Modern.az

İlham Əliyevin azad edilmiş torpaqlarla bağlı PLANLARI

İlham Əliyevin azad edilmiş torpaqlarla bağlı PLANLARI

7 Yanvar 2021, 14:54

“Azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişafı sistemli xarakter almalıdır və hökumət, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi bəri başdan prioritetlər seçməlidir. İlk növbədə, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün hansı məhsullar əkilməlidir”.

Modern.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformat müşavirəsində danışarkən deyib.


Dövlət başçısı bildirib ki, azad edilmiş torpaqların həm bitkiçilik, həm də heyvandarlıq sahəsində çox böyük potensialı var.


“Kəlbəcər, Laçın rayonlarında çox böyük örüş sahələri, otlaq sahələri vardır. Azad edilmiş torpaqlarda sovet dövründə taxılçılıq, pambıqçılıq, üzümçülük, tütünçülük, baramaçılıq, bağçılıq, heyvandarlıq çox geniş vüsət almışdı. Nəzərə almalıyıq ki, indi bizim yeni texnologiyalarımız var. Məsələn, keçən il biz pambıqçılıqda rekord göstəriciyə nail olduq. Xüsusilə nəzərə alsaq ki, 4-5 il bundan əvvəl dövlət pambıqçılıqla ciddi məşğul olmağa başlayanda hektardan məhsuldarlıq təqribən 14-15 sentner idi. Biz yavaş-yavaş məhsuldarlığı 33,5 sentnerə çatdırdıq. Deyə bilərəm ki, sovet dövründə xüsusilə pambıqçılığın sürətlə inkişaf etdiyi 1970 və 1980-ci illərin əvvəllərində 2, yaxud 3 il cəmi 30 sentnerdən çox məhsul götürülmüşdür. Amma bu da son hədd deyil. Çünki mən pambıqçılıqla məşğul olan rayonların siyahısına baxdım. Orada bir neçə rayonda məhsuldarlıq çox aşağıdır və əkin sahələri də çox kiçikdir. Ona görə siz yenidən baxın, misal üçün, indi Samux rayonunda, Cəlilabad rayonunda, bəzi başqa rayonlarda əkin sahələri heç 1000 hektar da deyil, bəlkə orada, ümumiyyətlə, pambıqçılıq inkişaf etməməlidir, məhsuldarlıq da çox aşağı səviyyədədir. Biz o torpaqları başqa kənd təsərrüfatı sahəsinə çevirə bilərik.


Azad edilmiş torpaqlara gəldikdə, biz burada bu işləri planlı şəkildə görməliyik. Birincisi, ərzaq təhlükəsizliyi üçün. İkincisi, ixrac potensialımızın artırılması üçün. Biz burada da ixrac potensialımızı şaxələndirməliyik. Çünki bu yaxınlarda Rusiya tərəfindən pomidor ixracına qoyulan qadağa, əlbəttə, bizim üçün çox gözlənilməz olmuşdur. Xatırlayıram, bir neçə il bundan əvvəl Rusiya tərəfi bizə müraciət etmişdi ki, - o vaxt sanksiyalar tətbiq olunmuşdu, - Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracını artırsın. Məhz ondan sonra çox ciddi artım oldu. Əgər biz 4-5 il bundan əvvəl və keçən il Rusiyaya pomidor ixracına baxsaq, böyük fərq görərik. Əgər o qadağa qoyulmasaydı, - düzdür, o qadağanın bir hissəsi artıq götürülüb, - keçən il bizim ixracımız 200 min tona çatacaqdı. Ancaq siz də, hökumət də bu rəqəmləri bilirsiniz, 4-5 il bundan əvvəl daha aşağı idi. Yəni, demək istəyirəm ki, biz kənd təsərrüfatı ixracına yenidən baxmalıyıq. Həm yeni bazarlar axtarmalıyıq ki, belə xoşagəlməz hallarla üzləşməyək, həm də kənd təsərrüfatı məhsullarının çeşidini artırmalıyıq. Ənənəvi bazarlar qalmaq şərti ilə biz yeni bazarlara çıxmalıyıq. Hesab edirəm ki, azad olunmuş torpaqlarda kənd təsərrüfatı xüsusilə bağçılıq sahəsində çox ciddi inkişaf edə bilər. Çünki meyvə məhsulları istənilən bazarda qəbul olunur. Burada ənənəvi bazarlarımızın iqlimini nəzərə alsaq, əlbəttə ki, bizim meyvəmizlə heç bir başqa meyvə rəqabət apara bilməz.


Tərəvəzə gəldikdə, indi istixanalar var. Düzdür, indi burada iqlim şəraiti də var, bizim tərəvəz təbii ki, daha keyfiyyətli və daha ucuzdur. Ancaq, eyni zamanda, ənənəvi bazarlarda bizim tərəvəzimizlə yerli məhsul rəqabət apara bilər. Amma bağçılıqda, meyvə istehsalında bizimlə heç kim rəqabət apara bilməz.


Üzümçülüyün böyük potensialı var. Sovet dövründə böyük üzüm bağları var idi. Mənə “Azərkosmos”dan məlumat verilib ki, cəmi 1200 hektar üzüm bağından qanunsuz yollarla məhsul götürülürdü. Amma böyük taxıl sahələri var. Təqribən 100 min hektar və ya 90 min hektar taxılçılıq üçün nəzərdə tutulurdu. Bu, bizim üçün böyük imkanlar yaradır. Siz də baxın, bizə taxılçılıq üçün bu qədər hektar lazımdır, yoxsa yox, bəlkə başqa sahələrə yönəldək. Amma onu da bildirməliyəm ki, bu, Ermənistan üçün böyük itkidir. Çünki Ermənistanda, ümumiyyətlə, taxıl altında təqribən 200 min hektar var idi, yəni, azad edilmiş torpaqlarla bir yerdə. Ermənistanda təqribən 100 min və o vaxt işğal edilmiş torpaqlarda da təqribən 90 min. İndi onlar bundan məhrum olublar. Əlbəttə ki, onların böyük problemləri, bizim isə böyük üstünlüyümüz yaranacaq. Ona görə bu amilləri nəzərə alın. Əlbəttə ki, azad edilmiş torpaqlara qayıdacaq insanlar üçün də biz indi tövsiyələr hazırlamalıyıq, məsləhətlər verməliyik. Əlbəttə ki, orada subsidiyalaşma ümumi sistemə inteqrasiya olunacaqdır. Ancaq dövlət, - hələ ki, indi vətəndaşlar oraya qayıtmayıb, - öz tərəfindən bütün bu işləri görür və görməlidir. Biz, o cümlədən payızlıq və yaz əkin mövsümlərinə hazırlaşmalıyıq. Bizim kifayət qədər imkanımız var ki, azad edilmiş torpaqlardan bu ilin mövsümündə bol məhsul götürək.


Azad edilmiş torpaqlarda, eyni zamanda, böyük enerji potensialı var. Bəri başdan demək istəyirəm ki, mən azad edilmiş əraziləri yaşıl enerji zonası kimi görmək istərdim. Kifayət qədər imkanlar var. Birincisi, Xudafərin və Qız qalası hidroqovşaqlarında qurulacaq su elektrik stansiyaları böyük enerji potensialına malikdir. Bu stansiyalar işə başlayandan sonra bizə düşən enerji gücləri təqribən 100 meqavatdan çox olacaqdır. Eyni zamanda, Kəlbəcər və Laçın rayonlarında su elektrik stansiyalarının yaradılması məsələsi gündəlikdədir. Mənfur düşmən bu torpaqlardan çıxanda bütün su elektrik stansiyalarımızı da məhv edib. Ermənilər 13 su elektrik stansiyasını dağıdıblar, məhv ediblər. Görün, evləri yandırıblar, meşələri qırıblar, su elektrik stansiyalarını dağıdıblar, özlərini vəhşi kimi aparıblar. Eybi yoxdur, biz o stansiyaları yenidən quracağıq. Ona görə ərazilərin bərpası proqramında bu məsələ üçün vəsait ayrılmalıdır. Mütəxəssislər yerində baxmalıdırlar, təkliflər verməlidirlər. Əlbəttə ki, bu stansiyaların nə vaxt işə düşəcəyi ardıcıllığı müəyyən edilməlidir. Çünki hələ ki, orada əhali yoxdur. Bu stansiyaların işə düşməsi oraya əhalinin qaytarılması və iqtisadi-sənaye fəaliyyətinin bərpası ilə uzlaşmalıdır. Amma bu işlər mütləq indidən görülməlidir. Bütün bu bölgə dünya üçün yaşıl enerji zonası kimi bir nümunə olacaq. Biz dünyaya göstərəcəyik ki, nəinki bu əraziləri bərpa etdik, - mən buna şübhə etmirəm, - həm də dünyanın ən gözəl məkanlarından birinə çevirdik. Eyni zamanda, ən müasir texnologiyalar tətbiq edilməlidir, iqtisadi cəhətdən ən sərfəli texnologiyalar, elektrik enerjisinə qənaət edən texnologiyalar və yaşıl enerji – su, külək, günəş. Nəzərə alsaq ki, bərpaolunan enerji növlərinə çox böyük maraq var və keçən il müzakirə olunan layihələr artıq reallaşır. 240 meqavat gücündə külək elektrik stansiyasının tikintisinə start verilir, xarici investor bu stansiyanı öz pulu ilə tikəcək. Digər layihə - 200 meqavat gücündə günəş elektrik stansiyası nəzərdə tutulur. Bunları nəzərə alaraq biz xarici investorları azad olunmuş torpaqlara cəlb etməliyik. Çünki bu gün bu sahəyə investisiya qoymaq istəyən böyük transmilli şirkətlərin sayı kifayət qədər çoxdur. Bəlkə 10-a yaxın şirkət maraq göstərir və onlar üçün əsas istiqamət azad edilmiş torpaqlar olmalıdır. Biz öz enerji potensialımızı gücləndiririk. İndi gücü 300 meqavatdan çox olan Qobu elektrik stansiyası da inşa edilir və bu, bizim enerji potensialımızı gücləndirəcək. Azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən enerji sistemi yaradılmalıdır. Göstəriş verilib, artıq Şuşa şəhərinə iki xətt çəkilir, biri “Azərenerji”, digəri “Azərişıq” tərəfindən. Əlbəttə, biz bunu operativ qaydada icra etməliyik. Çünki hazırda Şuşada ancaq generatorlar işləyir. Amma azad edilmiş bütün torpaqlarda bizim enerji sistemimizə inteqrasiya edilmiş, bir-biri ilə bağlı olan enerji sistemi yaradılmalıdır".


Prezident xatırladıb ki, indi azad edilmiş ərazilərdə 1988-ci ildə meşə fondu 228 min hektar təşkil edirdi, 2020-ci ildə isə cəmi 174 min hektar.

"Yəni, 54 min hektar meşə fondu məhv edilib, qırılıb və bu, erməni cinayətinin növbəti nümunəsidir. Ona görə bu məsələ çox ciddi təftiş edilməlidir. Qeyd etdiyim kimi, həm dəymiş ziyan hesablanmalıdır, eyni zamanda, bu meşə fondunun bərpası ilə əlaqədar aidiyyəti qurumlar, ilk növbədə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həmçinin Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi xüsusi proqram tərtib etməlidirlər ki, biz ermənilər tərəfindən dağıdılmış meşələri bərpa edək.


Azad edilmiş torpaqlarda, eyni zamanda, dövlət təbiət qoruqları və yasaqlıqlar olub. Mən bu məlumatı da Azərbaycan xalqına çatdırmaq istəyirəm. Laçın rayonunda Qaragöl Dövlət Təbiət Qoruğu 1987-ci ildə yaradılıb, 240 hektar sahəsi var idi, tamamilə məhv edilib, talan olunub və bütün ağaclar qırılıb. Zəngilan rayonunda Bəsitçay Dövlət Təbiət Qoruğu 1974-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Bu, Avropada unikal meşə sayılır və burada nadir çinar ağacları var idi. Bu qoruq 107 hektarı əhatə edib, indi isə cəmi 42 hektarı qalıb. Bu, erməni vəhşiliyinin növbəti təzahürüdür. Bu, onu göstərir ki, onlar başa düşürdülər və bilirdilər ki, bu torpaqlarda müvəqqəti oturublar. Onlar bizim evlərimizi dağıdıblar, tarixi abidələrimizi dağıdıblar, məscidlərimizi dağıdıblar, meşələrimizi də dağıdıblar. Nadir çinar meşəsindən cəmi 42 hektar qalıb. Oraya da mütləq bir qrup ezam olunmalıdır, yerində təftiş aparılmalıdır və bu qoruq bərpa edilməlidir.


Qubadlı Dövlət Təbiət Yasaqlığı 1969-cu ildə yaradılıb, 1988-ci ildə sahəsi 8500 hektar olub, 2020-ci ildə 6923 hektar. Yəni, 1577 hektar dağıdılıb, talan edilib.


Daşaltı Dövlət Təbiət Yasaqlığı 1981-ci ildə Heydər Əliyev tərəfindən yaradılmışdır. 1988-ci ildə 400 hektar sahəsi var idi, hazırda 350 hektardır. Burada da 50 hektar dağıdılıb.


Laçın Dövlət Təbiət Yasaqlığı 1961-ci ildə yaradılıb, 1988-ci ildə 7500 hektar sahəsi var idi. Hazırda 4457 hektar qalıb, 3043 hektar ermənilər tərəfindən məhv edilib.


Zəngilan rayonunda Arazboyu Dövlət Təbiət Yasaqlığı 1993-cü ildə yaradılıb, sahəsi 1700 hektar idi. Hazırda cəmi 135 hektar qalıb. Yəni, 1565 hektar məhv edilib. Bu məlumat “Azərkosmos” tərəfindən “Azərsky” peykindən götürülüb və mənə təqdim edilib. Ona görə bir daha deyirəm ki, oraya xüsusi qruplar ezam edilməlidir, yerində baxmalıdır və bu da sənədləşdirilməlidir, bunun dəymiş ziyanı da hesablanmalıdır və Ermənistanın növbəti ekoloji terroru kimi qeydiyyata alınmalıdır.


Azad edilmiş torpaqlarda böyük əkin sahələri vardır. Mən Kənd Təsərrüfatı Nazirliyinə və Prezident Administrasiyasına göstəriş verdim ki, vaxt itirmədən keçən il və bu il müəyyən dərəcədə payızlıq əkini aparılsın. Düzdür, bunun üçün biz, ilk növbədə, o əraziləri minalardan təmizləməliyik və artıq müəyyən dərəcədə işlər görülüb"..

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...