Modern.az

Sabiq deputat: “Siyasətdə ikili oyun oynayanlar var, onlara nifrət edirəm” - MÜSAHİBƏ

Sabiq deputat: “Siyasətdə ikili oyun oynayanlar var, onlara nifrət edirəm” - MÜSAHİBƏ

3 Avqust 2012, 17:40

Eks-müsavatçı Şirzad Əyyub: “Ya birdəfəlik iqtidar cəbhəsində olmalısan, ya da müxalifətdə”


Modern.az 
saytı Milli Məclisin sabiq deputatları ilə müsahibələrə davam etdirir. 

Budəfəki müsahibimiz Milli Məclisdə iki dəfə deputat olmuş keçmiş müsavatçı Şirzad Əyyubdur.  Qeyd edək ki, Milli Məclisin birinci və ikinci çağırış deputatı olmuş, Müsavat Partiyası Şamaxı rayon təşkilatının sabiq sədri Şirzad Əyyub uzun müddətdir siyasət meydanından çəkilərək,  mətbuatla təmas qurmurdu.

- Şirzad müəllim, uzun zamandır görünmürsünüz. İndi nəylə məşğulsunuz, dostlarınızla əlaqəniz varmı?

- Siyasi həyatdan kənardayam, çox yaxın çevrədə dostlarla münasibətim var, arada bir görürüşürük, söhbət edirik. Belə desəm, məni siyasi səhnədən tam kənarda hesab etmək olar. Əslində siyasətə Qarabağa görə gəlmişdim. 1988-ci ildə hadisələr başlayanda elə bir  kənddə, rayonda yaşayırdım ki, orada belə bir istək var idi ki, fəaliyyət göstərməyə hansısa bir təşkilat olsun. Çünki dövlət qurumları o vaxt demək olar ki, tam fəaliyyətsiz idi və açığı deyim ki, Qarabağın müdafiəsi ilə bağlı yalnız gözdən pərdə asmaq üçün arada aktivləşmə olurdu.
Amma sırf  Moskvanın təsiri altında, Moskvanın göstərişi ilə hərəkət edirdilər. O vaxt yadımdadır ki, ilk dəfə mitinqlər başlayanda biz həmişə Bakıya gəlib iştirak edirdik, gecə saat 1-də, 2-də rayona qayıdırdıq. Sonradan ümumi təşkilat -  Xalq Cəbhəsi yarandı və onu ilk yaradanlardan biri də mən oldum. O vaxt Şamaxı rayonundakı Rəsədxanada rayon təşkilatının özəyi yarandı. Mərhələlər olurdu ki, kəndlərin müdafiəsi üçün ov silahlarından istifadə olunurdu. Biz müəyyən dəstələr təşkil edib, özümüz müəyyən müddətlərdə Qarabağın kəndlərini müdafiə edirdik. Eyni zamanda Azərbaycan Xalq Cəbhəsi böyük kütləvi bir hərəkata çevrildi, siyasi səhnədə öz sözünü dedi. Mən deyərdim ki, bəlkə də hakimiyyətdə olduğu dövrdən artıq hakimiyyətə qədərki dövrdə Xalq Cəbhəsi Azərbaycanın siyasi həyatında, xüsusilə müstəqillik aktının qəbul olunmasında və digər sahələrdə çox mühim rol oynadı.
Sonradan elə gətirdi ki, mən Müsavat Partiyasında təmsil olundum. Müsavat Partiyası Bərpa Bürosunun Şamaxı təmsilçisiydim, orada rayon təşkilatının sədri kimi fəaliyyət göstərirdim. Müstəqillik dövründə ilk parlamentdə müsavatçı kimi təmsil olundum. 2001-ci ildə hadisələr elə gətirdi ki, ikinci çağırış parlament seçkiləri ilə bağlı Müsavat Partiyasından xaric olundum, həmin dövrdən də parlamentdə müstəqil deputat kimi fəaliyyət göstərdim. 2005-ci il parlament seçkilərində iştirakım məğlubiyyətlə nəticələndi. Həmin dövrdən necə deyərlər, həm Şamaxıda, həm də Bakıda yaşayıram.

- Daha çox kimlərlə görüşürsünüz, kimlərlə yaxınlıq edirsiniz?

- Açığı deyim ki, mən xasiyyətcə o qədər də ünsiyyətə girən insan deyiləm. Bu baxımdan çox yox,  bir-iki nəfərdən artıq dostum olmayıb. Bəzən mənə kənardan deyirlər ki, quru adam təsiri bağışlayıram. Mən də elə hesab edirəm, amma Allah verən xasiyyətdir. Yəni o dövrdə çox böyük çevrədə həvəsim, marağım olmayıb ki, əlaqələr qurum, tanışlıq, ünsiyyət olsun. Yəqin ki, mənim xasiyyətim də  çoxlarının xoşuna gəlməz, hər adamın da xasiyyəti mənə xoş gəlmir. Hər adamla ünsiyyətdə olmaq mənim üçün çox sıxıcı olur, amma elə insanlar var ki, onlarla oturumağın özü,  hətta söhbət etməmək də xoş təsir bağışlayır, nəinki danışmaq. Elə insanla rastlaşmışam ki, onların mənə münasbəti yaxşıdır, özünü də yaxşı insan hesab eləmək olar. Amma onunla ikilikdə və ya hər hansı kollektivdə söhbət eləmək nəsə bir narahatcılıq yaradır, səbəbi nədir, onu demək çətindir. Mən o dövrdə  bir neçə  nəfərlə hətta ikinci çağırışda olanda birinci çağırışdakı dostlarla, tanışlarla görüşməyi davam etdirirdim, elə indi də görüşürəm. Belə demək mümkünsə, silahdaşlarımla xeyir-şərdə salamlaşırıq, eləsi də var ki, salamlaşmırıq. Bəlkə də, onlar artıq məndən inciyiblər, mən də bəzi məsələlərə görə incik kimiyəm. Yəni istər-istəməz özüm ilk addımı atmıram. Elələri də var ki, rastlaşanda söhbət edirik.  

- Keçmiş deputat dostlarınızdan kiminsə adını çəkə bilərsinizmi? Kimlərlə görüşürsünüz?

- Əvvəlki millət vəkillərindən o dövrdə də, elə indi də Mahir Əsədov, Akif Şahbazovla görüşürük. Amma bir neçə insan var ki, onlarla da həmişə yox,  arada əlaqə saxlayıram.

- Qeyd etdiniz ki, artıq siyasətdə deyilsiniz. Siyasətin içində olanda  siyasəti necə görürdünüz? Bəs siyasətdən kənarda siyasi arena necə görünür?

- Açığını deyim ki, Azərbaycanda siyasət müəyyən qədər qüsurlu olub, 1988-ci ildən bu yana tam aktiv siyasətlə məşğul olmaq mühiti olmayıb. Bir çox səbəblər var, onları sadalamaq istəmirəm. İkinci bir tərəfdən, deyim ki, sırf siyasətlə məşğul olan, bəzən hər şeyi qurban verməyə hazır insanlar var, onlar axıra qədər gedirlər. Mən belə hesab edirəm ki, torpaq uğrunda, Qarabağ uğrunda qurban getmək olar. Amma hər hansı bir mövqe uğrunda hər şeyi qurban vermək olmaz. Elə siyasətçilər var ki, onlar tamam başqa cür düşünür. Digər tərəfdən rayonda məni tanıyanların fikrini nəzərə alıb, həmişə elə addım atmışam ki, bu addım hardasa mənim hörmətimə xələl gətirməsin. Bəzən olur ki, siyasətdə bir az irəli addımlayanda daha hörmətsiz olursan, xüsusən Azərbaycanda. Yəni bu mənə yaddır, mən bundan həmişə çəkinmişəm. Siyasətlə məşğul olanlar, məni başa düşən müəyyən çevrə tapılacaq, aktiv siyasətcilər və yaxud ziyalılar. Amma rayon əhalisinin müəyyən hissəsi nəyə görə mənim belə bir hərəkət etməyimi düzgün şərh eləməz. Bu baxımdan bəzən olub ki, mən hansı bir riskli addımı atmamışdan əvvəl dönə-dönə götür-qoy eləyib, geri çəkilmişəm. Tam siyasətin içərisinə daxil olmağı Azərbaycan reallığını nəzərə alıb, tərəddüd etmişəm. Amma mübarizə, rəqabət normal keçsə, siyasətdə çəkinəsi bir şey yoxdur. Fikirləşmişəm ki, özümlə bağlı, əsil-nəcabətimlə bağlı  müəyyən məsələləri bütün məqamlarda gözləməliyəm.

- Şirzad müəllim, Müsavat Partiyasından çıxdıqdan sonra, sizə digər siyasi təşkilatlardan üzv olmaq üçün təkliflər də gəlmişdi. Gələcəkdə aktiv siyasətə qoşula bilərsinizmi?

- Açığı deyim ki, o dövrdə dərhal təkliflər olmuşdu, həm müxalifət, həm də qarşı tərəfdən. Amma heç cür ola bilməzdi ki, Müsavat Partiyasından sonra mən hər hansı bir partiyada,  xüsusilə iqtidar partiyasında və ya müxalifət olmayan partiyalarda təmsil olunum. Müsavatı mən həm də Məmməd Əmin Rəsulzadə dövrünün əmanəti kimi qəbul edirəm. O ki qaldı, sonradan hər hansı bir təşkilata qoşulmaq, artıq az deyil, 60 yaşım var. Əgər Azərbaycanın taleyi ilə bağlı, torpaqlarımızın taleyi ilə bağlı məsələlər olsa və 1988-ci ildəki hadisələrin davamı yenidən başlansa və ya ona bənzər hadisələr olsa, siyasətə qoşularam. Belə hesab edirəm ki, yenidən ona bənzər hadisələr başlayacaq. Lakin hər hansı bir siyasi mövqe ilə, başqa işlərlə bağlı fikrim yoxdur. Sırf Qarabağla bağlı hadisələr olsa, o hadisələrə qoşularam. Bir çox situasiyaları, məsələləri analiz edəndə düşünürəm ki, həmin hadisələrin nəticəsi nə ola bilərdi? Amma görürəm ki, yenə kənarda qala bilmərəm. 1988-ci ildəki hadisələr başlasa, həmin məsələlərin içərisində olaram. Digər məsələlərlə bağlı yox.  

- Parlamentdəki fəaliyyət dövrünüz üçün darıxırsınızmı? İndiki deputatlarla əvvəlki deputatların oxşar və fərqli cəhətlərini görürsünüzmü?

- Belə bir məsəl var, köçən yurdun qədrini düşən yurdda bilərlər. Təbiidir ki, sonra gələnə deyir ki, əvvəlki bundan yaxşıdır. Amma bir məsələ var ki, o dövr bir az fərqliydi. İndi fikir verirəm, parlamentin tərkibində daha çox iş adamları və yaxud digər siyasi xadimlər təmsil olunur. Mən deyərdim ki, situasiya tamam fərqlidir. Mən heç vaxt arzulamamışam, axtarmamışam ki, hansısa vəzifəni tutum. Bunlar təsadüfdən deyildi, taleyin qismətiydi.  Mən o insanlara normal, hətta bəzən qibtə ilə baxıram ki, mərhələ-mərhələ mübarizə aparır, hər hansı bir nazir vəzifəsini tutmaq üçün məqsədi var....
Amma nəyə görəsə, mənim xasiyyətimdə belə bir şey yoxdur. Yadımdadır ki, birinci çağırış parlament seçkilərində partiyanın tapşırığı belə idi ki, deputat seçkilərində iştirak edim. Təkrar seçkilər idi, 5 nəfər Müsavatdan təmsil olunurdu.  Mən etiraz edirdim. Arif Hacılı bildirdi ki, hamımız iştirak edirik, ola bilsin ki, müəyyən mərhələdə namizədliyimizi geri götürərik.  Heç olmasa 5, 10 dəqiqə bizə efir vaxtı verirlər. Bu siyasi mübarizədir. İkinci dəMüsavat Partiyası artıq qərar çıxardanda ki, parlament seçkilərinə gedilsin, yoxsa yox? Ondan bir neçə gün sonra mən imza vərəqimi götürmüşəm, iştirak etmişəm. Yəni məsələ bu yerdədir. Amma darıxmaq, parlamentə düşməyin böyük arusunda olmaq, yox, elə şey yoxdur.
Pis odur ki, istədiyin qədər fəaliyyət göstərə bilmirsən. Bu məhdudiyyət parlament üçün var, elə həmin vaxt da var idi. Amma indi  müəyyən qədər müşahidələr aparıram və görürəm ki, parlamentdə sərbəstlik çox məhduddur. Yəni millət vəkili sərbəst danışa bilməlidir, sərbəst fikrini ifadə edə bilməlidir. Mən deyərdim ki, normal parlament hakimiyyətə müxalifətdə olmaldır, amma normal halda, dağıdıcı halda yox. Yoxsa “Mən imkan vermərəm ki, bu qanun keçsin”, belə olmammalıdır.

- Qanunvericilik sahəsi ilə bağlı nə deyə bilərsiniz?  

- O dövrdə qanunlar çox qəbul olunurdu. İndi isə lazım olan qanunların əksəriyyəti qəbul olunub, bunların üzərində işləmək, əlavə və dəyişikliklər eləmək düzgün  haldır. İndiki çağırış və üçüncü çağırışın xoşagələn cəhəti ondan ibarətdir ki, işləmək üçün hər cür şərait yaradılıb. Texniki cəhətdən Milli Məclisdə hər cür şəarit var. Deputatlara köməkçilər ayrılıb, bu çox düzgün və laızm olan məsələdir. Kaş ki, o dövrdə də belə olaydı. İki nəfər nə qədər mədəni, nə qədər bir-birinə yaxın adam olsa da, işləmək üçün bir otaqda oturmaq, eyni telefondan istifadə etmək çətin idi. Ən böyük çətinlik isə sənədləri araşdırıb, nəsə məlumat vermək üçün köməkçinin olmaması idi.  

- Bəs qanunların icra mexanizmi necədir? O vaxt işlək idi, yoxsa indi?

- Mən deyərdim ki, nə o vaxt, nə də indi. İndi bir az kənardayam. Lakin, o vaxtlar şikayət edənlər var idi, bilirdim ki, hansı qanun pozuntuları  daha çoxdur. İndi bu məsələləri qəzet, TV-lər vasitəsilə izləyirəm. Ona görə də tam dəqiqliyi ilə deyə bilmirəm ki, hansı dövrdə qanun pozuntusu çox olub.

- Siz indi heç bir partiyaya üzv deyilsiniz, yəni siyasi tərəfiniz yoxdur. Müxalifət tərəfində hansı partiyanı daha güclü hesab edirsiniz?

- Düzü çətin məsələdir, çünki, tam fəaliyyətləri ilə maraqlanmıram. Amma mən belə fikirləşirəm ki, müxalifət partiyasının güclü olması cəmiyyətin aktivliyindən asılıdır. Yəni müxalifət partiyasının nə ordusu, nə digər rıçaqları var. Həmin rıçaq cəmiyyətin aktivliyidir, həmin partiyaya olan münasibətidir, orada fəal iştirak etməsidir. Partiyanın üzvü olmasa da, onu dəstəkləməsidir. Çox vaxt belə söhbət olur ki, əvvəllər müxalifətə inam var idi, özlərini nüfuzdan saldılar. Mən belə düşünmürəm. Müəyyən hadisələr, hallar, elə gedişlər olur ki, bu nüfuza xələl gətirir. Amma cəmiyyətimizdə belə bir mövqe var ki, nəsə eləsinlər, oradan mənə pay düşsün. Pay düşdüsə yaxşıdır, düşməyəndə pis. Amma nəsə eləməkdə onun özünün nə rolu, mövqeyi var ki? Bəzən işi düz gətirməyəndə, incidiləndə deyirlər ki, müxalifət partiyalar hara baxır, heç səsləri çıxmır? Müxalifət partiyasının səsi həmin danışanın səsidir.
Mən artıq 12 ildir ki, müxalifətçilikdən kənardayam. Amma elə siyasi xadimlər var ki,  belə bir şəraitdə dözüm gətirib mübarizəni davam etdirir, onları alqışlamaq lazımdır. Sözsüz ki, o dövrdə də,  elə indi də ikili oynayanlar olub, bu oyunu oynayanlar mənim ən nifrət etdiyim insanlardır. Ya birdəfəlik iqtidar cəbhəsində olmalısan, ya da müxalifətdə. İkili oyun oynayanlar var və deyirlər  ki, həm müxalifətəm, həm də eyni zamanda siz tərəfəm – iqtidardayam. Bu məsələlər cəmiyyətin neqativ halıdır.

- Ana müxalifət kimi görürsünüz?

- Təşkilat kimi deyə bilmərəm, amma yenə də paralel olaraq İsa Qəmbərlə, Əli Kərimlini görürəm. İsa Qəmbər 1989-cu ildən tanıyıram. Ona müdrik bir siyasi xadim kimi baxmışam. Hesab edirəm ki, çətin vaxtlarda öz mübarizəsini, öz yolunu davam etdirir,  bu çox böyük qələbədir.

- Son olaraq uzun müddətdir görünməyən Şirzad  Əyyub daha nə demək istəyir?

- Nəyə görə 1918-ci ildə Müsavat Partiyası, müsavatçılar daha çox işlər gördü? Halbuki, bizim zamanda daha asan idi, həm Qarabağı saxlamaq, həm də digər məsələlər həll etmək. 23 ay yaşamasına baxmayaraq, o dövrki hakimiyyət elə bir təlatümlü vaxtda çox böyük işlər gördü. Azərbaycanın müstəqil respublika kimi SSRİ-nin tərkibinə daxil olması o demək idi ki, Azərbaycanın müstəqillik qazanması 10 qat, 20 qat asanlaşdı. Hərtərəfdən Azərbaycanı erməni-rus birləşmələri qırıb-dağıdırdılar, o insanların çətin bir dövrdə danışıqlar aparıb türk ordusunu buraya dəvət etmələri görünməz bir qələbə idi. Amma təəsüf ki, indiki vaxtda bunu heç bir siyasi xadim edə bilmədi. Hakimiyyətdə olan dövrdə, hərəkatda olan dövrdə mən deyərdim ki, çox işlər görülə bilərdi. Amma tam daxildə olmamağıma görə, bilmirəm ki, bunu Türkiyənin o dövrki hakimiyyəti, prezidenti kimlərinsə təsiri ilə etmək istəmədi. Lakin, qeyd edim ki, o dövrdə Türkiyənin özü Azərbaycandan heç də yaxşı vəziyyətdə deyildi.

Bir dəfə mən Əhməd Qaracadan soruşdum ki, niyə 1918-ci ildə qələbə qazana bildik?  O cavab verdi ki, o dövrün siyasi xadimləri Avropa təhsili görüb, 5-6 dil biliblər. Ona görə də bu müqayisə olunmaz.

Amma o dövrün xadimləri dünya dövlətlərinin siyasətini, onların məqədlərini yaxşı görürdülər. Bizdə yanlışlıq var idi ki, SSRİ-dən qopub ayrılan kimi Amerika ya Avropa dövlətləri bizə böyük bir dəstək verəcəklər. Sən demə, şəxsən mən də daxil olmaqla bu, yalnış bir düşüncə imiş. Avropa siyasəti demək olar ki, Rusiyanın siyasətindən fərqlənmir. Bir çox hallarda etiraf edim ki, birmənalı və qəti şəkildə Rusiyadan bütün münasibələri kəsib Amerika, Avropaya sığınmaq lazım deyil. Bu səhv addımdır. Yəni mən deyərdim ki, Heydər Əliyevin ikili siyasəti düzgün idi. Həm Rusiya ilə iyasi balansı saxlamaq, həm Amerika və Avropa dövlətləri ilə. Başqa yolu yoxdur. Xüsusilə İranla münasibətləri qoruyub saxlamaq lazımdır. Türkiyə kömək etsə də, etməsə də, qardaş dövlətdir, ondan başqa bizə yaxın olan dövlət ola bilməz. Amma 1918-ci ildə  təzyiqlər olsa da, yenə qoşun yeridib Azərbaycana kömək etdilər. Bizim dövrdə isə qoşun yeritmək də lazım deyildi, sadəcə təlimatlandırmaq lazım idi. Çünki, Azərbaycanın öz oğulları Qarabağı qoruyub saxlaya bilərdi. Bizdə o vaxt çaşqınlıq, özbaşınalıq var idi. Bunun üçün kömək etmək lazım idi.

Sevinc İLTİFATQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir