Modern.az

İlham Əliyev Davos forumunda məruzə edib

İlham Əliyev Davos forumunda məruzə edib

28 Yanvar 2010, 16:20

İsveçrənin kurort şəhərində açılmış 40-cı Dünya İqtisadi Forumunun illik toplantısı işini davam etdirir. Forumda müasir dövrün siyasi-iqtisadi problemlərin, qlobal inkişafın doğurduğu əsas çətinliklərin həlli üçün işgüzar tərəfdaşlığın genişlənməsinə yardım məsələləri müzakirə olunur. Toplantıda 100-dək ölkədən 2500-dən çox nümayəndə, o cümlədən dövlət və hökumət başçıları, tanınmış şirkətlərin təmsilçiləri, iqtisadçılar, ekspertlər, beynəlxalq təşkilatların, KİV-lərin rəhbərləri iştirak edirlər. Builki toplantı “Dünyanın vəziyyətini yaxşılaşdır: yenidən düşün, yenidən planlaşdır və yenidən qur” devizi altında keçirilir. Dünyanın vəziyyətinin yaxşılaşdırılması, mövcud problemlərin həlli qlobal əməkdaşlığın həyata keçirilməsini tələb edir. Bu isə öz növbəsində hökumət, biznes, media, elm, din, incəsənət, vətəndaş cəmiyyəti daxil olmaqla, bütün sahələrin təmsilçilərinin sıx əməkdaşlıq etmələri zərurətini yaradır. Bu məqsədlə Dünya İqtisadi Forumunun illik toplantısı qarşıdan gələn dörd on illik üçün qlobal gündəliyin formalaşdırılması məqsədi ilə ictimai həyatın bütün sahələrindən olan rəhbərləri öz işinə cəlb etmişdir.
Yanvarın 28-də Forumun “Qlobal enerji mənzərəsi” mövzusunda iclası keçirilib. Forumun əsas tədbirlərindən olan “Qlobal enerji mənzərəsi” mövzusunda iclası Kembric Enerji Tədqiqatları Assosiasiyasının sədri Daniel Yergin açıb.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış edib. O, ölkəmizdə energetika sahəsində görülən işlərdən danışıb.
Dövlət başçısı ölkəmizin qlobal enerji təhlükəsizliyində oynadığı roldan söhbət açaraq deyib ki, Azərbaycan düzgün siyasət nəticəsində və tərəfdaşların birgə səyi ilə beynəlxalq əhəmiyyətli layihələr həyata keçirib. Hazırda Azərbaycanın enerji daşıyıcıları müxtəlif istiqamətlərə nəql olunur. Bunun üçün boru kəmərləri infrastrukturu yaradılıb.
Prezident İlham Əliyev Azərbaycanın dünya qaz bazarında rolunun artdığını vurğulayaraq deyib ki, "ölkəmizin ehtiyatları təsdiq olunmuş qaz yataqları kifayət qədər çoxdur. Hazırda Azərbaycan qazı qonşu ölkələrə ixrac olunur. Halbuki bu ölkələrin bəzilərində Azərbaycandakından daha çox qaz hasil edilir. Biz qaz ixracını şaxələndirməyə davam edəcəyik".
Dövlətimizin iqtisadi inkişafı haqqında danışan Prezident İlham Əliyev deyib ki, son 6 ildə Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələrdən biridir. Həyata keçirilmiş islahatlar nəticəsində iqtisadiyyatın bazar prinsipləri əsasında inkişafı təmin edilib. Hazırda ölkənin ümumi daxili məhsulunda özəl sektorun payı 85 faiz təşkil edir. Böhrana baxmayaraq, 2009-cu ildə də Azərbaycan inkişafını davam etdirib. Ötən il Azərbaycanda ümumi daxili məhsul 9,3 faiz, sənaye istehsalı isə 8,6 faiz artmışdır. Bundan başqa, Azərbaycanın milli valyutası dəyərdən düşməyib.
İclasda bp şirkətinin baş icraçı direktoru Toni Heyvord, “Saudi Aramko” şirkətinin prezidenti Xalid Al-Falih, “Royal Dutch Shell” şirkətinin idarə heyətinin sədri Peter Vozer, “The Dow Chemical” şirkətinin idarə heyətinin sədri Endrü Liveris, “Total” şirkətinin direktorlar şurasının sədri Tyerri Desmartes mövzu ilə bağlı fikirlərini bildiriblər. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...