Modern.az

Türkiyə-Rusiya münasibətləri: Gerçək dünya düzəni, iqtisadi maraq, siyasi hiylə və zamanın diqtəsi - TƏHLİL    

Türkiyə-Rusiya münasibətləri: Gerçək dünya düzəni, iqtisadi maraq, siyasi hiylə və zamanın diqtəsi - TƏHLİL    

Analitika

7 Yanvar 2021, 13:10

XXI əsrin ikinci onilliyində çöxqütblü dünyaya keçid sürətlənib. Xüsusən, Tramp adminisyrasiyasının qlobal proseslərə daha az müdaxilə etdiyi şətaitdə və xüsusən də çoxdan start götürən, dünəndən isə görünməyə başlayan Amerikada baş verən hadisələr fonunda regional güclərin siyasi təsiri artmağa başlayıb.

Bu fonda, uzun illər Balkan, Yaxın Şərq və Cənubi Qafqazda gedən proseslərdə ikinci dərəcəli rol oynayan Türkiyənin proseslərə təsir imkanı xeyli artıb. Ankara Liviya, Suriya, Dağlıq Qarabağdakı münaqişələrdə aktiv rol oynayır. Bundan başqa, Ukrayna, Gürcüstan, Moldava və s. kimi məsələlərə də səssiz qalmır.

 

Daha bir önəmli məqam Türkiyənin həmin münaqişələrin həllində Rusiya ilə aktiv əməkdaşlıq etməsidir. Tarixən döyüş meydanında üz-üzə gələn Moskva ilə Ankara 90-cı illərdə Sovet İttifaqının süqutu ilə sıx əməkdaşlıq münasibətləri qurub. Xarici siyasətdə mövcud olan bir neçə ciddi fikir ayrılığı belə bu əməkdaşlığa mane ola bilmir.

 

 

Hazırda iki ölkə arasında ticarət dövriyyəsi 26 milyard dollara çatıb və hər iki tərəf iddia edir ki, bu, son rəqəm deyil. Türkiyənin turizm agentliyinın məlumatına görə, 2019-cu ildə ölkəyə gələn 51 milyon əcnəbi turistdən 7 milyonu Rusiya vətəndaşı olub.

 

Moskva Türkiyədən məişət texnikası, avadanlıq, geyim və kənd təsərrüfatı məhsulları idxal edir.

Türk şirkətləri Rusiyanın tikinti sektorunda çox önəmli yerə malikdir. Onlar 30 il ərzində 82 milyard dollarlıq tikinti işi görüblər.

Soçi-2014 Olimpiadası və 2018-ci il Dünya Çempionatı zamanı əsas idman obyektləri, aeroportlar və s. məhz Türkiyə şirəktləri tərəfindən inşa olunub.

Türklərin xaricdəki tikinti müqavilələrinin 20%-i rusların payına düşür.

 

 

Paralel olaraq, Rusiya vətəndaşları Türkiyənin Aralıq dənizi və Egey dənizi sahillərində malikanələr alır, ölkənin maliyyə sektoruna, energetika sferasına böyük məbləğdə investisiya qoyurlar.

 

Prezident Putin və Ərdoğanın əldə etdiyi razılaşmalar əsasında, Rusiyanın “Rosatom” şirkəti Türkiyədə “Akkuyu” Atom Elektrik Stansiyasını inşa etməyə başladı.

Dəyəri 22 milyard dollar olan layihə nüvə texnologiyalarına sahib olmayan Türkiyə üçün energetika təhlükəsizlik baxımından vacib önəm daşıyır. Hazırda AES-in ikinci blokunun inşası davam edir.

 

 

2014-cü ilin sonlarında isə Rusiya Bolqarıstana çəkiləcək “Cənub axını” layihəsindən imtina edərək Türkiyədən keçəcək “Türk axını” qaz kəmərinin çəkilişinə başladı.

 

Amma bütün bunlar ölkələr arasındakı münasibətlərin birmənalı olaraq yumşaq olduğundan da xəbər vermir. Hətta beynəlxalq ekspertlər zaman-zaman Putin və Ərdoğanın biri-birinin adına xoş sözlər deməsini səmimiyyətdən uzaq, yalnız özlərinin bilidiyi dildə biri-birinə ünvanladığı mesaj kimi qiymətləndirirlər.

Putin-Ərdoğan əməkdaşlığının ziddiyyətli siyasi tərəfləri də var. Belə ki, Ankara 2008-ci ildə Rusiyanın Abxaziya və Cənubi Osetiyadakı separatçı rejimlərin müstəqilliyini tanımasını dəstəkləməsi, eyni zamanda 2014-cü ildə Krım yarımadasının Ukraynadan ilhaq edilməsinə də qasrşı çıxdı. Amma iki ölkə arasında ən ciddi fikir ayrılığı Suriya ilə bağlı yarandı.

