Modern.az

Azad olunmuş rayonlarda pay torpaqları necə bölünəcək? - Komitə sədri DANIŞDI

Azad olunmuş rayonlarda pay torpaqları necə bölünəcək? - Komitə sədri DANIŞDI

Parlament

5 Yanvar 2021, 13:38

İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması istiqamətində müəyyən işlərə start verilib. Artıq bəzi ərazilərə yeni yollar çəkilib və bu proses mərhələli şəkildə davam edir.

Aydındır ki, işğaldan azad edilmiş ərazilərlə bağlı əsas məsələlərdən biri də pay torpaqları ilə bağlıdır.

Bəs Qarabağa qayıdacaq əhaliyə pay torpaqları necə bveriləcək?

Bələdiyyə strukturu necə formalaşacaq?

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Modern.az-a deyib ki, pay torpaqları ilə bağlı səslənən məsələlərə Nazirlər Kabineti qərar verəcək:

“Qanunvericiliyə uyğun olaraq işğaldan azad edilmiş kəndlər, qəsəbələr,  şəhərlər var ki, öncə onların əraziləri müəyyən olunmalıdır. Ondan sonra həmin ərazilərə köçürüləcək əhalinin sayına görə o torpaqlar bölünməlidir. Elə ərazilər ola bilər ki, onların hüdudları geniş olsun. Vətəndaşların sayından asılı olaraq, onlara daha çox torpaq payı düşə bilər. Məsələn, yarım hektar, bir hektar, hətta çox. Ya da əksinə, əhali sayı çox ola bilər, torpaq payı az düşə bilər. Bu sistem üzrə işlər aparılmalı və ərazilər bölünməlidir. Təbii ki, bu işlərlə bağlı Nazirlər Kabineti qərar verməlidir. Çünki torpaqlar bölünməyib, yəni hələ ki dövlət torpaqlarıdır”.



Komitə sədri  işğaldan azad edilmiş ərazilərdə bələdiyyə seçkilərinin keçirilməsi məsələsinə də toxunub:


“Əhali həmin ərazilərdə məskunlaşandan sonra bələdiyyə seçkiləri keçiriləcək. Orada yaşayacaq insanların hüququdur ki, özlərinin yerli özünüidarəetmə orqanlarını seçsinlər. Bu məsələ seçki ilə müəyyən olunur. Təbii ki, bələdiyyə üzvlərinin sayı hər yerdə eyni olmur. Orada da əhalinin sayına görə, bələdiyyə üzvləri formalaşır. Elə yer ola bilər ki, 7 nəfər ya da 15 nəfər üzv müəyyənləşə bilər”.


Tahir Rzayev əlində sənədi olan, öz evini tanıyan insanların pay torpağına sahib olması məsələsinə də toxunub:


“Aydın məsələdir ki, elə vətəndaşlarımız var ki, vaxtilə yaşadıqları əraziləri tanıyır. Həmin ərazi onların mülkiyyətidir. O mülkiyyətin sahibidirlər. Əgər onlarda qanuni sənədlər varsa, müharibə dövründə o sənədlər yanmayıbsa, itməyibsə, həmin sənədə əsasən o torpağın mülkiyyətçiləri həmin sakinlərdir. Onlar gedib öz torpaqlarını götürə bilərlər. Əgər kimsə “bu torpaq məhv olub, onu istəmirik” deyirsə, müəyyən qaydalara uyğun olaraq onların torpaqları azaldıla, ya da artırıla bilər. Düşünürəm ki, bu məsələdə vətəndaşlar narazı ola bilməz”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı