Modern.az

Suqovşanda şəhid olan döyüşçü: Onun meyitini 9 gün götürmək mümkün olmayıb - FOTOLAR

Suqovşanda şəhid olan döyüşçü: Onun meyitini 9 gün götürmək mümkün olmayıb - FOTOLAR

Qarabağ

4 Yanvar 2021, 12:27

Aydın Bayramovun son döyüşü: 12 nəfərdən 6-sı şəhid oldu, 3-ü yaralandı, 3-ü sağ qaldı...

Aydın Mətləb oğlu Bayramov 1997-ci il avqustun 2-də Qəbələ rayonu Əmirvan kəndində anadan olub. Yadigar Vəliyev adına Əmirvan tam orta məktəbində oxuyub. 2015-ci ilin oktyabrında hərbi xidmətə çağırılan Aydın Qusar rayondakı N saylı hərbi hissədə xidmət edib. Burada özünü nizam-intizamlı hərbçi kimi göstərib və kəşfiyyatçı kimi ixtisaslaşıb. O, 2016-cı il Aprel döyüşlərində iştirak edib. Strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələrinin Ermənistan Silahlı Qüvvələrindən tam azad olunmasında qəhrəmanlıqla vuruşub.


Atası Mətləb Bayramov deyir ki, Aydın çox təvazökar idi, heç vaxt Aprel döyüşlərində iştirak etdiyi barədə danışmazdı:

“Amma mən bunu bilirdim, özü mənə demişdi. Aprel döyüşləri başlayanda Aydın Qusarda xidmət edirdi. Qusardan döyüşlərə əsasən kəşfiyyatçılar cəlb edilmişdi”.

“Ata, ağır döyüşlər gedir, möhkəm olun! Bütün dünyaya göstərəcəyik ki, işğal altında olan torpaqlarımızı azad etmək gücündəyik və buna qadirik. Qarabağ Azərbaycan torpağıdır, gec-tez bizim olacaq”,-deyə o zaman Aydın atasına söyləmişdi. 


İlk sınaqlardan uğurla çıxdı, amma...

 

Aydın 2017-ci ilin aprelində ordudan tərxis olundu. Hərbi xidmətdən sonra Əmirvana qayıdan Aydın kənd təsərrüfatı ilə məşğul olub. UAZ markalı yük maşını alıb və kənd sakinlərinə logistika xidmətləri göstərib. Lakin onu hərbi xuidmət maqnit kimi özünə çəkirdi, elə buna görə də müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunu atasına bildirir. Valideyn xeyir-duasını aldıqdan sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə (SQ TTM) müraciət edir. Bundan sonra Aydın müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursuna qəbul olunub. Onun fiziki hazırlığı, ümumi bilik səviyyəsi, məntiqi mühakimə, qərar qəbuletmə, düşünmə qabiliyyəti, peşə maraqları, ixtisas hazırlığı, ünsüyyət yaratmaq bacarığı, fərdi-psixoloji və digər keyfiyyətləri müsbət qiymətləndirilib. Komissiya tərəfindən peşəkar yararlılığı müsbət qiymətləndirilən Aydının adı namizədlər siyahısına daxil edilərək kursa göndərilib. Lakin o, Müdafiə Nazirliyinin Hərbi Həkim komissiyasında tibbi müayinədən keçəndə problemlə qarşılaşıb və ona xidmətə yararlı olmadığı bildirilib. Komissiya bu barədə Aydına məktub da göndərib.

Aydın Bayramovun qardaşı İlqar Bayramov:

“Qardaşım 2018-ci ildə yenidən ordu sıralarına qatılmaq üçün hərbi hissə komandanlığına müraciət etdi, ilk sınaqlardan uğurla çıxdı. Lakin hərbi komissiyadan keçə bilmədi. Ayaq altının düzlüyü, yəni yastıayaqlılıq onun arzusunun qarşısında sədd oldu. Bu barədə hərb komissiya ona məktub göndərdi”.