Ərdoğan hakimiyyəti Kremlin arxa durduğu Bəşər Əsəd rejiminə qarşı ən sərt münasibət nümayiş etdirdi.

2015-ci ilin noybarında Rusiyaya məxsus Su-24M bombardumançı təyyarəsinin Türkiyə F-16-sı tərəfindən məhv edilməsi iki tərəf arasında son illərin ən gərgin böhranını yaşatdı. Moskva həmin vaxt Ankaraya qarşı çox ciddi sanksiyalar tətbiüq etmişdi.

 

Ancaq 2016-cı ilin iyulunda isə Ərdoğanı devirmək üçün həyata keçirilən uğursuz çevriliş cəhdi gözlənilmədən tərəfləri yaxınlaşdırdı. Belə ki, Türkiyənin NATO müttəfiqləri hadisəyə sərt reaksiya vermədi, əksinə, ABŞ çevrilşin əsas ideoloji lideri sayılan Fətullah Güləni ekstradisuya etməkdən imtina etdi.

Bu fonda Putinin Ərdoğanın siyasi hakimiyyətinə tam dəstək verməsi ikitərəfli münasibətlərin yenidən “istiləşməsinə” rəvac verdi.

 

Hazırda da türkyönlü Suriya müxalifətinin nəzarətdə saxladığı İdlib vilayətində gərginlik hökm sürür. Ərazidə Rusiya və Türkiyənin hərbi kontingenti fərqli cəbhələrdədir. Amma buna baxmayaraq, son vaxtlar Moskva və Ankara Suriyada nüfuz dairələrində nisbi sülhə nail ola biliblər.

 

 

Liviyada baş verən hadisələr 2019-cu ildə Rusiya ilə Türkiyəni Şimali Afrika regionunda qarşı-qarşıya qoydu. BMT-nin bayrağı altında Liviyanın qərbində qərarlaşan islamçı Faiz əl-Sərrcın başçılığı altında Milli Birlik Hökuməti formalaşdı. Türkiyə Sərrac sıx iqtisadi və hərbi əlaqə qurdu. Amma Liviyanın şərqində Milli Birlik hökumətini tanımayan keçmiş Qəddafi tərəfdarı General Hafiz Həftər Moskvanın dəstəyi ilə yeni hökumət qurdu.

 

2019-cu ilin aprelində Həftər Rusiyanın hərbi dəstəyi ilə Milli Birlik hökumətinin payaxtı Tripoli şəhərinə hücum etdi. Amma Ərdoğan hökumətinin hərbi dəstək verdiyi Sərrac qüvvələri bu hücumları inamla dəf etdilər.

 

 

Sonuncu dəfə isə Türkiyə ilə Rusiya Qarabağ münaqişəsində qarşılaşdılar. Türkiyə Azərbaycana Qarabağ münaqişəsi ilə bağlı tam dəstək ifadə etdiyi halda, Rusiya işğalçı Ermənistana hərbi yardım göstərməkdə davam etdi.

Rusiyanın vasitəçiliyi ilə hərbi əməliyyatlar dayandırıldı. Əraziyə Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilib. Türkiyənin Qarabağ münaqişəsinin yekun həllində aktiv iştirakını arzulamayan Moskva bununla belə, yeni reallıqla hesablaşmalı olub. Yaxın günlərdə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Ağdam rayonunda fəaliyyətə başlamalıdır.

 

Dünyanın 3 ayrı nöqtəsində fərqli mövqelərə malik olsa da, Türkiyə-Rusiya münasibətləri aktiv  şəkildə inkişaf edir. Və tərəflərin özündən asılı olmayaraq onların yaxın olmasını zərurətə çevirir.

Rusiya lideri Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyip Ərdoğan münasibətlərin kəskin pisləşməsinin qarşısını alan qarşılıqlı kompomis yolu ilə gedirlər.

 

Onların bir-birinin ölkəsinin daxili işlərinə qarışmaması, Qərb ölkələri ilə pisləşən münasibətləri və s. amillər Ankara ilə Moskva arasında əlaqələri stabil saxlamağa imkab verir. Amma tərəflər arasında həssas mövzularda yarana biləcək istənilən fikir ayrılığı Putinlə Ərdoğan arasındakı isti münasibətləri “soyuq müharibə”yə çevirə bilər.

Hələlik isə görünən odur ki, Türkiyə ilə Rusiya bir masa ətrafında rahat otura bilirlər. Başqa məsələ ki, onlar bu günə qədər eyni tərəfdə deyil, qarşı-qarşıya otururlar. Həm Qərbin, həm İranın bu münasibətlərin istiləşməsini istəməməsi, eyni zamanda keçmişin ağır dərsləri hələlik Türkiyə Rusiya münasibətlərinin strateji müttəfiqlik fazasına çıxmasına mane olur.

 

Yalnız ortada olan bir gerçəklik var: Hazırda Moskva Ankaraya, Ankara isə Moskvaya hava və su kimi lazımdır.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!