Modern.az

Medianı özündən asılı vəziyyətə salmaq istəyən mətbuat xidmətləri... - SORĞU             

Medianı özündən asılı vəziyyətə salmaq istəyən mətbuat xidmətləri... - SORĞU             

26 Dekabr 2020, 14:13

İctimai nəzarəti həyata keçirən əsas vasitə mediadır. Media orqanlarının vəzifəsi problemli məsələləri işıqlandırmaq, insanların şikayətlərini açığa çıxarmaqdır. Lakin son zamanlar müxtəlif qurumlar, mətbuat xidmətləri jurnalistlərin suallarını cavablandırmaq əvəzinə, "özümüz məlumat yayacağıq" deyib, medianı press-relizlərdən asılı vəziyyətə salmağa çalışırlar.

Bu barədə Modern.az-a danışan media fəalları məsələ haqqında fikirlərini bildiriblər.

 

“Report” İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyevin sözlərinə görə öz təmsil etdiyi qurumun nüfuzunu düşünən mətbuat katibləri jurnalistlə həmin qurum arasında sipər yox, körpü rolunu oynamalıdır:

“Mətbuat xidmətinin bilavasitə funksiyası media orqanlarından gələn sorğunu araşdırıb onlara cavab verməkdən ibarət olmalıdır. Hansısa jurnalistin beyin məhsulu olan sorğunun cavabının bütün KİV-lərə göndərilməsi həmin jurnalistə qarşı, yumşaq desək, təhqirdir. Yalnız o halda buna bəraət vermək olar ki, gündəmi zəbt edən bir məsələ ilə bağlı bir neçə KİV-dən sorğu gəlir, o zaman eyni vaxtda göndərmək olar, amma yenə də seçib məhz həmin şəxslərə göndərilməlidir. Yəni, bütün bunlar bir etika məsələsidir. Problemin digər tərəfi isə ondan ibarətdir ki, bəzi hallarda mətbuat katibləri təmsil etdiyi qurumun jurnalistlərə maksimum qapalı etmək istəyirlər. Belə olan halda isə qurum ətrafında yaranan problemlər getdikcə dərinləşir. Hesab edirəm ki, öz təmsil etdiyi qurumun nüfuzunu düşünən mətbuat katibləri jurnalistlə həmin qurum arasında sipər yox, körpü rolunu oynamalıdır – ehtiyac olanda özü sorğuya cavab verməli, konkret sahəvi sual olanda müvafiq şöbənin məsul əməkdaşı ilə əlaqələndirməli. Misal üçün Report kimi informasiya agentliyində jurnalistlər hərəsi öz sahəsinə cavabdehdi və o sahədən olan məsələləri daha detallı şəkildə əldə etməli, məlumatları emal etməlidirlər. Belə olan halda mətbuat katibinin ümumi sözlərlə “yola verməsi” ona gətirib çıxarır ki, həmin jurnalist naziri və ya müavinini hansısa tədbirdə görəndə sual yağışına tutur, maksimum çox suala cavab verməsinə çalışır. Öz rəhbərinin qeydinə qalan mətbuat katibi onun bu həddə çatmasına yol verməməlidir”.

 

 CBC TV Xəbərlər Departamentinin direktoru  Səadət Məmmədova da mövzu barədə fikirlərini səsləndirib. O deyib ki, son illərdə ictimai nəzarət funksiyasını ənənəvi mediadan çox sosial şəbəkələr həyata keçirir:

“Bütün məsələlərin kökündə peşəkarlıq dayanır. Bir tərəfdən etiraf edək ki, son illərdə press-relizdən asılı olan, onsuz xəbər yaza bilməyən bir müxbir kəsimi formalaşıb ki, bu da bəzi mətbuat katiblərini tənbəlləşdirib. Digər tərəfdən mətbuat katiblərinin heç də hamısı işlədikləri sahəni bir səhifəlik press-relizdən artıq bilmirlər. Onlar media qarşısına yalnız öncədən hazırlanıb təsdiqlənmiş press-relizlə çıxırlar, müxbir nə qədər əlavə sual versə də, mətbuat katibi cavab verə bilmirlər. İşini bilən mətbuat katibi özü maraqlı olur ki, onun təmsil etdiyi sahə haqda ətraflı, detallı, maraqlı xəbərlər, süjetlər getsin, hələ özləri əlavə material və görüntü də göndərir. Belə peşəkarlar heç press-reliz yazmırlar, ümumi istiqamət kimi şöbənin işçisinə qısa bir ayarış hazırlatdırırlar ki, jurnalistə məlumat bazası kimi versinlər. Kim deyə bilər ki, Anar Cəbrayıllı press-relizlə işi yola verib, yaxasını jurnalistlərdən kənara çəkir. Əksinə Anar elə danışır ki, sanki orta məktəbdən su üzrə ixtisaslaşmış təhsil alıb. Amma bəzi mətbuat katibləri bu vəzifəyə ona görə gəlirlər ki, sadəcə sabit işi və maaşı olsun, çünki KİV sahəsində iş artıq çoxdan dayanıqlı və normal təminatlı deyil. Bir qrup mətbuat katibi bütün suallara cavab verməyə hazırdır. Bir qrup mətbuat katibinin isə işi təmsil etdiyi qurum haqda tənqid yazan jurnalistdən xahiş etməkdir ki, o yazını vermə, və ya saytdan çıxart, yaxud tənqidi süjet hazırlama. Nəzərə alanda ki, son illərdə media üzrə sözçülər əsasən KİV işçiləri arasından seçilir, bu zaman  şəxsi münasibətlər tərəzidə daha ağır gəlir və nəticədə ortaya çıxan iş bəli, sizin dediyiniz kimi medianın ictimai nəzarət funksiyasını zəiflədir. Reallıq budur ki, son illərdə ictimai nəzarət funksiyasını sosial şəbəkələr həyata keçirir, nəinki ənənəvi media. Çox vaxt mediada yazılanları sildirməyi bacaran və hansısa problemin dərc olunmamasına nail olan dövlət və özəl qurumlar sosial şəbəkələrdəki narazılıq və tənqidə qarşı tədbir görməyə məcbur qalırlar. Çünki problem haqda dalğavari tirajlanan status və şərhləri sildirmək mümkün deyil. Ənənəvi media özü də sanki sosial mediadan asılıdır, problemləri sosial mediaya istinadən işıqlandırır, bu platformadan mövzu seçirlər. Ənənəvi media öz gücünü, söz demək, ictimai rəyə təsir imkanlarını qaytarmaq, ictimai nəzarət missiyasını yenidən əlinə götürmək istəyirsə, öz iş prinsipini dəyişməlidir”.

 

“525-ci-ci qəzet”in baş redaktoru Rəşad Məcid açıqlamasında vəzifəsindən asılı olmayaraq hər bir jurnalistin prioriteti jurnalistikanın tələblərinə əməl etmək olduğunu vurğulayıb:

“İctimai nəzarət funksiyasını sosial şəbəkələr yerinə yetirir. Hər bir fərdin şikayətləri orda əks olunur. Bəzi dövlət qurumlarının media rəhbərləri çevikdirlər, mətbuatın tənqidlərinə həmin an reaksiya verə bilirlər. Amma təəssüf ki, bir sıra dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri vəzifəyə keçdikdən sonra öz jurnalist fəaliyyətlərini unudub bürokrata çevrilirlər. Məmur olmağın gətirdiyi zəhmdən elə bil zövq alırlar. Belələri artıq jurnalist olmur, bürokrat sistemin təmsilçisinə çevrilir. Amma jurnalist peşəsinin haqqını verən, fəal işləyən mətbuat katibləri də var. Onlar hər bir sorğuya, tənqidə məntiqlə yanaşıb operativ cavab verirlər. Mətbuat katibləri jurnalist olduqlarını unutmamalı, ehtiram doğuran peşələrindən çəkinməməlidirlər. Jurnalistin məmura çevrilməsi yaxşı hal deyil. Jurnalist həmişə öz peşəsinə sədaqət nümayiş etdirməlidir. Öz mənsub olduğu media qurumunu müdafiə etməsi başa düşüləndir amma jurnalistikanın tələblərinə əməl etmək birinci vəzifə borcudur”.

 

“Türküstan” qəzeti və saytının baş redaktoru Aqil Camal bu mövzuda sosial şəbəkələrdə ifadə olunan ictimai təpkilərlə bağlı tədbirlərin görüldüyünü  qeyd edib:

“Dövlət qurumlarının mətbuat xidmətlərinin jurnalistlərin suallarını cavablandırmaqdan yayınmasının müxtəlif səbəbləri ola bilər. Bunlardan bir qismi sırf ölkəmizlə bağlı spesifik səbəblərdir. Bunlardan biri mətbuat xidmətləri ilə media qurumları arasındakı işgüzar münasibətlərdir. Bu ya maddi, ya da şəxsi münasibətlər zəminində olur. Bu zaman, öz təşəbbüsü ilə hansısa quruma müraciət edən jurnalist saymazyana münasibətlə üzləşir. Jurnalisti sorğusunu, sualını cavablandırmaq əvəzinə “Redaktorunuzla danışıb məsələni həll edərik” deyərək mövzunu bağlayırlar. Yaxud, özlərinə sərf edən press-relizlər hazırlayıb yenə də yenə də, özlərinə yaxın bildikləri media vasitəsilə yayaraq işlərini bitmiş hesab edirlər. Fikrimcə, jurnalistin ünvanladığı sorğuya laqeyd yanaşan, bu və ya başqa bəhanələrlə ondan yayınan mətbuat xidmətləri barədə ictimai qınaq təşkil olunmalıdır. Bu kimi halların ictimailəşməsi isə ilk növbədə həmin jurnalsitdən və onun çalışdığı redaksiyadan asılıdır.  Qeyd etmək lazımdır ki, hazırkı dövrdə ictimai rəy, ictimai qınaq çox təsirlidir. Xüsusən, sosial şəbəkələrdə ifadə olunan ictimai təpkilərlə bağlı tədbirlərin görüldüyünə dair çoxsaylı örnəklər var. Hesab edirəm ki, həm bu vasitələrlə, həmçinin, jurnalist həmrəyliyi ilə medianın sorğularına laqeyd yanaşan mətbuat xidmətlərinin “fəaliyyətlərini” gün üzünə çıxarmaq olar.

 

Tanınmış jurnalist Samir Güləliyev də mövzuya münasibətini bildirib. O deyib ki, mediaya aidiyyəti olmayan şəxsin hansısa qurumun mətbuat xidmətinə təyinat alması həmin qurumla medianın əlaqələrini kor edir:

“Mətbuat xidmətlərinin passiv iş rejimi, jurnalistlərin suallarını cavablandırmaqdan yayınması medianın işini iflic edir. Mətbuat xidmətlərinə rəhbər və ya işçi təyin edilən şəxs ilk əvvəl uzun müddət  mediada çalşımalı, medianın çətinliklərində bişməlidir ki, mətbuat xidməti təyin ediləndə media ilə işləməyi bacarsın. Mediaya aidiyyəti olmayan şəxsin hansısa qurumun mətbuat xidmətinə təyinat alması həmin qurumla medianın əlaqələrini kor edir. Nəticədə həmin şəxs elə zənn edir ki, media onun işlədiyi qurumdan asılıdır. Əslində mətbuat xidmətləri anlamalıdır ki, onlar bu vəzifəyə mediayla əlaqə qurmaq, əlaqələri inkişaf etdirmək üçün təyin olunublar. Əgər həmin qurumun media ilə əlaqəsi yoxdursa, mətbuat xidməti vəzifəsi də olmayacaq. Jurnalist dövlət qurumundan asılı olamamalıdır, dövlət qurumu media ilə əlaqədə maraqlı olmalıdır. Bəzi mətbuat xidmətləri isə elə bilirlər ki, jurnalistlər ona tabedir, o hansı məlumatı yaysa, jurnalist o məlumatları yaymağa borcludur. Bu təfəkkürdə olan mətbuat xidmətləri vəzifələrindən azad edilməlidirlər.

Digər tərəfdən, hər hansısa qurumun media ilə əlaqəsinin inkişafına ilk növbədə həmin qurumun rəhbəri maraqlı olmalıdır. Bu gün bəzi qurum rəhbərləri media ilə əməkdaşlıqda maraqlı deyil. Həmin qurum rəhbərinə arxalanan mətbuat xidməti də jurnalistlərə yuxarıdan aşağı baxır. Qurum rəhbəri media ilə əlaqənin inkişafına çalışsa, həmin qurumun mətbuat xidmətinin rəhbəri də vəzifəsinin öhdəsindən gəlməyə çalışar. Əgər mətbuat xidmətinin rəhbəri bilsə ki, hansısa jurnalistin sorğusunu yubatdığı üçün tabe olduğu şəxs tərəfindən cəzalandırılacaq, həmin şəxs öz vəzifəsinə və jurnalistə hörmətlə yanaşar. Təpki görməyən mətbuat xidmətinin rəhbəri kresloda “bişən” məmurdur. Hesab edirəm ki, bu cür hallar jurnalistin, medianın ictimai nəzarət funksiyasını zəiflətməyə hesablanmış addımlardır. Dövlət qurumlarının rəhbərləri bu sahədə ciddi dönüş etməli, tabeçiliyində olan media əlaqələndiricilərinə təpkilər göstərməlidir”.

 

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli də mövzuya biganə qalmayıb:

“Beynəlxalq sənədlərdə müasir jurnalistikanın missiyası daha çox  2 istiqamət üzrə təsnifatlaşdırılır: birincisi cəmiyyətin  marağında olduğu informasiyaları tapıb ona çatdırmaqdır, ikincisi, dövlət və hakimiyyət orqanları  üzərində ictimai nəzarət funksiyasını həyata keçirməkdir. Jurnalistin, yayımı  qanunla məhdudlaşdırılmayan istənilən informasiyanı əldə edib auditoriyaya çatdırmaq  hüququ var və bu hüquq qanunlarla tanınır. Dövlət qurumlarının yaydıqları press-relizlər , saytlarında yerləşdirdikləri informasiyalar cəmiyyətin əldə etmək istədiyi informasiya ola bilər. Amma demək olmaz ki, bu,  mütləq şəkildə  jurnalistin axtardığı informasiyadır . Əksinə, müəssisələrin yaydıqları press-relizlər, adətən, informativ yükdən daha çox, özünü reklam xarakteri daşıyır və həmin reklam xarakterli informasiyalar jurnalistə lazım deyil.   Jurnalistin axtardığı, əldə etmək istədiyi informasiya fərqli, press-relizdə əks olunmayan informasiya da ola bilər və bu informasiyanı əldə etmək onun hüququdur. Axtarılan informasiyanı, əgər xüsusi qanunlarla yasaqlanmayıbsa, jurnalistə vermək mətbuat xidmətinin borcudur. Nə qanunlarda, nə də kodekslərdə press-relizlərin jurnalist sorğusunu əvəz etməsi barədə bir təsbit yoxdur. Bunu deyənlər, özlərindən prinsip icad etmiş olurlar və onların icad etdikləri bu dırnaqarası prinsiplər qanunlara, demokratik  prinsiplərə qarşıdır. Əslində bülletenlər, dövri yayılan press-relizlər bir qədər vaxtı ötmüş texnologiyadır. İnformasiya əldə etmək haqqında Azərbaycan respublikasının qanununda qeyd edilir ki, hər bir dövlət qurumu, ictimaiyyətlə işləyən müəssisə özünün veb səhifəsini yaratmalı, özü ilə bağlı informasiyaları operativ şəildə həmin veb səhifədə yerləşdirməidir. Bununla yanaşı, həmin qanuna görə, bu müəssisələrin mütləq şəkildə informasiya ilə işləyən strukturu və ya informasiya verməyə məsul edilmiş şəxsi, təmsilçisi olmalıdır. Həmin şəxs müəssisəyə ünvanlanan suallara yazılı və ya şifahi formada cavablandırmalıdır. Qanunun bu tələbi də onu göstərir ki, hər hansı bir qurumun, müssisənin özünün yaydığı informasiya başqadır, jurnalistlərin onlardan almaq istədikləri informasiya başqadır ”.

 

Fidan ƏLİ

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər