Arxiv
30 Dekabr 2020, 11:58 | REPORTAJ
Torpağı azad edənlər - “Ürəyimə dammışdı ki, oğlumun toyu olmayacaq” - Şəhid ANASI

Qapısının üzərində  qırmızı və qara lent asılmışdı.  Hər hansı qapıda  qırmızı lentin yanında qara da bağlanırsa, deməli bu evdən haqq dünyasına gedən adamın cavan, həm də toysuz olmasına işarədir. Qapını döyüb dayandım. Saniyələr keçirdi. Mən isə hər dəfə şəhid qapılarını döydüyümdə keçirdiyim təlatümlərimlə idim. Görəsən qapını kim açacaq, nə deyəcək, necə qarşılayacaq?
Bir qədər keçdikdən sonra, qapını başı qara örtüklü, başdan-ayağa qara libasda, üzündə xoş bir təbəssümlü cavan bir gəlin  açdı. Jurnalist olduğumu dedim. Dərhal içəri dəvət etdi. Dar dəhlizdən keçib, balaca bir otağa daxil oldum. Dəhlizdə  Azərbaycan bayrağı ilə bəzədilmiş guşədə şəhidin şəkilləri və əşyaları var idi. Əslində bir az bundan əvvəl elə bu binada ailəsi yuxarı mərtəbədə yaşayan şəhid  Eldar Abdullayevin mənzilində idim. Onların da mənzili elə beləcə, bapbalaca idi. Onlar 5-ci mərtəbədə, bu ailə isə onların alt qatındakı üçüncü mərtəbədə yaşayır. Otağa keçəndə isə  məni yenə də  şəhidin böyüdülmüş və divanın baş tərəfində qoyulmuş şəkli qarşıladı. Bu böyük tabloya baxanda  “niyə şəhid olan balalarımızın hamısı belə gözəldir, görəsən? Bu işığı, nuru, gözəlliyi Tanrı onaları öz yanında saxlamaq üçün verib? Ya bəlkə istəyir ki, yanındakılar da özü kimi gözəl olsun? Yox əgər gözəllik aşiqidirsə, nəyə görə, bu gözəl  cavanların taleyini, qismətini, ömrünü belə qısa yazır?”, - deyə düşündüm. 
Anası gəlib  oğlunun tablosunun yanında oturdu.

“Özünüzü təqdim edin, oğlunuzdan danışaq”- dedim:

“Əfsanə Əbülfətova… İki oğlum var. Biri Nicat Nəbiyev – 20 yaşı dekabrın 16-da tamam oldu, digəri isə ondan iki yaş balaca Samir Nəbiyevdir. 
2004-cü ildən onları tək, valideynlərimin dəstəyi ilə böyütmüşəm. Əvvəl  Sumqayıtın  köhnə məhəllələrindəki yataqxanada qaldıq, sonra  pul yığıb hərbi yataqxananın binasındakı bu mənzili aldım. 24 kvadratlıq mənzil olsa da, artıq özümüzündü. Xoşbəxt yaşayırdıq.  Oğlum fikirləşirdi ki, əsgəri xidmətini başa vurandan sonra, hərbidə qalıb xidmət edəcək və oradan qazandığı pula torpaq alıb, ev tikəcəyik. 11 yaşından oğlum da mənimlə birlikdə pul qazanıb, evə pul gətirib. Ana-bala gecə-gündüz çalışmışıq ki, ağır vəziyyətdən çıxaq. Elə gözəl arzularımız var idi ki…

Gecələr sexdə, gündüzlər məktəbdə xadimə işlədim.  İstirahətim olmadığından başımda şiş əmələ gəldi. Xəstələnəndən sonra, oğlanlarım qoymadı məni işləməyə. Dedilər ki, sən evdə otur, biz qazanaq, dolanaq.
Nicat 5-ci sinfə qədər ata yurdum Şəkidə məktəbə getdi, sonra Sumqayıtda 39 saylı məktəbdə oxudu. Daha sonra 10 saylı peşə məktəbini bitirdi. Kiçik yaşlarından çiyinlərinə çörəkpulu qazanmaq yükü düşdüyündən  ciddi təhsil almağa imkanı olmadı. Səhər məktəb, günortadan sonra çörəkpulu dalınca qaçdı balalarım”.


Müşahidələrimdən belə nəticəyə gəlmişəm ki, bütün kasıb balaları belədir. Məktəb oxumağa imkan tapmadıqda, hərbi xidmətə gedəndən sonra çalışırlar ki, yaxşı və nümunəvi olsunlar ki, onları bu sahədə saxlasınlar. Çünki hərbidən qayıdandan sonra, nəsibləri ya fəhləlik və əzablı, ağır işlər olur ya da bekarçılıq. Kimdir kasıbın balasını gətirib yaxşı mərtəbəyə qaldıran. Nə bacarsa özünün zirəkliyindən olacaq.  Kasıbçılığın üzü qara olsun…
Tale o qədər  namuslu və şərəfli adamları aparıb, özündən şərəfsizə qul edir ki…  Gözəl bildiyimiz Allahın, Tanrının, Yaradanın belə düz olmayan yazıları da var…



Anası Əfsanənin söhbətlərindən bildim ki, Nicat 11 yaşından etibarən boş vaxtı olan kimi Sumqayıtdakı “Kolxoz bazarı”nın yaxınlığında - “Cavid” Ticarət evinin qarşısındakı meydançada uşaq atraksionunda oyuncaq maşınlara xidmət edirmiş. Bu oyun  meydançasında kirayə verilən maşınlarda pult vasitəsi ilə uşaqları sürür, iş günü başa çatanda isə maşın sahibinin verdiyi qəpik-quruşu sevinə-sevinə anasına gətirirmiş. Hətta əgər  iş sahibi özü ona günorta yeməyi alıb verməsə, qazandığı pullardan qıyıb özünə yemək almırmış. 20-30 qəpiklik peraşkini də öz canına qıymırmış.

Bəlkə neçə dəfə elə o meydançanın qabağından, indi şəhidlik məqamına yüksəlmiş Nicatın onu görmək istəməyən atası gəlib keçib... Qardaşı Samir xatırlayır ki, balaca olanda Nicat kədərli halda bir gün ona deyib:

“Sən atamızı yaxşı tanımırsan. Ancaq mən bir dəfə  bazarın yanında işdə olanda onu gördüm, gəlib keçdi yanımdan... Əvvəl dalınca qaçdım, sonra birdən dayandım ki, məni burada görüb utanmasın...”.

Belə ağrılı-acılı günləri də olurmuş balaca Nicatın. İstər atalı olsun, istərsə də atasız olsun, insanın taleyinə böyümək yazılıbsa, böyüyəcək. Taleyinə böyümək yazılmayan isə Gəncədə ermənilərin “Smerç” bombalarından həyatını itirən uşaqlar kimi böyüməmiş öləcəklər. Nicatla Samir isə atalarının var olduğunu hər ay hökumətin onların ikisi üçün kəsdiyi 40 manat alimentdən hiss ediblər. Anası Əfsanə hər dəfə bu alimentlə onların hansısa biri üçün çatışmayan ayaqqabı, gödəkçə, çanta... və s. alardı.


Nicat bir az böyüyəndən sonra isə şəhərdaxili avtobuslarda konduktorluq edib. Bəzən anası evdə bişirdiyi yeməyi çörəkarası edib günortalar gətirib Nicata verəndə, o, bundan əzab çəkib. Dəfələrlə deyib ki, “ana, mənə yemək gətirmə, qoy yanımdakılar səni görməsinlər”. Axı bir növ evin həm də kişisiydi Nicat. Anasının ayağına daş dəyəndə, ürəyinin başına dəyərdi. Ona görə də ilk sevgisi sayırdı anasını. “Aşkım” deyə çağırırdı.


Yenə Əfsanədən oğlunu soruşuram: - Nicat nə zaman əsgər getmişdi?


“Elə bil ki, ürəyimə dammışdı ki, oğlumun toyu olmayacaq. Əsgər getməzdən əvvəl onun üçün restoranların birində yığıncaq elədim. Adətən kostyum geyməzdi. Təzə bir  kostyum almışdı. Yalvarıb-yaxardım ki, oğul arzumdur axı, səni bir bəy kostyumunda görüm, bu dəfə sənin adına açdığım məclisdə bəy kimi geyin. Təzə kostyumunu, tuflilərini geyindi. Oğlumun boyu 1metr 80 sm idi. Mən də bəy anası kimi qıpqırmızı geyindim. Qonaqlarımız gəldi. Dedilər, güldülər, oynadılar. Ancaq mən elə hey ağlayırdım. Xarakter etibarı ilə mən ağlağan deyiləm, həyat məni döysə də, həmişə gülmüşəm.  Mənim bu narahatlığımı görən Nicatım boynumu qucaqlayıb “aşkımm... vallah qayıdıb gələcəm, ev tikəcəm, evlənəcəm...” dedi.


22 iyulda yola saldım. Atasına dedim ki, gəl heç olmasa oğlunun məclisində iştirak elə, müharibədir, gedib dönməmək də var. Gəlmədi. Şəhid olandan sonra gəldi. Mən də qapıdan qovdum. Belə bir bayatı var deyirlər ki:

Kərəm, səsəmi gəldin,

Dabanbasamı gəldin.

Sağ günündə gəlmədin,

Öldü, yasamı gəldin...

Andiçməsi Goranboyda oldu. Qardaşımı, kiçik oğlum Samiri götürüb getdim. Dedi ki, “ana, atamı gözlədim, fikirləşdim ki, bəlkə gələr, yenə gəlmədi...”.

Goranboyda xidmətdə olanda neçə dəfə özüm getdim yanına. Elə ki, Ağdama köçürüldü, daha mənə icazə vermədi. Dedi “burda ancaq kişilərdir. Gəlmə yanıma. Özüm gələcəyəm”.
2020-ci il yanvar ayının 14-də məzuniyyət götürüb gəlmişdi. Öz-özümə fəxr edirdim ki, 36 yaşım var, əsgər anasıyam. Başını qoyurdu qollarımın üstünə mışıl-mışıl yatırdı. O yatırdı, mən isə yatmırdım. Gecə-gündüz əllərimi Tanrıya  açıb, balamı qorumağı, sağ-salamat geri dönməsini diləyirdim. Yalvarıb demişdim ki, “Ay Allah, Nicatımı sənə əmanət edirəm!”. 
Sevdiyi yarpaq dolmasını bişirdim, çiyələk, əncir mürəbbəsi yedirtdim ona...  Məzuniyyətə gəlib gedəndən sonra, əynindən çıxardığı paltarları yumadım.  Bilmirəm niyə belə etdim. Götürüb hamısını bir sellafon torbada saxladım. Darıxanda iyləyirdim onları. Balamın cənnət qoxusu gəlirdi paltarlardan.


Oğlum qeyrətli, vətən təəssübü çəkən idi. Özü ərizə yazıb, Üçoğlanda “Mübariz postu”nda xidmət etməyi istəmişdi. Soruşdum ki, ay bala, sənin orada nə işin var?! Dedi ki, “ana, Mübarizdən artıq  oğlanıq? Bu can Tanrıya əmanət, bizi şəhid etsə, nə xoşbəxt olarıq”.
Belə cavab verəndə yanıb-tökülürdüm. Deyirdim ki, ay bala, səni böyütmüşəm ki, mənə arxa-hayan olasan, belə danışma. Mənim həm atam, həm qardaşım, həm anam, həm dostum, həm arxamsan.  Deyirdi “ay qız, qorxma. Hardadır məndə o bəxt ki, Allah şəhid eləsin... Allah ancaq istədiklərini aparır.  Məni hələ zülm çəkmək üçün saxlayacaq”.

Tez-tez bağlama göndərirdim. Telefonla danışanda demişdi ki, bu il iyun ayının 20-də ad günümə gələcək. Pandemiya olduğuna görə gələ bilmədi. Mən bacardığımı etdim balalarım üçün, sünnət toyu elədim, xəstələnəndə əməliyat etdirdim, özümə qıymayıb onları böyütdüm. 15 yaşımdan məni məcburi qaçırmışdılar. Günüm-güzəranım olmadı. 22 yaşımdan ayrıldım... Övladın yükü, həyatın yükü, dünyanın yükü ... hamısı bu çiyinlərimdə idi. Allah gətirib çiyinlərimə oğul tabutunun altına girmək yükü də yazdı...  Allah yükü çəkə bilənlərə verirmiş”.



Əfsanə Əbülfətova danışdıqca, elə bil ki sinəsinin dərd yükünü boşaldır. Mən də daha sual vermirəm. Onun səsinə, üz ifadələrinə, gözlərindəki kədərinə, hayqırtılarına baxıram. O oğul dərdini danışmır, sanki dərdin şəklini çəkir:


“Sentyabrın 27-si, müharibə başlayan gündən gözümə yuxu getmədi. Oktyabrın 1-i idi. Bizim binada hərbçilər yaşayır. Hərdən çıxıb qonşu  qadınlarla dərdimizi bölüşür, müharibə xəbərlərini müzakirə edirdik. Qonşu qadınların içərisində kimisi ana, kimisi bacı, kimisi də gəlindir. Hər kəs öz doğmasından narahatlıq izhar edirdi. Mən öz narahatlığımı büruzə vermirdim. Çöldə deyib-gülürdüm. Ancaq evə gələn kimi, ağlamaq tuturdu məni. Yenə evə gəldim. Təzəcə oturmuşdum ki, qonşum İradə xala keçdi bizə. Baxdı ki, çox məyusam. Əlimdə Nicatın şəklini tutub oturmuşdum. İradə xala soruşdu ki, nə olub Əfsanə? Dedim heç nə, daha boğuluram, dözə bilmirəm İradə xala, görmürsən Nicat ağlayır?..
O, məni sakitləşdirdi. İradə xalanı inandıra bilmədim ki, Nicatın şəklinə baxanda gözlərində yaş gördüm.
O gedəndən sonra divanın bir küncündə oturdum. Təzəcə yuxuya gedəndə, Samir gətirib üstümə yorğan atdı, ayıldım. Dedi ki, ana, sən neçə gündür yatmırsan, keç qardaşımın yerində yat. Adətən gecə paltarında yatıram. İndi elə bil kimsə mənə dedi ki, əynini dəyişmə. Bir qara paltar  geyinib, yerimə təzə uzanmışdım ki, qapı döyüldü. Açdım ki, atam dayanıb. Həmən soruşdum ki, Nicata nə olub, ata? Dedi, qızım, evimizə od düşüb, uşaq yaralıdır. Bir haray çəkdim, bir qıyya çəkdim ki, qonşular səsimə gəldilər.
Səhər saat 4-də dostu Orxan və əsgərlər oğlumun tabutunu çox çətinliklə bu balaca mənzilimə qaldırdılar. Səhərə qədər tabutun başına dolandım, döyəclədim üstünə, ağladım, çağırdım Nicatı. Dedim bala, sən axı belə etməzdin, sən axı sözünə sadiq idin, vəfalı idin. Mənə “qayıdacağam” demişdin. Quzu kimi mələdim, yalvardım ki, açın tabutuna baxım. Əvvəl açmadılar. Sonra qardaşım dedi ki, sən istəyərsən ki, Nicatın tabutu açılandan sonra, onu aparıb təzədən yusunlar, o şəhiddir, əl dəysən, yenə aparıb yuyacaqlar... Fikirləşdim ki, aparıb balamı məsciddə soyuq su ilə yuyacaqlar, o da üşüyəcək... Ona görə fikrimdən vaz keçdim.


Oktyabrın 2-də aparıb Sumqayıtın Şəhidlər Xiyabanında dəfn etdilər Nicatımı.  O gün bu gün, Nicatı gözləyirəm. Hələ inanmıram. Elə bilirəm 2021-ci ilin yanvarında qayıtmalıdır Nicatım. Axı mənə söz verib.
Nicatı dəfn edəndən sonra qohum-əqraba gəlib, onun adına çalınan halvadan yedilər. Mənə də təsəlli verirdilər ki, yoxluqla barışmalıyam. Deyirəm ki, siz yediyiniz halvaya görə utanacaqsınız. Nicat ölməyib, o kəşfiyyatçı idi. Belə düşünürəm ki, tapşırığa gedib. Bəlkə getdiyi yerdə işıqlar yanmır, bəlkə telefonunun enerjisi bitib. Axı ola bilməz ki, oğlum mənə bu qədər vaxtı zəng etməsin.


Elə ki, tək qalıram, oğlumun şəkli ilə danışıram. Bayaq siz qapını döyəndə də onunla danışırdım. Uşaqlığını yada salmışdım. Gülürdüm. Ona görə də sizə qapını açanda üzümdə gülüş ifadəsi vardı. Soruşurdum ki, oğul axı sən mənə demişdin ki, tərxis olunandan sonra, gəlib sənə elə maraqlı hadisələr danışacam ki...
Soruşuram ki, oğul, sən vurulanda haran ağrıdı, məni çağırdın, yoxsa, qardaşını? İlk köməyinə çatan kim oldu? Xəbərin oldumu ki, şəhid olmusan? Deyirəm ki, bala bəlkə məndən küsürsən ki, gedib, sənin başdaşının şəklini düzəldənlərlə birlikdə dayanıb, söhbət edib, səndən danışmışam? Bir cavab ver də, niyə danışmıran? Məndən niyə küsdün bala?! 

Gedirəm Şəhidlər Xiyabanına, sarılıram balamın baş daşına. Oturub baxıram...  Durub qayıdanda görürəm ki, dalımca baxır. Yenə qayıdıb otururam yanında. Deyirəm ki, ya sən gəl ya da məni apar.  Deyirəm ki, bala, bunu sənə bağışlamayacağam. Bəs səninlə üz-üzə gələndə, mənə verdiyin bu əzab-əziyyətə görə heç utanmayacaqsan?  Hər gün 17-ci mikrorayondan oraya qaçıram. İndi mənim oğlumla görüş yerimdir ora. Bilmirəm ki, nə deym... daşlarla danışıram. Daşları danışdırıram... O mənimlə danışmır. Dekabrın 16-sı 20 yaşını Şəhidlər Xiyabanında qeyd etdim".


- Əfsanə, barmağındakı üzük nədir elə?


- Nicatın sevdiyi qıza verdiyi üzüyüdür. Balamın nişanəsidir. Nicat şəhid olandan sonra gətirib, məzarının üstünə qoydu. Mən də gedib götürdüm. Dedim ki, ay qızım, barı gözləyəydin 40-ı çıxaydı da... Deyir ki, xala, özünüzdə qalsın, hələ bilmək olmaz ki, mənim axırım necə olacaq... İndi balamın sevdiyi o qızla yazışıram hərdən... Mən ona da təsəlli verirəm. Təki o qız xoşbəxtliyini tapsın. Mənim oğlum onu xoşbəxt edə bilmədi...


Mən isə Əfsanədən ayrılanda, ona heç nə ilə təsəlli verə bilmədim. Bu yazını qələmə alanda, öyrəndim ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri  Nicat Nəbiyev ölümündən sonra “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif edilib. 
Tanrı bütün şəhidlərimizə rəhmət eləsin. Onlar bizə ZƏFƏR adlı bir mötəbərlik və ucalıq əmanət edib, tanrı dərgahına ucaldılar.


Aida Eyvazlı GÖYTÜRK

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
AŞPA-ya yeni prezident seçildi 25 Yanvar 2021, 15:25 SOCAR-ın maliyyə işlərini nəzarətdə saxlamağa ehtiyac var - Deputat 25 Yanvar 2021, 15:21 Baş Prokurorluq xaricdə gizlənmiş 30 nəfərin ekstradisiyasına nail olub 25 Yanvar 2021, 15:11 Masallının baş həkimi belə həbs edilib - VİDEO 25 Yanvar 2021, 15:01 Azərbaycan Livana NOTA VERİB 25 Yanvar 2021, 14:56 Azərbaycan xalqına qarşı müharibə cinayəti törədənlər AXTARIŞA VERİLİB 25 Yanvar 2021, 14:45 Koçaryan siyasətə qayıdır - Baş nazir olmaq İSTƏYİR 25 Yanvar 2021, 14:42 Komitə sədri gördüyü işlərdən danışdı 25 Yanvar 2021, 14:38 Azərbaycan və Türkiyə “feyk-nyus”larla birgə mübarizə aparacaq 25 Yanvar 2021, 14:33 “Ümidvaram ki, tezliklə çay üzərindən yeni körpünün təməli qoyulacaq” 25 Yanvar 2021, 14:28 “Sizin təklifinizə uyğun olaraq, 6 ölkəni ziyarət edəcəyəm” -  Cavad Zərif 25 Yanvar 2021, 14:22 “AzerGold” ölkə iqtisadiyyatına 187 milyon manat vəsait cəlb edib 25 Yanvar 2021, 14:16 Prezident müharibə əlilləri və şəhid ailələri ilə bağlı sərəncam İMZALADI 25 Yanvar 2021, 14:10 Bakıda evdən 2 600 manatlıq oğurluq edildi 25 Yanvar 2021, 14:04 Baş həkim bu əməllərinə görə həbs edilib 25 Yanvar 2021, 13:58 İrfan Sapmaz illər sonra xəbər müxbirliyinə QAYITDI 25 Yanvar 2021, 13:54 Milli Məclisin komitəsi Qarabağda İCLAS KEÇİRƏCƏK 25 Yanvar 2021, 13:50 Ermənistan diaspor dayağını necə itirib? 25 Yanvar 2021, 13:47 Azərbaycanda 281 vəzifəli şəxsin işi məhkəmələrə göndərilib 25 Yanvar 2021, 13:43 Nazirlikdən sahibkarın meşələri məhv etməsi xəbərinə REAKSİYA 25 Yanvar 2021, 13:38 44 günlük Vətən savaşından bəhs edən “Müzəffər Ali Baş Komandan” kitabı çap edilib 25 Yanvar 2021, 13:32 Birdəfəlik əkin subsidiyası torpaq kateqoriyasına görə veriləcək 25 Yanvar 2021, 13:27 Məhkumlar arasında koronavirusdan ölən olub? - Rəsmi cavab 25 Yanvar 2021, 13:22 Ədliyyə Nazirliyində 62 siyasi partiya qeydiyyatdan keçib 25 Yanvar 2021, 13:16 Tarixçi alim: “Hacı Zeynalabdin Tağıyevin doğum tarixi bilinmir” 25 Yanvar 2021, 13:12 Ermənilər Qarabağda 7 min fərdi ev TİKƏCƏK 25 Yanvar 2021, 13:06 Azərbaycanda bir ildə qeydə alınan məhkumların SAYI 25 Yanvar 2021, 13:03 Sabahın hava PROQNOZU 25 Yanvar 2021, 13:00 “Ötən il 254 cinayətkar qrup zərərsizləşdirilib” - Baş prokuror 25 Yanvar 2021, 12:57 Tərkibində qadın olan oğru dəstə saxlanıldı - FOTO 25 Yanvar 2021, 12:54 Vüqar Səfərlinin məhkəməsi təxirə salındı 25 Yanvar 2021, 12:50 Xəstələrə göndəriş vərəqəsinin verilməsi qaydası TƏSDİQLƏNDİ 25 Yanvar 2021, 12:45 Minsk Qrupu regiona yeni səfərə HAZIRLAŞIR 25 Yanvar 2021, 12:41 Azərbaycanda boşanma ərizəsi verən 288 ər-arvad fikrini DƏYİŞDİ 25 Yanvar 2021, 12:40 Nardaranda silahlı şəxs tutuldu - FOTO+VİDEO 25 Yanvar 2021, 12:36