 

Sakit həyat 2020-ci ilin iyun ayınadək davam etdi 

 

O, ruhdan düşmədi, yenidən əvvəlki həyatına qayıtdı. Kənddə onun həyatı öz sakit axarı ilə 2020-ci ilin iyul ayınadək davam etdi. İşğalçı Ermənistan iyul ayında cəbhənin Tovuz rayonu istiqamətində təxribatlar törətdi. Düşmən bizim bir sıra strateji nöqtələrimizi ələ keçirməyə cəhd etdi. Lakin layiq olduğu cavabı alaraq geri oturduldu. Həmin döyüşlərdə itkilərimiz oldu… Elə bir itki ki, milləti silkələdi. İyulun 14-də Azərbaycan-Ermənistan sərhəddində, Tovuz istiqamətində gedən şiddətli döyüşlər zamanı general-mayor Polad Həşimov və yüksək rütbəli zabitlərimizin şəhid oldu. Bu hadisə Aydına çox ağır təsir etdi və rayon “hərbi komissarlığı”na gələrək könüllü ordu sıralarına qatılmaq üçün ərizə ilə müraciət etdi, hər an cəbhəyə getməyə hazır olduğunu bildirdi.

Qardaşı İlqar Bayramov: “Aydında intiqam hissi, döyüş ruhu yüksək idi. Arzusu Qarabağın işğaldan azad olunması və döyüşlərdə ön sıralarda vuruşmaq idi. “Biz öz torpağımız uğrunda vuruşuruq. Vətənimizə, dövlətimizə nə zaman lazım olsaq, hər bir azərbaycanlı buna hazır olmalıdır.”,- deyirdi.

Tovuz döyüşləri milləti oyatdı, qətiyyətliliyini artırdı, gələcək qələbəyə inam yaratdı. Bu inam, qələbə ruhu 44 günlük müharibədə düşmənin ağır məğlubiyyətində önəmli rol oynadı”.

 

Anası ilə belə vidalaşdı


Aydın Bayramov sentyabrın 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırıldı. Müharibə şəraitində olan Azərbaycan üçün bu cür toplanışların keçirilməsi sülh şəraitində olan ölkələrlə müqayisədə daha aktual və vacib idi. Aydın Bayramova da çağırışla bağlı SMS gəldi və o, müəyyən olunmuş vaxtda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qələbə rayon şöbəsinin qarşısında təlim toplantılarına çağırılanlara qoşuldu.


Anası Gülər Bayramova: “Sentyabrın 20-də, axşam saat 9-da İcra nümayəndəliyinə zəng gəlib. Bildirilib ki, Aydın qeydiyyatdan keçmək üçün “hərbi komissarlığ”a çağırılır. Oğlum sentyabrın 21-də, səhər saat 8-də “hərbi komissarlığ”a getdi.

  • - Ana qeydiyyata düşüb qayıdacağam, narahat olma,-dedi
  • - Rayonda çox qalma, günorta qayıt,-dedim.

Çevrilib mənə baxdı

  • - Ana salamat qal! Özünə yaxşı bax!

O, belə deyəndə ürəyim parçalandı.

  • - Bu uşaq hara gedir ki, bu sözləri deyir. Məndə bir narahatlıq yarandı.

Üç gündən sonra zəng etdi, təlimlərdə olduğunu bildirdi.

Aydının ayağında problem vardı, 6 ay əvvəl ayağı sınmışdı, amma bunu gizləti, təlimlərdə fəal iştirak etdi”. 


Döyüşlərin birində qəlpə yarası aldı

Onları avtobuslarla Gorana apardılar və orada təlimlərə qatıldılar. Bu təlim zamanı hərbçilərimizin hərbi bacarığı, səriştəsi, döyüş ruhu, döyüş vərdişləri daha da təkmilləşdirildi. Hazırlıqdan sonra təlimlərdə iştirak edən hərbçilərimiz N saylı hərbi hissəyə göndərildi.


Sentyabrın 27-də İkinci Qarabağ müharibəsinin başlaması işğal altındakı torpaqlarımızın düşmən tapdağından azad ediləcəyinə böyük ümid yaratdı. Səhər saatlarında Ermənistan Silahlı Qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən ordumuzun mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutdu. Bu təxribat göstərdi ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə, sülh yolu ilə həlli mümkün deyil. Münaqişənin həll yolu hərb yoludur.

Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verdi. Ali Baş Komandan, Prezident İlham Əliyev televiziyadan Azərbaycan xalqına müraciətində Ermənistanın işğalçılıq siyasətinə artıq dözülməyəcəyini, torpaqlarımız son qarışına kimi azad olunanədək, əks-hücum, əks həmlə əməliyyatının davam etdiriləcəyini bildirdi. Səhəri gün, sentyabrın 28-də isə ölkə Prezidenti tərəfindən qismən hərbi səfərbərliyin elan edilməsi ilə bağlı sərəncam imzalandı.


Vətən torpağının işğaldan azad olunması uğrunda döyüşə atılan gənclərimizdən biri də Aydın Bayramov idi.

Onun ilk döyüşü Murovdağı istiqamətində oldu. Oranı düşməndən təmizlədikdən sonra Aydıngil Tərtər istiqamətinə aparıldı. Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu postu da düşməndən təmizlədilər. Həmən post strateji baxımdan çox önəmli yer olduğundan düşmən ciddi müqavimət göstərdi, əsgərlərimizin irəliləməsinin qarşısını almaq məqsədilə mövqelərimizi güclü atəş altında saxladı. Amma bütün cəhdləri boşa şıxdı, düşmən 7-8 saat davam edən döyüşdən sonra postu tərk etmək məcburiyyətində qaldı. Ermənilər xeyli sayda itki verdi, cəsədləri günlərlə ərazidə qaldı. Bunlar isə Aydın və onun döyüş dostlarının qəhrəmanlığı, cəcarəti nəticəsində mümkün oldu.

O, Talış, Suqovuşan kəndlərinin, strateji yüksəkliklərin azad edilməsi uğrunda döyüşlərdə də iştirak etdi. Bu döyüşlər Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində şimal-şərq cəbhəsində apardığı əhəmiyyətli savaş idi. Aydın özünü qətiyyən itirmədi, irəli atıldı, sonadək vuruşdu. Döyüşlərin birində qəlpə yarası aldı. Döyüş fasilələri dövründə evə zəng edərək ailə üzvləri ilə söhbət edərək hər şeyin yaxşı olduğunu, yüngül qəlpə yarası aldığını, xəstəxanaya müalicə almaq üçün getməkdən imtina etdiyini də söylədi. Aydın əsgər yoldaşları ilə sonrakı əməliyyatlarda iştirak etdi.

Oktyabrın 3-də Azərbaycan Ordusu Suqovuşan və Talış kəndlərini işğaldan azad etdi. Həmin ərazilərdə Azərbaycan bayrağı qaldırıldı.

Qardaşı İlqar Bayramov: “Aydın sentyabrın 27-dən Ağdərə istiqamətində döyüşlərdə iştirak edirdi. 3-4 gündən bir də evə zəng edib hal-əhval tutardı. Bir dəfə bildirdi ki, Ağdərə istiqamətində düşmənin Madagizdən (Suqovuşan-red.) hərəkət edən zirehli və avtomobil texnikasından ibarət qarışıq kolonu və onların hərəkətinə atəş dəstəyi verən artilleriya batareyasını məhv ediblər. Sevinirdi, amma səsində bir kədər tonu da vardı, səbəbini soruşduq, dəqiq cavab vermədi. Axırıncı dəfə Aydınla oktyabrın 6-da danışdıq. Zəng edəndə bildirdi ki, yüngül qəlpə yarası alıb. Ona bir neçə gün müalicə almağı məsləhət görsələr də, yarasını sarıtdıqdan sonra geri, döyüş dostlarının yanına qayıtmışdı.

– Narahat olmayın, yaram ciddi deyil, iki güllə də bronjletə ilişib qalıb. Yoldaşlarımı burda qoyub xəstəxanaya gedə bilmərəm. Onlar harda, məndə oradayam,-dedi.

Qardaşım yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik idi. Döyüş yoldaşlarını qoyub müalicə üçün arxaya getməyi özünə sığışdıra bilmirdi. Goranda, hərbi təlim zamahı bir nəfər qəbələli gənclə də tanış olmuşdu, bu tanışlıq sonradan dostluğa çevrildi. Aydın bizimlə danışında bu barədə özü məlumat vermişdi.

– Mənimlə birlikdə Qəbələ rayonundan bir nəfər xidmət edir. Onunla təlimdə tanış olmuşam. Qoçaq oğlandı, sizi də onunla tanış edəcəm”.


“Suqovuşan və Talış kəndlərinin azad olunduğunu ilk dəfə ondan eşitdik”


İki dost ağır döyüşdə birlikdə iştirak etdilər. Amma bu dostluğun ömrü qısa oldu, Müharibənin ilk döyüşündə Aydının dostu ağır yaralandı, ilkin yardım geçikdiyindən çoxlu qan itirdi, təxliyə isə ərazinin relyefi səbəbindən keçikdi. Dağ cığırları, dərə-təpəli yollar olduğundan ora hərbi maşınlar qalxa bilmirdi.

Dostunun gözlərində sönən həyat eşqini ürəkağrısı ilə izləyən Aydın dözə bilməyib, onu çiyninə alaraq dərəli-təpəli yolla, dincəlmədən 7 km məsafəni birnəfəsə qət edərək həkimlərin olduğu yerə gətirib. Təəssüf ki, həkimlərin bütün cəhtlərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Gördükləri Aydını sarsıdıb, qardaş dediyi, çörək kəsdiyi əsgər şəhid olub. O, Qəbələnin ilk şəhidi idi.

Elə qardaşı ilə danışanda Aydının səsindəki kədər tonu da bununla bağlı olub.

Aydin döyüşlərin birində mühasirəyə də düşüb, 17 şəhid veriblər.

İlqar Bayramov deyir ki, bu barədə sonralar qardaşının məzarını ziyarətə gələn döyüş yoldaşlarından eşidib. Onlar bildirdilər ki, Aydın döyüş meydanından 3-4 yaralını da çıxarıb. Hətta 4-5 km məsafəni dayanmadan, çox vaxt qaça-qaça gedərək yaralıları hərbi yardım maşınına çatdırıb.

Döyüşlər isə davam edirdi. Evdəkilər Suqovuşan və Talış kəndlərinin düşməndən azad olunduğunu ilk dəfə ondan eşidiblər.

“- Madagizi düşməndən azad etdik, hazırda hərbi hissəyə qayıdırıq,-dedi.

Sonra bu barədə televiziya xəbərlərindən məlumat aldıq”, - qardaşı Aydınla bağlı danışarkən bildirib.

Beləliklə, Azərbaycan ordusu 3 oktyabr tarixində qoşunlarımızın şəxsi heyətinin şücaəti nəticəsində Tərtər rayonunun Talış və Suqovuşan kəndlərini tamamilə işğaldan azad etdi.

İlqar Bayramov: “Qardaşım Aydın düşmən barədə kəşfiyyat məlumatları toplamaq üçün döyüş tapşırıqlarınının yerinə yetirilməsində də iştirak edib. Döyüş əməliyyatlarının hücum və müdafiə olaraq müvəffəqiyyətlə planlaşdırılması üçün kəşfiyyat məlumatlarının çox önəmi vardı”.



Aydın necə şəhid oldu…


Aydın axırıncı dəfə ailə üzvləri ilə oktyabrın 6-da danışıb. Bu sonuncu telefon danışığından sonra onunla əlaqə tamamilə kəsilib.


İlqar Bayramov deyir: “Onun necə, hansı şəraitdə həlak olduğundan ailəmizin xəbəri olmadı. Aydınla oktyabrın 6-dan sonra heç cür əlaqə qura bilmədik. Dəfələrlə zəng etsək də, cavab yox idi. İlk günlər buna o qədər önəm vermədik. Lakin son zəngdən 3-4 gün keçəndən sonra narahat olmağa başladıq. Anam bizimlə danışdığı nömrəyə tez-tez zəng etməyi tapşırırdı. Telefon isə susurdu. Sözün düzü, düşündük ki, bəlkə yaralanıb, xəstəxanada müalicə alır, zəng etməyə imkanı yoxdur… Qardaşım isə şəhid olubmuş, bizim də bundan xəbərimiz olmayıb. Neçə gün ümidlə yaşadıq, sağ olduğuna inandıq. Bu gün həmin günləri xatırlamaq mənim üçün çox ağırdı.

 

Bizə gələn dostları MAXE və gizirlər idi. Döyüş dostları bildirirdi ki, əməliyyatlarda onlarla birlikdə könüllülər də iştirak edirdi. Könüllülər əsasən MAXE0lər tərəfindən azad olunmuş və möhkəmləndirilmiş post və yüksəkliklərdə yerləşdirilirmiş. Bəzən isə könüllük əsasında döyüşlərdə də iştirak edirmişlər. Onlara əməliyyatdan öncə “kimlər döyüşlərdə iştirak etmək istəyirsə, bir addım önə çıxsın?”- deyə soruşulurmuş. Sıradan önə ilk çıxan Aydın olarmış. O həmişə öndə olmaq, ən ağır döyüşlərdə iştirak etmək istəyirdi. Bir dəfə də olsa döyüşdən qaçmadı, bəhanə gətirmədi. Bir sıra vacib yüksəkliklərin, postların alınması uğrunda qəhrəmanlıqla vuruşdu. Qardaşım həmişə döyüşlərə qatılmağa can atırdı, dostunun intiqamını almaq üçün ən təhlükəli döyüşlərə könüllü gedirdi”.


“Bir dəfə Ağdərə istiqamətindəki yüksəkliyin düşməndən təmizlənməsi barədə tapşırıq gəldi. Çox təhlükəli bir əməliyyata gedirdik, düşməni oradan çıxarmaq, yüksəkliyi tutmaq itkisiz mümkün deyildi. Əməliyyata ciddi hazırlaşırdıq, özümüzlə yalnız döyüşdə iştirak etmək istəyən könüllüləri aparmaq qərarına gəldik, 40-a yaxın əsgər vardı və onlara müraciət etdik. 40 nəfərin arasından könüllü döyüşə getmək istəyənlərdən biri də Aydın idi”,-deyə döyüş yoldaşları Aydınla bağlı xatirələrində bildiriblər.


Axırıncı döyüşdən öncə komandir deyir:

– Hazırlaşın, 20 dəqiqədən sonra döyüşə giririk. Biz onlara elə bir ani zərbə vurmalıyıq ki, bir daha başlarını səngərdən çıxarmağa cəsarət etməsinlər. Mənə döyüş tapşırığını yerinə yetirməyi, vətən uğrunda öldürməyi və bu yolda ölməyi gözaltına alan əsgərlər lazımdır. Çünki bu əməliyyata gedəcək əsgərlərin sağ-salamat geri qayıtma ehtimalı azdır...


Döyüş tapşırığını yerinə yetirmək üçün 12 könüllü seçilir ki, onlardan biri də Aydın Baramov idi.

“Biz 12 nəfər idik və bilirdik ki, ölümə gedirik, canımızda qorxu vardı, hər şey ola bilərdi. Aydın bizim bu halımızı görüb güldü, zarafat edərək ruh yüksəkliyi yaratmağa çalışdı.

– Sizə nə olub, niyə qaş-qabağınızı sallayıbsınız, nədən qorxursunuz? Sağ-salamat qayıdacağıq, şəhid də ola bilərik, bu, döyüşdü. Torpağımızı azad etməyə gedirik, ruhdan düşməyin, qələbə bizimdir”, - döyüş yoldaşı o anı belə xatırlayır.

 

Son döyüşdə 12 əsgərdən 6-sı şəhid oldu

 

Strateji yüksəklik uğrunda döyüşdə Aydın 12 nəfərdən ibarət kəşfiyyat qrupunda iştirak etdi. Əsgərlərimizdən 6 nəfəri döyüşdə şəhid oldu, 3 nəfər isə yaralandı. Bu döyüşdən 3 əsgər sağ qaldı. Sağ qalanlar şəhidləri döyüş meydanından çıxarmağa çalışdılar, təəssüf ki, onların bütün cəhdləri nəticəsiz qaldı.

Ağır yaralanmış Aydın Bayramov kömək gözləyirdi, toparlanaraq ağaca sökəndi. Tezliklə kömək gələcəyinə, təxliyə olacağına, sağalaraq yenidən əsgər dostlarına qoşulub Ağdərənin düşməndən azad edəcəyinə inanırdı. Onun gözləri qarşısında mənzərə necə də dogma Əmirvanı xatırladırdı - Vadi ilə axan çay, təpələr və yüksəkliklər. Bir anlıq həyatı gözlərinin qarşısından lent kimi gəlib keçdi. Kömək isə gəlmirdi, vaxt keçirdi, bədəni zəifləyir, gözləri qaralırdı Aydının.


O, canı, qanı ilə uğrunda vuruşduğu torpaqda şəhatətinə qovuşdu.


Bir neçə gün ərzində döyüş meydanından şəhid olanları heç cür oradan çıxarmaq mümkün olmadı, düşmən həmin ərazini minaatanlardan atəşə tutmaqla yanaşı, snayperlərdən də istifadə edərək əsgərlərimizin irəliləməsinə imkan vermədi.


Qardaşı İlqar Bayramov: “Aydın oktyabrın 9-da Suqovşanda şəhid olub, 9 gün sonra, ayın 18-də döyüş meydanından çıxarılıb, ayın 28-də isə nəşini bizə təhvil verdilər. Mənim üçün təsəllidir ki, Aydın kimi minlərlə şəhidlərimizin, qazilərimizin böyük şücaət və igidliyi sayəsində düşmən üzərində qələbə qazandıq. Qələbənin nəticəsi bizi bir daha güclü etdi və bir xalq kimi birliyimizi möhkəmləndirdi”.


İlqar sözlərinə davam edir: “Mənim qardaşım güclü, boy-buxunlu, mərfətli, qanacaqlı, deyib-gülən pozitiv, ünsiyyətcil, zarafatcıl gənc idi. Onda döyüş ruhu, vətənpərvərlik hissi çox yüksək idi. Arzuları vardı, xəyallar qurmuşdu, ondan bizə xoş xatirələr qaldı”. 

 

Bəzən kədərin, ağrının göz yaşları sifəti ilə axır

 

Anası bu gün də Aydını gözləyir. Tərxis olunan əsgərlər barədə xəbərləri eşidəndə oğlunun da tezliklə gələcəyinə inanır. Hərbi paltarını tez-tez sinəsinə sıxaraq iyləyir, oğlunun iyini ondan almağa çalışır, onu gözbəbəyi kimi qoruyur. Çünki oğlu qalib əsgər kimi qayıdacağına söz vermişdi, uğrunda döyüşdüyü, canından çox sevdiyi torpağı düşməndən azad edilib axı...
İndi ananın gözləri hər gün kəndə gələn yolda onu axtarır. Bəzən kədərin, ağrının göz yaşları sifəti ilə axır, bunu evdəkilərdən gizlətmir. Bu onun üçün bir təsəllidir, daxili aləminin üzə vurduğu ağrının, nisgilin, oğul həsrətinin ifasdəsidir. Bəzən hər şeyin yuxu olduğuna inanır. Günlər isə bir-birini əvəz edir, ana oğlunun gələcəyinə inanır. Yuxusunda olsa belə.

 

Pünhan Əfəndiyev

 

P.S. Şəhid Aydın Bayramov doğulduğu Əmirvan kəndində yerləşən Şəhidlər Xiyabanında dəfn edilib.

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Aydın Bayramov “Vətən uğrunda” medalı ilə təltif edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı