Modern.az

Ali Sovetin 20 Yanvar faciəsilə bağlı iclası Zeynəb Xanlarovanın kamerası ilə çəkildi - XATİRƏ

Ali Sovetin 20 Yanvar faciəsilə bağlı iclası Zeynəb Xanlarovanın kamerası ilə çəkildi - XATİRƏ

29 Dekabr 2020, 17:16

“Çox pis vaxtlar idi. Söhbət 1990-cı ilin yanvarından, daha doğrusu 20 Yanvar faciəsindən sonrakı zaman kəsiyindən gedir.

“Azərforum”da işləyirdim. Yanvarın 22-də Ali Sovetin sədri Elmira Qafarava fövqəladə sessiya elan etmişdi. İclas başlayar-başlamaz məlum oldu ki, onu çəkmək üçün kamera yoxdur. Məsələ deputatlar arasında ciddi müzakirə edilirdi. Onlar iclasın video çəkilişinin aparılmasının vacibliyini bildirirdilər. Yuxarıdan isə çəkilişin aparılmaması ilə bağlı göstəriş gəlmişdi. Məlum, AzTV-nin çəkiliş bloku da partladılmışdı.

Təbii, ziyalılar yuxarının bu qərarına əhəmiyyət vermək istəmirdilər. Ancaq zalda əhəmiyyət verib kameralarını gizlədənlər, çəkinənlər var idi. Elə bu an qapıdan içəri Zeynəb Xanlarova daxil oldu. Məsələdən xəbər tutdu. Onun söylədiyi bu fikirlər hələ də qulağımdadır. “Mənim xalqımın bundan ağır günü ola bilməz. Qoy, elə rus Zeynəb Xanlarovanı öldürsün” dedi və zaldan çıxdı”.

Modern.az-ın məlumatına görə, bu xatirəni Mətbuat Şurasının sədri Əflatun Amaşov Xalq artisti, keçmiş deputat Zeynəb Xanlarovanın 84 yaşını təbrik edərkən bölüşüb.


Ə.Amaşov hadisənin sonrakı gedişini belə xatırlayır:


“Zeynəb xanım sürücüsünün yanına getdi və ona özünə məxsus kameranı gətirməyi tapşırdı. Beləcə, Azərbaycan Ali Sovetinin 20 Yanvar faciəsini pislənildiyi iclası Zeynəb Xanlarovanın kamerası ilə lentə alındı.

Deyirlər, qadının yaşını deməzlər. Ancaq mən deyəcəm. Çünki Zeynəb xanım həmin hadisədən sonra nəzərimdə kişilik mücəssiməsinə çevrilmiş simadır, şəxsiyyətdir. Sənəti ilə bərabər, mərdliyinə, çox kişilərdə olmayan kişiliyinə heyran qaldığım Zeynab xanımın dekabrın 28-də 84 yaşı tamam oldu.

Zeynəb Xanlarova adı Azərbaycan mədəniyyətində ayrıca bir dünyadır. O, tam yeni nəfəsdir, duyumdur, ahəngdir, böyük səsdir.

Zeynəb xanım musiqimizə kolorit gətirən obrazdır. Stereotipləri qırmağı bacaran obraz. Səsi ilə Azərbaycan yaradan məxsusi sənət dünyasıdır Zeynəb Xanlarova.

Zeynəb xanımı doğum günü münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı arzulayıram”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir