Modern.az

Azərbaycanın etnik mənzərəsi: narahatçılığa əsas varmı? - V yazı

Azərbaycanın etnik mənzərəsi: narahatçılığa əsas varmı? -  V yazı

2 Avqust 2012, 12:20

Azərbaycan üzvü olduğu beynəlxalq təşkilatların milli azlıqlarla bağlı qəbul etdiyi Konvensiya və Sazişlərin əksəriyyətinə qoşulub. Bu sırada Avropa Şurası, BMT, ATƏT və digərlərini misal göstərə bilərik. MDB ölkələri içərisində Rusiya Federasiyası və Azərbaycan Respublikası milli azlıqların hüquqlarının qorunması ilə bağlı qoşulduğu beynəlxalq konvensiyalar qanunvericilik baxımından daha mükəmməldir. Azərbaycan BMT Baş Assambleyasının 1992-ci il 18 dekabr tarixində milli, etnik, dini və dili azlıqlara mənsub şəxslərin hüquqları ilə bağlı qəbul etdiyi Bəyannaməyə və Avropa Şurasının 1995-ci il fevralın 1-də "Milli azlıqların hüquqlarının qorunması haqqında" qəbul etdiyi Çərçivə Konvensiyasına artıq qoşulub.

Aprelin 2-də (2003) Milli Məclisin kiçik iclas zalında Avropa Şurasının milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyasının Məşvərət Komitəsinin nümayəndə heyəti ilə parlamentin İnsan hüquqları daimi komissiyasının üzvlərinin görüşü keçirilmişdir. MM-in komissiya sədri (2003-cü il) Sirus Təbrizli AŞ nümayəndələrinin Azərbaycanın şimal bölgəsində, Quba və Xaçmaz rayonlarında olduqlarını xatırladıb. S.Təbrizlinin sözlərinə görə, əgər səfər zamanı yerli əhalinin çətinlikləri müşahidə edilibsə, bu, bütövlükdə ölkə əhalisinə aid olan çətinliklərdir: "Bizim komissiyanın 13 üzvündən 6-sı milli azlıqların nümayəndələridir. Sizdə olan məlumatlarda göstərilir ki, Azərbaycanda əhalinin 10 faizini milli azlıqlar təşkil edir. Ancaq bizim komissiyanın 13 üzvündən 6-sı milli azlıqların nümayəndələridirsə, deməli bu faiz nisbəti təxminən 50-yə çatır. Bizdə ayrı-seçkilik, diskriminasiya olsa, heç kim gəlib burada deputat ola bilməz. Üç Qafqaz respublikası, eyni zamanda MDB-yə daxil olan dövlətlər arasında Azərbaycan ən tolerant dövlətdir. Ümumiyyətlə, bütün millətlərə humanist münasibətdə Azərbaycan çox böyük nüfuz qazanıb və bunu dünyanın ən mötəbər şəxslərindən biri olan II İohann Pavel dilə gətirib".

Nümayəndə heyətinin rəhbəri Asbyorn Eyde isə AŞ-nin ikinci dünya müharibəsindən və totalitar rejimindən keçmiş bir qitənin yaratdığı təşkilat olduğunu bildirib: "Odur ki, totalitar rejimlərin, totalitar keçmişlərin miraslarına nəinki sizin ölkənizdə, eləcə də AŞ-nın üzvü olan ölkələrin əksəriyyətinin tarixində rast gəlmək olar. Yəni, bu istər Almaniyaya, istər İspaniyaya, istərsə də Portuqaliyaya aid edilə bilər". Sonra AŞ-nın nümayəndə heyətinin rəhbəri sözügedən quruma daxil olan ölkələrin əksəriyyətində hələ də milli azlıqlarla bağlı müəyyən çətinliklərin mövcud olduğunu bildirmişdir: "Bizim artıq Azərbaycanın şimalında yerləşən Quba və Xaçmaz rayonlarına səfərimiz olub. Səfər zamanı Qırmızıbazar deyilən yaşayış məntəqəsində də olmuşuq. Bizim üçün ən dəyərli təəssürat orada yaşayan yəhudilərin Azərbaycanı özləri üçün doğma yer sanmaları oldu". O, sonda Azərbaycanın müsbət təcrübəsindən bəhrələnmək istədiklərini vurğulamışdır: "Biz sizdən bəzi şeyləri öyrənirik".

16-17 oktyabr 2003-cü il tarixdə Almaniyanın paytaxtı Berlin şəhərində Azlıq Məsələləri üzrə Avropa Mərkəzinin təşəbbüsü ilə keçirilmiş “Azlıqlar üzrə Ombudsmanlar şəbəkəsi Konfransında” Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının elmi-analitik şöbəsinin baş məsləhətçisi Aydın Səfixanlı da iştirka etmişdir. Azlıqlar üzrə Ombudsmanlar şəbəkəsi Konfransına Azərbaycanda daxil olmaqla dünyanın 22 dövlətindən 30-dan artıq nümayəndə iştirak edib. Azlıq Məsələləri üzrə Avropa Mərkəzinin prezidenti Mark Valler konfransda çıxış edərək milli azlıqların hüquqlarının müdafiəsində Ombudsmanın xüsusi rolunu qeyd edib.

Konfrans birinci gün öz işini üç əsas mövzuda təşkil olunmuş tematik sesiyalarda davam etdirib.

Konfransın gedişatında tədqiqatçılar müzakirə olunan məsələlərdə Azərbaycan nümayəndə heyətinin fəallığını xüsusi qeyd etmiş, Azərbaycan Ombudsman təsisatının qısa vaxt ərzində əldə etdiyi nailiyyətləri müsbət qiymətləndirmişlər. Daha sonra Azlıq Məsələləri üzrə Avropa Mərkəzi Azərbaycan Ombudsman təsisatının Azlıq üzrə Ombudsmanlar şəbəkəsinin yaradılması və gələcək fəaliyyətində yaxından iştirak etmək arzusu bildirilmişdir. 

30-31 oktyabr 2003-cü il tarixdə Fransanın Strasburq şəhərində Avropa Şurası binasında Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasının 5-ci ildönümünə həsr olunmuş  Konfrans keçirilmişdir. Konfransda çıxış edən Avropa Şurasının baş katibi Valter Şvimmer Avropa Şurasının insan hüquq və azadlıqlarının təmininə mühüm önəm verdiyini və bu məqsədlə bir sıra Konvensiyalar qəbul etdiyini xatırladaraq, qəbul edilən Konvensiyalar sırasında tənzim etdiyi sahənin əhəmiyyətinə görə, “Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasının” xüsusi yer tutduğunu iştirakçıların nəzərinə çatdırmışdır. V.Şvimmer həmçinin “Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasını” ratifikasiya etməmiş Avropa Şurası üzv dövlətlərini Konvensiyanı qəbul etməyə çağırmışdır.

Dünya birliyinin Azərbaycanda həyata keçirilən milli siyasətə münasibətinə gəldikdə isə bu məsələ ölkəmizin Avropa Şurasındakı nümayəndəliyinin təşəbbüsü ilə təşkil olunmuş Dəyirmi masa zamanı özünü qabarıq şəkildə biruzə verib. Belə ki, 2002-ci ilin sentyabrın 18-də Strasburqda "Azərbaycanda milli azlıqlar: gerçəkliklər və perspektivlər" mövzusunda təşkil olunan Dəyirmi masanın əsas məqsədi də məhz Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə çatdırmaqdan ibarət olub. Qurumun təcrübəsində belə tədbir ilk dəfə keçirildiyindən Avropa Şurası rəhbərliyi də bunu ilk qaranquş adlandırıb. Çünki qurumun təcrübəsində belə bir tədbir ilk dəfədir ki, keçirilirdi. Tədbirdə Azərbaycanda milli siyasət sahəsində böyük məktəbin formalaşdığı qeyd olunub. Avropa Şurasının 2003-cü ildə Azərbaycanda milli azlıqların hüquqlarının qorunması və bu sahədəki vəziyyətlə bağlı konfrans keçirmək istəyi də Strasburqda təşkil olunan sözügedən Dəyirmi masada qərara alınıb.

Qeyd edək ki, ölkə Prezidentin 2001-ci il Sərəncamı ilə hazırlanan və beynəlxalq quruma təqdim olunan "Milli azlıqların hüquqlarının qorunması üzrə Azərbaycan hökumətinin hesabatı" Avropa Şurası tərəfindən müsbət qarşılanıb. Avropa Şurasının rəsmiləri Azərbaycanda milli azlıqların hüquqlarının qorunması sahəsində heç bir problemin olmamasını birmənalı şəkildə qeyd ediblər.

Milli azlıqlarla bağlı beynəlxalq təcrübə...

BMT-nin İnsan hüquqları üzrə komissiyası milli, etnik, dini və dili azlıqlara mənsub şəxslərin hüquqları ilə bağlı Qətnamə qəbul edib. Komissiya 1992-ci il aprelin 25-də keçirdiyi iclasında insanları cəmiyyətdə sülhün qorunması üçün milli azlıqların hüquqlarını qorumağa çağırıb.

BMT Baş Assambleyası 1992-ci il 18 dekabr tarixində milli, etnik, dini və dili azlıqlara mənsub şəxslərin hüquqları ilə bağlı Bəyannamə qəbul edib. Bəyannamədə bir daha təşkilatın Nizamnaməsində göstərildiyi kimi, dilindən, dinindən və irqindən asılı olmayaraq bütün insanların hüquqlarının qorunması önə çəkilir. Beynəlxalq paktın 27-ci maddəsində etnik azlıqların hüquqları ilə bağlı məsələlər də öz əksini tapıb. BMT-yə üzv olan dövlətlər öz ərazilərində yaşayan etnik azlıqların hüquqlarını qorumağa borcludur.

BMT azsaylı xalqların hüquqlarının qorunmasında mühüm rol oynayır. Hökumətlərarası və qeyri-hökumət təşkilatları da milli azlıqların hüquqlarının qorunmasına səy göstərirlər. BMT Baş Assambleyasının 1965-ci ildə qəbul etdiyi Beynəlxalq paktda göstərilir ki, bütün xalqlar özlərinin təyinetmə hüququna malikdirlər. (Milli və etnik, dini, və dil azlıqlarına mənsub şəxslərin hüquqları haqqında Deklarasiya, 18 dekabr 1992.)

BMT Baş Məclisinin 1996-cı il dekabrın 16-da təsdiq etdiyi insanın vətəndaşlıq və siyasi hüquqları, insan iqtisadi, sosial və mədəni hüquqları haqqında faktlara müvafiq olaraq respublikamızda milliyyətindən, dilindən, dinindən, siyasi baxışlarından asılı olmayaraq vətəndaşlarımızın hamısı bərabər hüquqlara malikdir və Azərbaycan dövləti öz fəaliyyətinin bu demokratik, humanist prinsiplər əsasında qurur, inkişaf etdirir.

İnsan və vətəndaş hüquqlarının və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Beynəlxalq hüquq normalarına tam uyğun gələn həmin humanist normativ prinsip öz əksini Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində tapmışdır.

Avropa Şurası 1995-ci il fevralın 1-də "Milli azlıqların hüquqlarının qorunması haqqında" Çərçivə Konvensiyası qəbul edib. Konvensiyaya imza atan dövlətlər Avropa Şurasının insan hüquqlarının əsas hüquq və azadlığını önə çəkirlər. Bu Konvensiyaya imza atan dövlətlər, həmçinin Avropa Şurasının 1993-cü ildə Vyana şəhərində öz ərazilərində milli azlıqların hüquq və azadlıqlarının qorunması barədə Bəyannamədən irəli gələn vəzifələrə də əməl etməlidirlər. Konvensiyada  üzv  dövlətlər milli və etnik azlıqlara məxsus insanların hüquq və azadlıqlarını qorumağı öz öhdəsinə götürür və bu, beynəlxalq əməkdaşlığın əsası hesab edilir.

"Milli azlıqların hüquqlarının qorunması haqqında" Çərçivə Konvensiyası Avropa Şurası Milli Azlıqların Qorunması üzrə Xüsusi Komitəsi tərəfindən  10 noyabr 1994-cü ildən quruma üzv dövlətlər üçün açıqdır, həmçinin AŞ-a üzv olmayan dövlətlər də bu Konvensiyaya qoşula bilərlər. 

Avropa Şurasının "Milli azlıqların müdafiəsi haqqında" Çərçivə Konvensiyası 1 fevral 1995-ci ildə Fransanın Strasburq şəhərində qəbul edilib.

Beynəlxalq sənəddə göstərilir ki, milli azlıqların və bu azlıqlara mənsub şəxslərin hüquq və azadlıqlarının müdafiəsi insan hüquqlarının beynəlxalq müdafiəsinin ayrılmaz tərkib hissəsidir və buna görə də beynəlxalq əməkdaşlığın bir sahəsi hesab olunur. Qeyd edək ki, Azərbaycan bu Konvensiyaya 13 iyun 2000-ci il tarixdə qoşulub.

Azsaylı xalqların hüquqlarının qorunmasında istiqamətverici rol oynamaqda Beynəlxalq Əmək Təşkilatının 169 saylı "Köklü xalqlar və xalqlar barədə, müstəqil ölkələrdə tayfa həyatı sürən xalqlar" haqqında Konvensiyasında əks olunub. BƏT-nın 1989-cu il iyunun 26-da Ali konfransında qəbul edilən Konvensiyada əsas diqqət bu xalqların hər hansı bir diskriminasiya olmadan insan haqları və əsas azadlıqlardan istifadə etmələri nəzərdə tutulub.

Bu xalqlar inkişaf etmələri naminə ənənəvi olaraq malik olduqları torpaqlardan və təbii ehtiyatlardan istifadə edə bilər. Bu torpaqlardan istifadə zamanı dəyən ziyana və itkilərə görə kompensasiyalar əldə etmək hüquqları da var. Hökumətlərin isə köklü xalqlar üçün kredit götürmək hüquqları var. Onlar məşğulluq, professional hazırlıq, kustar sənaye və kənd təsərrüfatı sənayesində köməklik etməlidir. Sosial təminat və səhiyyə, təhsil və məlumat vasitələri, məhkəmə-hüquq müdafiəsinə də nəzərdə tutur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?