Modern.az

“Bu, Azərbaycana qarşı hörmətsizlikdir” – Deputatdan sülhməramlılara ETİRAZ

“Bu, Azərbaycana qarşı hörmətsizlikdir” – Deputatdan sülhməramlılara ETİRAZ

Parlament

26 Dekabr 2020, 15:55

Dünən Xankəndidə sülhməramlı qüvvələrin gündəlik brifinqi zamanı Rusiya bayrağı ilə yanaşı, Qarabağdakı separatçıların "bayrağı"nın da asılması, Azərbaycanda hər kəsi narahat etməyə başlayıb. Qeyd edək ki, bu cür təxribatlar əvvəl də baş vermişdi.

 

Deputat Elman Məmmədov Modern.az-a mövzu ilə bağlı danışıb. O bildirib ki, noyabrın 10-da Azərbaycan, Rusiya, Ermənistan rəhbərləri tərəfindən imzalanan sənəddə açıq aydın göstərilir ki, Rusiya sülhməramlılıq missiyasını yerinə yetirəcək:

 

"Birləşmiş Millətlər Təşkilatının (BMT) müvafiq sənədlərində sülhməramlılıq missiyası nədən ibarətdir, sülhməramlılar hansı səlahiyyətlərə, hüquqlara malikdir, hansı vəzifələri icra etməlidir, bunların hər biri açıq aydın öz əksini tapıb. Biz də Rusiya sülhməramlılarından bunu gözləyirik. Ona görə də razılıq verdik ki, onlar sülhməramlılıq missiyasını yerinə yetirsinlər. Çox təəssüf ki, Rusiya sülhməramlıları sülhməramlılıq missiyasından çox, tərəfkeşlik missiyası həyata keçirirlər, yəni birmənalı olaraq dünyanın heç bir rəsmi qurumu və dövləti tərəfindən tanınmamış, hətta cinayətkar, terrorçu Ermənistan tərəfindən də tanınmamış separatçı qurumun rəhbəri ilə sülhməramlılar əlaqədədirlər, onunla görüşməyə də davam edirlər. Yayılmış fotoşəkil hər şeyi sübut edir. Əgər Azərbaycanın Baş prokurorluğu Araik Arutunyanı və onun ətrafında olanları beynəlxalq axtarışa veribsə və Rusiya sülhməramlıları da onlarla görüşürsə, məsləhətləşirsə, biz onlara nə ad verə bilərik? Bu, ilk növbədə Azərbaycana qarşı hörmətsizlik, həmçinin öz səlahiyyətlərini aşmaqdır. Onlara heç kim ixtiyar verməyib ki, bu cür hərəkətlər etsinlər".

 

Elman Məmmədov qeyd edib ki, artıq sülhməramlılıq müəmmalı bir məsələyə çevrilib.

 

"Hesab edirəm ki, biz bu məsələlərdə çox diqqətli olmalı və Rusiya sülhməramlılarından çox ciddi şəkildə tələb etməliyik ki, özlərinə aid olan məsələlərlə məşğul olsunlar, başqa işlərlə yox. Bütün bu olanlar bizi məcbur edir ki, baş verən məsələlərə yenidən baxaq. Noyabrın 10-da imzalanmış sənədin tələblərinə əməl olunması üçün Rusiya dövləti qarşısında müəyyən məsələləri qaldırmalıyıq. Əgər bu cür təxribatlar davam etsə, Rusiyanın indiki sülhməramlıları sülhməramlılıqdan çox 1990-cı illərdə 366-cı alayın Qarabağda törətdiyi hadisələri törətməyə doğru gedəcək, çünki gedişat bizə yaxşı heç nə vəd etmir", - deyə deputat bildirib.

 

Mehri QURBAN

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub