Modern.az

Xəzan bilməyən fəsildir şair ömrü  

Xəzan bilməyən fəsildir şair ömrü  

Aktual

18 Yanvar 2021, 10:05

Ələkbər Ziyatay sözü zərgər kimi işləyirdi, dəqiq və çox poetik. Əkbər Ağayev filologiya elmləri doktoru, professor

 

Uşaqlıq illərimdən diqqətimi çəkən, əsərlərini sevə-sevə oxuduğum, şerlərinə yazılmış mahnılarını dönə-dönə, sevərək dinlədiyim, “Min bir gecə”li nağıllar  dünyasında mənalı və şux qəzəllərinin sehrinə daldığım bir sənətkar barədə olacaq bu günkü yazım. Əslində haqqında söz açacağım şair Ələkbər Ziyatay barəsində əvvəllər bir neçə yazım, ona həsr olunmuş televiziya və radio verilişləri işıq üzü görmüşdü. Bu dəfəki yazımı qələmə almağımda məni ilhamlandıran, bu günlərdə televiziya verilişlərinin birində Ə.Ziyatay barədə çıxışımı izləyən və sonradan mənə ürək sözlərini bildirən, istedadlı qələm sahibi, şair, jurnalist həmkarım, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, 525-ci qəzetin baş redaktoru, əməkdar jurnalist Rəşad Məcid oldu. Söz verdiyim kimi, Ələkbər Ziyatay haqqında düşüncələrimi yenidən  hörmətli oxucularımla bölüşməyi qərara aldım...

Ələkbər Ziyatay oxucusunu daim heyrətləndirən, təəccübləndirən, düşündürən və onu sözün sehrinə, poeziya aləminə sövq edən, ülviyyətə səsləyən qüdrətli söz sərrafıdır. Ələkbər Ziyatay özünün söz xəzinəsində “Mehri-ülfətdir şüarım, mən azərbaycanlıyam”- deyib, azərbaycanlı kimliyini fəxrlə, qürurla dünyaya car çəkən, odlar diyarı cənnətməkan Azərbaycanın əsrarəngiz gözəlliklərini, zəngin təbiətini özünəməxsus tərzdə, böyük ustalıqla vəsf edən, “Bəhruz xəyallı bir rəssam” kimi sevgilisinin telinə sığal çəkərək, həyat eşqinə hörmət və müqəddəs sevgini əxz edən, “Bir sözümdən inciyərək gedirsən”- deyib aşiqinin ayrılığına dözə bilməyərək xiffət çəkən, “Olmalıydıın, olmadın” -deyib ilk məhəbbətin uğursuzluq acısını yaşamağa məhkum olan gənclərə təssəli verən, “ Bakı gecələri”nin əzəmətini, füsunkarlığını, möhtəşəmliyini, romantikliyini melodik misralarla bizə bəxş edən, “Doğma dilim, sənki varsan dünyada”- deyib doğma ana dilimizə sonsuz sevgini yorulmadan oxucusuna aşılayan və hikmətli sözləri ilə onları heyrət dənizinə qərq edən, lirik, həzin şerləri, şux qəzəlləri ilə könül rübabımızın zərif tellərini titrədən, “Bir ürək çırpınşa şerlərimdə, deyərdim dünyanın xoşbəxtiyəm mən” -söyləyən görkəmli qələm sahibi, zəhmətkeş şairdir.

Bu gözəl qəlbli, həlim və mülayim təbiətli, hədsiz təvazökar, sadə, özünə dəyər verən, hər zaman abırını, şəxsi ləyaqətini gözləyən, kövrək, həssas qəlbli və daim sevgi ilə əhatə olunan sənətkar idi bizim Ələkbər Ziyatay.

Azərbaycan ədəbiyyatına Məhsəti Gəncəvi, Nizami Gəncəvi kimi dahilər bəxş edən Qədim Gəncədə 1913-cü il dekabrın 21-də göz açıb.Uşaqlıq və gənclik illəri bu qədim şəhərdə, Kəpəzdə və Göygöldə keçib..

Hər zaman ictimai-siyasi, ədəbi-mədəni proselərdə. özünəməxsus yer tutan Gəncə şəhəri hələ Ələkbər kiçik ikən onun mənəvi dünyasına, tərbiyəsinə, formalaşmasına öz təsirini göstərmişdir. Xüsusilə  də məktəbli illərində əlaçı, nümunəvi şagird kimi həm yaşıdlarından fərqlənən Ələkbər ədəbiyyata xüsusi maraq göstərir, inşa yazıları, kiçik həcmli şerləri ilə həm müəllimələrini, həm də şagird dostlarını heyrətləndirirdi. Yeddiillik şəhər məktəbini əla qiymətlərlə başa vuran Ələkbər Gəncə şəhər İnşaat texnikumuna qəbul olur. Lakin, burada təhsil aldığı müddətdə də bədii ədəbiyyata, yaradıcılığa maraq bir an belə onu tərk etmir. Daim yaxından dostluq etdiyi, sonralar xalq artisti, “Dəli Kür” filmində baş roldan tanıdığımız Cahandar ağa obrazını yaratmış Ələddin Abbasovla daim ədəbiyyat, poeziya barəsində fikir mübadiləsi aparardı.Texnikumu əla qiymətlərlə bitirən Ələkbər elə həmin il Azərbaycan Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsinə qəbul olunur, bir növ ədəbi mühitə düşür.İnstitutu bitirən il “Ədəbiyyat qəzeti” redaksiyasında  poeziya şöbəsinin müdiri vəzifəsinə təyin edilir. Bununla da Ələkbərin həyatında bədii yaradıcılığa yol açılır...

Keçən əsrin 30-cu illərində ədəbiyyata gələn Ələkbər Ziyatay çox şair və yazıçının həsəd apardığı bir mühitdə fəaliyyət göstərməyə başladı. Bu, şair üçün həm xoşbəxt, həm də məsuliyyətli bir mühit idi. Artıq ədəbiyyatda öz çəkisi ilə tanınan nəhəng qələm sahibləri Cəfər Cabbarlı, Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Səməd Vurğun, Məmməd Rahim, Rəsul Rza, Mirmehdi Seyidzadə, Mircəlal Paşayev kimi sənətkarların çevrəsində olub dəyərli əsərlər yaratmaq böyük cəsarət və məsuliyyət tələb edirdi.Məhz, Ələkbər Ziyatay özündə belə bir cəsarəti toplayıb bu cameədə özünə cığır açmağı bacardı. Heç şübhəsiz, bu böyük sənətkarların Ələkbər Ziyatay yaradıcılığına çox güclü təsiri oldu.

Ələkbər Ziyatayın yardıcılıq istiqamətinə nəzər salanda görünür ki, o, əsasən, lirik şair kimi ədəbiyyatda özünə yer tutub. Lakin nəğməkar, uşaq şairi, qəzəlxan və tərcüməçi kimi də özünü təsdiq edə bilib. 

Dünyaya lirik şair kimi gələn Ələkbər Ziyatayın qəlb oxşayan, həzin, lirik şerləri şairi oxucusuna sevdirib. Göllər kraliçası Göygöldən ilhamlanaraq sözləri nəzmə çəkən şair sonralar, ömrünün sonuna kimi bu ilhamı Xəzər dənizinə köklədi və kükrədi...

 Gözəl bədii dilə malik olan şairin lirik şerləri sanki şırıltısı ilə qulaqlara səs salan, göz yaşı kimi təmiz, sakit axan çaya bənzəyir. Heç bir zaman ilhamı tükənməyən şairin lirik şerlərinin önündə şübhəsiz ki, məhəbbət lirikası durur, oxucuda sevgi hisslərini, məhəbbət duyğularını dərin çalarları ilə aşılayır. Böyük ustalıqla sözləri mirvari kimi ürəyə köçürür, qəlb tellərini titrədir.

“Mən rəssam olsam”, “Elə baxma”,”Ah, nə gözəlsən”, “Necə sevməyim”, “Mənimləsən”, “Sevməzdi qəlbim”,və s. lirik şerləri sözün əsl mənasında ədibin lətif dəhanından çıxan sözlər kimi simlərə köklənən şair xəyalının təcəssümüdür desəm, yəqin ki, yanılmaram:

 

Mən Bəhruz xəyallı bir rəssam olsam,

Göyərçin əlini çəkərdim sənin.

Alnının üstünə bulud tək enən,

O siyah telini çəkərdim sənin.

 

O cür rəssam olsam, ey Ziyatay, mən, 

Gözümün önündən bir an getməyən,

Heyif ki, vəslinə əlim yetməyən,

Ürkək xəyalını çəkərdim sənin...

 

Keçən əsrin 30-cu illəri qanlı repressiya illəri ilə müşayiət olunmuş, Azərbaycanın say-seçmə ziyalıları, ədibləri, aydınları repressiyaya məruz qalmış, əksəriyyəti isə fiziki məhv edilmişdir. Repressiya Ələkbər Ziyataydan fiziki olaraq yan keçsə də, mənən yan keçməmişdi. Qələm dostlarının, sənət məsləkdaşlarının həbsi, repressiya olunması ona da öz mənfi təsirini göstərmişdir. Xüsusilə, Hüseyn Cavid, Əhməd Cavad, və Mikayıl Müşfiqin həbsindən Ələkbər Ziyatay depressiyaya düşmüş, xeyli müddət yaradıcılıqdan uzaqlaşmışdı. O, Hüseyn Cavidə poeziyamızın Günəşi kimi baxırdı. Əhməd Cavad orta məktəbdə onun dil və ədəbiyyat müəllimi olmuşdu. Mikayıl Müşfiqlə isə yaxın dostluq əlaqələri var idi.Əlbəttə ki, belə münasibətlər və hadisələr fonunda Ələkbər Ziyatayın depressiyaya düşməsi təbii, anlaşılan idi.

Müəyyən aradan sonra yenidən yaradıcılığa baş vuran Ziyatay lirik şerləri ilə yanaşı, o dövr üçün səciyyəvi olan vətənpərvərlik, sədaqət və vəfa mövzularındakı əsərləri ilə də diqqət çəkdi. O, II dünya müharibəsinin başlanması ilə qələmini süngüyə çevirən şairlər arasında müharibə mövzusundakı şerləriilə də yaradıcılığına yeni rəng qatdı. Bu mövzudakı şerləri hər zaman gənclərin hərbi- vətənpərvərlik ruhunda tərbiyəsinə öz müsbət təsirini göstərdi.

Şairin müharibə mövzusunda yazdığı “Qana-qan deyə”, “Nifrət”, “Qalxan et dərdə qəzəb bayrağını” adlı şerləri bu gün də müasir səslənir, əsgərlərimizi, doğma vətənimizin sərhədlərini qoruyan, onun keşiyində duran döyüşçülərimizi, hər kəsi səfərbər edir, vətən torpaqlarını qorumağa çağırır:

 

Bu mehriban Vətən, bu doğma dağlar

Pərilər yığnağı qaynar bulaqlar

Ceyranlı meşələr, bülbüllü bağlar,

Baxan göy üzünə salan sislərə

O insan donunda qurd faşistlərə

 Çəkil bu torpaqdan ey, duman deyə,

Səsləyir elləri qana qan deyə.

 

İntiqam eşqilə bu ana torpaq,

Tutmuş övladının qanı ilə bayraq.

İntiqam səsləri ərşə qalxaraq,

Çevrilir çaxnaşar sıx buludlara, 

Dönər şimşəklər, yanar odlara

Qalmasın yağıdan bir nişan belə 

Səsləyir elləri, qana qan deyə.

 

On ildən artıq bir müddətdə Azərbaycan Yazıçılar Birliyinin Gəncə filialında məsul katib işləməsi Ələkbər Ziyatayın həyatında çox müsbət rol oynadı. O, burada həm bölgədə fəalliyət göstərən şair və yazıçıların yaradıcılığına köməklik edir, digər tərəfdən bölgəyə ezam olunan görkəmli ədiblərlə ünsiyyətdə olurdu.

Bu arada şairin qızı Pərvin Ziyataydan eşitdiyim bir hadisəni oxucularımla bölüşmək istəyirəm. Gənc Ələkbər Gəncə Pedaqoji İnstitutda baş müəllim işləyərkən, dərs dediyi tələbəsi Böyükxanıma aşiq olur, ona vurulur. Böyükxanım xalq şairi Nigar Rəfibəylinin qohumlarından idi. Lakin, bu qızı ailəsi aralarındakı  yaş fərqinin çox olması səbəbindən Ələkbərə vermirdilər. O, isə xiffət edirdi. Xoş bir təsadüf Ələkbərin evlənmə məsələsinə işıq saçdı. Gəncəyə ezamiyyətə gələn Səməd Vurğun və Mircəlal Paşayev Ələkbər Ziyatayın qonağı olurlar. Söhbət əsnasında Ələkbəri fikirli, qəmgin görən qonaqlar bu halın səbəbini öyrənirlər. Ertəsi gün S.Vurğun və M.Paşayev Böyükxanımgilə elçiliyə gedirlər. Azərbaycanda tanınan və hörmət edilən bu böyük ədibləri görən ev sahibi onların sözünün qarşısında, yalnız “Hə” cavabı verir. Beləliklə də, bu gözəl, möhkəm evlilik baş tutur...Sonralar Mircəlal Paşayev özünün “Dirilən adam” kitabına daxil etdiyi “Elçi kimi” hekayəsində bu elçilik hadisəsini qələmə alır.

Məncə, Ələkbər Ziyatayın Böyükxanıma olan dərin məhəbbət hissindən, duyğularından şairin sevgi və həsrət dolu şerləri, qəzəlləri yaranır və həyata vəsiqə alır:

Qussələnəndə könlüm

Fərəh kimi gəlirsən.

Qaralanda gözlərim,

Çıraq kimi gəlirsən.

 

Həyatımın, ömrümün,

Xatirə dəftərindən.

Silinməyən, itməyən,

Bircə sənsən, bircə sən.

 

Sakit, mülayim təbiətli, üzündə daim xoş bir təbəssüm olan Ə.Ziyatay gələcəyimiz olan uşaqları çox sevər, onlarla ünsiyyətdə olmaqdan yorulmazdı. Böyük, ciddi əsərlərə imza atan şair uşaq pisxologiyasına, onların mənəvi dünyasına nüfuz edərək, çox oxunaqlı, maraqlı, uşaqların anlaya biləcəyi dildə uşaq şerləri yazmağa müvəffəq olub. Bu, heç də hər bir şairə qismət olmayan xoşbəxtlikdir. Şairin “Kəpənək”, “Nərminənin oyuncaqları”, “Salam yeni dərs ili”, “Sənin tutacağın yol”, “Qışın sovqatı” və s. şerləri bu qəbildən olan incilərdir.

Mövzu rəngarəngliyi, poetik forma müxtəlifliyi, misraların axıcılığı, ahəngdarlığı, qafiyə intihabı, şerin yığcamlığı, maraqlı kompozisiya Ə.Ziyatay yaradıcılığını səciyyələndirən keyfiyyətlərdir.Əruz və heca vəzninin imkanlarından geniş istifadə edən şair S.Rüstəm, Ə.Vahid, M.Seyidzadə, M. Rahim kimi qəzəl janrında qiymətli sənət nümunələri ərsəyə gətirib. O da sırf  Azərbaycan dilli qəzəlin inkişafına böyük töhfələr verib:

 

Dilbər! Gülü-xəndanmı gözəl, sənmi gözəlsən!

Xoş ətrli reyhanmı  gözəl, sənmi gözəlsən!

Ulduzlu səma seyrinə gəlsin bu camalın, 

Görsün məhi-tabanmı gözəl, sənmi gözəlsən!

Qoy çox da qürurlanmasın öz hüsnünə çöllər,

Baxsın bala ceyranmı gözəl, sənmi gözəlsən!

Sərvistana bənzər bu boğa, bağçaya bir gəl,

Gör sərvi-xuramanmı gözəl, sənmi gözəlsən!

Qalmış Ziyatay şübhə ilə şəkk arasında,

Bilmir gülü-xəndanmı gözəl,sənmi gözəlsən!

 

Xeyli mütaliəyə və dərin ensiklopedik biliyə malik, klassik, dünya və müasir rus ədəbiyyatını bilən Ə.Ziyatay həmçinin, başqa dilli poeziyanın gözəl mahir, tərcümanı kimi də tanınır. O, Homerin “Odisseya”sını, Əlişir Nəvainin “Yeddi səyyarə”, “Fərhad və Şirin” əsərlərini, Lope da Veqanın “Nə yardan doyur, nə əldən qoyur”, Bertold Brextin “Üç quruşluq opera” komediyalarına, Xulican, Ednardas Mejalaytis,A.S. Puşkin, N.Nekrasov, T.Sevçenkonun və başqalarının əsərlərinə Azərbaycan dilində həyat verib, peşəkar, qabil tərcümə ustası kimi şöhrət tapıb. Hələ orta məktəb illərində sevə-sevə oxuduğumuz “Min bir gecə” kitabındakı qəzəlləri də  bizə  məhz Ə.Ziyatay öz mükəmməl tərcüməsi ilə sevdirib.

Rus şairi A.Qriboyedovun “Ağıldan bəla” komediyasının Azərbaycan variantı da məhz, Ə.Ziyatay qələminə məxsusdur. Bu komediyaya Süleyman Rüstəm, Mirzə İbrahimov, Nigar Rəfibəyli kimi görkəmli ədiblər müraciət etsələr də öz tərcümələrini yarıdan dayandırmışlar. S.Rüstəm özü də etiraf edib ki, “Ağıldan bəla” komediyasının tərcüməsi üzərində iş təkcə onun üçün deyil, digər tərcüməçilər üçün də olduqca çətin olub. Nəhayət, on illik gərgin zəhmətdən sonra Ə.Ziyatay xasiyyətindəki səbr və təmkinliyi ilə, özünün poetik istedad və tərcüməçi həssaslığı ilə orijinal, ideya məzmununu, pafosunu, məna çalarlarını, satirik kəskinliyi, poetik gözəlliyini saxlamaqla “Ağıldan bəla”nın dilimizə mükəmməl tərcüməsini ərsəyə gətirməyə nail olub.

Ə.Ziyatayın bu və digər tərcümələri o qədər peşakarlıqla yazılıb ki, oxucularda belə bir xoş  təəssurat yaranır ki, şair bu əsəri sanki doğma ana dilimizdə yazıb. Şairin qələminin qüdrəti də məhz bundadır.

Klassik ədəbiyyatımızı və əruzu dərindən bilən Ə.Ziyatay Məhəmməd Füzuli yaradıcılığının pərəstişkarı, vurğunu idi. Hətta deyərdim ki, əgər o, şair yox ədəbiyyatşunas olsaydı, çox gözəl Füzulişunas alim olardı. Bəlkə də Füzulinin yaradıcılığına məhəbbəti onun gözəl qəzəllər yazmasına səbəb olub.

Azərbaycan ədəbiyyatında ilk məhəbbət və onun uğursuz taleyi haqqında çox şer yazılıb. Süleyman Rüstəm, Tofiq Bayram yaradıcılığında bu səpkidə gözəl şer nümunələri vardır. Bu mövzuda Ə.Ziyatayın “Olmalıydın, olmadın” qəzəli xüsusi yer tutur. Keçən əsrin 70-ci illərində bu qəzələ müraciət edən Zeynəb Xanlarovanın bəstəsində və ifasında səslənən mahnı  bütün dünyanı dolaşdı, şairə şöhrət gətirdi. Çox sayda insanın, xüsusən də gənclərin tez bir zamanda qəlbinə yol tapdı. O gənclər ki, ilk məhəbbətin uğursuzluğunun acısını yaşamışdılar, bu qəzəl onlara sanki bir təşkinlilik verirdi, yaralarına məlhəm olurdu:

 

Başqasıyla indi xoşbəxtsən ya bədbəxt, bilmirəm,

Sən mənimlə daha  xoşkam olmalıydın, olmadın.

Ziyatay vəsf etdiyi gündən müqəddəs eşqini,

Sən onunçün əsl ilham olmalıydın, olmadın.

 

Bir millətin kimliyini onun doğma dilində görən, ana dilinin gözəlliyi və zənginliyi ilə, poetik və melodikliyi ilə daim fəxr edən, özünün də zəngin söz ehtiyyatına malik olduğu Ə.Ziyatay Azərbaycan ədəbi dilinin  qorunmasının, inkişafının keşiyində müsəlləh əsgər kimi dayanan sənətkar kimi doğma ana dilini böyük çoşqu və sevgi ilə vəsf edirdi:

Bu doğma dil ürəyi gen xalqımın, 

Kainata baxışıdır, sözüdür.

Bir can deşən, min can deyən xalqımın,

Bunundakı incəliyin özüdür.

Ə.Ziyatayın qəlblərə yol tapan, könül sızlayan, qəlb çırpındıran hədsiz lirik şerləri həyata sanki bir nəğmə kimi vəsiqə alırdı. Onun bu həzin lirikasına dövrümüzün tanınmış bəstəkarları Səid Rüstəmov, Qəmbər Hüseynli, Oktay Kazımı, Süleyman Ələsgərov, Ramiz Mustafayev, Hökümə Nəcəfova, Ələkbər Tağıyev, Tamilla Məmmədzadə, Tariyel Məmmədov, Zeynəb Xanlarova və başqaları müraciət edərək yadda qalan, populyarlıq qazanan sevilən mahnıları ərsəyə gətiriblər. Ə.Ziyatay və Ə.Tağıyev tandemi ilə çox gözəl, uzun ömürlü mahnılar yaranıb. 1960-61-ci illərdə onların yaratdığı “Sənsən, sən”, “Bakı gecələri”, “Azərbaycanım mənim” mahnıları 60 ildən artıqdır ki, dillər əzbəridir. “Bakı gecələri” mahnısının yaranmasına xüsusi diqqət çəkmək istəyirəm. Sovetlər dönəmində 60-cı illərdə Ümumittifaq radiosu ilə rus dilində “Podmoskovnaya Veçera” mahnısı səslənirdi. Ölkə rəhbərliyi bu qəbildən olan mahnıların müttəfiq respublikalarda da yazılmasını tövsiyə etmişdi. Ə.Tağıyev bu ideyanı bəyənir, “Bakı gecələri” adlı musiqi-melodiya yazmaq qərarına gəlir. Mahnının mətninin yazılmasını isə uzun illər dostluq etdiyi Ələkbər Ziyataya həvalə edir. Beləliklə, mahnı yaranır. Mahnı o qədər möhtəşəm alınır ki, dillər əzbəri olur. Mahnıda Bakının gözəlliyi, möhtəşəmliyi, füsunkarlığı o qədər ustalıqla, melodik təsvir olunur ki, mahnı səsləndikdə Bakının gözəlliyinə qərq olunursan, o romantik hissləri yaşayırsan. Uzun illər Bülbül, Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Gülağa Məmmədov, Flora Kərimova və başqaları Ə.Ziyatayın qələmində yaranan mahnıları ifa edərək, bizə gözəl musiqi əsərlərini bəxş edirlər. 

Ə.Ziyatay mənim ən çox sevdiyim şairlərdən olduğu üçün AzTV-də, İTV-də, Xəzər TV-də, Milli radioda haqqında verilişlər hazırlamış, neçə-neçə məqalə dərc etdirmişəm. Ona ən böyük töhfəni isə bu günlərdə işıq üzü görmüş, müəllifi olduğum “Ə.Ziyatay. Lirik duyğular” kitabıdır. Bu kitaba ədibin yaradıcılığının məhsulu olan, müxtəlif bəstəkarlar tərəfindən bəstələnən iyirmi beş mahnı, muğamla ifa olunan qəzəllər, eləcə də bir çox şer və qəzəl daxil edilmişdir. Görkəmli sənət adamlarının Ələkbər Ziyatay haqqında fikirləri, nadir fotoşəkillər, şairin Milli Radionun fonetikasında saxlanılan mahnılarının siyahısı da kitabda yer almışdır. Bununla yanaşı, dillər əzbəri olan mahnılarının, eləcə də uşaq mahnılarının not və mətn şəklində işıq üzü görməsi, zənnimcə, xanəndələr, müğənilər, bəstəkarlar, musiqişünaslar, radio və televiziya kütləvi informasiya vasitələri işçiləri, müəllimlər, tələbələr, həmçinin, geniş oxucu kütləsi üçün böyük maraq kəsb edir.

Ələkbər Ziyatay daim xatırlanan, oxunan, sevilən, tələb olunan şair kimi Azərbaycan ədəbiyyatı tarixində əbədi yaşayacaqdır. Mahnıları qəlbdən-qəlbə, eldən-elə dolaşaraq, bu ustad sənətkarı əbədiyaşar edəcəkdir. O sənətkar ölməzdir ki, sənəti daim yaşasın. Ələkbər Ziyatay da məhz bu xoşbəxt sənətkarlardandır.

 

Şairin ruhunu şad etdi.

 

Qafar Əsgərzadə

Əməkdar jurnalist, pedaqogika üzrə

 fəlsəfə doktoru, dosent

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi