Modern.az

2020-ci il partiyalar üçün necə yadda qalacaq... - Pandemiya, seçkilər, iqtidar-müxalifət dialoqu, “Dəmir yumruq”...

2020-ci il partiyalar üçün necə yadda qalacaq... - Pandemiya, seçkilər, iqtidar-müxalifət dialoqu, “Dəmir yumruq”...

31 Dekabr 2020, 11:30

Bütün dünyanı bir çox çətinliklərlə sınağa çəkən 2020-ci il artıq sona çatır. Daha çox mənfi hadisələrlə, itkilələ yaddaşlarda qalan bu ilin son aylarında Azərbaycan üçün 30 ildir gözlənilən tarixi hadisə yaşandı. 44 gün davam edən Vətən Müharibəsi nəticəsində uzun illərdir düşmən tapdağında olan torpalarımız azad edildi. Məhz bu hadisə Azərbaycanın müasir tarixinə 2020-ci ili qızıl hərflərlə yazdırmağı bacardı.

2020-ci il ayrı-ayrılıqda müxtəlif sahələr üçün də xeyli yaddaqalan oldu.

Modern.az saytı 2020-ci ildə Azərbaycanın siyasi həyatında baş verən önəmli hadisələr haqqında partiya rəhbərlərilə keçirdiyi sorğunu təqdim edir.


Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı hesab edir ki, 2020-ci ilin bütün sahələr üçün ən önəmli hadisəsi Vətən Müharibəsi və torpaqlarımızın düşmən tapdağından azad edilməsi oldu:


“2020-ci ildə pandemiyadan tutmuş müharibəyə qədər bir çox mənfi hadisəyə şahid olduq. Buna baxmayaraq, ilin sonuna yaxın işğal olunmuş torpaqlarımızın azad edilməsi bütün Azərbaycan xalqı üçün əsl qürur mənbəyi oldu. Biz torpaqlarımızı azad etsək də, şəhərlərimiz, kəndlərimiz tamamilə dağıdılıb. Onları bərpa etmək, böyük quruculuq işləri görmək lazım gələcək. Azad edilmiş torpaqlarımızın yenidən canlanması bizim qarşımızda duran ən vacib məsələlərdən biridir. Və bunu da həll edəcəyimizə inanıram”.


Sabir Rüstəmxanlının fikrincə, gərgin və bir o qədər də möhtəşəm ili başa vurduq:


“Tarixin uzun bir dövründə 2020-ci il Azərbaycan üçün mühüm yer tutacaq”.

 

Müsavat Partiyasının sədri Arif Hacılı da hesab edir ki, hər baxımdan 44 günlük müharibə 2020-ci ili Azərbaycan üçün ən yaddaqalan il etdi:


“30 ilə yaxındır, işğal altında olan ərazilərimizin bir çoxu azad edildi. Bu məsələ istisna olmaqla, 2020-ci ili həm bəşəriyyət, həm də Azərbaycan üçün uğurlu il hesab etmək mümkün deyil. İlin əvvəlindən pandemiya səbəbindən minlərlə vətəndaşımızı itirdik. Ölkə ciddi iqtisadi böhran şəraitinə girdi. İş yerlərinin  bağlanması, neftin qiymətinin aşağı düşməsi ciddi iqtisadi çətinliklər yaratdı. Eyni zamanda, bu il Azərbaycan ərazisinə Rusiya qoşunlarının gəlməsi və bu qoşunların, silahlı qüvvələrin Yuxarı Qarabağda erməni dövləti yaratmağa girişməsi ilin ən uğursuz hadisəsidir. Bütövlükdə, bütün dünya və Azərbaycan çətin bir ili geridə qoydu. Ümid edirəm ki, 2021-ci il həm Azərbaycan, həm də dünya üçün daha uğurlu olacaq”.


Partiya sədri qeyd edib ki, siyasətdə bu il böyük passivlik müşahidə olunub. O, ilin əvvəlində keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrilə razılaşmadıqlarını vurğulayıb

“Sonrakı mərhələdə isə pandemiya səbəbilə aktivlik üçün şərait olmadı. Pandemiyaya görə ölkədə siyasi qüvvələrin normal fəaliyyət imkanları yox idi. Bu baxımdan, 2020-ci ili siyasi partiyaların fəaliyyəti baxımından uğurlu il hesab etmək mümkün deyil”. 


Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı xatırladıb ki, 2020-ci il Milli Məclisə keçirilən növbədənkənar seçkilərlə başladı:


“Ölkə prezidentinin həyata keçirdiyi islahatların önəmli tərkib hissəsi kimi bu seçkilər əhəmiyyət kəsb edirdi. Yeni parlament formalaşdı və bu gün parlament qanunverici hakimiyyətin bir qolu kimi üzərinə düşən vəzifələri uğurla yerinə yetirməkdədir. Təəssüf ki, biz 2020-ci ilin əvvəlindən başlayaraq dünyanı bürüyən pandemiyanın əhatə dairəsinə düşdük. Dövlət özünün bütün imkanlarını və resusrlarını bu istiqamətə yönəltdi ki, bəladan çıxa bilək. Yaradılan Operativ Qərargah tərəfindən olduqca ciddi addımlar atıldı. Pandemiyanın ilk mərhələsində bütün bunların nəticəsində minimum itki ilə çıxa bildik.
Təəsüf edirəm ki, bu günə qədər də bəlanın içərisindəyik. Yenə də yoluxma sayında azalmanın davam etməsi ümidvericidir”.


Deputatın sözlərinə görə, 2020-ci il sentyabrın 27-də “Dəmir yumruq” hərbi əməliyyatının başlanması və Ali Baş Komandanın rəhbərliyi altında uzun illərdən bəri işğalda olan torpaqlarımızın azad edilməsi 2020-ci ilin ən böyük tarixi nailiyyəti oldu:

"Himayəçilərinin hərtərəfli yardımı ilə Azərbaycanın torpaqlarını işğal edən erməni faşizmi üzərində sentyabr ayının 27-də başlayan, noyabr ayının 10-da bitən müharibədən qalib çıxdıq. Müharibənin sonrakı dövründə, təxminən 20-21 günlük müddətdə daha da alovlanan informasiya və diplomatik müharibəsini də biz qazana bildik. 44 günlük müharibə özünün əhəmiyyətinə, siyasi və hüquqi çəkisinə görə Azərbaycan dövlətçilik tarixinin yüzilliklərinə bərabər olan möhtəşəm qələbədir. Bu 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman silahlı qüvvələrimiz yeni tarix yazdı. Azərbaycan dövlətçiliyinin və hərbi tarxiniin şərəfli səhifələrini qeyd etdi. Bizim zədələnmiş qürurumuz və milli mənliyimiz özümüzə qayıtdı. Ayrı-ayrı tarixi zamanlarda itirilmiş torpaqlarımızın Vətənimiz, bütöv Azərbaycan coğrafi məkanında nəhayət böyük bir dövlət, xalq kimi birləşməyimizin əsasını qoydu. Bunu bizə möhtərəm prezidentimiz İlham Əliyev təqdim etdi”.


F.Ağamalı qarşıdan gələn 2021-ci ilin əhəmiyyətinə də toxunub:

“Yaxın zamanda – 2021-ci ildə Azərbaycanın suverenliyi Xankəndidə, Ağdərədə, Xocavəddə, Xocalıda, Əsgəranda da təmin olunacaq, üçrəngli bayrağımız oralarda dalğalanacaq, bu əraizlər də nəhayət Azərbaycanın inzibati ərazisi kimi idarə olunacaq”.


Ümid Partiyasının sədri İqbal Ağazadə:

“Dünya 2020-ci ili pandemiya ilə qarşıladı, Azərbaycan da bunun içərisində oldu. İyuldakı Tovuz hadisələri çıxılmaqla ta sentyabr ayının 27-nə qədər ölkə pandemiya problemləri ilə yaşadı. Sentyabrın 27-dən sonra Azərbaycan siyasi həyatı bu günə kimi Ermənistan-Azərbaycan münaqişəsinin yeni fazası və Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı proseslər üzərində köklənib. 27 ildən sonra Azərbaycanın torpaqları işğaldan azad olundu. Azərbaycan əsgəri bu torpaqlarda göründü. Bu da əslində 2020-ci ilin Azərbaycan xalqı üçün uğurlu olduğunun göstəricisi idi. Pandemiya nə qədər canlar alsa da, sosial-iqtisadi həyat şəraiti çətinləşsə də, 44 günlük  müharibədən sonrakı proseslər Azərbaycan tarixinin yeni bir səhifəsidir. Artıq qara işğal günlərini işğaldan azad olunma kimi gözəl tarixlər bəzəyir.

Qarşımızda 2021-ci il üçün böyük problemlər dayanır. Bu ildə daha çox azad olunmuş ərazilərimizdə problemlərin həlli ilə məşğul olacağıq. Mən 2020-ci ili bütün bəlalarla, ağır sınaqlarla dünyanı üz-üzə qoyan pandemiyaya baxmayaraq, Azərbaycan üçün tarixi il hesab edirəm”.

 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə söyləyib ki, Vətən Müharibəsi özü böyük bir siyasətdir:


“Ona görə hesab edirəm ki, 2020-ci ildə Azərbaycan siyasətində ən böyük nailiyyət əldə olundu. Dağlıq Qarabağ məsələsi bütün xalqın, bütün siyasi qüvvələrin istəyi ilə həll olunub. Biz də müxalifət kimi üzərimizə düşən işləri həyata keçirmişik.

İlin əvvəlində həyata keçirilən islahatlar, iqtidar-müxalifət dialoqu Azərbaycan siyasi həyatında yeni bir səhifədir, ictimai-siyasi münasibətlərin yeni mərhələyə qalxmasıdır. Bunu yüksək qiymətləndirirəm”.

 
REAL Partiyasının icra katibi Natiq Cəfərli bildirib ki, hadisələrlə zəngin olan 2020-ci ilə sanki bir neçə ilin olaylarını sığışdırdıq:


“Hərdən insana elə gəlir ki, 1 il müddətində azı 5 ili yaşamışıq. Bu ilin mühüm siyasi hadisələrindən biri kimi ilin əvvəlindəki erkən parlament seçkilərini qeyd etmək olar. Böyük problemlərlə keçdi, bizim tam gözlədiyimiz kriterlərə uyğun olmadı. Bir çox pozuntularla yadda qaldı və bunun nəticəsində parlamentin formalaşmasında siyasi səhnədə və cəmiyyətdə səsi olan bütün siyasi cərəyanların yetərincə təmsilçiliyinə nail ola bilmədik. Amma ilkin nəticələr kimi parlamentin tərkibinin 30 faizdən çoxunun dəyişməsinin şahidi olduq. Sırf bizim təşkilat üçün kiçik uğur da oldu ki, partiyamızın nümayəndəsi, qurucularından biri parlamentdə deputat mandatı qazandı.

Avqustun sonu, sentyabrın əvvəlində partiyamız qeydiyyatdan keçdi və rəsmi şəkildə fəaliyyət göstərmək üçün imkanlar yarandı. Biz buna uzun illərdir çalışırdıq. Ən azı son 5 ildə partiyaya çevrilmək və qeydiyyatdan keçmək üçün dəfələrlə cəhdlərimiz və müraciətlərimiz olmuşdu. Nəhayət ki, buna nail olduq. Hökumətin partiyaların qeydiyyatına müsbət yanaşması REAL-ın da qeydiyyata alınmasına imkan verdi. Buna görə, sırf bizim üçün 2020 uğurlu il kimi yadda qaldı”.

N.Cəfərlinin sözlərinə görə, ümumilikdə götürdükdə, 2020-ci ili tariximizə qızıl hərflərlə yazdıran məsələ Qarabağ oldu:

“44 günlük Vətən Müharibəsi ölkənin gələcəyinin yenidən qurulması üçün təməl, ümid yaratdı. Azərbaycanda uzun illər yığılıb qalmış xroniki problemlərin siyasi həlli yolları üçün də imkanlar açıldı. Çünki işğal faktı əl-ayağımızı bağlayan, hökumətə bəhanə verən faktora çevrilmişdi.

2021-ci  il islahatların dərinləşməsi ilə yadda qalan bir il olmalıdır.

2020-ci ildə həm Azərbaycana, həm dünayaya təsir edəcək problem pandemiya oldu. Azərbaycanın iqtisadi, sosial problemlərinin bu səbəbdən artmasını müşahidə etdik.

Siyasi səhnəni götürdükdə ən maraqlı hadisələrdən biri də fevralın sonu, martın əvvəli başlayan iqtidar-müxalifət dialoqu idi. Bu çox doğru qərar idi və müsbət nəticəsini Qarabağ savaşı ərzində də gördük. İqtidarın atdığı addımlara müxalifətin böyük əksəriyyəti müsbət yanaşdı və belə də olmalı idi.

Sırf bizim üçünsə bu dialoqun əhəmiyyəti həm də ondan ibarətdir ki, REAL bu il ərzində ən çox görüş keçirən, siyasi təmaslara gedən təşkilat oldu. Nəticədə REAL-ın baxışını və siyasi proseslərdən gözləntilərini birbaşa tərəf müqabillərimizə bildirməyə, müəyyən təkliflər səsləndirməyə imkan yarandı”.


Xalq Partiyasının sədri Pənah Hüseyn
də 2020-ci ilin ən yaddaqalan hadisəsinin Vətən Müharibəsi olduğunu düşünür:  


“İşğal olunmuş torpaqlarımızın azad olunması Azərbaycan xalqının, ordusunun, dövlətinin möhtəşəm zəfər və qələbəsi, Azərbaycan əsgərini şücaəti, Şuşanın azad olunması, Azərbaycan müstəqilliyi bərpa olunandan sonra ən böyük tarixi hadisələr 2020-ci ildə baş verdi. Bu il ən böyük qələbə ili kimi yadda qaldı. Allah bu cür sevincli illərdən bizim üçün çox etsin”.


Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov:


“2020-ci ildə Azərbaycanın ictimai-siyasi həyatında ən əsas hadisə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi oldu. Azərbaycan Ordusunun Qarabağ torpaqlarını məhz düşmən işğalından azad etməsi ölkəmizin tarixində çox önəmli hadisələrdən biridir və belə də qalacaq.

Baxmayaraq ki, 2020-ci il pandemiya dövrü oldu, iqtisadi və sosial həyatımızda gərginlikıər yaşandı, bu qələbə bütün çətinliklərə qarşılıq, ondan da yüksəkdə duracaq bir sevinc oldu. Mən qələbənin qazanılmasında canından keçən şəhidlərimizə rəhmət diləyirəm. Bütün igid döyüşçülərimizə can sağlığı arzulayıram. Qazandğımız möhtəşəm qələbə, Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm. Bütün bu uğurların başında Azərbaycan xalqı və Ali Baş Komandan durur”.



Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclu
da vurğulayıb ki, 2020-ci il həddindən artıq gərgin il oldu:


“Pandemiya elə bir mənzərə yaratdı ki, nə siyasi proseslərin gedişatını, nə də digər sahələrdə fəaliyyəti izləməyə imkan olmadı. Yaranan çətinliklərin fonunda bu ili o qədər də uğurlu hesab etmək olmaz. Amma ilin son aylarında Azərbaycan Ordusunun əks-hücum əməliyyatı tam qələbəmizlə yekunlaşdı. Azərbaycan uzun illər ərzində düşmən tapdağında olan ərazilərini azad etdi. Bu çox əlamətdar hadisə oldu. Həm ölkənin, həm də ayrı-ayrı insanların həyatında bu qızıl hərflərlə yazıla biləcək hadisədir.

Yola saldığımız 2020-ci ildə hakimiyyətin müxalifətə münasibətinin dəyişməsini hiss etdik. Çünki əvvəlki illərlə müqayisədə bu il iqtidar müxalifət münasibətləri sivil məcraya irəliləməyə başladı. Azərbaycan iqtidarı artıq siyasi proseslərə baxışını da dəyişməkdədir.

Partiyamız öz qurultayını onlayn qaydada keçirdi. Uzun müddət sədrsiz qalan AMİP özünün yeni strukturlarını müəyyənləşdirdi, xəttini dəqiqləşdirdi. Eyni zamanda, partiyaya yeni sədr seçildi. Bu da siyasi partiyanın növbəti illər ərzində fəaliyyətini göstərməyə bilməz.

Ümid edək ki, 2021-ci il daha uğurlu il olacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür