Modern.az

Karina, Korona və ...Evtanaziya

Karina, Korona və ...Evtanaziya

Ədəbi̇yyat

11 Yanvar 2021, 12:23

Akif Cabbarlı

 

Hekayə

 

Ucaboylu, arıq, çəlimsiz kişi əsasını yerə döyəcləyə-döyəcləyə asta-asta bəlkə də özünə də məlum olmayan ünvana sarı yol gedirdi. Eynəyi nazik, sivri burnunun üstünədək sallanmışdı. Zorla nəfəs alırdı, yaxınlaşsan, sinəsindən qopan xışıltını, xırıltını aydın eşidə bilərdin. Qaranlıq düşdüyündən bəlkə də qənşəri yaxşı görmürdü. Bunu addımlarını yavaşıtmasından duymaq o qədər də çətin deyildi. Qarşısına keçib salam verdim. Güclə eşidiləcək dərəcədə cavab verdi. Sonra qəfil dayandı.

  • - Hə, necədir, tanıdın məni? – deyə acıqlı-acıqlı üzümə baxdı.
  • - Yox, tanımadım, dayı. Dedim bəlkə sənə bir köməyim dəyər.
  • - Deyirəm axı, indi, ay bala, məni bu dünyada heç kim tanımır, sən haradan tanıyacaqsan? – dedi. Sonra dərindən köksünü ötürüb:
  • - Mənimkilər, salam verib-salam aldıqlarım hamısı köçüb gediblər. Yarısı xaricdə, orda-burda baş girələyir, yarısı da torpağın altında rahatca yatırlar özləri üçün. Məni də ki, görürsən də, yeriyən meyidəm.

Ərik qurusu kimi sıxılmış, bəbəkləri yorğun böcək kimi zorla işıldayan ağsaqqalın sözləri məni üşəndirdi, bir az da vahimələndirdi. Kişi səksəkəyə düşdüyümü hiss edib gülümsəməyə çalışdı. Heç buna gülmək də demək olmazdı. Sadəcə gözlərini azacıq qıyıb protez dişlərini xəsisliklə bir an göstərib qısaca bir kəlmə pıçıldadı:

-Ölmüşdüm, amma görünür, kiminsə qarğışına tuş gəlmişəm, yenidən dirildim. Heç istəməzdim, vallah, qayıdım, qaytaran qaytardı. Elə bilirsən yaxşı iş gördü? Yox-yox, heç ürəyimdən olmadı. Yaşamışam da, səhv eləmirəmsə, səksən birin içindəyəm. Bəsim idi. Niyə təzədən qayıtdım, heç özümə də agah deyil. Nədi, nə olub axı, indi görüşməyə, dərdləşməyə adamım da yoxdu. Heç kimi qınamıram, bir o günə lənət oxuyuram ki, niyə dirildim axı...

Duruxub qalmışdım.Əslində danışmağa sözüm də yox idi. Qoca vəziyyətimi başa düşdüyündən mənə ürək-dirək verməyi özünə borc bildi.

-Olur, belə işlər olur, oğul. İstəsən sənə bəzi şeyləri təfsilatı ilə danışaram, - dedi. Sonra barmağını yaxınlıqdakı binaya tuşladı:

-Bax, o binada, birinci mərtəbədə yaşayıram. Yox ey, yaşamaq nədir, təzədən ölməyimi gözləyirəm. Uşaqlar xidmətçi də tutmuşdular, qoymadım gəlsin. Çay qoya bilirəm, yemək də yemirəm ki, bəlkə elə acından canımı tapşırdım. Əmələ gəlmir ki, gəlmir. Vallah, elə bil qurdla qiyamətə qalasıyam. Hə, nə deyirsən, gedək bizə, çay içək, həvəsin olsa xırda-xırda söhbət də edərik özümüz üçün.

Bu qəribə qocanın maraqlı həyat hekayəsi olduğuna qətiyyən şübhəm qalmadığı üçün sadəcə maraq xatirinə razılaşmalı oldum. Ehmalca qoluna girib qocanı mənzilinədək yola saldım. Ayrılmağa qoymadı:

-Mən naqqalı heç bu qədər səbrlə dinləyən olmamışdı. Gəl, bir yarım saat otur, gedərsən də, hara tələsirsən? Onsuz da axırı...

Sözünün davamını demədi. Yəqin fikirləşdi ki, özündən xeyli cavan adama ölümü xatırlatmaq yerinə düşməz. İçəri keçdik. Çay dəmlədim. Qoca stəkanı dodaqlarına toxundurub: -Sən gedəndən sonra içərəm, indi qorxuram üstümə dağıdam, - dedi.

Axır ki, bu dərəcədə mədəni, yerini-yurdunu bilən, hətta üst-başına çayın tökülməsini də bu yaşda qəbahət sayan kişinin kimliyini, nəçiliyini soruşdum. Kişi əlləri əsə-əsə bir siqaret yandırıb zorla da olsa protez dişlərinin arasında sıxdı. Çəkməyə həvəsi olmadığını dərhal bildim. Görünür, öz kompleksini tamamlamaq, yeyib-içən adam olduğunu çatdırmaq istəyirdi, amma yaxasına külün də tökülməsini istəmədiyindən siqareti tələm-tələsik külqabına basdı.

-Mən Elbrus Şahdağlinskiyəm, bəlkə də eşitmisən, memaram. Arabir də gənclik illərimdə sevgi şeirləri yazmışam. Düzdür, kitabım çıxmayıb, amma əlyazmalarım var, istəsən, sənə də verərəm.

Sonra qoca dərindən köks ötürüb zorla eşidiləcək tərzdə sözünə davam elədi:

-Ömrüm çox çətin keçib. Kənddən gələn cavan oğlan olasan, özü də üz tutmağa, hər şey bir yana, heç quruca məsləhət almağa da bir ünvan tapmayasan, səncə günün-güzəranın necə keçməlidir? Gecələr metro şaxtalarında qara fəhləlik elədim, gündüzlər təhsil aldım. Lap uşaqlıqdan həvəs göstərdiyim memarlıq ixtisasına yiyələndim. Aza da, çoxa da qane oldum, bir kursda oxuduğum qızla ailə qurdum. Bir oğlumu, iki qızımı zülmlə böyütdüm, gücüm çatan səviyyədə onları da ev-eşik sahibi elədim. Oğlum Moskvada təhsil aldı, qayıdıb babat bir vəzifədə işlədi. Yaxşı qazanırdı, iki-üç yerdə mənzil aldı. Bax, bu oturduğumuz otağı da hamımızdan gizlin almışdı, bunu çox sonralar bildik. Özü üçün siz cavanlar yaxşı bilərsiniz “xata” eləmişdi. Amma günlərin birində onu elə iş yerindəcə həbs elədilər. Dedilər ki, mühasiblə əl-ələ verib külli miqdarda yeyintiyə yol veriblərmiş. Qızlarım da bu arada köçüb Türkiyəyə getdilər. Arvadım yolundan azan, nəslimizin adını batıran oğlunun fikrindən, qızlarının yoxluğundan çər azarına düşdü, sonra da ömrünü sizin kimi cavanlara bağışladı. Beləliklə, düm tək qaldım. O illərdə bir qonşum vardı, adı Karina idi. Hələ uşaq vaxtından İrəvandan gələn bu qadınla çox mehriban münasibət qurmuşduq. Sonralar bu qadın adını dəyişib oldu Mədinə. İndi çox şeyləri yaddan çıxarmışam, bu Karina öz gözəlliyindən, işvəsindən-nazından bolluca istifadə edib o qədər şeyə nail olmuşdu ki, sayı-hesabı yox idi. Özü qarışıq, həm də iki qızının hesabına şəhərin yaxşı yerlərində mənzillər almışdı, yaraşıqlı bağ evi də tikdirmişdi. Şirin dilinə salıb özünü bacarıqlı, əlişəfalı tibb bacısı kimi tanıda bilmişdi. İş yerində, eləcə də çağırıldığı mənzillərdə körpə uşaqları şirin dili ilə sığallayır, yalayır, sonra da qoluna, yanına elə bir iynə vururmuş ki, beş ilə, üç ilə çox ağır, sağalmaz fəsadlar verirmiş. Elədiklərinin üstü açılanda isə Karina yoxa çıxmışdı, sorağı Krasnodardan gəlmişdi. Bax, bu otaq var ha, məni istəyən adamlar dedilər ki, həmin Karinanı da, qızlarını da oğlunla burada dəfələrlə görüblər. Arvadım da bilirmiş, amma nədənsə bu barədə mənə bir kəlmə də deməyib rəhmətlik.

Qoca yenidən siqaret yandırmaq istədi, amma fikrindən daşındı. - Əşi, sonra çəkərəm, qoy sözümü qurtarım, - dedi.

-Hə, nə başını ağrıdım, oğlumun əməlləri bizə baha oturdu. Yaşadığım mənzili də müsadirə elədilər. Qonşuların köməyi ilə heçimi-köçümü yığıb oğlumun mənim adıma yazdırdığı bu birotaqlı mənzilə köçdüm. Burada yaşamaq isə heç ürəyimdən deyildi. Karinanın və qızlarının iyrənc qoxusu hopmuş divarlar sanki üstümə gəlir, hara əl vururamsa, ürəyim bulanır. Təxminən bir ay əvvəl isə gecəyarısı qəfildən bədənimdən elə ağrılar qopdu ki, sözlə ifadə edə bilmirəm. Əzalarımı sanki çəkiclə döyəcləyir, basıb əzirdilər. Ürəyim ağzıma gəlir, başım zoqquldayırdı. Özüm özümə diaqnoz qoydum – korona olmuşdum. Güc-bəla yerimdən durub qonşu mənzilin qapısını döyüb özüm kimi yaşlı kişiyə bu barədə məlumat verdim. Kişinin gözləri alacalandı, “vay dədə, covidsən, koronasan, bilmirəm, təcili həkim çağırım, səni aparsınlar” – dedi.

Bəli, beləliklə, mən öz xahişimlə ölümün qucağına atıldım. Öldüm və həqiqətən anladım ki, artıq o dünyadayam. Amma başımın üstündəki ağ xalatlı insanların dilindən səslənən “korona” sözünü “karina” kimi eşidirdim. “Lənətə gələsən, Karina, o dünyada da yaxamızdan əl çəkmirsən” deyə artıq susmuş ürəyimdən keçirdim. Çox əlləşdilər üstümdə, burnumu, ağzımı hansısa adını bilmədiyim aparata qoşdular. Sonra yoğun səsli bir kişinin təəssüf dolu səsini eşiutdim:

-Yazıq qoca çox əziyyət çəkir. Bu iztiraba bir üsulla son qoymaq olardı, təəssüf ki, hələ buralarda evtanaziya barədə göstəriş yoxdur. Heyif, çox heyif, bu bədbəxtin ağrıları olduqca dözülməzdir.

Sonra məni elə xəstəxananın həyətindəki morqa apardılar. Burada məndən başqa da meyitlər vardı. Morqun üzü üzlər görmüş işçilərindən biri - əsl orta əsrlər cəlladını xatırladan bığıburma, enlisifət kişi gözlənilmədən səsləndi:

-Qızlar, oradan bir qab su gətirin, vallah, bu kişinin üzündə qəribə bir nur var, bəlkə heç ölməyib – dedi.

Suyu gətirdilər və kişi bir kasa suyu qəfildən üzümə çırpdı və... mən dirildim. Əvəzində isə kişinin tapşırığı ilə su gətirən qadın gözümün qabağındaca tir-tap yerə sərildi. İndi, vallah, sonradan bilmədim ki, dirildi, yoxsa elə mənim əvəzimə ölüb getdi o dünyaya. Anışdıra bilmədim. Sonradan da gedib xəbərləşmədim, doğrusu. Dedim birdən bəd xəbər eşidərəm, bu qoca vaxtımda lənət yiyəsi olaram.

Kişi sözünü tamamlayıb yenidən siqaret yandırmaq istədi. Bu dəfə mən də birini odladım. Siqaretlərimizə dərindən qullab vurub tüstünü Karinanın nəfəsi hopmuş, koronanın vahiməsi çökmüş divarlara sarı üfürdük.

Sonra kişi ayağa qalxıb mətbəx dolabının siyirtməsindən eynilə qəməyə oxşayan bir bıçaq çıxartdı:

 – Keçən yay Sarıbaşda bir ləzgi dostum bağışlayıb. Ülgücdən itidir. Quzunun başını birdəfəyə üzüb gözümün qabağında. İndi bunun üçün arıq, üzülmüş bir qoca əbləhin damarlarını doğramaq nəmənə işdir? Oğlum, səndən xahiş edirəm, yalvarıram, sözümü yerə salma, – deyə qoca bıçağı mənə uzatdı. 

Qocanın nurunu itirmiş tutqun gözlərindən axan yaş arıq sifətinin qırışları ilə çənəsinə tökülür, oradan da köynəyinin yaxasına damcılayırdı...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?