Modern.az

“20 iti, 1 uşağı olan imkanlı ailənin niyə 3 iti, 3 də uşağı olmasın?”

“20 iti, 1 uşağı olan imkanlı ailənin niyə 3 iti, 3 də uşağı olmasın?”

Müsahibə

28 Yanvar 2010, 13:07

Milli Məclisin (MM) Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Modern.az saytının suallarını cavablandırır. 

- Hadi müəllim, ötən ili sosial-iqtisadi baxımdan necə qiymətləndirirsiniz?

- 2009-cu il dünyada qlobal maliyyə-iqtisadi böhranla müşahidə olundu. Azərbaycan iqtisadiyyatı böhranın bu və ya digər fəsadları ilə üzləşdi. Eyni zamanda, bunu Azərbaycanda gedən proseslərlə əlaqələndirə bilmərik. Əslində, ötən il Azərbaycanda real gəlirlər xeyli artdı. Baxmayaraq ki, 2008-ci il Azərbaycanda əməkhaqlarının, sosail müdafiənin ən gücləndiyi il idi, amma 2009-cu il də real gəlirlərin artdığı və stabilləşmə ili kimi yadda qaldı. Ötən il Azərbaycanda manatın inflyasiyası demək olar ki, dayandı, milli valyutamız gücləndi. Bununla yanaşı, bazarda qiymətlərin bir qismi aşağı düşdü, digər qismi isə kəskin surətdə artmadı. Bunların hamısı son nəticədə insanların real gəlirinin artmasına xidmət etdi. Azərbaycan vətəndaşının sosial durumu bir o qədər pisləşmədi, amma kəskin surətdə yaxşılaşmadı. Bununla belə, ötən il bir sıra digər önəmli addımlar atıldı.

- Konkret olaraq hansı addımlar?

- Uşaqpulu 75 manata çatdırıldı, Azərbaycan vətəndaşlarının  326 milyon manatlıq qazpulu borcu silindi, eyni zamanda, digər bənzər addımlar atıldı ki, bunlar hamısı nəticə etibarilə insanların sosial müdafiəsinə xidmət etdi. Ötən il həmçinin qanun yaradıcılığı prosesində bir sıra önəmli addımlar atıldı. Azərbaycan üçün önəmli olan “Təhsil haqqında” Qanun qəbul olundu, sosial müdafiəni özündə ehtiva edən bir sıra qanunlarımızda müdafiə elementləri artırıldı. Konkret olaraq Əmək Məcəlləsinə bir sıra dəyişikliklər edildi.  Bunlar ilk baxışda bəlkə də sosial müdafiəni zəiflədən addımlar kimi qəbul oluna bilər, amma nəticə etibarilə sosial ədalətin bərpasına xidmət edən məsələlərdir. Bizim ötən il qəbul etdiyimiz qanunların biri də QİÇS-lə bağlıdır. Ümumiyyətlə, QİÇS dünyanın ən aktual problemlərindən biridir və Azərbaycanda da bu istiqamətdə önəmli addımlar atılır. Bununla yanaşı, ötən il müzakirəyə çıxarılan qanunlar sırasında, ətrafında xeyli mübahisələr gedən “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun layihəsi də var idi ki, bu sənədə etirazlar oldu. Əslində bu, cəmiyyətin və parlamentin özünün bugünkü reallıqlardan, dünyada gedən proseslərindən uzaq qalmasının nəticəsidir.

- Siz bu qanunla bağlı səslənən etirazları əsaslı hesab etmirsiniz?

- Bilirsiniz, bunu bəzən yeri gəldi-gəlmədi menatalitetlə bağlayırlar, əslində isə bu, menatalitetə dəxli olmayan bir məsələdir. Dünyanın bütün ölkələrində reproduktiv sağlamlıqla bağlı proseslər gedir. Hətta qonşu İranda bu yöndə önəmli addımlar atılır. Ona görə hesab edirəm ki, bu sənədin müzakirəyə çıxarılması özü bizim uğurlarımızdan biri sayılmalıdır. Biz bununla cəmiyyətə bir növ mesaj göndərmiş olduq. İnanıram ki, zamanı gələndə həmin qanun layihəsi də deyilən tələblərə uyğun olaraq qəbul olunacaq. Buna heç bir şübhəmiz yoxdur.

- Deputat Elmira Axundova dəfərlərlə belə bir məsələni gündəmə gətirib ki, bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda da uşaq anadan olan kimi onun adına bankda hesab açılsın. Bu məsələ reallaşa bilərmi?

- Bu məsələ müzakirə mövzusu olaraq qalmaqdadır. Rusiyada uşağın dünyaya gəlməsi ilə bağlı çox ciddi addımlar atılır, buna çox böyük miqdarda maliyyə dəstəyi ayrılır. Orada “analıq kapitalı” adlı bir məfhum var. Ana hamilə olan andan ona 25 min rubl pul ayırırlar və bu pul ananın bu dövr ərzində müalicəsinə, müayinəsinə və digər xərclərə sərf olunur. Eyni zamanda, bu ölkədə ipoteka kreditlərinin uşaqla, övladla bağlı maraqlı formaları mövcuddur. Bu ölkədə təbii artım mənfidir. Təxminən ildə 780 min adam azalır. Azərbaycana gəlincə, təbii artım 1,1 faizdir. Bunun özü çox böyük rəqəmdir. Bizdə təxminən 100 min artım var, əhalimizin sayı 9 milyona çatıb. Bu baxımdan  hesab edirəm ki, bizdə doğuşu həvəsləndirməkdənsə, daha çox uşaq ölümünün qarşısının alınmasına cəhd göstərilməlidir. Bununla yanaşı, reproduktiv sağlamlığı yaxşılaşdırmağa çalışımalıyıq. Bu gün Azərbaycanda dünyaya gətirə bilməyən 12 faiz əhali var ki, onların sağlamlığına çalışmalıyıq. Təsəvvür edin ki, bu 12 faiz insanı sağalda bilsək, bizim təbii artımımız 1,3-1,5 faizə gəlib çata bilər. Bu da çox ciddi rəqəmdir. Ona görə biz doğuşdan daha çox, bu dediyimiz məqamlara diqqəti artırmalıyıq. Onu da qeyd edim ki, ölkə başçısının imzaladığı demoqrafik təhlükəsizliklə bağlı proqram var. Demoqrafik təhlükəsizlik  odur ki, bu məsələdə bir az tənzimlənmə olsun. Məsələn, İranda bu məsələ çox ciddi tənzimlənir. Orada sterilizasiya deyilən proses mövcuddur.İranda hansı ailələrdə ki uşaqları saxlamaq üçün maliyyə imkanları məhduddur, onlara uşaq dünyaya gətirməyi dolayısı yolla öz xahişləri ilə qadağan edirlər. Odur ki, son illər ərzində İranın əhalisinin sayı elə dəyişməz olaraq 70 milyon qalır. Bizdə də buna oxşar addımlar atılmalıdır. Məsələn, bu gün 20 dənə it saxlayıb bir uşağı olan imkanlının demirəm 20  uşağı olsun,  deyirəm ki, üç iti, üç uşağı olsun. Özünüz də fikir versəniz görərsiniz ki, ABŞ-da, Qərb ölkələrində imkanı olan insanların daha çox uşaqları var, nəinki imkansızların. Ancaq bizdə əksinədir, imkansızların daha çox uşağı var, nəinki daha imkanlıların. Elə bilirəm ki, bu proseslər bizdə də tənzimlənsə, o, dediyimiz həvəsləndirməyə ehtiyac qalmaz.

- Qarşıdan növbəti parlament seçkiləri gəlir. Bu baxımdan, ölkədə mövcud seçki qanunvericiliyini, bu yöndəki hüquqi bazanı normal hesab etmək olarmı? Bu baza seçkilərin demokratik, şəffaf keçirilməsinə arzuolunan hüquqi təminatı yaradırmı?

- Birmənalı şəkildə qeyd edə bilərəm ki, son illər, o cümlədən ötən il ərzində seçki qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində çox ciddi addımlar atılıb. Deyə bilərəm ki, Azərbaycanın seçki ilə bağlı hüquqi bazası çox yüksək səviyyədədir və dünya standartlarına cavab verir. Eyni zamanda, ölkədəki siyasi partiyalar da fəaliyyətlərini məhz bu hüquqi bazaya uyğun olaraq tənzimləməyə çalışırlar. Məsələn, Yeni Azərbaycan Partiyası (YAP) sonuncu bələdiyyə seçkilərinə bir qrup namizədlə getdi. Əvvəlki illərdə isə elə olurdu ki, YAP-dan beş nəfər adam bir yerə öz namizədliyini irəli sürürdü. Xüsusilə parlament seçkilərində belə hallara tez-tez rast gəlinirdi. Sanki YAP üzvləri bir-biriləri ilə mübarizə aparırdı. Bu da nəticə etibarilə partiyanı zəiflədirdi. Ancaq sonuncu seçkilərdə demokratik mərkəziyyət prinsipinə üstünlük verilərək, seçkilərə konkret bir qrup namizədlə gedilməsi qərarı verildi ki, bu da çox uğurlu nəticələndi. Partiyamız bundan daha çox qazandı, bu mübarizədən daha güclənmiş şəkildə çıxdı. Hesab edirəm ki, bunun özü qarşıdan gələn seçkilərə də bir növ məşq kimi oldu. Bu baxımdan ümid edirəm ki, partiyamız qarşıdan gələn parlament seçkilərindən də qalib çıxacaq. Bununla belə, Azərbaycandakı mövcud durum, şərait, reallıq, o cümlədən seçki qanunvericiliyi, bu yöndəki hüquqi baza da ölkəmizdə seçkilərin demokratik, şəffaf keçirilməsinə tam şərait, imkan yaradır. Buna heç kimin şübhəsi olmasın.

 

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır