Modern.az

“Mən tozlu otaqdan Hesablama Palatası yaratdım” - MÜSAHİBƏ

“Mən tozlu otaqdan Hesablama Palatası yaratdım” - MÜSAHİBƏ

9 Avqust 2012, 10:49

Eks-nazir, keçmiş sədr Namiq Nəsrullayev: “Hesablama Palatası bax o düyünləri tapmalıdır, çünki, korrupsiya oradadır”


Azərbaycan Respublikasının keçmiş iqtisadiyyat naziri, Hesablama Palatasının ilk sədri, tanınmış dövlət xadimi Namiq Nəsrullayev Modern.az saytının "Sabiqlər" rubrikasının qonağıdır. Onunla müsahibəni təqdim edirik.

İnsan hamını aldada bilər, bircə özündən başqa

– Uzun müddətdir ki, görünmürsünüz. Deyilənə görə, səhhətinizdə problemlər var idi, indi necəsiniz?

– Səhhətimdə problem var, amma bir neçə ildir ki, nisbətən yaxşıyam. Amma indi elə rahat yaşayıram ki... Hər şeydən uzağam. Bakıda çox az oluram. Çox zaman xarici ölkələrə konsultasiyalara dəvət edirlər, Avropada çoxlu maliyyə problemləri olur, oraya dəvət edirlər. Bu yaxınlarda Yunanıstanda idim, orada bir az məsləhətləşmələr apardıq... Özümə əziyyət vermirəm. Balalarım məndən asılı deyillər. Allah dövlətimizdən razı olsun, yaxşı mənə təminat veriblər. Mənim yaşında adama nə lazımdır ki, bundan başqa. İmkan da var gəzməyə. Bilirsiniz, mən iş üçün dünyanı gəzmişdim, sən demə, mən dünyanı heç görməmişdim. İndi isə muzeylərə, konsertlərə gedirəm. İndi mənə çox adamlar zəng edir, məsləhətləşir, böhran zamanı məsləhətlər alırlar. İş məsuliyyətdir, amma məsləhət vermək məsuliyyət deyil. Məsləhət alan şəxs qərarı özü verir. Ona görə də məsləhət verən də, gərək bir az fikirləşəsən. Şükür Allaha, bu qədər işləmişəm, əziyyət çəkmişəm cürbəcür sahələrdə, Allah bu günlərimdə mənə imkan verir ki, gözəl yaşayım. Çox xoşbəxtəm.

– Kifayət qədər yüksək vəzifələrdə işləmisiniz. Bütün o dövrü necə xatırlayırsınız?

– Bilirsiniz, insanın ömrü çox mürəkkəbdir. İnsan ömrü həm də çox qısadır. Mən belə düşünürəm ki, insanın həyatı cəmi 3-4 addımdır. Bu addımlar necə yaşanır? Mənim ömrümün bir neçə mərhələləri var. Bakıda Neft Akademiyasını bitirdim, sonra Moskva Dövlət Universitetini. Sonra elə Moskvada hərbi sənayedə işlədim. Çoxlu mərhələləri keçdim, uğurlar qazandım. Bundan sonra Bakıya gəldim. Yenə də hərbi sənaye ilə bağlı olaraq. Orada yüksək rütbələr qazandım. Sonra müstəqillik illəri gəldi. Allah ona rəhmət eləsin, Ulu Öndərimiz məni dəvət elədi hökumətə. Bu mənim üçün çox maraqlı məqam idi. Mən dövlət işində, dövlət idarəetməsində işləməmişdim. Baş konstruktor oldum, baş direktor oldum, mənim tabeliyimdə 18 min adam işləyirdi. Ən mürəkkəb hərbi sistemləri biz yaradırdıq. Amma dövlət işində mən olmamışdım. O məni dəvət edəndə, 1995-ci ildə çox pis zaman idi. Azərbaycanın ən çətin vaxtları idi. İqtisadiyyat Nazirliyinə gəldim. 2001-ci ildə mənə tapşırıqlardan biri dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi idi. Ulu Öndərlə yaratdığımız o sistem bu gün işləməyə başlayır.

Bir gün də mənə dedi ki, bizdə maliyyə nəzarəti yoxdur. Fikrimcə, o zaman Ulu Öndər çox böyük bir qərar qəbul elədi ki, ləğv elədi o sistemi. Mənə Hesablama Palatasını yaratmağı tapşırdılar. Palata yarandı. İndi də onlarla ünsiyyətdəyəm, nəinki onlarla, bütün dünyanın maliyyə orqanlarının rəhbərləri ilə bu günə qədər əlaqələrim var. Bu yaxınlar da məni Dünya Bankının böyük bir auditinə məsləhətçi kimi dəvət etmişdilər. Mənə çox böyük fərəh verdi oraya dəvət edilməyim. Yeni sistem yarandı. Əsas məsələ odur ki, bir şeyi insan gərək bilsin. Bu distansiyadır. Distansiyada sən qaçırsan, bir an olur küləyi tutursan, amma o an gərək hiss edəsən ki, sənin gücün çatmırmı o küləyə yetişməyə.

Bilirsiniz, insan hamını aldada bilər, bircə özünü aldada bilməz. Həyatda ən çətin zaman insanın özü-özündən müsahibə götürməsidir, bu zaman özünü aldada bilmirsən. Mən bu müsahibəni özümlə apardım, qərarı qəbul elədim. Bu gün də düşünürəm ki, çox düz qərar qəbul etmişəm. Bu qərar həm özüm üçün, həm ailəm, övladlarım, eləcə də dövlət üçün yaxşı oldu.

– Qeyd etdiniz ki, Heydər Əliyevin özü sizi dəvət etdi nazir kürsüsünə. Onunla münasibətləriniz necə idi?

– Ümumiyyətlə, o məni tanıyırdı. Böyük bir azərbaycanlı kimi, böyük bir sahənin mütəxəssisi kimi. Birlikdə Çernobılda işlədik, dövlət komissiyasının sədri kimi, Nazirlər Sovetinin  birinci müavini kimi oraya gəlmişdi. Orada biz yaxınlaşdıq. Həm də o, uşaqlıqdan məni tanıyırdı. Sonra elə oldu ki, özüm dövlət mükafatı aldım. Onları da o eşidirdi, görürdü. Çox zaman o illəri yadıma salıram. Biz onunla çox çətin zamanda birgə işləmişik. Elə suallar olurdu ki, bilmirdik ona necə cavab verək. Dövlət təzə yaranıb. İmkan yoxdur. Köhnə sistem işləmir, dağılıb. Heydər Əliyevdə ən gözəl xüsusiyyət o idi ki, çox yaxşı dinləyici idi. O elə səbirlə sənə qulaq asırdı ki, sonra sənin dediklərini başqa cür sənə deməyə başlayırdı. Fikirləşirdin ki, bu sözləri mən demişəmmi? O, ayrı baxış bucağından baxırdı. İmkan verirdi ki, gördüyün işə ayrı nöqteyi-nəzərdən baxasan.

“Bacarmaram” deyirdin, amma bacardım

– İqtisadiyyat nazirindən Hesablama Palatasının sədrliyinə keçid dövrünüz... Bu məqamlar haqqında danışa bilərsiniz?

– Hesablama Palatasında sədr olarkən əməliyyat olundum. Məni Bakıya gətirdilər, başa düşdüm ki, işləyə bilməyəcəm, buna fiziki gücüm yoxdur. Cənab prezidentlə telefonla danışdım, dedim ki, çox xahiş edirəm, mənim istefa ərizəmi qəbul edin. Dedi ki, bu indinin məsələsi deyil, sən gəl özünə, sonra baxarıq. Dedim ki, sağala bilmirəm, bu məsuliyyət məndə qalıb, 3 aydır bilmirəm ki, nə baş verir. İcazə verin ərizəmi yazıb çıxım işdən. Dedi, yaxşı, amma sonra yenidən danışarıq. Köməkçimi çağırıb dedim ki, ərizəmi yaz, imzaladım göndərim Milli Məclisə. O qərar qəbul olandan sonra mənim səhhətim getdikcə yaxşılaşdı. İşdən çıxmağı lap əvvəl istəyirdim, amma elə alındı ki, əməliyyatdan sonra bu qərarı verdim. Deyirdim ki, sədrin fəaliyyəti 7 ildir, 7 ilim bitsin və yenidən seçilməyə etiraz edəcəm. Amma 1 ilim çatmadı ki, 7 il olsun. Əməliyyatdan sonra elə bildim, 1 il də işləsəm, öləcəm. Həkimlər də təsdiq etdi ki, damarlarım pis gündədir. Əgər bu məsuliyyət üstümdə olsaydı, mən sağala bilməzdim.

İqtisadiyyat Nazirliyindən getməyim isə ayrı cür alındı. Prezidentin tapşırığı ilə Azərbaycanın idarəetmə sistemini yaradan adamam. Orada da İqtisadiyyat Nazirliyinin funksiyası ayrı idi. 2001-ci ildə vəziyyət stabilləşmişdi, mənə də yaxşı təklif var idi. Amma heç prezidentimizə də deməmişdim. Mənə Dünya Bankından vitse-prezident vəzifəsi təklif olunurdu. Mən də ürəyimdə bunu tutmuşdum ki, prezidentə deyim. Dünya Bankından özləri bunu prezidentə dedilər, o da buna pis oldu. Məni çağırdı yanına, dedi ki, sən mənimlə işləmək istəmirsən? Mənə deyirlər ki, sən Amerikaya qaçmaq istəyirsən? Dedim ki, cənab prezident, təklif var, amma onlara heç nə deməmişəm. Dedi ki, Namiq, oğul, son zamanlar bizə pullar gəlməyə başlayıb. Pulları xərcləmək qərarı imzalanıb. Bəs bu Hesablama Palatası nə olan şeydir? Hesablama Palatasının qanunu 1999-cu ildə qəbul edilib, yazıblar formal olaraq. Dedim ki, cənab prezident, o vaxt mən də viza vermişəm həmin qanuna. Amma bilmirəm ki, o nə olan şeydir. Dedi ki, sən get öyrən, gör bu nədir? Fikrim var ki, bu sistemi sən yaradasan. Dedim ki, bacarmaram. Dedi ki, mən səni iqtisadiyyat naziri təyin edəndə də “bacarmaram” deyirdin, amma bacardın. Getdim evə, internetdə Rusiyanın Hesablama Palatasını axtardım və onu tapıb oxudum. Stepaşinlə (Rusiya Federasiyasının naziri – red.) tanış idim, o baş nazirin birinci müavini olaraq Qafqazın iqtisadi məsələlərinə baxırdı. Ona zəng vurdum, dedim ki, mənə bu haqda informasiya lazımdır. O da mənə göndərdi bunu. Sonra Heydər Əliyevin köməkçisinə zəng vurdum ki, məni nə vaxt qəbul edə bilər? Gəldim, yanına, hamısını danışdım, mənə dedi ki, “bəs bacarmırdın?”

O zaman Milli Məclisin sədri Murtuz Ələsgərov idi, o da bilmirdi ki, heç bu palata nə olan şeydir? Milli Məclis məni Hesablama Palatasının sədri təyin elədi. Heydər Əliyevlə söhbət beşinci gün oldu, Milli Məclis ikinci gün qərar verdi. Çıxdım Milli Məclisdən, bilmədim ki, hara gedim? Bina yoxdur ki, işləyim. Mən maşını da təhvil vermişdim nazirliyə. Bilmirdim neyləyim. Səhər işə getməliyəm, amma hara gedim? Bu vaxt Artur Rəsizadə zəng vurdu, dedi ki, lazımsan, gəl yanıma. Onunla yoldaşıq, dedim ki, qardaş, mənim maşınım da yoxdur. Soruşdu ki, hanı bəs sənin maşının? Dedim, maşını artıq təhvil etmişəm. Dedi ki, mən sənə maşını göndərirəm, o sənə lazım olan xidməti göstərəcək. Gəldim Nazirlər Kabinetinə. Artur Rəsizadə dedi ki, mənə prezident zəng etmişdi, dedi ki, Namiq Nəsrullayevi Hesablama Palatasının sədri təyin edin. Amma ilin ortasıdır, büdcə yoxdur ki, Hesablama Palatasına ştat ayıraq.
Mənə bir otaq verdilər, o da toz içində. Beləcə, Hesablama Palatası yarandı.

Mən dünyagörmüş adamam, yenə də nədənsə narazıyam

– İqtisadiyyat naziri olmusunuz. Bəs Azərbaycanın indiki iqtisadi durumunu necə qiymətləndirirsiniz?

– İqtisadiyyata bir neçə baxış var. 1997-də biz Ulu Öndərin göstərişi ilə enerji proqramı düzəltdik. O vaxt bu, fantastik bir şey gəlirdi. Amma indi praktiki olaraq, proqram yerinə yetirilir. Mən nə deyə bilərəm. Hər şeyin bir nöqtəsi var, o da insandır. Heç nə öz-özünə yaranmır. Bunu insan yaradır. Mən istəyərdim ki, yeni insanın yaranması daha sürətlə gedəydi. Nəsillər dəyişir, yeni nəsil çox gözəl nəsildir. Mən onlarla danışıram, görürəm ki, onların baxışları tamam ayrı cürdür. Yeni insanın yaranması daha sürətli olsaydı, mənə elə gəlir ki, bizim iqtisadiyyatın istiqamətləri düz inkişaf edərdi. O vaxt Neft Fondu yarananda, komissiyanın sədri idim. Həm də bizim neft fondumuz fərqlidir dünyadakı modeldən. Dünyada bu fond yaradıldı varlı olandan sonra, biz isə kasıb ola-ola yaratdıq. Bu da bəlkə bizim Ulu Öndərin ən böyük uzaqgörən siyasəti idi. Onda bu yarananda çoxları dedi ki, nəyə lazımdır bu? O dedi ki, bu pul gələcək nəslindir. Biz nə qədər güc sərf etdik ki, onun bu şəffaf halı üçün! Bizdə hələ də bəzi insanlar onu anlamırlar ki, Neft Fondunun şəffaflığını. Mən bu gün onun hesabatına baxanda görürəm ki, 5 il sonra nə olacaq.

İstəyirəm ki, ümumiyyətlə, cəmiyyət o səviyyəyə çatsın ki, belə şeylərlə öz gələcəyini qursun. İnsan heç vaxt hər şeydən tam razı olmur. Mən dünyagörmüş adamam, yenə də nədənsə narazıyam. Problemlər var, problemləri bəlkə də mən hamıdan çox görürəm. Çünki mən bunların içindən çıxmışam və hamısını bilirəm. Fikirləşirəm ki, belə olmasaydı, belə olsaydı, daha yaxşı olardı. Amma məsuliyyət məndə deyil. Məsuliyyət onu edənlərdədir, Allah o işləri görənlərin işini avand eləsin. Ölkədə korrupsiya var, mənim korrupsiyaya baxışım var, bu başqadır. Hətta Rusiyanın anti-korrupsiya proqramını da hazırlamağı məndən xahiş ediblər.

Qərarı azərbaycanlının özü verməlidir

– Bəs ölkədə hansı sahədə zəif inkişaf görürsünüz?

– Çox maraqlı sualdır. İnsan istəyər ki, bütün sahələr inkişaf etsin, həm də çox sürətli. Əsas problem insanlardır. Pul da tapmaq olar, avadanlıq da. Çox yaxşıdır ki, biz xarici mütəxəssisləri dəvət edirik, yaxşı pul veririk. Bu lazımdır. Amma gərək azərbaycanlı o səviyyəyə çatsın və dərk etsin ki, bunu etmək lazımdır. Məsləhət verən mütəxəssis ola bilər, onlardan istifadə də etmək olar, onlarla pul da vermək olar. Amma qərarı azərbaycanlının özü verməlidir.

Böyük proqramlar var, xarici ölkələrdə cavanlar oxuyur və gəlirlər. Kimsə orada qalmaq istəyirsə, qalsın. Bu normaldır. Yox, sən oxudunsa gəlməlisən, bu düzgün deyil. İnsan gərək rahat işləsin. Özü dərk eləməlidir ki, gəlməlidir, burada da işləməlidir. Bu da addım-addım olacaq. Ölkədə hansı sahəyə yaxşı mütəxəssisləri yığa bilsək, o da inkişaf edəcək. Mən indi telekommunikasiya, İnformasiya Texnologiyası mütəxəssisləri görmürəm, yoxdur bizdə. Bax bu yaxınlarda, Latviyaya getdim, məni dəvət etmişdilər, onların böyük bir auditi var idi. Amma gördüm ki, orada yeni nəsil insanlar var, özü də yaxşı pullar qazanırlar. Müxtəlif yerlərdə oxuyub, müasir audit sistemlərini öyrəniblər.

– İqtisadiyyat Nazirliyinin adı bir neçə dəfə dəyişdirildi. Bir neçə nazirlik ona birləşdirildi. Və hazırda İqtisadi İnkişaf Nazirliyi adı daşıyır. Sizcə, bu doğru addımdır?

– Adı nə istəsən, qoya bilərsən. Ümumiyyətlə, dünyada iki iqtisadi sistem var idi: biri bazar iqtisadiyyatı, çıxış-girişi tənzimləyir, biri də var paylaşma sistemi. Sovet-sosialist sistemi bu sonuncudur. Sovet sistemi Stalinin vaxtında idi, repressiya dövründə. Sonra zaman keçdikcə bu boşalmağa başladı. İqtisadiyyat Nazirliyi onun bir törəməsi idi və doğurdan da yeni iqtisadi proqramlaşmanı təmin eləmədi. Variant var idi ki, İqtisadiyyat Nazirliyi ilə Maliyyə Nazirliyi bir olmalıdır, xəzinədarlıq funksiyası ayrı olmalıdır. Bilirsiniz, əsas odur ki, sistemdə hərə öz funksiyasını düz aparsın. Hər yerdə bu müxtəlif cür işləyir. Onun üçün bunun əhəmiyyəti yoxdur. Əsas odur ki, funksiyaları işləsin və yerinə yetirilsin. Dövlət indi proqramlarla işləyir. İqtisadiyyat Nazirliyi dövlət proqramlarını, regionların inkişafını, sahələrin inkişafına maliyyə imkanlarını, onların bir-biri ilə uzlaşmasının öyrənməlidir. Bax, bu, onun əsas funksiyasıdır.

Nazirlər tez-tez dəyişdirilməlidir

– İqtisadiyyatla bağlı sahələrin nazirləri tez-tez dəyişdirildi. Qüdrət Quliyev, Fərhad Əliyev Heydər, Babayev, o cümlədən siz. Belə desək, bu nazirlikdə uzun müddət çalışan nazir yoxdur.

– Bu, mənim problemim deyil. Amma mənə görə nazirlər gərək tez-tez dəyişsinlər. 5-6 il, bundan çox lazım deyil. Mən baş direktor olanda 7 müavinim var idi sahələr üzrə. Mən tez-tez onların yerini dəyişdirirdim, bu da bir idarəetmə üsulu idi. Məsələn, bir müavin şikayət edəndə ki, filankəs düz işləmir, deyirdim, get onun yerində sən işlə, o da sənin yerində işləsin. Bilirsiniz, bu kadr siyasəti çox çətin məsələdir. Bu ancaq prezidentin səlahiyyətindədir, komanda necə işləyirsə və o da qiymət verir və ona görə də iş görür.

Nazir həmkarlarım mənə gülürdü

– Bəs nazir fəaliyyəti dövrünüzdə sizə rüşvət təklif edən olubmu?

– Çox olub. Təklif edirdilər, amma sonra başa düşürdülər ki, bu, boş söhbətdir. Həm də ki, yox demək çətindir. Mən yəhudi kimi onlara cavab verirdim. Bundan çirkin bir şey yoxdur. Bu xasiyyət mənə atamdan keçib. Bizim ailəmizin əqidəsi idi. Sizə bir epizod danışım. O vaxt nazirlər doğurdan da çox az maaş alırdılar, təxminən 100 dollar. Neftçilər prospektində evimiz var idi, o vaxt həyat yoldaşım dedi ki, gəl evi xaricilərə kirayə verək. Bir dəfə xaricdən qayıdıb gəldim, sürücü Mərdəkan tərəfə sürdü maşını. Dedim ki, gecə vaxtı hara gedirsən? Dedi ki, daha Mərdakana köçmüsünüz, o biri evdə heç kim yoxdur. O evdən gələn kirayə pulu bizi çox saxladı.

Mən həmişə Heydər Əliyevlə birlikdə olanda rus dilində danışırdıq. Ona dedim ki, mənim maaşım 100 dollardır. Amma qalstukumun da qiyməti 100 dollardır. Mən bu qalstuku almaq üçün evimi kirayəyə vermişəm. O, bir söz demədi, 4-5 ay keçdi. Dünya Bankından nümayəndələr prezidentin yanındaydı. Prezident dedi ki, bizim nazir qalstuk almaq üçün öz evini kirayəyə verib. O vaxtdan hamı mənə gülürdü. Mənim həmkarlarım mənə deyirdi ki, indi deyirsən, biz də gedək öz evimizi kirayəyə verək? O evi bu günə qədər kirayəyə veririk.

Cəmiyyət gücünü biləndə, problem qalmayacaq

– Uzun müddət Hesablama Palatasının sədri olmusunuz. Büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı bir çox açıqlamalar vermisiniz. Bununla bağlı sizə təzyiqlər olubmu?

– Bu işdir, heç kim razı deyil ki, onu yoxlasınlar və onun nöqsanlarını desinlər. Biri var ki, təşkilat çoxdan yarana və peşəkar işçiləri ola. Biri də var ki, yeni yarana. Amma tələbat çox yüksəkdir. Cəmiyyət sizdən çox şey gözləyir. Amma gərək sizdə də o sifarişi yerinə yetirə biləsiniz. Hesablama Palatası yarananda cəmiyyət başa düşmürdü ki, bu nədir. Elə bilirdi ki, köhnə maliyyə nəzarətinin bir formasıdır. Sözsüz ki, kimi yoxlayırsınız, təəccüblənirlər. Amma nöqsanlar olur, bunsuz iş ola bilməz. Məhkəmə çəkişmələri də olub. Amma mən bunlarla razı deyiləm. Hesablama Palatası məhkəməyə getməməlidir. Onun dediyinə gərək cəmiyyət inansın, desin ki, bu mənim ali maliyyə orqanımdır. Bu, cəmiyyətin qarşısında hesabatdır. Kimsə məhkəməyə gedə bilər. Amma qanunda da göstərilib ki, hər şey üçün Hesablama Palatasını məhkəməyə vermək olmaz. Həm də Hesablama Palatası heç kimi məhkəməyə vermir, onu məhkəməyə verə bilərlər.

Yeni nəslin meyarları ayrıdır. Mən Amerika cəmiyyətini çox dərindən öyrənmişəm, bu, cəmiyyət qarşısında məsuliyyətdir. Bizdə də cəmiyyət də öz səviyyəsini hiss etsə, doğurdan da problemlər qalmayacaq.

Sovet vaxtı biz çox şeyi qoruyub saxlaya bilirdik. Azərbaycan cəmiyyəti böyük-kiçik, qadın-kişi sərhədlərini saxlaya bilirdi, çünki bizə lazım idi. Amma müstəqillik illərində bu əsas meyarlara başqa cür baxmağa başladıq. Dinə münasibət sovet vaxtı bundan yüksək səviyyədə idi. Mənim atam “Allah qoysa”, “qismət olsa” deməmiş, heç nə etməzdi. Nə namazı bilirdi, nə Quranı, amma Allaha inanırdı. İnanırsınız ki, mən Kommunist Partiyasına üzv olmamışam, amma məni vəzifəyə qoyublar. Vəzifəyə qoyulanda gördülər ki, mən partiyanın üzvi deyiləm, halbuki Andropovla söhbətə gedəcəydik. Belə təsadüflər də olur. İndi mən qayıdıram, din məsələsinə. Sünni-şiə məsələsinə. Mən sonradan öyrəndim ki, mənim atam sünnidir, anam şiə. Bunu mən 50 yaşımda bilmişəm. İndi mən bölüm özümü? 

Hamı səhiyyədən narazıdır, o cümlədən mən

– Məlumatlarda hər zaman bildirilir ki, uşaq bağçaları yoxlanılır, məktəblər yoxlanılır. Amma məsələn, Neft Şirkəti yoxlanılmır. Hesablama Palatası istədiyi yeri yoxlaya bilər, yoxsa icazə almalıdır?

– Proqramı özü təsdiq edir, amma nöqtələr qoyur ki, nə üçün? Məsələn, ən böyük yoxlama bağçadadır. Biz gərək bilək ki, pul ora çatıb, ya yox? Ya körpələr evi, ya əlillər evi. Bax, hamı səhiyyədən narazıdır, o cümlədən mən. Amma baxın rəqəmlərə. Çox böyük pullar gedir səhiyyəyə. Biz bilmirik ki, səhiyyədə nələr pulsuzdur, nələri pullu? İndi baxaq, xəstəxanada dövlət dəqiq desin ki, bunlar pulsuzdur, yəni dövlət hesabınadır. Büdcədən pul ayrılıb bunlara. Və pul çatıb, yoxsa çatmayıb? Bu sualı mən işləyəndə vermişdik. Bax, bu axını Hesablama Palatası araşdırmalıdır ki, bu pul haraya qədər gəldi, harada düyün var ki, pul bundan sonra getmir. Hesablama Palatası bu düyünləri tapmalıdır. Çünki, korrupsiya oradadır. Su rahat axırsa, problem yoxdur, əgər su haralardasa ayrılıb başqa qola gedirsə, deməli, burada problemlər var. Neft Şirkəti elə çoxşaxəlidir ki, onun öz nəzarəti olmalıdır, Hesablama Palatası gəlib baxmalıdır ki, doğurdan da onun nəzarət sistemi düz işləyir, ya yox? Əgər Neft Şirkətinin bir funksiyası olsaydı və o, ancaq nefti satsaydı, bu çox asan olardı. Amma bu şirkət çoxsaxəlidir. İndi 200 nəfərlə o qədər milyardları yoxlamaq mümkündürmü?

Müəllim olsam, ürəyim partlayardı

– Adətən keçmiş vəzifə sahibləri işdən çıxdıqdan sonra təhsil ocaqlarında dərs deyirlər, sizə belə təklif olubmu? Ya belə bir istəyiniz varmı?

– Mənə təkliflər çox olub. Təhsil ocaqlarından, böyük şirkətlərdən, universitetlərdən. Amma mən istəməmişəm. Müəllim olsam, ürəyim partlayardı. Bilirsiniz, əgər hiss etsəydim ki, mənə kimsə qulaq asmaq istəmir, mənim dediyim söz havaya uçur, bu, məni daha da pis edəcəkdi. Amma indi də mənim yanıma çox adamlar gəlir, cavanlar məsləhət alırlar. Saatlarla mən onlarla danışıram. Amma görürəm ki, qarşımdakı insanın mənim dediklərimi maraqla dinləyir.

Azərbaycanda nazirlərlə söhbət etmək olmur

– Bəs keçmiş vəzifə sahibləri ilə görüşləriniz olurmu?

– Çox nadir hallarda, amma mən hamıyla açığam. Heç kimə demirəm ki, görüşmək istəmirəm. Mən daha çox ölkədənkənar şəxslərlə görüşürəm. İngiltərənin baş auditi ilə ildə iki dəfə görüşürük, heç nə də etmirik, otururuq söhbət edirik. Stepaşinə zəng edib deyirəm ki, uçuram filan yerə, sən də gəl. O da gəlir, birgünlük oturduq restoranda, səhərdən axşama qədər söhbət etdik. O səhər gəldi, axşam uçdu. Bütün problemlərdən söhbət etdik. Amma Azərbaycanda vəzifədə olanların ayrı söhbəti olmur. Özlərindən danışırlar. Mənim də bundan xoşum gəlmir. Onlar ancaq özünü tərifləyəcək, mən belə elədim, elə elədim.

– İnsanlar çox vaxt məmur-vətəndaş münasibətlərindən narazılıq edirlər. Buna sizin münasibətiniz necədir? Əslində bu münasibətlər necə olmalıdır?

– Əslində məmur da vətəndaşdır. Onun birinci vəzifəsi vətəndaş olmaqdır. O vətəndaşlıq borcunu daha yüksək başa düşürsə, bu zaman problem olmayacaq. Çox təəssüf ki, bizdə bir vətəndaş məmur olan kimi vətəndaşlıq hissini itirir. Sürücüm həmişə deyir ki, yol polisi belə elədi, elə elədi. Mən deyirəm ki, polislə yerinizi dəyişin, o sürücü olsun, sən polis. İnanın ki, yenə də eyni şey olacaq. Dəhşət budur.

Atamı Bakı Komitəsinin birinci müavini seçiblər, mən də cavan oğlanam, institutda oxuyuram. O mənə bir söz dedi, həmin söz hələ də mənim qulağımda sırğadır. Dedi ki, əgər bir vəzifəyə oturdunsa, həmin dəqiqə fikirləş ki, sən yenə də bu vəzifədən gedəcəksən. Sənə münasibət eyni olmalıdır. Əgər bir insan üçün vətəndaşlıq məmurluqdan irəli gəlirsə, o zaman onun heç bir problemi olmur. Kim bunu bacarmadısa, onun üçün çoxlu problemlər olacaq. Çox təəssüflər ki, məmurlar bildirirlər ki, “mən elitayam, qalanlar vətəndaşdır”. Elə deyil.

– Boş vaxtlarınızda nə işlə məşğul olursunuz?

– Özüm üçün, nəvələrim üçün işləyirəm. Mənim əsas problemin 4 nəvəmlədir. Yəni onların problemlərini həll etmək, onlarla məsləhətləşməkdir. Çoxlu gəzirəm, Bakıda olanda simfonik konsertlərə gedirəm. Birdən ağlıma gəlir ki, hansısa muzeyə gedim. Sonra işləyirəm, mənə xahişlər gəlir ki, hansısa məsələ üçün analizlər edim. O dəfə Qazaxıstan üçün belə bir analiz etdim. Amma bunlar məsləhətdir, məsuliyyət deyil. Sənin məsləhətin qəbul edə bilərlər və etməyə də bilərlər, məsuliyyət onların üzərindədir, istəsələr mənim məsləhətimi qəbul edərlər, istəsələr də yox.  

Məsləhətə görə qonorar almıram

– Bəs bu məsləhətlərin qonorarı..?

– Qonorar almıram. Amma elə şeylər var ki, məsələn Londona dəvət edirlərsə, mənim gediş-gəliş, otel pulum onlardan olur. Olur ki, mən gedirəm “chek-up”a, açıq deyirəm ki, onun xərcini siz ödəyəcəksiniz. Mənim hesabıma isə heç vaxt pul qoymayıblar. Mən heç vaxt bunu istəməmişəm. İndi də eləmərəm. Mənim əziyyətimə onlar qiymət versinlər. Onların təklif edirlər ki, gəlin. Amma ki, mən qonorar alım, ya nəsə. Mən bunu ürəklə edirəm, buna bir iş kimi baxmıram. Bilmirəm onlar daha çox ləzzət alır, ya mən. Mən ləzzət alıram ki, bir az beynimi işlədirəm.

– İndi kapitalizm dövrüdür, ola bilər ki, onlar düşünsün ki, hə, biz udduq...

– Bilirsiniz, necədir, mən kimlə işləyirəmsə, onlar məni çox yaxşı tanıyırlar. Mənim bir yaxın dostum var – Barşakov. Müdafiə sənayesində onunla birlikdə çox işləmişik. Bir vaxtlar Rusiyanın baş nazirinin birinci müavini idi. O indi də Rusiyada çox varlı adamdır. Yaxınlarda onunla görüşdüm, elə-belə, mənimlə görüşməyə gəlmişdi. Dedi ki, mən həmişə sənə borcluyam, sənin heç vaxt mənə işin düşməyib, amma mənim sənə milyon dəfə işim düşüb. Həyat elə gətirib ki, mən sənə borclu qalmışam.

– Heç olubmu ki, Hesablama Palatası sizə hər hansı bir iş üçün kömək istəyə?

– Onlar istəsələr də, mən çox diplomatik üsulla bundan qaçaram. Bu çox çətindir. Çünki bir vəzifədən getdikdən sonra, yenidən o vəzifəyə girişmək, məncə, düzgün deyil. Çünki sən həmişə orada nöqsan görəcəksən. Məsələn, mən getdim bu kabinetdən, sən gəldin. Sən burada nələrinsə yerini dəyişdin, çünki sənə belə rahatdır. Amma mən deyəcəm ki, niyə dəyişib? İnsan psixologiyasıdır, heç kimi burada günahlandırmaq lazım deyil.

Qızıma dedim ki...

– Sirr deyilsə, övladlarınız nə ilə məşğuldur?

– Mənim bir qızım “Azerfon”da vitse-prezidentdir, ixtisasca mühəndisdir. Onun iki oğlu var. Kiçik qızım Amerika Ticarət Palatasının icraçı direktorudur – Nərgiz Nəsrullayeva. Onların ikisi də məndən maliyyə cəhətdən asılı deyillər. Amma onlardan yaxın dostum yoxdur. Mən çox xoşbəxtəm.

–Azərbaycan mentalitetində atayla qızın dost olması bir az müşkül məsələdir. Bunu siz necə bacarırsınız?

– Bilirsiniz bu ömürdür. Mənim atam tez rəhmətə getdi, ən yaxın dostum atam idi, elə atamın da dostu mən idim. Mən Moskvada yaşayanda, gəlirdi ki, mənimlə bir az söhbət etsin. Bir növ, bizim ailənin ənənəsidir. İnanırsınız ki, qızlarım ailə qurmaq istəyəndə gəlib birinci mənimlə danışıblar, anası ilə yox. Bu, çox maraqlıdır. Bir dəfə gecə gəlmişəm evə, gördüm ki, qız məni gözləyir. Soruşdum niyə oyaqsan hələ, dedi ata, yemək ye, səninlə söhbət etmək istəyirəm. Balaca divanımız var idi, dəhlizdə, oturduq, səhərə qədər söhbət etdik. Qızıma dedim ki, sevirsənsə, get. Düz addım atmısansa, bil ki, atan hər zaman sənin arxandadır. Amma sevirsənsə, get. Çünki sonra demə ki, mən onu sevdim amma alınmadı. Mən o kürəkəndən razı, ya narazı olacam, o mənim problemimdir. Problemin olsa, mən varam. Gəl yanıma. Nə vuracam, nə öldürəcəm. Mənim nə işimə qalıb, qərar sənindir. Amma qalmasın ürəyində sevgin. Göz dəyməsin, kürəkənlərimlə də normal münasibətlərim var. Onlar bilirlər ki, qızlar mənimlə çox yaxındırlar. Mənim qızlarım çox unikaldır. İşlərində nəsə problem olanda, deyirlər ki, ata, sənin köməyin lazımdır. Gəlirlər, nə lazımdırsa, məsləhətləşirlər. Elə nəvələrim də elədir. Onlarla da dostam, atalarına-analarına demədiklərini gəlib mənə deyir. O günü nəvəmlə gecə saat 3-ə qədər söhbət etmişik, nə atası, nə də anası bilir. Problemi var idi, mən heç vaxt onlara demirəm ki, bunu düz etmirsən, ya da səhv edirsən. Deyirəm ki, sən dəqiq bilirsən ki, bunu düz etmisən? Sakit durur, bu məsələni açırıq, danışırıq, bu gün söhbət qurtarmadı, sabah o birisi gün danışırıq. Bu alınır da, çox vaxt sərf edirik. Həm də, kiminsə sirrinin məndə olması çox məsuliyyətlidir. Nəvəmə deyirəm ki, bilirsən necədir, bunu gərək ananla məsləhətləşək. Kim deyəcək, mən deyim, ya sən deyirsən? Deyir, baba, hansıdır məsləhət? Deyirəm ki, özün de, amma de ki, babanın da xəbəri var. Uşaq sonda başa düşür ki, qərarı o qəbul edir. İnsan gərək qərarı özü qəbul etsin, çünki o zaman məsuliyyət özündə olacaq. Deməsin ki, atam dedi, məndə getdim, ya anam dedi, mən elədim.

– Bəs övladlarınızın ixtisas seçimində yönləndirmə olubmu?

– Yox, özləri qərar veriblər. Böyük qızla problem yox idi, o mənim sahəmi seçdi. Kiçik qız isə idarəçilik istəyirdi, o vaxt mən bilmirdim, başa düşmürdüm ki, bu nədir. Amma indi o çox yaxşı idarəçidir, menecerdir. İndi ona çox yaxşı yerlərdən yaxşı maaşla təkliflər gəlir. Onun üçün sənətini gərək sevəsən. Sənətini sevmədin, heç vaxt sən uğur qazana bilməzsən. Bir də ki, sən ali təhsil aldın, doktor oldun, nə bilim nə oldun, amma öz üzərində işləməlisən daimi olaraq. Mən MDU-nu bitirmişəm, riyaziyyatçıyam, həm mühəndisəm, həm də riyaziyyatçı. 1971-ci ildə qurtarmışam. İndi mən öz üstümdə işləməsəydim, nə olacaqdı. O vaxtdan bəri elm o qədər irəli gedib ki, sən gərək daim öz üzərində işləyəsən. Mən elə indi də üzərimdə işləyirəm, amma ayrı cür. Mən həftələrlə kompüterin qarşısında hansısa proqramları test edirəm. Mənim öz proqramlarım var, bu modellər tez-tez mənə kömək edir. Hansısa ölkəyə gedirəm və orada nəsə analiz edirəm. O zaman öz kompüterimdə həmin proqramlardan istifadə edərək, həmin məsələni tez həll edirəm.

Mənim heç vaxt artıq pulum olmayıb

– Qeyd etdiniz ki, proqramlar hazırlayırsınız. Ümumiyyətlə, bütün bu təcrübələrinizi kitab halına salmaq fikriniz varmı?

– Bunlara vaxt lazımdır, həvəs lazımdır. Belə şeylərə həvəsim yoxdur. Heç mənim haqqımda kitab da yoxdur. Özüm istəmirəm... düzü reklamı sevmirəm. Mən bir şey danışım sizə, o vaxt heç bir nazirlik yox idi, nə nəqliyyat, nə sənaye. Hamısı mən idim, hamısı İqtisadiyyat Nazirliyi idi. Bütün problemləri İqtisadiyyat Nazirliyi həll edirdi. Heydər Əliyev deyirdi ki, sammit var, amma bilmirəm nə samitidir. Yerin var, get orada iştirak et... Bax belə işləmişik biz o zaman.

Bir dəfə Azərbaycanın inkişafı ilə bağlı sərgi idi. Heydər Əliyev dedi ki, Namiq, heç mənim səninlə şəkilim yoxdur. Hamı gəlir, mənimlə şəkil çəkdirir, amma səninlə yoxumdur. Onun bir fotoqrafı var idi, soruşdu ki, bizim şəkilimiz var, dedi, yox. Dedi, bizim şəkilimizi çək. Mən həmişə dalda duranam, heç vaxt televiziyada da çox görsənməmişəm. Öz reklamımı sevmirəm.

– Bilmək olarmı, təqaüdünüz nə qədərdir?

– Rəsmi vəzifə pensiyam 2350 manatdır, 1000 manat da prezident təqaüdü alıram. Həyat yoldaşım kafedra müdiridir, 700-800 manat da o alır. Evimizi də kirayə vermişik təxminən 3000 manat da oradan alırıq. Balalarım da nəinki məndən asılıdır, hətta arada onlar mənə kömək edir. Mən ildə 2 dəfə “chek-up”a gedirəm, gediş-gəliş 7-8 min manata başa gəlir, amma şükür maliyyə problemim yoxdur. Mənim heç vaxt artıq pulum olmayıb. Çox ciddi yaşamışam. Amma yaxşı gəzirəm. Əvvəl dövlətin hesabına gəzirdim, amma indi öz hesabımla. Heç kimdən asılı deyiləm, yaxşı gəzirəm

– Bəs övladlarınız deməyib ki, filankəs belə yaşayır, amma biz...

– Bizim ailədə heç vaxt belə söhbət olmayıb. Mənim həmişə dövlət maşınım olub, amma onları məktəbə aparıb gətirmək... belə şey olmayıb. Nənəm  bazara gedirdi, amma trolleybusla. Oğlunun maşını, nəvəsinin maşını ola-ola. İndi nəvələrimdən bir az narazıyam, ay nə bilim papası maşın göndərir, ya anası. Amma deyirəm, zaman budur. Bizim vaxtımızda belə şey yox idi. Anam rəhmətə gedəndən sonra bacım gəldi, hər qadının özünün nəyisə olur axı. Açdı hər şeyi, 15 dəqiqə vaxt sərf etdi onları bölməyə. Düzü, bu cür şeylər barədə danışmağa utanırdıq.

Vəzifədə olarkən “yox” deməyi bacarmalısan

– Bəzi məmurların özlərinin biznes strukturları olur. Sizin də varmı?

– Bununla bağlı çoxlu təkliflər gəlmişdi ki, nazirsən, bunu elə, onu elə. Bundan çirkli iş yoxdur. Mən göydən zənbillə düşməmişəm, dost var, yaxın var. Düzü, elə qohumum da yoxdur, bir bacım var. Onun bir oğlu var, o da kinoyla məşğuldur, bizim sahəylə əlaqəsi yoxdur.

Vəzifədən istifadə eləməkdən çirkin bir şey yoxdur. Onun gec-tezi var. Ya dövlət vəzifəsində ol, ya da get biznesinlə məşğul ol. Qazaxıstanda bu çox yaxşı tənzimlənib, orada Nazarbayev icazə vermir ki, dövlət məmurları bizneslə məşğul olsun. Heç vaxt bu haqda fikrim də olmayıb. Özü də vəzifədə “yox” sözünü deməyə bacarmalısan. Mənim dövlət məmuru kimi özümdə ən güclü xüsusiyyətim o idi ki, mən “yox “deyə bilirdim. Qohumuma da, qardaşıma da, dostuma da. Bu isə çox çətindir, çox çətin.

– Ədəbiyyata marağınız necədir?

– Mənim fikrimcə insanın, şəxsiyyətinin formalaşması ədəbiyyatla bağlıdır. İndi internet, kino çıxıb. Biz gözümüzü açıb ədəbiyyatla böyümüşük. Mənim uşaqlığım gəncliyim 50-ci illərə təsadüf edir. Biz rus dilli ailədə böyüsək də, Azərbaycan ədəbiyyatını oxumuşuq. Həftədə bir dəfə atam, anam bacım və mən teatra gedirdik. Məndən yaxşı Azərbaycan Dram teatrını heç kim bilmir. İndi mənim balalarım getmir teatra. Nəvələrim mənimlə operaya gedirlər. Biz hər mövsüm “Koroğlu” operasının premyerasına ailəliklə gedərdik. Uzun zaman bu ənənə bizdə davam etdi.

Atam mən Moskvada yaşayanda yanıma gəlirdi, 3 günün 2 axşamını biz teatrda keçirirdik.

Müasir yazıçıları oxumuram, tanımıram. Bəlkə də bu mənim nöqsanımdır. Amma ədəbiyyatı sevirəm, istər rus, istər Avropa, istərsə klassik Azərbaycan ədəbiyyatı çox sevirəm.

Sevinc İltifatqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü