Modern.az

Bir şəklin tarixçəsi: Polad Həşimovla olmuş ƏHVALAT

Bir şəklin tarixçəsi: Polad Həşimovla olmuş ƏHVALAT

Mədəni̇yyət

3 Yanvar 2021, 13:20

Bu hekayəmi əziz komandirimə ithaf edirəm…

İl 2010. Universiteti bitirib iyul ayında yollandım hərbi xidmətə. Hərbi korpusda olarkən öyrəndim ki, ölkənin demək olar ən çətin və ekstremal dağlıq şəraitli hərbi hissəsinə düşmüşəm - Daşkəsən rayonunda, Kəlbəcərlə o vaxtkı cəbhə zolağında olan N saylı hərbi hissəyə.

Yay ayları olduğundan tək qısaqol köynəklə getmişdim. Hərbi “Zil” yük maşınında Daşkəsənin dolambac yolları ilə dağlıq bölgədəki hərbi hissəyə qalxdıq, soyuq idi və mən əməlli üşüyürdüm. Köhnə əsgərlər maşından bizi, yeni gələn əsgərləri düşürdülər. Sonra bizə hərbi forma verilməsi üçün “kaptyorka”ya (saxlanc yerinə) apardılar. Ölçülərimizi soruşub bizə geyim verən MAXE ilə bizi sıraya düzüb oraya aparan 2 əsgərin həyəcanlı dialoquna qulaqlarımı şəkləyib qulaq asırdım. Jarqon sözləri çıxsaq, dialoq təxminən bu cür idi:

- Eşitdin o gün axşam kombriq (Hərbi hissə komandiri) kəşfiyyatla birlikdə hücum edib, post alıb?

- Hə eşitdim, erməni postundakıların anasını ağladıblar orda.

Eşitdiklərim məni həm sevindiridi, həm də məndə adını ilk dəfə eşitdiyim yeni komandirimizə qarşı rəğbət oyandı. Bəli, hərbi hissə komandiri Polad Həşimov öz şəxsi təşəbbüsü ilə gecə yarısı Kəşfiyyat bölüyünün əsgərləri ilə birlikdə hücum edib Kəlbəcərdə 2 erməni postu almışdı. Dağlıq postlarda erməni əsgərlərindən bir neçəsi öldürülmüş, qalanları isə qaçıb getmişdilər. Daha sonra o postların biri əsgərlər arasında “Polad postu” olaraq adlandırılmışdı.

Ondan sonra xidmət müddətində nə zaman hərbi hissə düzülüşü olsa və polkovnik Polad Həşimov qarşımızda çıxış eləsə (o vaxt hələ general rütbəsi verilməmişdi) çox diqqətlə və həm də fəxarət hissi ilə onu dinləyirdim, Ürəyimdə dua edirdim ki, kaş bizim ordumuzda polovnik Həşimov kimi zabitlərin sayı daha çox olardı.


Yanvar ayı gəldi və mən 10 günlük məzuniyyətə buraxıldım. Evimiz Bakıda, Zabrat qəsəbəsində idi. Məzuniyyət günlərində qərara aldım ki, komandirimizə bir məktub yazıb ad gününü, həmçinin də arxada qalan Yeni il bayramını təbrik edim.

Əlyazma ilə P.Həşimova məktub yazdım. Məktubda həm onu təbrik edirdim, həm də ürəyimdən gələn hisslərimi qələmə alıb, onunla fəxr etdiyimi yazdım. Məktubun sonunda isə ondan bir xahişim vardı: yoldaş polkovnik, mən çox istəyərdim ki, sizinlə birlikdə şəklimiz olsun, qismət olsa çəkdirərik, inşallah.
Və bu notlarla bir dolu səhifəlik məktubumu yekunlaşdırıb sonda da imzaladım: N saylı hərbi hissə, 15-ci bölüyün əsgəri, İ.Rüstəmov.


Əvvəl fikirləşdim ki, məzuniyyətdən geri qayıdanda məktubu özümlə aparıb qərargahdan hər hansı zabitə verib xahiş edim ki, çatdırsın hərbi hissə komandirinə. Sonra fikirləşdim ki, birdən çatdırmaz. Ona görə gedib Zabrat qəsəbəsinin poçt şöbəsindən məktubu yola saldım. 2 gün sonra isə özüm də məzuniyyəti başa vurub Daşkəsənə geri yollandım.

Geri qayıtdıqdan sonra ilk 1 həftə ərzində məktubun hər hansı reaksiya doğurub- doğurmayacağını gözləyirdim. Heç onun məktubu aldığına da tam əmin deyildim. Amma sonra o məktub mənim özümün də yadımdan çıxdı. Qarlı, şaxtalı hava şəraitində xidmətimizə davam etdik.
 

Aylar keçdi və 1 iyul - yəni mənim ordudan tərxis olunma tarixim yetişdi. Bütün tərxis olunan əsgərlər kimi mən də sevincli və həyəcanlı idim. Tərxisdən öncə bizi hərbi hissənin yeməkxanası önündə düzdülər. Biz kiçik sorğu anketi dolduracaqdıq. Mən də sırada öz növbəmi gözləyərkən birdən gördük ki, hərbi hissənin növbətçi zabiti, digər bir bölüyün komandiri, kapitan tələsik bir şəkildə sıranın yanına gəldi. Sıranın başında olan gizir ona hərbi salam verdi. Sonra bu kapitan üzünü sıralara tutub yüksək səslə çağırdı:


- Aranızda əsgər Rüstəmov İlkin kimdir?


Öz adımı eşidəndə sözün açığı qorxdum. Çünki məhz tərxis günündə, bu adamın belə tələsik gəlməsi, qışqırması heç xeyir əlamətə oxşamırdı.

Sıradan 1 addım önə çıxıb qışqırdım: Mən.


Kapitan üzümə təəccüblə baxdı, məni tanımırdı, dedi “gəl ardımca”. Mən onun arxasınca gedərkən soruşdu:

- Əsgər, sən nə hoqqa çıxartmısan? Komandir səni nəyə görə yanına çağırır?

 

Mən isə şok vəziyyətindəydim və ağlıma heç bir fikir gəlmirdi. Dedim ki, bilmirəm, yoldaş kapitan.
Hərbi hissə qərarəgah binasınının önünə yaxınlaşdıq. P.Həşimov pilləkənin üstündə durmuşdu. Mən onunla üzbəüz dayanıb hərbi salam verdim və gəldiyimi məruzə etdim.


Komandir üzümə baxıb bir az gülümsündü, dedi - Rüstəmov sənsən?

Dedim, - bəli, yoldaş polkovnik.

Dedi, - gəl ardımca.

Onun gülümsəməsindən sonra həyəcanım bir az azaldı, amma yenə də qalırdı, çünki nə baş verdiyini anlamırdım.

Pilləkənlə qalxa-qalxa əli ilə növbətçi əsgərə işarə elədi, dedi ki, ordan fotoqrafı çağır.


Fotoqraf sözünü eşidəndə elə bil hər şey ildırım kimi yadıma düşdü, həmən məktub.


Mən Polad Həşimovun ardınca hərbi hissə qərargahının uzun koridoru ilə irəlilədikcə,  yanımızdan keçən zabit və əsgərlər ona hərbi salam verir, sonra isə arxamızca mənə baxırdılar və yəqin ki fikirləşirdilər ki, bu əsgər kimdir ki komandir onu arxasınca aparır, çünki heyət üçün o qədər də tanış bir mənzərə deyildi.


Komandirin otağına daxil olduq. Mənə yer göstərdi və stulda oturdum. Sonra növbətçi əsgərə bizim üçün çay gətirməsini sifariş verdi. Mürəbbəli çay gətirib qoydular stolun üzərinə. Komandir öz kreslosunda oturmadı, yanaşı stolda mənimlə üzbəüz oturdu:


- Rüstəmov sənin məktubunu o vaxtdan burda saxlayıram. Mən sənə yazdıqların üçün təşəkkür etmək istəyirəm. Diqqətli davranışın üçün çox sa ğol. Evə gedəndə mənim adımdan valideynlərinə də təşəkkür edərsən, sənin kimi nümunəvi övlad və vətənə əsgər yetişdirdikləri üçün.


Fəxrlə onu dinləyirdim və dediyi hər bir söz yadımda qaldı. Sonra ona həyəcanla təşəkkür etdim, həqiqətən də onunla fəxr etdiyimi dedim. Verdiyim cavab isə tam detallı yadımda qalmayıb, çünki həyəcanlı idim.


Qapını döyən kök, yaşlı və bığlı bir kişi içəri daxil oldu. O hərbi hissənin fotoqrafı idi. Komandirin göstərişi ilə şəklimizi çəkdi. Bir neçə dəqiqədən sonra təkrar otağa daxil olub şəkli bizə verdi. Bir nüsxəsi komandirdə qaldı, digərlərini mən götürdüm.


O bir neçə dəqiqə söhbət əsnasında sanki doğmalaşmışdıq komandirlə, görüşün sonlarına yaxın artıq həyəcandan əsər-əlamət qalmamışdı. Sağollaşmaq vaxtı gəldikdə isə otaqdan çıxmaq istəmirdim və söhbətin bir az da uzanmasını istəyirdim. Sağollaşdıq, bir daha təşəkkür etdim, hərbi salam verib otaqdan çıxdım.


Əlimdə şəkilləri möhkəm tutmuşdum. Sevincək bir halda bayaqkı sıraya qayıtdım. Əsgər yoldaşım və dostlaşdığım Nəcəf Quliyevin arxasında sırada durdum. Nəcəf arxaya boylanıb soruşdu:


- Rüstəmov noldu, niyə çağırmışdı səni komandir?

Mən sevincək şəkilləri baxması üçün Nəcəfə uzatdım və dedim: "Nəcəf komandir məni şəkil çəkdirmək üçün çağırmışdı".
Sırada dayanan əsgərlər bir-bir götürüb şəkillərə baxdılar, mən isə fəxrlə hər kəsə- əsgərə, zabitə şəklimizi göstərirdim. Beləcə tərxis olunduq, gəldim evə.


O gündən Polad Həşimov mənim hərbi qəhramanım oldu. Şəhid olması xəbərini eşitdikdə isə dəhşətli dərəcədə sarsılmışdım və bir neçə gün özümə gələ bilməmişdim. Xəbəri eşitdikdə mən Tacikistanda idim və orada turizm sferasında çalışırdım.

Polad Həşimov həqiqətən də Azərbaycanın Milli Qəhrəmanı adına layiq şəxsiyyətdir. Ruhun şad olsun, komandir, Allah sənə rəhmət eləsin.



İlkin Rüstəmov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı