Modern.az

Azərbaycanda Vaksinasiya Strategiyası təsdiq edildi

Azərbaycanda Vaksinasiya Strategiyası təsdiq edildi

Ölkə

16 Yanvar 2021, 21:32

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib.

 

Modern.az xəbər verir ki, Sərəncama əsasən Vaksinasiya Strategiyasının Tədbirlər Planında nəzərdə tutulmuş icraçı orqanlar (qurumlar) zəruri tədbirlərin müəyyən edilmiş müddətlərdə yerinə yetirilməsini təmin etməli və işlərin gedişatı barədə məlumatları mütəmadi olaraq Nazirlər Kabinetinə təqdim etməlidirlər.

 

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən, Azərbaycanda mühüm və yüksək risk qrupları, o cümlədən peyvənd olunmalı əhalinin məlumat bazası yaradılacaq.

 

Sənədə əsasən, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi il ərzində mühüm və yüksək risk qrupları, o cümlədən peyvənd olunmalı əhalinin məlumat bazasının yaradılmasını təmin etməlidir.

 

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Maliyyə Nazirliyinə isə 2021-2022-ci illər ərzində mühüm və yüksək risk qruplarının COVİD-19 xəstəliyi əleyhinə vaksinasiyasından əvvəl (vaksin istehsalçısının tövsiyələrinə əsasən) seroloji skrininqin aparılması üçün tələb olunan tibbi ləvazimatlarla təmin edilməsi tapşırılıb.

 

Eyni zamanda vaksinasiyanın monitorinqi və qiymətləndirilmə sistemi  yaradılacaq.  Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB 2021-2022-ci illər ərzində vaksinasiya prosesinin mütəmadi monitorinqi və qiymətləndirilməsi üçün zəruri indikatorlar daxil olmaqla, monitorinq və qiymətləndirmə planının işlənib hazırlanmasını təmin etməlidir.

 

Sənəddə bildirilir ki, strategiyanın vəzifələrinin icrasının qiymətləndirilməsi üçün proses və nəticə indikatorları müəyyən edilməlidir. Burada Strategiyanın qarşısında qoyulan hədəflər əsas götürülməli və zəruri göstəricilər üzrə mütəmadi monitorinq həyata keçirilməlidir. Monitorinq və qiymətləndirilmə sistemi Strategiyanın icrasının qiymətləndirilməsi, problemlərin aşkar olunması, aradan qaldırılması və müvafiq tədbirlərin həyata keçirilməsi üçün lazım olan məlumatlarla təmin etməlidir.

 

Proses və nəticə indikatorlarının müəyyən edilməsi:

  1. tibbi göstəricilər üzrə;
  2. epidemioloji vəziyyət üzrə;
  3. iqtisadi göstəricilər üzrə.

Mütəmadi monitorinq və qiymətləndirmə prosedurları:

  1. vətəndaşlar üzrə;
  2. məntəqə və bölgələr üzrə;
  3. xidmət keyfiyyəti üzrə.

İcraya nəzarət və problemlərin vaxtında aradan qaldırılması:

  1. tibbi heyət üzrə;
  2. vaksinlər üzrə;
  3. məsul qurumlar üzrə.

Monitorinq və qiymətləndirilmə üzrə dəstək fəaliyyətləri:

  1. “Soyuq zəncir” üzrə;
  2. məlumat bazası və təhlil üzrə;
  3. maarifləndirmə üzrə.

 

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nda COVID-19 xəstəliyinə qarşı vaksinasiya olunacaq əhali qrupları da açıqlanıb.

 

Strategiyanın icrası ümumi əhali və xüsusi həssas qruplarını özündə ehtiva edir. COVID-19 xəstəliyinin səbəb olduğu epidemioloji vəziyyətin stabilləşdirilməsi və onun mənfi nəticələrini azaltmaq məqsədilə görülən tədbirlər səhiyyə sisteminin, immunlaşdırma xidmətlərinin və müvafiq logistika işlərinin gücləndirilməsini əhatə edir. Sənəddə qeyd edilib ki, COVID-19 xəstəliyi əleyhinə vaksinasiya mühüm və yüksək riskli əhali qruplarının mümkün qədər tam əhatəsi və ümumi əhali arasında isə könüllülük prinsipi əsasında aparılması nəzərdə tutulur.

 

COVID-19 xəstəliyi əleyhinə vaksinasiya ilə əhatə olunacaq yüksək riskli əhali qrupları aşağıdakılardır:

sosial:

- səhiyyə işçiləri (həkim, orta və kiçik tibb heyəti, texniki heyət) ;

 - hüquq mühafizə orqanlarının əməkdaşları;

 - hərbi qulluqçular;

 - saxlanılan, həbs edilmiş şəxslər və məhkumlar;

 - təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi;

tibbi:

- yaşlı əhali ≥65;

- Tənəffüs Sistemi Xroniki Xəstəlikləri olanlar, xroniki hemodializ xəstələri, şəkərli diabet II tip (≥50), piylənmə (≥18).

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı