Modern.az

Zəfər dolu, qürur dolu 44 GÜN

Zəfər dolu, qürur dolu 44 GÜN

Təhsil

28 Dekabr 2020, 13:23

Ərhan İbrahimli “Gənc istedadlar” liseyinin şagirdi

 

Ola bilməz, xainlər! Belə qalmayacaq, belə qoymayacağıq! Qisasları mütləq alınacaq, biz qayıdacağıq, dönəcəyik, azad edəcəyik! Buna gücümüz də var, potensialımız da, rəşadətli, qüdrətli ordumuz da! Birlik və həmrəyliyimiz də öz yerində!

 

27 ildir torpaqlarının işğaldan azad olmasını gözləyən, bunun üçün səssiz, sivil mübarizə aparan xalqım artıq ayaqdadır! Daha dözmək istəmir, eyni gündə şəhid olan bir neçə hərbçisinin - nur üzlü generalının, polkovnikinin, gizir və əsgərlərinin ölümü ilə barışmaq istəmir. O, ayaqdadır, küçələrdə, yollardadır. O, torpağına qovuşmaq istəyir, o, Qarabağı istəyir, qisas üçün Ali Baş Komandanın əmr verməsini istəyir!

 

Bunu təkcə torpaq uğrunda canından keçməyə hazır olan oğullar istəmir, bunu həm də iki övladını eyni vaxtda cəbhəyə göndərməyə hazır olan analar, yeganə oğula sahib atalar, qardaşlarını, həyat yoldaşlarını, atalarını gülə-gülə, başı dik, qürurla yola salan bacılar, övladlar istəyir! Bunu 80 yaşlı nənələr, babalar, dili söz tutan körpə balalar da istəyir!

 

O, məğlub yox, qalib xalq olmaq istəyir, 1813-cü ildən bəri torpaqları verilən millətdən torpaq alan millətə çevrilmək, tam olmaq, bütövləşmək, Prezident İlham Əliyevin beynəlxalq aləmdə səsləndirdiyi “Qarabağ Azərbaycandır!” sözlərinə həyat vermək istəyir!

 

27 sentyabr... Gün o gündür! İtirilmiş torpaqlarımıza addım-addım, qarış-qarış yaxınlaşdığımız gün! Cəbrayılımızın, Füzulimizin, Qubadlımızın, Zəngilanımzın, Ağdamımızın, Kəlbəcərimizin, Laçınımızın, Şuşamızın azadlığına aparan gün, Qarabağımızın azadlığına, bütövlüyünə ümid yaradan gün. Sən nə gözəl günsən belə, nə müqəddəs tarixsən belə! Səndən başlanan yol zəfər dolu, qürur dolu! Səndən başlanan yol azadlıq dolu, sevinc dolu, sevgi dolu, qələbə dolu!

 

44 gün... Zəfər dolu 44 gündə mən kim olmadım ki? Suqovuşanıma qovuşdum, Murovuma yüksəldim, Xudafərinimə çatdım, Cəbrayılıma sarıldım, Füzulimi qucaqladım. Göz yaşlarım torpağıma, torpağım göz yaşlarıma qarışdı. Qucaqlaşdıq, dərdləşdik. Kövrəlmişdilər, amma məğrur idilər. Dedilər ki, gəlişinizi duyurduq, həsrət qaldığımız səsləriniz yaxınlaşdıqca ümidimiz artırdı! Siz gəldiniz, biz azad olduq! Ayrılığımıza son qoyuldu, Vətənimizə, Azərbaycanımıza qayıtdıq.

 

Bəs Qubadlı, Zəngilan! Başı bəlalar çəkmiş, 27 ilini Vətənində Vətənsiz yaşayan doğmalarım! Yad insanları qəbul etməyən, əzizlərini unutmayan müqəddəslərim! Sizə sarılmaq, qoxunuzu hiss etmək necə gözəldi! Kövrəlməyin! Bu ayrılığa dözmək çətin idi! Elə bunun üçün, sizlərə qovuşmaq üçün mübarizə apardıq, ordumuzu gücləndirdik, dünyada söz sahibi olduq, sözümüzü deyib, haqqımızı müdafiə edə bildik! Etdik ki, sizə qovuşaq, dünyanı sizin bizim olduğunuza inandıraq! Bacardıq!

 

10 milyonun ürəklərində döyünən Kəlbəcərim, Ağdamım, artıq həsrətə son verdik. 27 il əvvəl analarımızın qucaqlarında əli yalın tərk ediməyə məcbur edildiyimiz sizlərə yenidən qovuşduq! Siz heç dilimizdən düşmədiniz. Sizi bütün dünya tanıyır! Onlar sizin, bütünlüklə Qarabağın Azərbaycan olduğunu bilir, qəbul edir, etiraf edir! Uğrunda tarix boyu edilən savaşlardan, soyqırımlardan, faciələrdən yaxşı xəbərdardı.

 

Adımı eşitdim, kim idi məni Xocalı deyə çağıran? Doğma səslər, 28 il əvvəl o dəhşətli gecədə, o qarlı qış günündə... Sizləri qoruya bilməmişdim, əli yalın insanları, körpə uşaqları, çarəsiz qocaları, qadınları zülmə məruz qoydular. O dəhşətli gecədə qətlə yetirilən, girov götürülən, itkin düşən insanlarıma göz yaşı tökdüm. Mən qanın qana qarışdığı, torpağın al-qırmızı qara boyandığı şəhərəm! Bilirəm, mənim kəndlərim azad edilməyə başlayanda sevinc qarışıq, kədər göz yaşları tökdünüz! Bu illər “Xocalıya ədalət” deyərək bu amansız soyqırımı dünyada tanıtmaq üçün kitablar çap etdirib, filmlər çəkdirib, müxtəlif aksiyalar keçirtdiniz. Məni heç unutmadınız, mən də sizləri unutmadım! Unuda bilmədim!

 

Şuşa? Bəli, mənəm! Qarabağın bir parçası, Azərbaycanın can parçası. Mən azadam, siz mənə qayıtmısınız və məni dirçəldəcəksiniz! Cənab Prezidentimizin bu sözlərini ilk hiss edən, sonra da eşidən mən oldum! Bilirsiniz, məni necə azad etdiniz? Dağları aşıb, qayalarıma dırmaşdınız, başınızın üstündən o yan – bu yana keçən mərmiləri görməyib, silah səslərini eşitmədiniz! Siz mənə can atdınız, mən sizə! Siz qayalarıma dırmaşdınız, mən sizə təkan verdim, sizin çətin yollarınızı asan edən mən oldum! Nə qədər mətin olub, məğrur görünüb sizə tez sarılmaq istəsəm də, yaralı əsgərlərimizi tək qoymayıb çiyninizdə daşımağınız, mənə sarı gətirməyiniz bilirsiniz nə qədər təsirli mənzərə idi! Etiraf edirəm: çox duyğulandım. Sonda biz qovuşduq! Özünüzü yetirən kimi üçrəngli bayrağımızı dalğalandırınız, azan verdiniz! Müqəddəsliyimi, paklığımı mənə qaytardınız!

 

Ay Laçın, can Laçın, mən sənə qurban, Laçın... Biz səni unutmadıq, uzun müddət müzakirələrin əsası oldun! Biz səni heç vaxt tək qoymadıq! Şuşasız Azərbaycan olmadığı kimi, Laçınsız da Azərbaycan yoxdur dedik. Səni istədik, səni arzuladıq və sənə qovuşduq!

 

27 sentyabr 2020-ci il tarixində başlayan 8 noyabr 2020-ci il tarixində Şuşanın azad edilməsi ilə başa çatan Vətən Müharibəsində 2783 şəhid verdik, yaralılarımız, itkin və əsirlərimiz oldu! Amma… amma 44 günlük müharibə xalqımızın mətinliyini, mərdliyini, birlik və həmrəyliyini bütün dünyaya nümayiş etdirdi! Övladı şəhid olan ana “Vətən sağ olsun”, - dedi. Həyat yoldaşı şəhid olan qadın onun tabutunu başı üzərinə qaldıraraq son mənzilə yola saldı!

 

Məkanınız cənnət olsun, şəhidlərim! Rahat uyuyun! Qanınız yerdə qalmadı! Uğrunda savaşdığınız torpaqlar azaddır, Qarabağ azaddır, Qarabağ Azərbaycandır!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!