Modern.az

11 yanvar - Azərbaycanın dünyada tanınması günüdür - ARAŞDIRMA

11 yanvar - Azərbaycanın dünyada tanınması günüdür - ARAŞDIRMA

11 Yanvar 2021, 14:20

Nəsiman Yaqublu

1920-ci ilin yanvarın 11-də Azərbaycan Cümhuriyyəti tarixdə ilk dəfə olaraq dünyada tanındı. Bu həqiqətən böyük tarixi hadisə idi. M.Ə.Rəsulzadə yazırdı: “Cümhuriyyətlərin dövlətlər tərəfindən tanınması Qafqasiyalı xalq kütlələrində böyük bir sevinc doğurdu. Azərbaycan ilə Gürcüstanda bütün xalq günlərlə şadlıq nümayişləri etdi”.

      
Azərbaycanın dünya dövlətləri tərəfindən tanınması xəbəri yanvarın 12-də axşam saat 6-da Azərbaycan hökumətinə çatdı. Bu xəbərin sabahı günü Bakıda bayram əhvalı hiss edilməyə başladı. Yanvarın 14-ü isə Azərbaycan hökuməti tərəfindən rəsmi elan edildi. Bayram tədbirləri belə sıralanmışdı: saat 11-də Təzəpir məscidində dua edilir, saat 12-də Azərbaycan Parlamentinin iclası keçirilir, saat 13-də Hürriyyət meydanında qoşunların rəsmi keçidi olur, saat 14-də Xarici İşlər Nazirliyi binasında hökumət tərəfindən təbriklər qəbul edilir, gecə şəhər çırağban bəzədilir.

   
Yanvarın 14-də Təzəpir məscidinin həyəti xalqla dolu, içərisində isə N.Yusifbəyli, X.Məlikaslanov, H.Şahtaxtinski, X.Xasməmmədov, C.Hacıbəyli, H.Məmmədbəyov və digər hökumət nümayəndələri, məmurlar var idi. Şeyxülislamın dua oxuyub xalqa müraciətindən sonra Rəisi-Vükəla (Baş Nazir) N.Yusifbəyli tədbirdə çıxış etdi.


Bəs bu tanınma prosesi necə baş verdi və Azərbaycan Cümhuriyytəinin ilk atdığı addımlar hansı oldu?


1918-ci ilin avqustunda Nazirlər Kabinetinin sədri F.X.Xoyskinin verdiyi 1144 saylı qərar bu məzmunda idi: “Azərbaycan Sülh Nümayəndə heyətinin  cənab sədrinə. Hökumətin 1918-ci ilin 20 avqust tarixli qərarına əsasən, Azərbaycan Respublikası hökumətinin üzvü, nazir Əlimərdan bəy Topçubaşov Azərbaycan Respublikasının maraqlarına aid olan bütün məsələlərlə bağlı fövqəladə səlahiyyətlə Osmanlı hökuməti imperatorluğuna göndərilir. Hökumət qərara aldı ki, sədrlik etdiyiniz nümayəndələri məlumatlandıraq ki, əgər Beynəlxalq konfrans baş tutarsa, Ə.M.Topçubaşovla əlaqədə olun və o, Azərbaycan Sülh Nümayəndəliyinin tamhüquqlu üzvü kimi orada iştirak etmək hüququna malikdir”.


O, bir müddət Tiflisdə qalıb əhəmiyyətli görüşlər keçirdikdən sonra İstanbula getdi.


Ə.M.Topçubaşov fövqəladə nümayəndə və səlahiyyətli nazir kimi
1918-ci il sentyabrın 28-də İstanbula gəldiyindən bir neçə gün sonra rəsmi görüşlərə başlayır. Maraqlıdır ki, o, bu görüşləri ilə bağlı daima qeydlər aparırdı. Həmin qeydlərdən məlum olur ki, Ə.M.Topçubaşov burada Azərbaycan dövləti üçün çox vacib görüşlər keçirmişdir.


