Modern.az

Əkrəm Cəfərin Hüseyn Cavidə açıq məktubu: “Sosializm ölkəsinin şairləri deyilmiyiz?”

Əkrəm Cəfərin Hüseyn Cavidə açıq məktubu: “Sosializm ölkəsinin şairləri deyilmiyiz?”

8 Yanvar 2021, 11:02

Ədəbi tənqidin aparıcı janrlarından biri olan açıq məktub janrı  özünəməxsus formaya və yazı üslubuna malikdir. Bu janrı mənzum məktublardan, ədəbi məktublardan fərqləndirən əsas xüsusiyyəti yazıldığı zaman mətbuatda çap edilməsidir. Mirzə Fətəli Axundzadədən başlayaraq, ədəbiyyatımızda açıq məktub janrının örnəkləri yaranır, formalaşır və inkişaf edir. Açıq məktub janrının mövzu dairəsi geniş olub, həm nəzmlə, həm də nəsrlə yazılan örnəklərinə rast gəlirik.

Mənzum açıq məktublardan biri də məhz Əkrəm Cəfərin Hüseyn Cavidə yazdığı açıq məktubdur. Bu açıq məktub ədəbi-tənqidi mövzuda yazılmış və  sosialist realizminin yazıçıya tələblərini özündə əks etdirir. Bu açıq məktub dönəmin ədəbi mənzərəsini anlamaq, ədəbi tənqidimizin həmin dönəmdə siyasətə xidmət etdirilərək siyasi tənqidə çevrildiyini dərk etmək üçün çox vacibdir. SSRİ dönəmində siyasiləşdirilən tənqidimiz ədəbi tənqidin heç bir tələbini ödəmirdi. Tənqid obyektivlikdən uzaqlaşdırılmış, ədəbiyyatın deyil, hakimiyyətin maraqlarına tabe etdirilmişdi. Ədəbi əsərlərin bir bütün olaraq tənqidə cəlb olunması prinsipi unudulmuş, əsərlərdən ayrı-ayrı SSRİ siyasətinə zidd olan və ya zidd olduğu düşünülən parçalar tənqid hədəfinə çevrilmişdi. Ə.Cəfərin H. Cavidə yazdığı bu açıq məktub da Cavidin “Kim kəsərsə, tökülən qan izini, Qurtaran dahi odur yer üzünü” misralarına qarşı yazılmışdı. Bu açıq məktub həm repressiya dönəmi ədəbiyyat tariximizin qaranlıq səhifələrinin daha səhih araşdırılması, həm repressiya dönəmi ədəbi tənqidimizin problemlərinin müəyyənləşdirilməsi, həm də Hüseyn Cavid yaradıcılığının tədqiqi cəhətdən çox önəmlidir. Bəs bu açıq məktubun Hüseyn Cavidin sonrakı yaradıcılığına təsiri oldumu? Cavid bu məktuba cavab verdimi?..


Elnurə Əflatun,
BDU-nun magistrı


***

Hüseyn Cavidə açıq məktub

“Kim kəsərsə, tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü.”

Bir quzu,

Mələyərkən belə səssiz bir quzu,

Bir quzu,

Və ömründə hələ qurddan xəbərsiz bir quzu

Bir dəcəl quzu kimi bir çocuqkən mən

“İncə” və “dilbər” şeirlərinə

Bir kiçik qol saatı kimi çırpınırdı

Bu gün bir can kimi çırpınan ürəyim.

Arkadaşlarıma deyərdim içimdən-

Mənə şeir versinlər hər şeyin yerinə.

Bilməzdim artıq nədir başqa diləyim.

Hər axşam

Bir xəyal dağarcığı kimi, bozulub daldığım gecələr,

“Əruz”ini belə barmaqlarımla “hecə”lər,

Sonra uyurdum,

Bəzən röyada da şeir oxuyurdum.

Və bəzən yazırdım da.

Dünən olmuş gibi hala yadımda:

Qafilələri unudaraq

          Qafiyələrlə oynadığım günlər.

... Yarım

...Dildarım

          Ustam kimi sevərək.

...Ruhuma

...Məcruhuma

          Zor pərçinləyərək.

... Hüsran ilə

...Hicran ilə

          Sızlayın qaynadığım günlər.

Fəqət nə gözəl ki

          Çox aldatamadı şeirlərimi.

Onlara yapma bir buket qiyafəsi verən

          Bu sevgi

Bu sarı lirizm.

Və individualizm

 Xəstəliyi.

Şeirlərim

Bir gün baykot etdilər içlərindən o misri azar.

İçlərindəki qolçomağı boykot edər kimi

                                       Şimali Kafkasya kolxozçuları.

Əvət şeirlərim əbədiyyən ayıldılar

                                       Sənələrcə yatdıqları qış yuxusundan.

Əbədiyyən ayrıldılar.

Kozmetikli şeirlərinə can verən,

          “Xumarların”... “Afətlərin” duyğusundan

Və belə.

Şeirlərim şeirlərinlə vidalaşınca,

Ağız dolusu bir qəhqəhə ilə,

Bir dəstə qızıl qalstukların arxasınca

Düşdülər yola.

Gedib girdilər komsomola.

Bu gün

          Müzəffər bir döyüş nəşəsiylə

          Axınca alınlarının təri

          Şeirlərimə bir şey demir artıq

          “Bahar şəbnəmləri”.

Bu gün şeirlərimin,

                    Dodaqları boyalı şeirlərə

                              Kəfən toxumaqdır.

Ən böyük nəşəsi

Yanaqları pudralı şeirlərə

                    Ölüm marşı oxumaqdır.

Ən coşqun səsi...

Atam bitli, kirli papağını necə dəyişdisə

                    Qırmızı bir talonla aldığı

                    Tərtəmiz bez şapkasına.

Şeirlərim də

          “İncə”liyi, “dilbər”liyi, “şəhanə”liyi

          “Pənbə”liyi, nəliyi, nəliyi.

                    Dəyişdilər komsomol kitabçasına.

Bu kitabçadan öyrəndilər onlar

                    Tökülən ac qanların məqsədini.

Bu kitabçada oxudular.

          Yer üzünü qurtaran dahi sinifin sərgüzəştini.

Və hey şair!

Hey peyğəmbərlər və knyazlar şairi!

Mən bilirəm sənin xülyaların kimi gözləyir.

Bilirəm sən ya “adil bir Teymur”dan,

Ya xəyali bir “peyğəmbər”dən umursan,

Bu gün hər parçasında iki düşmən cəbhə alovlanan

                              Yer üzünün xilasını

Biz bilirik dünyaya dialektik baxmayan

                              Beyinciklərin bəlasını.

Hey köhnə şair!

Gözlərindən o köhnə gözlüyü endir.

Yer üzünü qurtarmaz

                    Nə şairlər, nə dahilər,

Nə filosof, nə peyğəmbər.

Dünyanın dünya boyda dərdi var.

Onu yalnız milyonlar qurtaracaq:

                              Milyonlar.

Tarixi tarixin görmədiyi bir səddlə

                    İki zidd yerə bölən

Oktyabr ilə

                    Yüksələn

Milyonlar.

Yer üzünün yer üzü boyda ağırlığını

          Dəmir omuzlarında çəkən

Və dünya üstündə,

                    “Qan izi”siz,

                              Yeni bir dünya tikən

Milyonlar.

Polad ürəkli

                    Leninçi firqəmizin

                    Yanılmayan dimağilə

                    Qaynayan kütlələrin önündə gedən

Və “Dneprostroylar” yapmak üçün 2000 qraduzlu

                    Domna ocakları əridən

Milyonlar.

Hey mələklər və iblislər xanəndəsi!

Iştə romantik ruhunun

                    İstikbalın göylərindən aradığı dahisi:

Milyonlar !

Mən yalnız bu dahinin inandım tükənməz qüvvəsinə.

Və bu imanla silahlandığım gündən

Beynimin qəlbiylə

                    Sevdim onu mən.

Insanların içində

                    Görməmək üçün.

                              Nə burjua  nə dilənçi.

Olacağam o dahinin qapısında bir süpürgəçi.

Şeirlərim – süpürgəm.

Süpürəcəyəm...........

Budur çarpışmadan ən böyük arzum mənim

Onun əmrlərilə doludur beynim.

Və əmin ol:

Tökülən qan izinə son qoymağa.

Yer üzünü qurtarmağa,

Yok bu yoldan başqa yol.

Sən də

          Eşqində səmimisən əgər

Gəl!

Və çağır Cavadı da, Cəfəri də, Şaiqi də,

. . .     .ni də... li də....ki də

Bir zərbəçi dəstəsi kimi verək əl,ələ.

Hamımız gələk dilə,

Qaçaq yer üzünü qurtaran dahinin yardımına.

Addımlarımızı uyduraq onun addımına.

Haydı!

Sosializm ölkəsinin şairləri deyilmiyiz!?

Beş illik plan bizim

                    Və dahimiz milyonların

                              Ümumi əsərimiz.

Qopararaq canımızdan

                    Qanımızdan,

Biz də

          Çovğun qafiyəli misralar verək ona.

Qanımızı qarışdıraq onun qanına.

Bitirək kollektiv əsərimizi

          Dörd ilin müddətinə,

Çıxaraq  S.S.S.R. səhnəsinə.

Qoy yansınlar

          Yabancılar,

          Bizə olmasınlar əngəl.

Haydı ! Gəlin! Gəl!

Mən gedirəm cəbhəyə.

Vaxtım yox gözləməyə.

Mən həyatla vəzifəmi

.     .     . Belə həll etdim.

Gəlirsənmi?

Sən gəlsən də, gəlməsən də, mən getdim...


C. Əkrəm. ( Moskva. “İnqilab və mədəniyyət” N 11-12. S.23-24

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir