Modern.az

Xoşbulaqdan Alaxançallıya Polad Həşimov YOLU...

Xoşbulaqdan Alaxançallıya Polad Həşimov YOLU...

Ədəbi̇yyat

8 Yanvar 2021, 18:09

Həftələr, aylar ötür  – 44 günlük Vətən müharibəsi günlərində Azərbaycanı zəfərə aparan o yollar ağrılı-acılı, bir qədər kövrək və xoş xatirələrə çevrilir. Əldə qələm tutan hər kəs o günləri, müzəffər ordumuzun döyüş əzmini, şəhid və qazilərimizin şücaətlərini yazaraq igidlərimiz qədər olmasa da, tarixdə iz qoymağa çalışır. Qəhrəmanlarımızın arasında sıravi əsgərdən generala qədər hər kəsin iştirak etdiyi şanlı Vətən müharibəsi, dövlətimizin işğal olunmuş torpaqları üzərində möhtəşəm qələbəsi ilə yadda qaldı. Həmçinin, yadda qalan mühüm məqamlardan, xatirələrdən biri odur ki, Böyük Vətən müharibəsinə 2 ay 13 gün qalmış, tarixi qələbənin əldə olunması və düşmənin təxribat, terrorunun qarşısının alınmasında yaxından iştirak edərək, torpağı uğrunda canından keçən və 14 iyul 2020-ci ildə baş verən qızğın Tovuz döyüşlərində şəhadət məqamına yüksələn general-mayor Polad Həşimovun öz imzası var. Eləcə də qarşıladığımız 2021-ci ilin 2 yanvar tarixli, 46-cı doğum gününü Polad  ilk dəfədir, gözünün nuru ailəsindən, əzizlərindən, onu xoş xatirələrdə yaşadan əsgər və zabit yoldaşlarından, dostlarından çox uzaqlarda, yüksək, şəhidlik məqamına ucaldığı cənnətdə qeyd etdi. Bu, Şəhadət yoludur – uzun, bizim üçün əlçatmaz və sonu görünməyən şərəfli yol...


***

Haqqında danışacağım xatirə yolu isə bizə daha yaxın, Polad Həşimovu yaddaşlarda yaşadaraq gələcək nəsillərə nümunə göstərəcək xoş və kövrək duyğulardır. Bəli, məhz Polad Həşimov yolu deyirəm mən bu yollara. Vətən oğlunun bu yollarda ayaq izləri, qar kimi saf dağ havasında asılı qalan isti nəfəsi var. Bu yollar həm də bizim üçün əzizdir. Çünki,  Daşkəsəndə hərbi xidmət keçdiyim bir ildən bir qədər az vaxt ərzində Azərbaycanın milli qəhrəmanını dəfələrlə yaxından görmək şərəfinə nail olmuşam. Onun məğrur duruşu, dik baxışları, çöhrəsində görünən həzin təbəssümü, həmçinin yerində nümayiş etdirdiyi sərt baxışları və çevik qərarları hələ də gözlərimin önündən getmir desəm yanılmaram.


***

Bir zamanlar, yəni sülh dövründə hərbi xidmət keçdiyim, dağlı-dərəli, kələkötür, qışda palçıq və sudan keçilməz, yayda isə əsrarəngiz təbiəti ilə insanı ovsunlayan, buz bulaqları, gözəl təbiəti olan Daşkəsənin əldən-ayaqdan uzaq kəndlərinə qədər uzanan xatirələr illər keçdikcə daha da canlanır və qəhrəman Azərbaycan oğlu Polad Həşimovun kimliyi, şəxsiyyəti, yüksək hərbi mədəniyyəti, ən əsası isə vətənpərvərliyi haqqında insanı düşünməyə vadar edir. Qısa, lakin zəngin təəssüratlarla dolu bu yollarda mənim xatırlayacağım çox mətləblər var, onların arasında üz-üzə gəldiyim Poladlı günlər artıq yaxın tarixə çevrilib və kino lenti kimi gözlərimin önündə hər daim canlanır.

 

Xoşbulaq xatirələri

 

Nə az nə çox, düz 11 il bundan əvvəl, 2010-cu ilin yanvar ayının 7-də səhər saat 9 radələrində hərbi xidmətə yola düşdüm, həm də bir illik xidmətə. Bakı ətrafı hərbi hissələrin birində, ay yarım təlim keçdikdən sonra, bir qrup əsgər yoldaşlarımla birlikdə, şaxtalı, çisnəm fevral ayının 16-da bir hərbi hissədən, Polad Həşimovun komandiri olduğu, Daşkəsənin Xoşbulaq kəndində yerləşən “N” saylı hərbi hissəyə köçürüldük. İndiyə kimi yadımdadır, Bakıdan kiçik marşrutla, uzun, incə bir yola çıxmışdıq. Yol boyu, yaşlı sürücü dayının istehzalı zarafatlarının və bizi hərbi hissəyə təhvil vermək üçün cavabdeh baş leytenantın telefonda səsləndirdiyi bayağı mahnılarının sədaları altında, bir qədər yorğun, bir qədər ac halda, haraya və necə bir yerə düşəcəyimi fikirləşirdim, hava isə çoxdan qaralmışdı, pəncərədən yalnız zifri qaranlıqdan başqa heçnə görünmürdü. Daşkəsənin aşırımlarını qalxdıqca ayaqlarımın tədricən, dizə qədər donduğunu hiss edirdim, alışmamışdım axı, ilk dəfə idi sərt qış iqlimi olan dağlıq bir bölgəyə gəlirdim.  


***

Hərbi hissəyə çatar-çatmaz, hər tərəfi bürümüş qaranlıq və bir qədər də çisnəm yağışın, palçığın üzərində addımlayaraq şam yeməyindən geri, kazarmalara, bölüklərə doğru irəliləyən əsgərlərlə rastlaşdıq. Düzü gördüyüm mənzərədən, belə demək mümkünsə bir anlıq hürkdüm, bu mənzərə mənə filmlərdə izlədiyim II Dünya müharibəsində, mürəkkəb şəraitdə mübarizə aparan əsgərləri xatırlatdı, ürəyim sıxılmağa başladı, qəlbimdə – ilahi bura haradır mən gəlib çıxmışam... deyərək öz-özümə mızıldandım. Əsgərlərin isə bizi görər görməz narazı, həm də özlərindən razı duruşları üz ifadələrindən aydın sezilirdi. Bizi bölüklərə ayırdılar və mən “Minbat”a düşdüm, içəri daxil olanda bir anlıq hər kəsin nəzərləri üzərimə kökləndi, sağ olsunlar ilk gündən əsgərlərin, xüsusilə “dembel” deyilən, hərbi xidməti başa vurmaqlarına sayılı günlər qalmış dostların hörmət və izzəti ilə qarşılaşdım.


***

Məsələ burasındadır ki, elmi işlərimlə əlaqədar hərbi xidmətə çox gec getmişdim. Ali təhsilin əyani aspirantura (doktorantura) pilləsini bitirsəm də, müdafiəm gecikdiyi üçün, hərbi komissarlıqdan möhlət hüququ istədim, lakin xahişim nəzərə alınmadı və mən 29 yaşında xidmətə yollandım, bu üzdən əsgər və zabitlər, hər kəs mənə “qoca” və ya müəllim deyə müraciət edərdi. Beləcə o gecəni ac keçirib sabahladıq, gec olduğu üçün bir qurtum su belə içə bilmədik.


***

Daşkəsənə gəldikdən sonra hərbi xidmətin nə olduğunu real olaraq gördüm və anladım ki, sən demə xidmət bax belə olurmuş. Bakıda keçirdiyim 1 ay yarım vaxt isə mənə sanki sanatoriyada istirahət etmiş kimi gəldi. Elə hər şey də Xoşbulağa gəldiyim o gündən başladı. Fevral və mart aylarının can sıxıcı, yağışlı, palçıqlı günlərini heç unuda bilmirəm, palçıq kazarmanın içinə qədər dolurdu, əsgərlər isə durmadan təmizlik işləri ilə məşğul olurdular.


***

Təsəvvür edin, yaşda məndən çox kiçik 1992-ci il təvəllüdlü əsgərlərlə bir sırada dururdum, hər kəsin qəribə baxışları ilə rastlaşırdım. Yeni gəldiyim günlərdə kazarmaya xəbər yayılmışdı ki, bölüyə aspirant gəlib, digər bölüklərdən əsgərlər gələr, qapını açıb baxar, kim olduğum ilə maraqlanardılar. Sən demə mən, həmin hərbi hissəyə ayaq basan ilk, bəlkə də son aspirant idim. Həftələr ötdükcə ətrafdakıların qəribə baxışlarına alışmağa başladım. Zabitlərlə də aramda böyük yaş fərqi yox idi, hərbi hissə komandiri Polad Həşimov isə məndən cəmi dörd yaş böyük idi.


***

Sonralar bəzi yazı-pozu işlərinə cəlb olundum, qərargaha tez-tez gedib gəlirdim və hərbi hissə komandiri Poladla rastlaşırdım. Onunla ünsiyyət qurmasan belə, milli qəhrəmanımızın aurası, duruşu insana bir qəribə huzur verirdi, bunu sözlə ifadə etmək çox çətindir. Polad Həşimovla bağlı diqqətimi çəkən bir həssas epizod ondan ibarət idi ki, o, əsgərlərin arasında sanki daha sərbəst, mehriban və gülərüz olurdu, zabitlərin arasına qarışanda isə daha zəhmli və vüqarlı görünərdi. Beləcə həftələr ötür və dövlət tədbirlərində şəxsi heyətin qarşısında çıxışlarım olurdu. Bir dəfə yağışlı və həmişəki kimi palçıqlı günlərin birində, 26 fevral Xocalı şəhidlərinin anım günü ilə bağlı kazarmanın uzun koridoru boyu əsəgərləri iki cərgə düzmüşdülər və mən alışmadığım uca səslə, hərdən də qışqıraraq bir neçə dəqiqə ərzində mühazirə oxudum, səsimi eşidib, qapının arasından boylanan zabitlərin məni dinlədiyini və gülümsündüyünü müşahidə edirdim. Artıq onlar da məni tanımağa başlamış və münasibət qurmağa cəhd göstərirdilər.


***

Yaxşı yadımdadır, o illərdə hərbi hissədə hər kəs Polad Həşimovun çox gənc olmağına baxmayaraq, lakin məsul vəzifəyə təyin olunmasından, onun düşmənlə mübarizədə keçdiyi şərəfli döyüş yolundan danışar və düşmən tərəfdən necə əsir aldığından ağız dolusu söhbət açardılar. Perspektivli gənc Poladı yaxşı mənada, bəlkə də hər kəs qısqanırdı, əsgərləri deyə bilmərəm, amma bunu zabitlərin üzündən çox asanlıqla oxumaq mümkün idi. Hərbi hissə komandirinin şücaətlərlə zəngin döyüş yolu, əsgərlərə qarşı ehtiram və qayğısı yoldaşlar arasında demək olar ki, hər gün müzakirə mövzusu idi.


***

2010-cu ildə hələ polkovnik-leytenant olan Polad Həşimov Xoşbulaqda komandiri olduğu hərbi hissədə, hər səhər şəxsi heyətin qarşısına çıxar, qərargah rəisinin, bölük komandirlərinin raportlarını qəbul edər, digər zabitlər də ona məruzə edər, hərbi salam verməyə tələsərdilər. Belə mənzərələri müşahidə etmək məndə əsil duruşlu Polad Həşimova qarşı bir rəğbət və bir qədər də yaxşı mənada həsəd hissi yaratmışdı, axı məni də tam fərqli sahələr olsa da qarşıda elmi dərəcə və elmi rütbə gözləyirdi, çox şükür, çətinliklə olsa da bunlara nail olduq. Hərbi disiplin, Polad Həşimovun hərbi hissədə yaratdığı qayda-qanun mənə yaxşı mənada müsbət təsir bağışlamışdı. Deyə bilərəm ki, tərxis olunandan sonra (1 yanvar 2011), elə indi də Vətən oğlu, general-mayorun həyat və döyüş yolu bizim üçün faydalana biləcəyimiz nümunəvi bir məktəb olaraq qalır.


***

Beləcə hərbi xidmət dövrü mənim üçün qısa, lakin mənalı və Polad Həşimov kimi milli qəhrəmanın rəhbərlik etdiyi bir hərbi hissədə xidmət etməkdən dolayı qürurverici idi. Aylar ötür və 2010-cu ilin aprel ayı yetişir, bölüyün bir qrup əsgərləri tərxis olunmağa hazırlaşır, mən isə onlara baxıb, onlar qədər sevinirəm. Nəhayət ayın 1-i aralarında mənə hörmət və ehtiram göstərən bir sıra əsgərlərində olduğu xeyli hərbi qulluqçu tərxis olunur, maşınlara minərək bir-bir hərbi hissəini tərk edir, mən isə öz yoluma davam edirdim. Bu arada onuda qeyd edim ki, tərxis olunanlardan bir nəfər telefonumu oğurlamağa da imkan tapmışdı, mən isə telefona yox onun içindəki xatirə şəkillərimin itdiyinə bir qədər üzüldüm.   

 

Alaxançallı xatirələrdə

 

Nəhayət, tərxisdən sonra, aprelin ilk günlərində bölüyümüzə yeni – “molody” əsgərlər gəlir, bir müddətdən sonra aprelin 6-sı bizi yenidən bölüklərə ayırırlar, bu dəfə mən bir qədər də irəli, hərbi hissənin Daşkəsənin Alaxançallı kəndində yerləşən “N” saylı taborunun “N” saylı bölüyünə düşürəm. Çox keçmədən bizi maşınlara yükləyib, enişli, yoxuşlu yollarla, yıxıla-dura həmin bölüyə çatdırırlar. Çox qəribədir, həmin bölüyə gəldikdən sonra, sən demə Xoşbulağın nə qədər rahat xidmət yeri olduğunu idrak edirəm və burada xidməti şərtlərin bir qədər dəyişmiş və fərqliləşmiş olduğunu görürəm. Lakin, artıq hərbi həyata alışdığım üçün adaptasiya cəmi bir gün çəkir və mən yenidən, qarşıda qalan aylarımı geridə qoymaq üçün xidmətə davam edirəm. Arasıra bölüyün hər hansı sənədlərini Xoşbulağa çatdırmaq üçün bir kəntdən o biri kəndə yola çıxırdım. Geri qayıdanda isə qaranlığa düşürdüm. Bir dəfə, yadımdadır yay ayında, yolda yağış məni yaxşıca islatmışdı, bölüyə gəldim və forma əynimdə qurudu.


***

Alaxançallı kəndi mənim hərbi xidmət keçdiyim son məkan oldu və qalan ayları elə “N” saylı bölükdə keçirdim. Bölük komandirim ..... kapitan idi, yəqin ki, son on ildə rütbədə yüksəlmişdir, ondan çox razı idim, əsgəri anlayan, əqli və fiziki potensialını dəyərləndirə bilən və ixtisasına dərindən yiyələnən az sayda zabitlərdən biri idi. Bu bölükdə deyə bilərəm ki, Xoşbulaqdan fərqli olaraq, təbiətlə əsgər daha çox təmasda idi. Hər tərəfimiz qayalığa bənzər yüksək dağlar, həm də bir addımlığımızda idi. Meyvə ağacları – cır alma, qırmızı yemişan hər tərəfdə bitirdi. Hava o qədər saf, o qədər gümrah idi ki, insan tez acırdı, kəndin yolunda isti su vardı, mineral tərkibi çox zəngin idi, hətta suyun təsirindən daşlar narıncı rəngə boyanmışdı və çox dadlı, yüngül, müalicəvi su idi. Alaxançallının çaylarının şırıltısı sanki bir nəğməyə dönüb indiyə qədər qulağımdan getmir, bulaqların sayı bir deyil, bir neçə idi. Yay gələndə isə çoban ailələrinin, üzərini göy örtüyə bürüdüyü müvəqqəti sığınacaqları dağların yamaclarını bəzəyərdi. Bir sözlə möhtəşəm təbiət mənzərəsi, harmoniya yaranardı. Hələ ayağımızın altında bitən, gülü üstündə, ətirli kəklik otunu, xırda çiyələyi demirəm...

 

Cənab polkovnik-leytenantın tabora qəfil gəlişi...

 

Daşkəsənin Alaxançallı kəndində, xidmət etdiyim bölüyü mənim üçün yadda qalan edən mühüm məqamlardan biri, Polad Həşimovun tabora möhtəşəm gəlişi ilə bağlıdır. Bir kiçik xatirəmi sizinlə də bölüşmək istəyirəm. Demək günlərdən bir gün, daha doğrusu 2010-cu ilin avqust ayının əvvəlləri idi, saat haradasa səhər 10-11 radələrində, mən qərargah rəisinin otağında həmişəki kimi özümə aid yazı işləri ilə məşğul idim. Bir anda hər şeyin sanki alt-üst olduğunu hiss etdim və həyəcanla dolu, ucadan əmr, komanda səsləri gəlməyə başladı. Sən demə hərbi hissə komandiri, polkovnik-leytenant Polad Həşimov xəbərsiz halda tabora daxil olmuş və kükrəyirdi. Təsəvvür edin, bütün şəxsi heyət bir anda sıraya düzüldü. Az əvvəl əsgərin qarşısında şirə, pələngə dönən, samovar çayından nuş eləyən tabor komandirini, yaxud taborun zabit, gizir və maxelərini görərdiniz gərək, hər kəs əsir, titrəyir, cənab polkovnik sözü dillərindən düşməyir, başına firfıra kimi dolanırdılar.


***

Yaxşı yadımdadır, bütün otaqlardan hərbi qulluqçular çölə çıxarıldı o cümlədən mən də sıraya durdum. Düzü o həyəcan bir anlıq mənə də sirayət etmişdi. Hərbi hissə komandiri gurultulu səslə, bir-bir zabitləri dindirir və buraxdıqları nöqsanları sadalayır, əsəbi halda danışır başa salırdı. Bir anlıq fikirləşirdim ki, işini, ixtisasını bu qədər mükəmməl bilən ikinci Polad varmı görəsən!? Sıra rabitənin komandiri baş leytenanta ...... çatır və Polad üzünü ona tutaraq deyir: “..... yerlərdə rabitə xətləri niyə qırıqdır, xəbər çatmır, hara baxırsınız, haradadır əsgərlər, niyə bərpa olunmayıb, mən sizin yerinizə, yolda gələrkən bir neçə yerdə qırılmış xətləri düzəltmişəm”, baş leytenant özünü müdafiə etməyə nə qədər cəhd göstərdisə də alınmadı, nə dedi ağzından vurdu (sözlə). Maraqlısı o idi ki, Polad Həşimovun gözləri bir əsgəri belə görmürdü, cənab polkovnik-leytenantın işi yalnız zabitlərlə idi. 


***

Ardından Polad postlarla bağlı tapşırıqlarını verməyə başladı. Posta qaldırılacaq leytenant ..... və bir qrup əsgərə qabağa çıxıb düzülmək əmr olundu, onların arasında məndə var idim. Bir neçə ay alışdığım mühitdən və şəraitdən ayrılmaq mənim üçün əlbətdə ki, çətin oldu. Sırada bizi bir-bir gözdən keçirən Polad Həşimov gözlənilmədən üzünü mənə tərəf tutub dilləndi və gülümsünərək: “Nədir, yuxarı qalxmaq istəmirsən?!” dedi, bir anlıq udqundum və tələsik halda – “isətiyəm cənab polkovnik, əlbəttəki istəyirəm” deyərək qarşılıq verdim. Təkrar üzümə baxıb gülümsündü və heçnə demədi. Üzümdəki ifadədən artıq hiss etmişdi, çox güclü intuisiyası var idi hərbi hissə komandirinin. Beləcə, biz Poladın xeyir-duası ilə çiynimizdə silah, əlimizdə bəzi ərzaqlarla, posta doğru yol aldıq. Bu minvalla mən “N” saylı və ya adlı postlardan birində düşmənlə üz-üzə, atəş zolağında, üzü Kəlbəcərin ..... kəndinə doğru bir aya yaxın xidmət etdim. Deyə bilərəm ki, köpək sürüsü ilə bizi sadəcə bir dərə ayırırdı, çox təhlükəli idi, hər an nəsə baş verə bilərdi, lakin olduğum müddət ərzində heç bir atışma müşahidə etmədim. Gecənin zifri qaranlığında naryada çıxmaq isə bir başqa idi, bir qədər ürpədici, bir qədər də huzurverici idi, yuxu isə hər an gözlərimin üzərinə çökür və az qala gözlərim yumulurdu. Şərəfsiz düşmən tərəfdə demək olar ki, əsgər yox idi, əksəriyyəti saqqallı orta yaşlılar idi. Özlərini çox sərbəst aparır, bizə aldırmadan post tikir, torbaların içini daşla dolduraraq üst-üstə yığırdılar. Arasıra, olmayan “mədəniyyətlərinə” məxsus söyüş ritorikasından da istifadə edirdilər alçaqlar.... 

***

Beləcə hərbi xidmət etdiyim dövrdə xatirələrim, xüsusilə də Hərbi hissə komandiri Polad Həşimovla üz-üzə gəldiyim anlar olurdu. Hərbi hissə komandirinin tabora daxil olma anı isə yaxşı mənada yaddaşımda dərin iz buraxmaqla yanaşı, Vətən oğlunun hərbiyə, vətənə, torpağa nə qədər qırılmaz tellərlə bağlı olduğunu göstərən mühüm fakt olaraq qalır. Artıq o həyəcanlı günlər geridə qaldı, müzəffər ordumuz düşmənə layiqli cavabını verərək susdurdu və Azərbaycan torpaqları üzərində tam qələbə əldə olundu. Bu şanlı qələbədə general-mayor Polad Həşimovun xidməti ölçüyə gəlməz dərəcədə yüksəkdir. Mən fəxr edirəm ki, qısa müddət ərzində olsa da Polad kimi Azərbaycanın milli qəhrəmanını tanımışam, rəhbərlik etdiyi hərbi hissənin hərbi qulluqçusu olmuşam, tabora gələrkən sıravi əsgərlərə göstərdiyi ehtiramı görmüş, zabitlərə verdiyi məsləhətlərə, tövsiyələrə şahidlik etmişəm. General-mayor Polad Həşimovun timsalında bütün şəhidlərimiz, qazilərimiz bizim üçün əzizdir. Şəhidlərimizin ruhları şad olsun, qazilərimizə isə tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edirəm.

                        

Dos. Dr. AQİL P.ƏHMƏDOV
[email protected]

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!