Modern.az

Öyrədilmiş çarəsizlik….

Öyrədilmiş çarəsizlik….

9 Avqust 2012, 14:05

Heç bir insan çarəsiz doğulmur. Onu çarəsiz edən yaşadığı mühitdir. İnsanı çarəsiz yetişdirən valideynləridir. Bir insanın xarakteri, kişiliyi, cəsarəti, özünə inamını qarşılaşdığı hadisələr formalaşdırır. Əgər bir insana hər zaman davamlı olaraq “sən bunu bacarmazsan”, “sənin buna gücün yetməz”, “sənin qabında yoxdur” , “sənin bacarığın elə bu qədərdir” kimi sözlər söylənsə, bu həmin insanı bacarıqsızlığa, çarəsizliyə aparacaq.

Psixoloqların bu sahədə araşdırmaları acı həqiqəti açıq şəkildə sübut etməkdədir. Alimlər birələrin yerdən 50 sm yuxarı sıçradıqlarını ölçürlər. Sonra bu birələri yüksəkliyi 30 sm olan şüşə qaba qoyub ağzını bağlayırlar. Qabın altını qızdırırlar. Qab isti olunca birələr sıçramağa başlayırlar və qabın qapağına dəyib yerə düşürlər. Bir az sonra birələr qapağa vurmamaq üçün 29 sm uzağa sıçramağa başlayırlar. Bir az zaman keçdikdən sonra birələr 29 sm sıçramağı adət halına gətirirlər. Halbuki, əvvəllər 50 sm sıçrayırdılar. Qabın qapağını açdıqdan sonra da birələr 29 sm sıçramağa davam edirlər...

Digər bir maraqlı araşdırmanı isə fillərin üzərində aparırlar. Körpə filləri zəncirlə dirəyə bağlayırlar. Heyvanlar ilk zamanlar qaçmağa çalışırlar, ancaq nə qədər çalışsalar da zənciri qopara bilmirlər. Ayaqlarında zəncirlə böyüyən fillər buna adət edirlər və azadlıq duyğusunu itirirlər. Bu nöqtədə fillərin ayağındakı zəncir sökülür və yerinə incə bir ip bağlanır. Ancaq fil bu ipi asanlıqla qırıb qaça biləcəyi halda yerindən tərpənmir. Çünki hələ də ayağının bağlı olduğuna və bu zəncirlərin qırılmayacağına inanır. Fil böyüdüyündə ayağındakı zəncir tamamilə sökülür. Ancaq fil olduğu yerdə qalır. Çünki o, artıq saxlandığı yerdən kənara çıxa bilməyəcəyini anlayır. Çarəsizlik bax, bu şəkildə öyrədilir.

Alimlərin fillərlə bağlı araşdırmasını oxuduğumda yadıma kəndimizdəki inəklərimiz düşdü. Uşaq vaxtı diqqətimi çəkən şey inəyimizin ayağına bağlanan kəndir qırılan zaman, bu heyvanın həyətimizdən qaçmaması idi. Hər zaman bir dirəkdə bağlı olan inəyimiz kəndiri qopsa belə, yenə də gəlib o dirəyin yanında dayanırdı. Uşaq ağlımla fikirləşirdim ki, görəsən, bu inək niyə azadlığını qiymətləndirmir, qaçıb getmir? Hətta bir dəfə onu küçəyə qovmuşdum. Amma mən həyətimizə geri dönəndə inək də arxamca gəlib hər zaman bağlı olan dirəyin yanında dayandı.

“Niyə qaçıb getmir” sualına anam “heyvandır ağlı yoxdur” cavabını vermişdi. Ancaq indi bunun öyrədilmiş çarəsizlik olduğunu anlayıram. Bayaq dediyim fil kimi, bizim inək də kiçikliyindən ipə bağlandığı üçün azadlıq duyğusu əlindən alınıb.

Yuxarıdakılar sadəcə heyvanlara aid misallardır. Bu gün cəmiyyətimizdə milyonlarla belə çarəsiz insanlar var. Kimin nə deməyindən asılı olmayaraq, mən hər şeyin ailədə başladığına inanıram. Hər şey “uşaqdır, qələt eləyir” deyə valideynlərinin diqqət yetirmədiyi bu balaca varlıqda başlayır. Xaricdə yaşadığım müddətdə bir şey diqqətimi çəkdi. Övladını böyüdüyu halda belə uşaq yerinə qoyan, onun yerinə qərar verən və heç bir zaman uşağın fikrini soruşmağa ehtiyac duymayan millətik, biz azərbaycanlılar. Demokratik haqqı beşikdə boğulan, yeməyi zorla yedizdirilən, paltarı zorla geyindirilən, məktəbə zorla göndərilən, zorla oxudulan, səsini çıxaranda ağzından vurulan, etiraz edəndə əti göyərənə qədər çimdiklənən, zorla evləndirilən bir insandan demokratik cəmiyyət qurmağı tələb etmək, onu demokratik cəmiyyət qurmaq üçün zorla mübarizə aparmağa vadar etmək nə qədər məntiqlidir?

Haqqını tələb etmək istəyəndə ağzından vurulan, haqsızlığa etiraz edəndə atasının çatılan qaşlarıyla susdurulan, el-oba arasında “demoqoq” damğası vurulduğu üçün valideynləri tərəfindən qınanan bir insandan hansı cəmiyyət, nə fayda görə bilər ki? Uşaqlıqdan “kəs səsini otur” məntiqiylə böyüdülən bir vətəndaşdan 20 il sonra bu cəmiyyətdə haqq tələb etməsini gözləmək, sizcə də, gülünc deyilmi? Atası, əmisi, dayısı və s. kimi ailə başbilənləriylə bərabər vəzifəli şəxslərin hüzurunda yaltaqlıq mərasimindən keçən bir gəncin bərk-bərk “filankəs gələndə ayağa dur, yer ver, hörmət elə” deyə tənələnən birindən sabah “niyə vəzifəli şəxslərə yaltaqlıq edir” deyə hesab soruşmaq məntiqsiz deyilmi?

Sadəcə, bunlarmı? Çarəsizcə böyüdülərək cəmiyyətə atılan çarəsiz insanlarla rahat, demokratik, azad bir cəmiyyəti necə quracaqsınız? Seçkilərdə atası dönə-dönə “filankəsə səs verək, o çıxmasa ayıb olacaq, el içinə necə çıxacağıq, vəzifəli adamdır bizə gün göstərməz” və s. çarəsiz cümlələrlə seçkiyə getdiyini müşahidə eləyən bir varlıq özü səsvermə hüququ əldə etdiyində Allahdan başqa onu kimsənin görmədiyi bir qutuya girdiyində belə yoğrulduğu çarəsizlik xəmiri ona istədiyinə səs verməyə imkan verəcəkmi sizcə?

Hər kəs haqq etdiyini yaşayır. Əgər bir uşağa doğrusunu öyrətməsəniz, onun doğru cəmiyyətdə yaşamasını sadəcə xəyal edə bilərsiniz. Xəyallar isə uçub gedir...

İnamsız olmayaq, inamsız övlad yetişdirməyək. Uşaqlarımızı çarəsizliyə sürükləməyək. Onlara azadlığı beşikdə verin ki, azadlıq duyğusunu dadsınlar, anlasınlar. Anlasalar, bir daha əsla vaz keçməzlər...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏLƏR - Əhali qaranlığa qərq oldu