Ə.M.Topçubaşovun qeydlərindən məlum olur ki, o, İstanbulda ilk görüşünü Türkiyənin Sədrəzəmi (Baş Naziri) Tələt Paşa ilə keçirir. Tələt Paşa həmin görüşdə Berlinə olan səfəri haqqında məlumat verir və orada Azərbaycanın maraqlarından çıxış etdiyini söyləyir. O, deyir ki, Avstriya-Macarıstan, Almaniya hələlik Azərbaycanın dövlət müstəqilliyini tanımaq istəmirlər. Tələt Paşa Rusiyanın mövqeyini açıqlayan səfir İoffenin isə “Müsəlmanlar Qafqazda Türkiyənin təzyiqi ilə müstəqil dövlətlərini yaradırlar” fikrini diqqətə çatdırır.


Ə.M.Topçubaşov cavabda deyir: “Mən bir qədər rus bolşevizmi ilə tanışam, Sizi inandırıram ki, indiki Rusiya hökuməti də müsəlmanlara yaxşı münasibətdə deyil. Bunu bolşeviklər, tanınmış millətçi-şovinistlər olan və bir gündə bolşeviklərə çevrilən erməni daşnaklarını Bakıda özlərinə köməyə dəvət edərkən sübut etdilər”.


Sonra Ə.M.Topçubaşov Bakının azad olunmasında göstərilən köməyə görə Türkiyə hökumətinə təşəkkürünü bildirir.


Ə.M.Topçubaşov oktyabrın 2-də eyni gündə Türkiyənin Xarici İşlər Naziri Əhməd Nəsimi bəylə də görüş keçirir. Bu görüşdə də Əhməd bəy Ə.M.Topçubaşova Türkiyənin Azərbaycana kömək etməyə hər zaman hazır olduğunu qeyd edir və ölkənin erməni və gürcülərlə sərhədləri məsələsinə toxunur.


Ə.M.Topçubaşov İstanbulda uğurlu görüşlərini davam etdirir. Eyni gündə iki görüş keçirir, Türkiyənin dövlət rəsmilərində Azərbaycana diqqəti artırmağa çalışır. Həmin görüşlərin ümumi xronologiyasından:

“1) 1918-ci il, 3 oktyabr, 3-cü gün, saat 12:40-da Türkiyənin Ədliyyə Naziri Xəlil bəylə görüş; 2) Eyni gündə saat 12:50-də Hərbi Nazir Ənvər Paşa ilə görüş; 3) 1918-ci il, 21 oktyabr, birinci gün, saat 14:15-də Türkiyənin yeni Sədrəzəmi (Baş Naziri) İzzət Paşa ilə görüş; 4) 1918-ci il, 27 oktyabr, bazar günü, saat 12-də Türkiyənin yeni Xarici İşlər Naziri Nəbi bəylə görüş; 5) 1918-ci il, 28 oktyabr, birinci gün, saat 12:15 dəqiqədə Türkiyənin Xalq Maarif Nazirinin yardımçısı ilə görüş; 6) Eyni gündə Türkiyənin yeni Şeyxülislamı ilə görüş; 7) 1918-ci il, 3 noyabr, saat 21:30-da Türkiyənin Dəniz Naziri və Türkiyənin Batum və Trapezund konfransındakı nümayəndə heyətinin sədri Rauf  bəylə görüş; 8) 1918-ci il, 4 noyabr, saat 12:10-da Türkiyə Xarici İşlər Nazirinin yardımçısı Rişad Hikmət bəylə görüş; 9) 1918-ci il, 5 noyabr, saat 11:20-də Türkiyə Xarici İşlər Nazirliyinə Nəbi bəylə görüş; 10) 1918-ci il, 8 noyabr, saat 14-də, Türkiyənin Maliyyə naziri Hüseyn Cavid bəylə görüş”.


Ə.M.Topçubaşov İstanbulda müxtəlif xarici ölkələrin təmsilçiləri ilə də görüşlər keçirir: Ukraynanın Türkiyədəki təmsilçisi Sukovkin, İranın Türkiyədəki təmsilçisi Mirzə Mahmud xan, ingilis polkovniki (albayı) Tamp, Rusiya Müvəqqəti hökumətinin keçmiş Xarici İşlər Naziri P.N.Milyukov, Amerika rəsmisi, Prezident Vilsonla yaxınlığı ilə seçilən cənab Braun, İtaliya Krallığının Türkiyədəki nümayəndəliyinin katibi qraf Sfort, İsveçin Türkiyə təmsilçisi Ankarxberd, Rusiya imperiyasının keçmiş Xarici İşlər Naziri S.D.Sazonov, Amerikanın Türkiyədəki diplomatik təmsilçisi Heyk, İranın Xarici İşlər Naziri Muşavərəl Məmalək xan, Hollandiyanın Türkiyə təmsilçisi (naziri) Van Der Does de Villebua, Ukraynanın Bolqarıstan təmsilçisi A.Sulqin, Erməni Milli Şurasının sədri və Erməni nümayəndələrinin Paris Sülh Konfransındakı başçısı A.Aqoronyan”.


Ə.M.Topçubaşov bu görüşlərdə həmin ölkə təmsilçilərinə Azərbaycanla bağlı məlumatlar verir, onların münasibət və yanaşmalarını öyrənir. İngilis polkovniki Tampla görüşdə o, deyir: “Admiral Londondan formal tapşırıq alıb ki, Rusiya imperiyasından ayrılmış dövlətlərin təmsilçilərini qəbul etməyək”.


Görüşdə Rusiya imperiyasının keçmiş Xarici İşlər Naziri S.D.Sazonov bu fikri Ə.M.Topçubaşova çatdırır: “Mən Sizə deməliyəm ki, eşitdiyimə görə Qafqaz müsəlmanları ruslara çoz yaxındırlar və Rusiyadan ayrılmaq istəmirlər”.


Ə.M.Topçubaşovun keçirdiyi digər görüşdə İranın Xarici İşlər Naziri Muavərəl  Məmalək Əli Qulu xan belə demişdi: “Bu da doğrudur ki, Azərbaycan bizim şahların hakimiyyətinə tabe olmuşdu”.


Bu görüş və söhbətlərdən Ə.M.Topçubaşova aydın olurdu ki, Azərbaycanın dünyada müstəqil dövlət kimi tanınmasında ciddi problemlər olacaq.


1918-ci ilin 23 dekabrında Ə.M.Topçubaşovun Fransa Respublikasının Türkiyədəki diplomatik təmsilçisinə, Fransa Fransa hökumətinə memorandumla bağlı məktubu çatdırılır. Həmin məktub ABŞ-ın və İtaliyanın Türkiyədəki təmsilçilərinə də verilir. O, bu məktuba əlavə olunmuş memorandum haqqında məlumat verir. Qeyd edir ki, memorandumda Qafqaz Azərbaycanı ilə bağlı, onun bolşeviklərə qarşı apardığı mübarizə, Müstəqil Azərbaycan Respublikası, əhalisi, ərazisi, gələcək quruluşu haqqında məlumatlar vardı. Ə.M.Topçubaşov məktubunda Fransa Respublikasının Azərbaycan Respublikasının müstəqilliyini tanıyacağına ümid etdiyini bildirir.



Qeyd edək ki, Ə.M.Topçubaşov Türkiyədə olarkən, 1918-ci ilin dekabrın 7-də açılan Azərbaycan Parlamentində sədr vəzifəsinə seçilmişdi.


Ə.M.Topçubaşovun və onun başçılıq etdiyi nümayəndə heyətinin Parisə buraxılmaması onlarda və Azərbaycan hökumətində narahatlıq yaradırdı. Ə.M.Topçubaşovun 1919-cu ilin 22 fevralında göndərdiyi teleqramda yazılırdı: “Konstantinopoldan Bakıya − İngilis Qərargahına teleqramma. Hökumətin sədrinə çatdırmağı xahiş edirəm ki, icazə verilmədiyindən hələ Parisə gedə bilməmişəm”.


Ə.M.Topçubaşovun Azərbaycan Nazirlər Sovetinin sədri F.X.Xoyskiyə yazdığı 1919-cu il, 17 mart tarixli məktubundan məlum olur ki, Müttəfiq qüvvələrin təmsilçiləri Azərbaycan Nümayəndə Heyətinin Paris Sülh Konfransına getməsinə maneçilik yaradırlar. Fransa rəsmiləri ilə aparılan danışıqlar nəticəsində martın 29-da Azərbaycan Nümayəndə Heyətindən yalnız iki yaxud 3 nəfərin Parisə getməsinə icazə verildiyi bildirilir.


Azərbaycan Nümayəndə Heyətinin Parisə − Sülh Konfransına getməsi ciddi problemə çevrilmişdi. İngilis nümayəndəliyi Ə.M.Topçubaşovun Londona getməsinə də icazə vermir, Fransa nümayəndəliyi isə yalnız fransızların müəyyən etdikləri üç nəfərin Parisə getməyinə razılaşırdı.


Həmin dövrdə gözlənilmədən Azərbaycan Nümayəndə Heyətinin Parisə getməsi mümkün olur. ABŞ prezidenti Vudro Vilsonun rəsmi şəkildə Versal konfransında Qafqaz məsələsini qoymasını nəzərə alıb, nümayəndələrin Parisə getməsinə icazə verildi.


Azərbaycan nümayəndə heyəti Parisə gəldiyi ilk gündən gərgin fəaliyyətə başladı. İlk görülən işlərdən biri Ə.M.Topçubaşov, Ə.Ağayev və C.Hacıbəylinin birgə hazırladıqları “Qafqaz Azərbaycanı Respublikasının Paris Sülh Konfransına memorandumu” adlı sənəd fransız və ingilis dillərində nəşrə hazırlandı. Azərbaycanın tanıdılması baxımından nümayəndə heyətinin hazırladığı “Qafqaz Azərbaycanı əhalisinin etnik və antropoloji tərkibi, “Qafqaz Azərbaycanının iqtisadi və maliyyə vəziyyəti” adlı sənədlər də (onradan kitabça kimi nəşr olundu) əhəmiyyətli rol oynadı.


1919-cu ilinmay ayında Ə.M.Topçubaşovun başçılıq etdiyi nümayəndə heyəti Polşa, Gürcüstan, Dağlılar Respublikası, Ermənistan və İran nümayəndə heyətləri ilə görüşmüşdülər (qısa müddətdə).


Eyni zamanda, nümayəndə heyəti 12 informasiya bülleteni hazırlayıb nəşr etdi.


1919-cu ilin sonunda C.Hacıbəylinin fransız jurnalı olan “Revyu dyu Mond Myuzyulman”da “İlk müsəlman respublikası Azərbaycan” məqaləsi çap olundu. Bu məqalədə Azərbaycanın tarixi coğrafiyası və inkişafı işıqlandırılırdı.


Nümayəndə heyətinin nəşr etdiyi bülletenlərdə erməni işğalçılarının Naxçıvanda azərbaycanlıları sıxışdırması, Ermənistandakı müsəlman əhalinin vəziyyəti, general Denikinin Qafqaza doğru irəliləməsi (Bülleten №3) ilə bağlı yazılar çap edilib.


Bülletenin 7-ci sayında Britaniya siyasi xadimi S.Lidellin Bakıya səfəri və sonda Rusiya, eləcə də dünya mətbuatının Azərbaycanla bağlı məlumatların icmalı verilib.


Bülletenin 9-cu sayında 1919-cu ilin dekabrında Bakıda keçirilən Azərbaycan-İran konfransı haqqında məlumat və Azərbaycan Cümhuriyyətinin bir illik fəaliyyəti haqqında yazılar vardı.


Bülletenin 10-cu sayında Rusiyanın Xarici İşlər Komissarı Çiçerinin F.Xoyskiyə 1920-ci ilin yanvarın 2-də göndərdiyi nota haqqında məlumat, Parisdə Zaqafqaziya ilə bağlı keçirilən konfransın materialları, Azərbaycanın Cənub-Qərbində qaçqınların vəziyyəti ilə bağlı yazılar dərc olunub.


Bülletenin 11-ci sayında Azərbaycanın Xarici ölkələr tərəfindən tanınması ilə bağlı materialları, 12-ci sayda isə Qars hadisələri ilə bağlı məlumatlar, F.X.Xoyskinin Ermənistanın xarici İşlər Nazirinə notası, Çiçerinə isə üçüncü notası çap edilib.


Qeyd olunmalıdır ki, Azərbaycan nümayəndə heyətinin fransız dilində hazırladığı mətnlərin tərtibində və redaktəsində fransız şərqşünası Lyusen Byuvanın (1877-1942) böyük rolu olmuşdu.


Azərbaycan nümayəndə heyətinin Azərbaycanın tanınması istiqamətində gördüyü ən əhəmiyyətli çalışmalardan biri də ABŞ prezidenti V.Vilsonla görüş oldu. 1919-cu ilin Mayın 28-də günün ikinci yarısı V.Vilson Azərbaycan nümayəndə heyətini qəbul etdi. Qəbul zamanı Ə.M.Topçubaşov ABŞ Prezidentinə müraciət etdi.


 Ə.M.Topçubaşov çıxışından sonra Qafqaz Azərbaycan Respublikası nümayəndələrinin memorandumunu ABŞ Prezidentinə təqdim etmişdi.


V.Vilsonla görüşdə Azərbaycan nümayəndə heyətinin altı bənddən ibarət olan tələbləri ABŞ Prezidentinə təqdim edildi:

"1) Azərbaycanın müstəqilliyi tanınsın; 2) Vilson prinsipləri Azərbaycana da şamil edilsin; 3) Azərbaycan nümayəndələri Sülh Konfransına buraxılsın; 4) Azərbaycan Millətlər Cəmiyyətinin üzvlüyünə qəbul edilsin; 5) ABŞ-ın hərbi departamentliyi Azərbaycana hərbi yardım göstərsin; 6) ABŞ-la Azərbaycan Respublikası arasında diplomatik münasibətlər yaradılsın”
.


Ə.M.Topçubaşov Prezidentə bildirdi ki, bu tələblər qəbul olunarsa, Azərbaycan keçmişdə tərkibində olduğu Çar Rusiyasının borclarından öz payına düşəni tədricən ödəyəcəyinə təminat verir.


ABŞ Prezidenti V.Vilson söhbətdə bu fikirləri diqqətə çatdırdı: “1) Amerikalılar dünyanı kiçik hissələrə bölmək istəmirlər; 2) Azərbaycan məsələsi “rus məsələsi”ndən əvvəl həll edilə bilməz”.


Ə.M.Topçubaşovun Azərbaycan Respublikası Nazirlər Şurasının sədrinə Parisdən 1919-cu ilin 22-25 sentyabrında göndərdiyi məktubda Azərbaycanın tanınması ilə bağlı ciddi çətinliklərin olduğu qeyd edilir: “Müttəfiqlər bizim müstəqilliyimizlə bağlı məsələni nəinki müzakirəyə çıxarmaq, hər şeydən göründüyü kimi, heç bunu etmək belə istəmirlər”
.


Ə.M.Topçubaşovun Azərbaycanın tanıdılması istiqamətindəki fəaliyyətini onun Parisdən Azərbaycan Respublikası Nazirlər Şurasının sədrinə göndərdiyi məktublardan oxumaq mümkündür. O, bu məktublarda həm də demokratik Azərbaycan dövləti quruculuğunun mütləq vacibliyini qeyd edirdi.


Ə.M.Topçubaşovun 1919-cu ilin 6-10 noyabr tarixli göndərdiyi məktubda yazılıb:

“...Doğrudur, bizi hələ dövlət kimi tanımırlar. Lakin getdiyimiz hər yerdə və hamıya artıq ilyarımdan bəri bir dövlət kimi faktiki mövcudluğumuzu bildirir, öz Parlamenti, hökuməti, inzibatçılığı, məhkəməsi,məktəbləri, ordusu olan Azərbaycanın müstəqil yaşadığını göstəririk. Bu Azərbaycan bolşeviklərlə amansız mübarizəyə tab gətirib. Deməli, azərbaycanlılar həyat qabiliyyətinə malikdirlər və özlərinin müstəqil dövlətini qura bilərlər. Gücümüz çatdığı qədər, hətta gücümüz çatmasa belə, bu vəziyyəti qoruyub saxlamaq, bu özünütəsdiqi mühafizə etmək lazımdır. Biz istərdik ki, hamı, bütün xalqımız indi özümüzün müstəqil ictimai-siyasi və iqtisadi həyata qabil olduğumuzu sübut etmək üçün imtahan verdiyimizi yaxşı başa düşsün. İnanıram ki, buna gücümüz çatacaq. Çünki, xalqımız doğrudan da qabiliyyətlidir, ölkəmiz isə təbii sərvətlərlə zəngindir. Lakin bizdə indiyə qədər əxlaqi başlanğıca əsaslanan siyasi məktəb olmadığından geniş xalq kütlələrinin öz gənc dövlətinin müəssisələrindən, qurumlarından nümunə götürməsi və yaşadığımız indiki sınaq anının bütün ciddiyyətini dərk etmsəi çox zəruridir. Paytaxt və rəhbər xadimlər bax, Azərbaycana bütün varlığı ilə xidmət etməyin nümunəsini geniş xalq kütlələrinə onlar göstərməlidirlər. Çünki, biz artıq şüurlarda geriyə dönüş üçün yer olmadığına və ola bilməyəcəyinə əminik.


Qarşımızda yalnız bir yol var − bu da Azərbaycanın müstəqilliyinə aparan yoldur!
Bu yolu təhlükəsiz şəkildə keçmək üçün ilk növbədə ölkənin daxili vəziyyətini sahmana salmaq və möhkəmləndirmək zəruridir. Ölkənin özündə, onun inzibati qurumlarında və məhkəmələrində qayda-qanun yaratmaq və ümumən qanunçuluğa hörmət zəruridir. Ümumi mənafelərə qayğı və onlara sevgi hissi ilə yanaşmaq zəruridir. Dövlət mənafelərini qorumaq yolunda xalqın mütəşəkkilliyi və birliyi zəruridir. Azərbaycan yalnız öz daxili həyatını bu şəkildə nizamlayacağı təqdirdə dövlət ola bilər. Həm də elə bir dövlət ola bilər ki, artıq heç kəsin onu tanımasına möhtac qalmaz. Çünki, daxilən güclü, sabit Azərbaycan artıq öz-özlüyündə real və inkaredilməz bir fakt kimi tanınmış olacaqdır. Daxildə dövlətçilik baxımından möhkəmləndikdə o, xaricdən gələn hər cür təhdidə layiqli cavab vermək üçün fiziki və mənəvi qüvvə əldə edəcəkdir.


Biz əminik ki, hökumət özünün mövcud qüvvələrini dövlət quruculuğunun bütün sahələrində Azərbaycanın daxili vəziyyətinin möhkəmləndirilməsinə sərf edəcəkdir. Biz hökumətimizdən onun məhz ölkənin daxili həyatını nizama salmaq yolunda atdığı hər yeni addım, verdiyi hər yeni sərəncam barəsində xəbərlər almaq arzusu ilə yaşayırıq. Hökumət yalnız bu yolla indiki vaxtda xalqın rəğbətini qazanmaq, eyni zamanda bizim də müstəqil dövlətçilik şəraitində yaşamağa qabil olduğumuzu nümayiş etdirmək iqtidarına malikdir. Yalnız daxildən güclü Azərbaycanın mövcudluğu şəraitində Nümayəndə heyətinin buradakı fəaliyyətinin səmərə verəcəyinə ümid bəsləmək olar. Nümayəndə heyəti isə öz növbəsində qarşıya qoyulan məqsədə çatmaq yolunda hər cür fədakarlığa hazırdır”.


Vəziyyətin belə gərginliyinə baxmayaraq, Azərbaycan Nümayəndə heyəti çalışmalarını davam etdirirdi. Bu fəaliyyətlər və yaranmış beynəlxalq ictimai-siyasi şərtlər, Cənubi Qafqazda Denikin təhlükəsi, bolşevik işğalının reallaşması Azərbaycanın, eləcə də Gürcüstanın müstəqilliyinin tanınmasına şərait yaradırdı.


1920-ci ilin yanvar ayının 10-da İngiltərənin təşəbbüsü ilə Paris Sülh Konfransı Ali Şurasının sessiyası çağırıldı və burada Cənubi Qafqaz respublikalarının məsələsi geniş müzakirə olundu. Yanvarın 11-də Müttəfiqlərin Ali Şurası İngiltərənin Xarici İşlər naziri lord Kerzonun təklifi ilə belə bir qərar qəbul etdi:

“Müttəfiq və birlik ölkələri Azərbaycan və Gürcüstan hökumətlərini birlikdə de-fakto səviyyəsində tanıyırlar”.


1920-ci ilin yanvarın 11-i Azərbaycanın müstəqil bir dövlət olaraq tanınması günü olaraq tarixə yazıldı.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi