Modern.az

Azay Quliyev: “Azərbaycanda siyasi mədəniyyət inkişaf etməyib” - MÜSAHİBƏ

Azay Quliyev: “Azərbaycanda siyasi mədəniyyət inkişaf etməyib” - MÜSAHİBƏ

6 Avqust 2012, 12:35

Modern.az saytı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevlə müsahibəni təqdim edir.

- Azay müəlllim, ötən ay Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovla QHT sektorunun böyük dialoqu baş tutdu. Bu görüşdən sonra QHT sektorunun qarşısında duran mühüm vəzifələr nədən ibarətdir?

- Bildiyimiz kimi, iyulun 2-də keçirilən görüşdə irəli sürülən təkliflər Prezident Administrasiyasında araşdırıldı. Şura da bununla bağlı öz təkliflərini verdi. Qeyd edim ki, QHT-lərlə keçirilən görüşdə səslənən təkliflər Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin imzası ilə mərkəzi icra hakimiyyəti orqanlarının və digər aidiyyatı qurumların rəhbərlərinə göndərilib. Yaxın zamanlarda göndərilən təkliflər haqda rəy alınacaq. Təbii ki, biz düşünmürük ki, bütün təkliflər dərhal həyata keçirilə bilər. Elə məsələlər var ki, onları araşdırmaq lazımdır. Amma ümumi şəkildə desək, QHT təkliflərinin diglər qurumlarla məsləhətləşmələr üçün göndərilməsi müsbət haldır.
Əli Həsənovla həmin görüş sözsüz ki, sadəcə dialoq xatirinə keçirilməyib. Görüşün konkret nəticələri olacaq və biz bunu gözləyirik. Rəylər alındıqdan sonra biz bundan sonrakı addımları ciddi şəkildə müzakirə edəcəyik. Qeyd edim ki, biz növbəti görüşlərimizi uğurlu şəkildə bundan sonra da davam etdirəcəyik.

- Bu istiqamətdə hansı yeniliklər gözlənilir?

- Təbii ki, biz hüquqi mühitin, prosedur qaydalarının daha da təkmilləşdirilməsinə çalışırıq. Xüsusi ilə qeydiyyatla bağlı, QHT-lərin hesabatları ilə bağlı müəyyən təkmilləşməyə ehtiyac var. Burada yeniliklər ola bilər. Gözləyirik ki, qeyri-hökumət təşkilatlarına maliyyə dəstəyinin artırılması ilə bağlı müəyyən qərarlar qəbul edilsin. Biz xüsusilə də QHT-lərin hökumətlə əməkdaşlıq münasibətlərinin daha da dərinləşməsi istiqamətində bu prosesə qoşulmasını gözləyirik.  Yəqin ki, bu istiqamətdə təkliflər nəzərə alınacaq. Hazırda Şura QHT sektorunun inkişafı üzrə növbəti 5 il üçün Milli Fəaliyyət Planı hazırlayır. Burada əsas elementlər səsləndirilən fikirlər və təkliflər əsasında qurulacaq. Bilirsiniz ki, vətəndaş cəmiyyəti bir prosesdir. Bu istiqamətdə nə qədər çox iş görsən, bir o qədər cəmiyyət üçün faydalı olacaq. Görülən işlər vətəndaş cəmiyyətinə xidmət edir.
Qeyd edim ki, heç vaxt  görülən işlər kifayət etməməlidir. Nə qədər çox iş görsən, bir o qədər yeni perspektivlər açılacaq. O baxımdan biz istərdik ki, illərdir topladığımız təcrübədən müsbət istiqamətdə istifadə edərək, yeni imkanlar ərsəyə gətirək.

- Azay müəllim, QHT sektoru iqtidar-müxalifət münasibətlərinin inkişafında hansı rola malikdir?

- QHT sektoru əlbəttə ki, vətəndaşların könüllü şəkildə birləşdiyi bir sektordur. QHT sektoru hər zaman öz müstəqilliyi, sərbəst fikirliliyi, tərəfsizliyilə seçilib və seçiləcək. Qeyri-hökumət təşkilatları o baxımdan hər zaman cəmiyyətdə stabilliyin, dialoqun, vətəndaş barışığının olmasının tərəfdarıdır. Hesab edirəm ki, QHT-lər hakimiyyət-müxalifət münasibətlərinə konkret məsafə saxlamalıdır. Qeyri-hökumət təşkilatları hakimiyyət uğrunda mübarizədə iştirak etmir və etməməlidir. Siyasi partiyalar sırf siyasətlə məşğul olurlar. Məhz bu məsafəni saxlamaqla QHT-lər öz obyektivliyini qorumalıdır.

Mən düşünürəm ki, artıq cəmiyyətin bütün fəal təbəqələri ilə dialoqların keçirilməsi məqsədəuyğun olar. Siyasi partiyalar Azərbaycan üçün çox önəmli institutlardır. Onların da bəzilərinin mövqeyi bəzən cəmiyyət üçün zərərli olur. Hesab edirəm ki, bir çoxlarının siyasi fəaliyyəti bəzən yaradıcı müstəvidən daha çox dağıdıcı müstəviyə keçir. Amma bütün bunlara baxmayaraq, Azərbaycan demokratik və hüquqi dövlətdir. Siyasi partiyalar mövcud demokratik sistemin ən asayişli həlqəsidir. Bu baxımdan siyasi partiyalar daim hökumətlə təmasda olmalıdır. Ümummilli məsələlərdə və o cümlədən siyasi partiyaların inkişafına dair mühüm qərarların qəbulu ilə bağlı hər zaman dialoqa ehtiyac var. Bu, bizim hamımızın ümumi mənafeyimizə uyğundur. Düşünürəm ki, yaxın vaxtlar bu istiqamətdə yeni addımlar atılacaq.

- Bəzən, iqtidar nümayəndələri müxalifətin səsləndirdiyi tənqidi fikirləri dövlətçilik əleyhinə atılan addım kimi qiymətləndirirlər. Siz bu prosesləri necə qiymətləndirirsiniz?

- Nədənsə bizdə siyasi mədəniyyət səviyyəsi təəssüflər olsun ki, arzuolunan səviyyədə deyil. Avropa təcrübəsini götürsək, açıq şəkildə görə bilərik ki, bizdə siyasi mədəniyyət səviyyəsi bir o qədər inkişaf etməyib. Məncə, əsas səbəb elə budur. Biz bəzən siyasi hakimiyyətlə dövləti səhv salırıq. Bəzən atdığımız addımların dövlətimiz üçün nə qədər zərərli olduğunun fərqinə varmırıq. Düşünürlər ki, biz dövləti nə qədər çox zəiflətsək, bir o qədər siyasi hakimiyyət zəifləyəcək. Onların da guya, hakimiyyətə gəlmə şansları artar. Kəsinliklə bu yalnış düşüncədir. Bu dövlət bizim hamımızındır.
Hesab edirəm ki, bəzi şəxslər, onların təmsil etdikləri partiyalar başa düşməlidirlər ki, dövlətin əleyhinə bu cür mövce sərgiləməklə ictimaiyyətlə əlaqələrdən uzaqlaşırlar. Hər hansı addım atarkən ilk növbədə onun ictimai sonunu düşünməlidirlər. Onlar da bunu yaxşı başa düşürlər. Düşünürəm ki, bu məsələdə daxili amildən daha çox xarici amil var. Görünür ki, onlar müəyyən qərar qəbulunda müstəqil imkanlara malik deyillər. Bu baxımdan bəzi xarici qüvvələrin diktəsi ilə Azərbaycanın maraqlarına zidd addımlar atmaqdan belə çəkinmirlər.

- Bu kimi məqamlarda sizcə, qarşılıqlı dialoq vacibdirmi? Bəs qeyd etdiyiniz xoşagəlməz hadisələri necə həll etmək olar?

- Mən hesab edirəm ki, bu məsələlərdə qarşılıqlı dialoqların heç bir əhəmiyyəti olmayacaq. Yalnız partiyanın daxilində bu proses getməlidir. Bu məsələlər öz aralarında dövlətçiliyimizin maraqları naminə həll olunmalıdır. Hesab edirəm ki, Avropa ölkələrinin təcrübəsinə müvafiq olaraq, demokratik düşüncə tərzinə malik yeni şəxslər yetişdirilməlidir. Yəni, bunu danışmaqla, söhbət etməklə aradan qaldırmaq mümkün olan deyil. Bu təfəkkür məsələsidir. Partiyalar öz daxilllərini silkələməlidirlər. Siyasi partiyalar xarici qüvvələrin maraqları naminə dövlətçiliyin əleyhinə getməməlidirlər. İnsanlar bu cür yanaşmadan çəkinməlidirlər. Azərbaycanı bütün dünyada sivil şəkildə təmsil edə biləcək, Azərbaycanın müəyyən mənada məsuliyyətini siyasi düşüncə hesab edə biləcək liderlərə, partiyalara ehtiyac var.

- Son zamanlar Suriyada və eləcə də ərəb ölkələrində baş verən hadisələrin qonşu İranda da olacağı bildirilir. Sizcə, İranda çevriliş baş tutarsa, bu, Azərbaycan üçün nə vəd edə bilər?

- Biz Liviyada gördük ki, bu çevrilişlərdə iki amil xüsusi rol oynayır. Birinci amil dövlətlərin geosiyasi maraqları, müxtəlif güc mərkəzlərinin marağıdır. İkinci mühüm məsələ isə dövlətlərin maddi maraqlarıdır. Məsələn, Rusiya bu kimi dövlətlərdə maddi maraqlarını təmin etdikdən sonra onların arxasından çəkilməyə başlayır. Onlar Bəşər Əsədin lazımı qədər pullarını əlindən alandan sonra, ondan imtina etdilər. Bu ssenari İranda da baş verə bilsə, ciddi fəsadlara səbəb olsa da, deyildiyi kimi böyük fəlakətə gətirib çıxara bilməz. Əgər bu məsələ sərhədlərdən kənara çıxarsa, təbii ki, bu işdə ən çox zərər çəkən Azərbaycan olacaq. Orada yaşayan soydaşlarımızın Azərbaycana gəlişi burada böyük humanitar böhran yaradacaq. Bu da bizim milli maraqlarımıza mənfi təsir göstərəcək. Digər bir amil xarici hərbi müdaxilədir. Suriyada xarici hərbi müdaxilə olmadı. İrana xarici müdaxilə olarsa, sözsüz ki, Azərbaycana da müəyyən qədər mənfi təsiri ola bilər.

Anar Rüstəmov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir