.

“Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov bildirib ki, informasiya müharibəsində Azərbaycan özünü təsdiq edib:


“Bu il Azərbaycan mediası üçün iki istiqamətdə sınaq ili oldu. Əvvəlcə pandemiya şəraitində medianın üzərinə böyük maarrifçilik yükü düşdü. Virusdan qorunmaq üçün əhalini düzgün bilgiləndirmək istiqamətində böyük iş görülməli idi. İlin ikinci yarısında isə Vətən Müharibəsinin başlanması informasiya savaşını da yeni səviyyəyə qaldırdı. Azərbaycan mediası real informasiyaları yaymaqla yanaşı, həm də feyklərlə mübarizə aparmalı idi. Çünki indiyə qədər heç vaxt bu qədər feyk məlumat axını ilə üzləməmişdik.

İnformasiya cəbhəsində hər şeyi əvvəlcədən planlaşdırmaq mümkün deyil, çünki "əməliyyat şəraiti" tez-tez dəyişir. Yeni platformalar məşhurlaşır, köhnələr aktuallığını itirir. Məsələn, "telegram" sürətlə populyarlaşır, sən diqqəti ora yönəldirsən, amma bu zaman heç gözlənilmədən "TikTok" dezinformasiyaların yayıldığı əsas platformaya çevrilir. Sahə son dərəcə dinamikdir, şərtlər sürətlə dəyişir. Buna görə də informasiya müharibəsi çox mürəkkəb işdir. Buna baxmayaraq, mediamız lazım olan çevikliyi göstərə bildi: hər iki halda qısa müddətdə toparlanaraq, lazım olan istiqamətdə hücumlara əvvəlcə cavab verdi, sonra isə özü hücuma keçdi.

Ümumiləşdirsək, ilin nəticələri göstərdi ki, Azərbayan mediası istənilən çağırışa cavab verəcək potensiala sahibdir və həmin potensialı qısa müddətdə səfərbər etməyi də bacarır”.

 

Fidan İlqarqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır