Modern.az

Vətəni yaşadanlar: Xüsusi təyinatlı kəfiyyatçının qısa HƏYAT HEKAYƏSİ

Vətəni yaşadanlar: Xüsusi təyinatlı kəfiyyatçının qısa HƏYAT HEKAYƏSİ

Qarabağ

29 Dekabr 2020, 11:24

Azərbaycanın bütövlüyü uğrunda canından keçən igidlərimizi hər bir azərbaycanlı tanımalı, onları unutmamalıdır.


Modern.az
saytı “Vətəni yaşadanlar” rubrikasına davam edir.


Bu dəfə haqqında danışacağımız şəhidimiz 12 il Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı kimi xidmət edən Şəhriyar Nəsib oğlu Quliyevdir.


Şəhriyar Quliyev 1990-cı il mayın 25-də Ağdam şəhərində anadan olub. Şəhidimiz iki yaşında doğulduğu şəhərdən ermənilərin işğalçılıq siyasəti nəticəsində didərgin düşüb. İllər boyu vətən həsrəti ilə ürəyi közərən qəhrəmanımız 18 yaşından həyatını vətənə xidmətə həsr edib və beləcə son damla qanına qədər torpaqlarımız uğrunda vuruşub.


Daha ətraflı şəhidimizin ömür-gün yoldaşı Pərvin xanımdan eşidək:


“Şəhriyar vətəninə o qədər bağlı idi ki, bütün həyatını hərbiyə həsr etdi. 2008-ci ildən hərbi kurslar keçməyə başlayan Şəhriyar, fərqləndiyinə görə, bir müddət sonra Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı kimi xidmət etməyə başladı. O. 2016-cı ildəki aprel döyüşlərində də şücaəti ilə fərqlənib. Xəritəni çox yaxşı bildiyi üçün dağ təlimində birinci yerə layiq görülmüşdü.

Şəhriyar həm ailəcanlı, həm də vətənini sevən bir igid idi”.



Həyat yoldaşı deyir ki, sentyabrın 26-sı evdən çıxarkən ona təlimə getdiyini söyləyib.

“Mənə “sonuncu çayımı süz, içim, gedim” dedi. Sonradan cümləsini dəyişdirməyinə baxmayaraq, mən nəsə olacağını hiss etdim”.


Bəlkə də, qəhrəmanımız bilirmiş, ona sonuncu dəfə çay süzüldüyünü...


Şəhriyar müharibə başlayan gündən döyüşlərdə igidlik göstərib, biri polkovnik olmaqla, 150 ermənini məhv edib:


“İkinci Qarabağ Müharibəsində Cəbrayıl, Füzuli, Hadrut rayonlarında 27 gün qəhrəmancasına döyüşərək, biri polkovnik olmaqla 150 ermənidən qisasımızı alıb. Şəhriyarın olduğu dəstə Cəbrayıla ilk dəfə daxil olub, üçrəngli bayrağımızı orada dalğalandırıb”.


Pərvin xanımın sözlərinə görə, o, artıq daha güclü olmalıdır:

“Şəhriyar yorulmaq bilmirdi. Ailəsinə qarşı çox məsuliyyətli, düşüncəli idi. Yorğun gəlsə də, övladları ilə vaxt keçirərdi.

Şəhriyarın həyat yoldaşı olduğum üçün qürur duyuram. Mən artıq daha da güclüyəm. Çünki iki oğul anasıyam. Onları Şəhriyarın adına layiq böyütməliyəm. Allahın köməkliyi ilə mən bunun öhdəsindən gələcəm”.


Şəhriyar hər zaman ailəsinə vaxt ayıra bilməyəndə: “Hər şey, vətən uğrunda” deyərmiş.

Şəhriyarın iki oğul övladı var. Balaca olsalar da, atalarının şəhidlik zirvəsinə, ən uca zirvəyə yüksəldiyini anlayırlar. Onun ata kimi arzusu övladlarının xoş günlərini görmək idi.

Pərvin xanım Şəhriyarın son zəngindən danışarkən qeyd etdi ki, sanki o, şəhid olacağını anlamışdı:

“Əvvəllər mənlə çox ümidli danışırdı, amma son danışığımızda hər şeyə hazır olmağımızı, bir daha onu görə bilməyəcəyimizi vurğulayırdı”.


Şəhriyar uşaqlıqda çox əziyyət çəkdiyi üçün oğlanlarına hər şeyin ən yaxşısını vermək istəyirmiş.

Belə də oldu...

Şəhriyar övladlarına heç nə ilə müqayisə edilməyən zirvə qoyub getdi – Şəhidlik zirvəsi.


Gənc qəhrəmanımız oktyabrın 20-si Qubadlı uğrunda gedən döyüşlərdə yaralanmış əsgər yoldaşlarını savaş meydanından çıxaran zaman qəhrəmancasına şəhid olub.

Lakin neytral zonada şəhid olduğu üçün, nəşi oktyabrın 23-ü ailəsinə təhvil verilib.


Şəhidimiz ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Bu da gənc Şəhriyarın ömür yolu.

Allah rəhmət eləsin!


Fidan İlqarqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!