Modern.az

Moskva görüşü Azərbaycana nə vəd edir? - Deputatların MÖVQEYİ

Moskva görüşü Azərbaycana nə vəd edir? - Deputatların MÖVQEYİ

Parlament

12 Yanvar 2021, 13:29

Yanvarın 11-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü keçirildi.

Görüş zamanı hər 3 ölkənin dövlət başçlarının imzaladıqları Bəyanat əsasında komunikasiyaların açılması, nəqliyyat əlaqələrinin bərpası üçün işçi qrupun yaradılması dəstəklənib.

Moskva görüşü beynəlxalq və yerli mediaya qapalı keçirilsə də, bəzi məqamların görüşdə müzakirə mövzusu olmadığı aydınlaşıb.

Qarabağın “status” məsələsi və 62 erməni diversantın hərbi əsir kimi Ermənistana qaytarılması tələbi dəyirmi masaya qoyulmayıb. 


Ancaq bəzi suallar isə hələ də açıq qalır. Məsələn, Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində Azərbaycanın dövlət suverenliyinin bərpası; Həmin əraziyə azərbaycanlı köçkünlərin qayıtması; Dağlıq Qarabadakı erməni silahlı dəstələrinin taleyi; Rusiya sülhməramlılarının fəaliyyət sferası və mandatı ilə bağlı suallar; Ağdərə-Kəlbəcər yolunun açılması və s...


Maraqlıdır, üçtərəfli Moskva görüşü Azərbaycan üçün nə vəd edir? Görüşün müsbət və mənfi tərəfləri nədir?


Modern.az
mövzu ilə bağlı Milli Məclisin deputatlarının fikirlərini öyrənib.


Deputat Sahib Alıyev
bildirib ki, dünənki görüş zamanı imzalanan bəyanat 2020-ci ilin 10 noyabrında imzalanan bəyanatın həm məntiqi, həm də mahiyyət baxımından davamıdır:


“Həmçinin, 10 noyabrda imzalanan bəyanatın 9-cu bəndinin reallaşdırılacağının təsdiqidir. Bu görüş növbəti dəfə Azərbaycanın cəbhədə qazandığı qələbənin yenidən masada təsdiqlənməsi oldu.  Rusiyanın "Kommersant" qəzetində həmin görüşə həsr edilmiş reportajdakı bir cümləni nəzərinizə çatdırıram: "Dörd saatlıq danışıqlar nəticəsində imzalanan bəyanatı Nikol Paşinyan danışıqlar öncəsi imzalamaq fikrində deyildi. Sonda imzalamalı oldu”. Bu o deməkdir ki, 10 noyabrda necə əlacsızlıqdan hərbi kapitulyasiya imzaladısa, dünən də belə bir bəyanatı imzaladı. Heç bir məqsədinə çata bilmədi. Paşinyanın əsas məqsədi Qarabağa dair status, Rusiya prezidentinin bununla bağlı açıqlama verməsi və 62 terrorçunun hərbi əsir kimi qiymətləndirilərək geri qaytarılması idi. Putin bu məsələlərə toxunmadı. Putin bu məsələyə toxunmadısa, bu o deməkdir ki, Azərbaycan prezidenti Ermənistanın Baş nazirinin bununla bağlı istəyini qətiyyətlə rədd edib və Rusiyanın dövlət başçısı da bunu nəzərə almalı olub.
Ölkə başçımız 2020-ci ilin yekunlarına dair toplantıda irad və eyhamlar səsləndirmişdi. Bu, Rusiya sülhməramlılarının Qarabağdakı bəzi addımları ilə bağlı idi. Dünənki danışıqlarda bu məsələlərin qaldırıldığını qətiyyən istisna etmirəm. Ümid edirəm ki, gələcəkdə bu yöndə də Azərbaycanda haqlı narazılığa səbəb olan hər hansı hərəkətlər görməyəcəyik”.


Deputat Rasim Musabəyovun
sözlərinə görə, Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyəti ilə bağlı Azərbaycanın bəzi iradları var:


“Prezident İlham Əliyev Ermənistanın başının üstündən Rusiya prezidenti ilə açıq qalan məsələləri müzakirə etdi. Görüşdə bizim üçün vacib məsələlər var idi ki, rəsmən açıqlandı. Kommunikasiya məsələləri müzakirə olundu. Azərbaycanın marağında olan məsələ Mehridən Naxçıvana yol açılmasıdır. Bununla bağlı baş nazirlərin müavinləri görüşəcək və praktiki müzakirə aparacaqlar. Bir çox məsələlər var ki, Azərbaycan prezidenti onu Ermənistan rəhbəri ilə müzakirə etmək istəyində deyildi. Çünki Rusiya sülhməramlıları Azərbaycan torpağında yerləşir, Ermənistan torpağında yox. Onların oradakı fəaliyyətini də Azərbaycan tərəfi Rusiya prezidenti ilə müzakirə etməkdə maraqlıdır. Həmçinin, üçtərəfli yox, ikitərəfli formada Rusiya və Azərbaycan arasında bəzi məsələlər açıq qalır. Sülhməramlıların Qarabağdakı fəaliyyəti ilə bağlı bizim bəzi iradlarımız var. Həmin məsələlər Ermənistan baş nazirinin iştirakı olmadan müzakirə edilməlidir. Paşinyan görüş başa çatan kimi şələ-küləsini yığışdırıb Yerevana qayıtdı. Azərbaycan prezidenti isə qaldı. Hesab edirəm ki, Azərbaycan prezidenti ölkəmiz üçün vacib olan məsələləri Putinlə müzakirə edəcək”.

Deputat Asim Mollazadə deyir ki, dünənki görüş zamanı Azərbaycanı əsas maraqlandıran kommunikasiya məsələsi, Naxçıvana dəhlizin açılması idi:


“Bunları müsbət hal kimi qiymətləndirmək olar. Dünənki görüşdə Azərbaycan istədiklərinə nail oldu. Rusiya öz dəstəyini ifadə etdi və bundan öncə imzalanan sazişə riayət edə bildi. Xülyalarla yaşayan Ermənistan reallıqlarla hesablaşmalıdır. Görüşdə əsas məsələ o idi ki, Ermənisan və onun rəhbərliyi, müxalifəti, eləcə də revanş barədə düşünmək istəyən qüvvələr belə gerçəklərlə razılaşmaq məcburiyyətindədirlər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!